Yuxarı

Mədət Quliyev: “İslahatlar hansısa məmurdan asılı deyil"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin "Axar.az"a verdiyi geniş müsahibəni təqdim edirik.

10 cəzaçəkmə müəssisəsi tikilir

- Paytaxtın mərkəzində yerləşən cəzaçəkmə müəssisələrinin köçürülməsi ilə bağlı yayılan qeyri-rəsmi xəbərlərin bir əsası varmı?

- Bildiyiniz kimi, hazırda ölkəmizdə olan cəzaçəkmə müəssisələri Sovet dövründən qalıb. Həmin dövrdə də dustaqların hər an SSRİ-nin digər respublikalarına aparılması rahat olsun deyə, cəzaçəkmə müəssisələri Bakıda salınıb. Ən yeni tariximizdə isə yeni cəzaçəkmə müəssisələrinin tikintisinə başlanıb. Onu deyə bilərəm ki, Azərbaycanda bu gün 10 cəzaçəkmə müəssisəsi tikilir və 3 bu cür müəssisə artıq tikilib istifadəyə verilib. Naxçıvanda müasir tipli cəzaçəkmə müəssisələri tikilib.

- Bəs, məhbusların özlərinin bu yeni standartlara adaptasiyası üçün hansı tədbirlər görülür?

- Bu istiqamətlərin hamısında addım-addım olaraq dəyişmə prosesi gedir. Məsələn, cəzaçəkmə müəssisələri tikilir və bura yeni əməkdaşlar işə qəbul olunacaq. Məhbuslardan əvvəl bizim öz əməkdaşlarımızın müasir tələblərə, biliklərə cavab verməsinə də hazırlıq gedir. Bu tələblərə hazırlıq verməsi baxımından əməkdaşlarımızdan sonra növbə məhkumlarındır.

Çinli naziri yenidən yeməkxanaya qaytardım

- Məhbuslara verilən yeməklərin keyfiyyətinin artırılması ilə bağlı hansı işlər görülür?

- Keçən il respublikanın ən tanınmış aşpazlarına müraciət etdik. Onların əksəriyyəti bizimlə böyük məmnuniyyətlə əlaqə qurdular. Həmin aşpazların sayəsində bizim cəzaçəkmə müəssisələrində yemək bişirən insanların professionallığını qaldıra bildik. Həmin vaxtı Çinin Ədliyyə nazirinin müavini gəlmişdi. Biz bir neçə cəzaçəkmə müəssisəsinə getdik. Məhbəsin mətbəxindən çıxandan sonra o soruşdu ki, bu yeməklər sizin əməkdaşlar üçündürmü? Mən onu yenidən mətbəxə qaytardım. Qabları göstərib dedim ki, burda mindən çox qab var, işçilərimizin sayı 60-70 nəfərdir. Əlbəttə ki, bu yeməklər məhbuslar üçün bişirilib. Ümumiyyətlə, bizim həbsxanalarda vəziyyət çox ölkələrdən daha yaxşıdır. Bu, hər bir sahədə özünü göstərir. Məsələn, 9 oktyabr tarixində keçirilən prezident seçkisində cəzaçəkmə müəssisələrindəki səsvermə hüququ olan Azərbaycan vətəndaşlarının 97 faizi seçkidə iştirak edib. Ölkə başçısı hər bir Azərbaycan vətəndaşının prezidentidir. Ola bilər ki, onların azadlığı məhdudlaşdırılıb, ancaq bu onların vətəndaşlıq hüquqlarını əllərindən almır. Onu da qeyd edim ki, həmin səsvermədə iştirak edənlərin 91 faizi cənab prezidentə səs vermişdi.

Saqqız üstündə dava saldıq

- Siz hərbçi olduğunuz kimi həm də idmançısınız...

- ...Yadımdadır, bir dəfə gənc vaxtı beynəlxalq turnirdə idik. Amerikanlar tamaşaçılar olan yerə saqqız atdılar. Siz təsəvür edin ki, saqqızın üstündə dava düşdü. O zaman SSRİ-də saqqız-filan yox idi. Ona görə belə bir səhnə ortaya çıxmışdı. Siz gəncsiniz və bu sizin üçün fantastik görünə bilər. Ancaq bunlar hamısı o dövrün reallığı olub...

Yeri gəlmişkən deyim ki, Cənab Prezidentin idmana xüsusi qayğısı var və bu iş bizim qurumda da prioritet məsələlərdəndir. Bunun nəticəsidir ki, təkcə 2013-cü il ərzində 5 əməkdaşımız beynəlxalq turnirlərdə qələbə qazanıb.

Dustağa qayğı göstərmək lazım deyil...

- Ümumilikdə, cəzaçəkmə müəssisələrimizin vəziyyəti sizi qane edirmi?

- Avropanın özündə yüz ildən artıq müddət əvvəl tikilmiş cəzaçəkmə müəssisələrində məhbus saxlayırlar. Ancaq Azərbaycanda elə bir nümunə yoxdur. Bizdə demək olar ki, bütün cəzaçəkmə müəssisələri yenilənir və müasir dövrün tələblərinə cavab verir. SSRİ-dən bizə miras qalmışdı ki, dustağa qayğı göstərmək lazım deyil və onlar cəmiyyətdən tamamilə təcrid edilməlidir. Ancaq Heydər Əliyevin qurduğu Azərbaycanda elə hallar heç bir zaman olmayıb. Məhbus həyatı yaşayan insanlar da bu ölkənin vətəndaşıdır və bu ölkənin bir hissəsisidir. Onların cəmiyyətdən tam təcrid edilməsi düzgün deyil.

Həbsxanada internet

- Məhbusların cəmiyyətə adaptasiyasından söz gedirsə, internetin də rolu burda əvəzedilməz ola bilər. Müəyyən saytlara giriş əngəllənməklə məhbusların internet imkanlarından istifadəsinə şərait yaradılması mümkündürmü?

- Bilirsiniz, məhbuslar faktiki olaraq cinayət törətmiş şəxslərdir. Bu cür kommunikasiya vasitələrindən istifadə etməyə imkan verəndə onlar törətdiyi cinayəti davam etdirə bilərlər. Məsələn, törətmiş olduğu cinayətlə bağlı kimlərəsə təzyiq göstərərlər. Dünya praktikasında məhbusların internetdən istifadəsi hələ ki, mümkün deyil. Bir halda bu praktikaya rast gəlinir. Özəl cəzaçəkmə müəssisələri tikilir və həmin yerlərdə də məhkuma internetdən məhdud və icazə verilən səviyyədə istifadəsinə şəraəit yaradılır. Həmçinin özəl müəssisələrdə də internetdən istifadə pulludur. Məhbuslar pul ödədikdən sonra həmin imkanlardan istifadə edə bilirlər. Ancaq mən hələ də bilmirəm, biz bunu tətbiq etsək, nə kimi hallarla rastlaşa bilərik? Mən hərbçiyəm və hərbçi kimi işləyirəm. Siz dediyiniz məsələlər qanunla bağlıdır. Qanunverici orqanın bu barədə qərarı olsa, təbii ki, o qərar icra ediləcək. Məsələn, ölkə başçısının 2012-ci ildə bir qərarı var idi ki, istintaq təcridxanaları və həbsxanalar televizorla təmin edilsin. Qısa bir zamanda biz bütün istintaq təcridxanaları və həbsxanaları plazma televizorlarla təmin etdik.

500 əməkdaşımızı neqativ əməllərinə görə işdən azad etmişik

- Tez-tez məlumat alırıq ki, kameralara heroin və ya telefon keçirilməsinin qarşısı alınıb. Bunlar təqdir ediləsi nümunələrdir. Ancaq bununla bərabər, bəzi neqativ hallarla bağlı məlumatlar da alırıq. Məsələn, nəzarətçilər cəzaçəkmə kameralarındakı nəfəsliyi açmaq müqabilində məhbuslardan pul alırılar. Bu kimi hallarla mübarizə üçün hansı tədbirlər görülür?

- Əməkdaşlarımızın qanunsuz hərəkətlərinin şahidi olan kimi onları tutduğu vəzifələrdən azad edirik. Məsələn, son iki-üç il ərzində 500 nəfər əməkdaşı vəzifəsindən azad etmişik. Bu barədə hörmətli nazirimiz və birinci dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədova da tez-tez məruzə edirəm. Nəzərə almaq lazımdır ki, cəzaçəkmə müəssisələrində saxlanılan məhbusların əksəriyyəti narkotik istifadəçiləridir. Onların narkotik əldə etmək üçün çalışmaqları da bizə məlumdur. Bu işdə onlara kömək olanlar arasında əməkdaşlarımızın olması bizə məlum olan kimi onları işdən azad edirik. Bu kimi halların qarşısının alınması üçün biz Milli Təhlükəsizlik Nazirliyinə də müraciət etmişik. Onların da köməkliyi ilə bu kimi halların qarşısını alırıq. Ancaq sizə deyim ki, istənilən məlumatı biz mütəmadi olaraq cəmiyyətə çatdırırıq. İstər məhbuslardan hər hansı qadağan edilmiş şeylərin aşkar edilməsi, istərsə də öz əməkdaşlarımıın işdən azad edilməsi ilə bağlı olsun. Biz bütün məlumatları daimi olaraq cəmiyyətə çatdırırıq.

Məhbusları güdə bilmərik...

- Bu kimi halların qarşısını almaq üçün saxlanılma yerlərinə müşahidə kameraları quraşdırmaq mümkündürmü?

- Belə bir şey ona görə mümkün deyil ki, bu şəxsi həyata müdaxilə sayılır. İnsanın bütün fəaliyətini necə izləmək olar? Məhbus belə olsalar, bu, insan azadlığına müdaxilədir. Həm də düşünün, o qədər insanı izləmək üçün ən azı bir o qədər də kontingent lazımdır. Bir məhbusu izləmək üçün bir nəfərə demək lazımdır ki, gör, o nə iş görür. İzləməni həyata keçirənin özünü də izləmək üçün bir nəfər lazımdır ki, görək o necə izləyir... (Gülür)

Elə bilirdim ki, ABŞ istehsalı olan film izləyirəm

- Müəyyən dövlət qurumlarında - xüsusən də barəsində o qədər də xoş söz hallanmayan nazirliklərdə - gedən struktur və kadr islahatları cəmiyyətdə əsasən təqdir olunur, ictimaiyyətdə müsbət reaksiya doğurur. Məsələn, Müdafiə Nazirliyindəki islahatları misal göstərmək olar. Sizin qurumda hansı kadr və struktur islahatları aparılır?

- Kadr islahatları fasiləsiz olaraq aparılır. Ancaq bu, kampaniya şəklində deyil. Mütəmadi olaraq bu islahalar gedir. Müdafiə, Daxili İşlər, Ədliyyə və s. digər bu kimi güc nazirliklərində kadr islahatı heç vaxt dayandırılmayıb. Bunun bariz numünəsi olaraq mən sizə bir şeyi xatırlatmaq istəyirəm. Şəhidlər Xiyabanı qarşısında olan və küçələri süpürən insanların xidməti geyimi yüksək səviyyədədir.

Mən o xadimələri oradakı digər nazir müavinlərinə də göstərdim və dedim ki, fəxr edirəm ki, Azərbaycanda onlara bu cür geyimlər verirlər. Yəni islahatlar lap aşağı nöqtəyə qədər gedib çıxır. Azərbaycan artıq dünyanın sivil ölkələrindəndir. Bütün bunlar hamısı siz deyən kadr islahatlarının nəticəsidir. Heydər Əliyev quran dövlətdə kadr islahatı nə zaman dayanıb ki? Ancaq yenə deyirəm ki, heç bir kadr islahatı kampaniya şəklində aparılmır. Son 3 ildə 500 nəfər əməkdaşımızın işdən azad edilməsi bu islahatın dayanmadığını göstərir.

Sizə bir şey danışmaq istəyirəm. Keçən ilin noyabr ayında bizim müalicə müəssisəsində yanğın baş verdi. Bu, həm də bizim üçün bir sınaq idi. Biz o sınaqdan uğurla çıxdıq. Gördük ki, bizim idarəmiz saat kimi işləyir. Onun nəticəsi idi ki, bir nəfər məhbus da yanmadı. O cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yüksək keyfiyyətli işini də qeyd etmək istəyirəm. Onların yanğınsöndürmə prosesini izləyəndə elə bilirdim ki, ABŞ istehsalı olan film izləyirəm. Ən müasir, alman istehsalı olan texnikalarla təchiz edilmiş bacarıqlı, mütəşəkkil, professional yanğınsöndürmə dəstəsi idi.

Bizim fəaliyyətimizə cənab nazir nəzarət edir

- Yüksək rütbəli əməkdaşların iş fəaliyyətinə hansı səviyyədə nəzarət olunur?

- Bizim özümüzün də fəaliyyətimizə cənab nazir fəaliyyətimə nəzarət edir. Qanundan kənar hərəkətimiz olsa, tutduğumuz vəzifədən azad edərlər. Kimsə vəzifə borcunu yerinə yetirə bilmirsə, əmin olun ki, həmin şəxs tutduğu vəzifədən azad ediləcək. Ümumən biləsiniz ki, Ədliyyə nazirimiz vəzifəyə təyin edilən gündən kadr islahatı davamlı aparılır. Vəzifəsinin öhdəsindən layiqincə gəlməyənlər vəzifəsindən azad edilir, pensiya vaxtı çatan şəxslər əvəzlənir, elə işçilər olur ki, onların xidmət yeri dəyişilir. Kadr islahatları bir nəfərdən asılı olan şey deyil. Bu islahatlar nə Mədətdən, nə də siz deyən nümunədə Müdafiə naziri Zakir Həsənovdan asılıdır. Onun arxasında dövlət başçısı dayanır.

Tarix
2014.01.21 / 13:14
Müəllif
İsmi Şahzadə, Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla