Yuxarı

Şamil Basayev başımı kəsmək istəyirdi, amma...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

O, Əfqanıstan, Dağlıq Qarabağ, Çeçenistan müharibələrində iştirak edib. 20 Yanvar əlilidir. Çeçenistan döyüşləri zamanı Şamil Basayevin ən yaxın adamlarından bir olmaqla fərqlənib. Buna görədir ki, ilk dəfə Qroznının fəxri vətəndaşı statusunu məhz ona vermişdilər. Bəlkə də çoxumuz bu adam haqqında məlumata malik deyilik. Çox təəssüf ki, o indi 5 saylı şəhər klinik xəstəxanasında müalicə alır.

Beləliklə, Arif Məhərəmov - "Çeçen Arif" ləqəbi ilə özünə ad qazanmış qəhrəmanla müsahibəni təqdim edirik.

Çeçenlər muzdlu olmayıb

- Deyilənə görə, Şamil Basayev sizin yaxın dostunuz olub. Maraqlıdır, çeçenlər Qarabağa muzdlu döyüşçü kimi gəlmişdilərmi?

- Basayevin yaxın silahdaşı idim. Onunla Çeçenistana gedəndə yaxın dostluq etdiklərimin içərisində Aslanbek Arsayev, Salman Raduyev, Cövhər Dudayev də var idi. Məni ora aparan bir amil vardı. O da çeçen dostlarımın Qarabağda şəhid olmaları idi. Sonra deyirlər ki, Azərbaycan Qarabağda muzdluları döyüşdürüb. Yox! Çeçenlər muzdlu olmayıb. Çeçenlər Qarabağa döyüş təcrübəsi keçməyə gəlmişdilər. Onlardan 1992-1993-cü illərdə eşidirdik ki, biz Azərbaycan və Gürcüstan kimi müstəqil olmaq istəyirik. Əgər bunun üçün vuruşmaq lazımdırsa, onu da edəcəyik.

O adam rus kəşfiyyatına xidmət edir

- Bir müddət öncə Şamil Basayevin dəstəsinin Dağlıq Qarabağda ermənilər tərəfdə təlim keçməsi ilə bağlı informasiya yayılmışdı. İndi Basayevin yaxın dostundan soruşuram: bu, doğrudurmu?

- O xəbəri sizin saytda oxumuşdum. Dəqiq yadımda deyil, amma hansısa mənbəyə istinad etmişdiniz. Əslində, Şamil Basayevin dəstəsinin orada təlim keçməsi iddiası gülüncdür. Onu sizə deyən adam rus kəşfiyyatına xidmət edir. Mən demirəm ki, Basayev gəlməsəydi, biz nəyəsə nail ola bilməzdik. Basayevin özü sonralar müsahibələrində də deyirdi ki, mən döyüşməyi Qarabağda öyrənmişəm. Şamilin harada kiminlə olması önəmli deyil. Önəmli olan onun özünün dediyi sözdür. Əgər o danışıbsa, sözünü deyibsə, bu, yekun nöqtə deməkdir.

- Şamil Basayev Qarabağda hansı döyüşlərdə iştirak edib?

- Dəqiq məkanı demək istəmirəm. Basayev Azərbaycanın iki istiqamətində döyüşüb. Azərbaycanın Milli Qəhrəmanlarından biriylə - Rasim Əkbərovla bir yerdə döyüşüblər.

Mən erməniləri qafqazlı saymıram

- Öz səhifənizdə Çeçenistanda yaradılmış bir erməni briqadasından bəhs etmişdiniz. Bu məsələ haqqında bir az ətraflı danışa bilərsinizmi?

- Rusların vasitəsilə Çeçenistanda çeçenlərin əleyhinə xüsusi hərbi birləşmə yaradılmışdı. Əsas məqsəd Çeçenistanın azadlığı uğrunda vuruşanları məhv etmək idi. Şamil Basayev onda çeçen televiziyasında çıxış edib bir söz demişdi: "Mən erməniləri qafqazlı saymıram. Əgər onlar qafqazlı olsaydılar, rusların köləsi olmazdılar". Sonra bizim ağır döyüşlərimiz oldu. Onda bu briqada da vuruşurdu. Hər şeylə təchiz olunmuşdular. Biz həmin briqadanı məhv etmişdik. Orada iki erməni generalı da öldürülmüşdü.

Basayev başımı kəsmək istəyirdi

- Deyəsən, Şamil Basayevlə heç kim mübahisə etməyə cəhd etmirdi.

- Mən bir dəfə Şamil Basayevlə bərk mübahisə etmişdim. Onda ona dedim ki, sənin Abxaziyada gürcülərə qarşı döyüşməyin doğru deyil. Mənə dedi ki, sözünə fikir verirsənmi? Dedim, bəli, sözümə görə məsuliyyət daşıyıram. Sənin gürcülər xristiandır deyə, onlara qarşı vuruşmağın doğru deyil. Belə götürəndə abxazların da yarısı xristiandır. Qayıtdı mənə dedi ki, Arif, sənin yerinə başqası olsaydı, yerindəcə başını kəsərdim. Sonralar biz Salman Raduyevlə birgə Gürcüstanda 9 aprel tədbiri keçirdik. Bu tədbirə Şamil Basayev də gəlmişdi. O, camaatın qarşısına çıxdı və hər kəsdən üzr istədi. Sonra məni göstərdi. Dedi ki, mən bu kişiyə görə sizdən üzr istədim. Onda Rustavi-2 televiziyası da bunu çəkmişdi. Gürcülər səssizcə susub qalmışdılar.

Lotu Bəxtiyar mənə zəng etmişdi

- Qafqaz evi açılanda partlayış olmuşdu...

- 1997-ci ildə Qafqaz Evinin açılışı idi. Demək olar ki, son tamamlama işləri qalmışdı. Bütün hər şey hazır idi. Onda Salman Raduyev məndən xahiş etdi ki, bəs mənə yaxşı cangüdən tap. Tapdım. Bir müddət sonra həmin oğlan arxamca qaçaraq gəldi. O, "Raduyev sizi çağırır, gedirik",- dedi. Biz maşına əyləşəndə o səhv edib Raduyevin yanında əyləşdi. Maşın hərəkət edəndə Raduyev onu sakitcə məzəmmət edirdi. Birdən partlayış baş verdi. Son dəfə Salman Raduyevi görəndə mənə bunu deyirdi ki, onu xilas edim. Sonra isə huşumu itirmişdim. Gözümü açanda isə əlim parça-parça olmuşdu. Başımın üstə Şamil Basayev dayanmışdı. Həkimlər əlimin düzəlməyəcəyini demişdilər. Onda Şamil Basayev dedi ki, öz qolunu mənə verməyə hazırdır. Həkimlər donub qalmışdılar. Sonda Almaniyadan briqada gətirməyi qərara aldılar. Mən indiyə qədər deyirəm: qoluma görə iki nəfərə borcluyam - Şamil Basayev və Heydər Əliyevə. Çeçenistandan sonra Heydər Əliyev bütün həkimlərə mənim qolumun sağaltmaqdan ötrü əmr vermişdi.

- Bəs hadisənin səbəbkarı tapıldımı?

- Çox keçmədi ki, Basayev səbəbkarı tapdı. Bir gün televiziyanı açdı və dedi ki, baxın, görün tanıyırsınız? Üzdən çeçenə oxşayırdı, amma onu görməmişdik. Dedi, bu, rusdur. Onda Raduyev heyrətlənmişdi. Məlum oldu ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşıdır. Agentdən "niyə bizi əvvəllər öldürmədin?" soruşanda isə, "əmr ancaq açılışdan bir gün öncə gəlmişdi",- dedi.

Dedilər ki, səni Lotu Bəxtiyar axtarır

- Çeçenistanda xəstəxanada heç kim sizə zəng etməmişdimi?

- Bir dəfə partlayışdan sonra xəstəxanada zəng gəldi. Dedilər ki, səni Bəxtiyar axtarır. Bilmədim kimi deyirlər. Telefonu götürəndə isə Lotu Bəxtiyar olduğunu eşitdim.Həbsxanadan zəng etmişdi. Mən o zaman Dağıstanda idim. Partlayışdan sonra geri vətənə qayıdırdım. Mənimlə qürur duyduğunu dedi. Sonra bir az kövrələn kimi oldu. Yadımdadır, iki dəfə mənə görə Çeçenistanda xəstəxanaya pul göndərmişdi. Bunu isə ancaq onun ölümündən sonra bildim.

Birinci raket Heydər Əliyev parkına atıldı

- Bəs Heydər Əliyevlə münasibətiniz necə idi?

- Çox gözəl. O, adamdan razı olduğum qədər heç kimdən razı qalmamışdım. Bir dəfə Qafqaz Evinin açılışından sonra Heydər Əliyev mənə dəstək göstərdiyinə görə minnətdarlığımı bildirmək istəyirdim. Onun şərəfinə Çeçenistanda park saldırdım və heykəlini ucalda bildim. Amma ikinci Rus-Çeçen müharibəsi başlayanda Rusiya birinci zərbəni raketlə o parka vurdu.

- Yaxşı bir yoldaş kimi Şamil Basayev haqqında indiyə qədər heç yerdə yayımlanmayan hansı məqamı deyə bilərsiniz?

- Mən Qroznı şəhərinin ilk fəxri vətəndaşı olmuş şəxsəm. İndi deyəcəyim şeyləri birinci dəfə sizə söyləyirəm. Bəlkə də ömrümə az qalıb. Çünki artıq mənzilə yaxınlaşdığımı hiss edirəm. Mən Çeçenistanda əsas briqada, yəni səhra komandirlərindən biri idim. Şamil Basayev bir şeyi qərara almışdı. O, 1997-ci ildə 3000 nəfərlə Dağlıq Qarabağa girmək istəyirdi. Burada partizan savaşı aparacaqdı. Ancaq bizimkilər icazə vermədilər və hələ vaxtının çatmadığını dedilər.

- Bəs bu dəqiqə özünüzü necə hiss edirsiniz?

- İndi vəziyyətim ağırdır. Mən həyatımı Azərbaycana və Qafqaza qurban vermişəm. Mən və həyat yoldaşım yeganə şəxslərdənik ki, ikimiz də Prezident təqaüdçüləriyik. 20 yanvar, Dağlıq Qarabağ, ardınca isə Çeçenistan. Bəlkə də çoxları səsimə səs verməyəcək. Mən o şəxslərdənəm ki, prezident İlham Əliyev mənə görə bir neçə naziri danlamışdı. Heydər Əliyev isə şəxsən müalicəmlə maraqlanmışdı. İndi isə yenidən pisləşmişəm. Ayaqlarımın ağrısı artıq daha da şiddətlənir. Ola bilsin, bir azdan onları da kəsdilər. Bildiyim tək şey var - mən Azərbaycan üçün qarşılıqsız yaşamışam. Hərdən insan sıxılır. Ölkədən getmək istəyir. Amma yenə də "mən axı bura görə həyatımı qurban verməyə hazır olmuşam" deyə fikirləşib, yenidən fikrimi dəyişirəm. Bilmirəm, nə qədər vaxtım qalıb, amma indi də döyüşməyə hazıram. Bəlkə də müalicəmə bir az da diqqət edilsə, daha yaxşı olar. Çünki mənə vətən üçün yaşamağı öyrədiblər.

P.S. Bu sözlərdən sonra müsahibimi öskürək tutdu. Nitqi kəsildi. Vəziyyəti ağırlaşdı, ağrıları şiddətləndi. Həkim çağırdım, ona ağrıkəsici vurdular və bundan sonar yavaş yavaş sakitləşib yuxuya getdi.

Müəllifdən xüsusi qeyd: Müsahibəyə gedərkən Arif bəyin fotolarını çəkməyi düşünsək də, sonradan onu bu halında oxuculara göstərmək fikrindən vaz keçdik.

Tarix
2014.01.23 / 11:13
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla