Ana səhifə İdman |
21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi
Bernhard Lippert İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda
əsas yığma ilə keçirilən yoldaşlıq oyunundan sonra brifinq keçirib.
Almaniyalı çalışdırıcı apasport.az saytının əməkdaşının suallarını
da cavablandırıb.
- Yoldaşlıq görüşündə əsas milliyə 2:4 hesabı ilə yenildiniz. Bu haqda nə deyə bilərsiniz?
- Əvvəla onu deyim ki, bizim üçün də maraqlı və vacib oyun idi. Komanda yeni qurulur. Bu oyunda futbolçuları iş başında görmək istəyirdim. Bundan başqa, əsas milliyə kömək etmək hamımızın borcudu. Norveçlə seçmə oyun qabağı məşqçilər futbolçularını görmək üçün əla imkan əldə etmişdilər. İkinci hissədəki oyun ilk yarıdakından daha çox xoşuma gəldi. Bunu səmimi olaraq söyləyirəm.
- Hər dəfə U-21-in heyətində 1 ukraynalı futbolçu peyda olur. Ötən dəfə ukraynalı qapıçı Maksim Vaylo, bu dəfə isə müdafiəçi Maksim Demençuku heyətdə gördük. Niyə məhz ukraynalıları yığmaya cəlb etməyə başlamısınız?
- O, mənə azərbaycanlı kimi təqdim olunub. Hazırda Azərbaycan klubunda məşq edir və baxışdadı. Onun haqda başqa bir söz deyə bilmərəm.
- Hansı Azərbaycan klubunda məşq edir ki?
- (gülür) Bilmirəm. Həqiqətən bilmirəm... Ancaq onun oyunu xoşuma gəldi.
- Yoldaşlıq matçı keçirmək üçün bu gün Maltaya yola düşəcəksiniz. Niyə belə zəif yığmanı sınaqçı rəqib kimi seçdiniz?
- Dostum, Azərbaycan yığması üçün zəif rəqib yoxdu. Bayaq
dediyim kimi, komandanı yeni qurmağa başlayırıq. Heyətdə bəzi
futbolçular müəyyən səbəblərdən bizimlə deyil. Məsələn, Taşkın
İltər və Coşqun Diniyev hazırda düşərgədə yoxdu. Elşən Abdullayev
isə əməliyyat olunub. Ona görə də öz dişimizə görə rəqib axtarmağa
çalışdıq.
- İsraillə seçmə oyundan öncə istefa verəcəyini
bildirmişdiniz. Amma Bakıda 3:0 hesabı ilə yəhudilərə qalib
gəlməklə 2:7 hesablı yenilginin qisasını aldınız. Bu qələbə istefa
qərarınıza təsir etməyib ki?
- Mən hələ də istefa vermiş hesab olunuram. Sadəcə, keçid dövründə müvəqqəti olaraq komandaya baş məşqçilik edirəm. İlin sonunda yəqin ki bu məsələyə tam aydınlıq gələcək.
- AFFA tərəfindən komandada qalmağınız istənilsə, necə olacaq?
- Belə deyim: məşqçi işləməkdən xoşum gəlir. Təklif olarsa, bu
barədə danışıq aparmağa hazıram.
- Sizdən fərqli, həmyerliniz Berti Foqts Xorvatiyaya 0:6
hesablı yenilgidən sonra istefa verib...
- Sözün düzü, Foqtsun istefasına hər hansı bir münasibət bildirmək istəmirəm. Bu qərar ona məxsusdu və hər bir adam öz qərarını sərbəst şəkildə verməkdə haqlıdı. Həm də ki onun mənim həmyerlim olmasından asılı olmayaraq, burda məşqçi işləməyə gəlmişik. Almaniyanı təmsil edib-etməməyimiz burda önəm kəsb etmir. Əsas nəticə verək.
Tarix
2014.11.11 / 01:32
|
Müəllif
Axar.az
|