Yuxarı

Amansız qətllərin səbəbi nədir: Ölüm hökmü qayıdırmı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Zorakılığı və əxlaqsızlığı təbliğ edən verilişlərin sayı azaldılmalıdır".

Bu sözləri Axar.az-a Milli Məclisin deputatı və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə son aylarda ölkə ərazisində amansız qətllərin getdikcə daha da kəskinləşməsinə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, cinayətdən çox cinayətkar vəhşiliyinin nəzərə çarpması cəmiyyətdə olan çatışmazlıqların nəticəsidir:

"Azərbaycan qanunvericiliyinə görə, ömürlük cəzadan artıq cəza tətbiq olunmur. Biz insan ölümünə görə verilən cəzanın müddətini artıraraq 20 il etdik. Əvvəllər isə 15 il idi. Sadəcə olaraq bu cəzaların artırılması ilə bu tip cinayətlərin çoxalmasının qarşısını ala bilmərik. Xüsusi ilə də ağır qətllərin. Son olaraq Goranboyda baş verən hadisə, bacı bacının başını kəsməsi hadisəsi göstərir ki, bir sıra mənfiliklərə yol açan cinayətlərin qarşısının alınması üçün cəmiyyətin də köməyi lazımdır. Mənə elə gəlir ki, insanların psixologiyasında, şüurunda dəyişikliklər yaranıb. Bunun səbəbləri və kökləri axtarılmalıdır. Bu da elm adamlarının, alimlərin işidir. Bunun elmi tərəfi araşdırılmalıdır. Doğrudur, hansı ölkələrdə müharibə şəraitidir, iqtisadi çətinliklər var, işsizlik və s. problemlər hökm sürür, belə cinayətlərə tez-tez rast gəlmək olur. Ölkədə orta təbəqənin evsizlik problemi var. Sosial problemlər var. Bu cür hallar intihara gətirib çıxara bilər. Amma bu dəlalət etmir ki, qətllərin ssenarisində vandalizm güclənsin. Bu hadisələr psixoloji durumla da sıx bağlıdır. Bizim gözəl alimlərimiz, psixoloqlarımız, hüquqşünaslarımız, nəzəriyyəçilərimiz, kriminoloqlar bu sahədə işləməlidir. İlk növbədə mərkəz yaradılmalıdır. Düşünülməlidir ki, bu qətllərin səbəbi nədir, nədən qaynaqlanır və bunun üçün nə etmək lazımdır, hansı qabaqlayıcı tədbirlər görülməlidir. İnsanların maarifləndirilməsi istiqamətində iş aparılmalıdır. Nə qədər ki televiziyalar, sosial şəbəkələr əxlaqsız insanların, qadınların təbliği ilə məşğul olacaq, milli mənəvi dəyərlərə söykənməyən, tərbiyəvi əhəmiyyət kəsb etməyən verilişləri təbliğ edəcəklər bu cür hallara qarşı mübarizə aparmaq çətin olacaq. Fikrimcə, onlara da göstəriş verilməli və nəzarət olunmalıdır ki, bu istiqamətdə işlər artırılsın. Zorakılığı, əxlaqsızlığı təbliğ edən verilişlərin sayı azaldılsın".

Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa cinayətlərin törədilmədən öncə profilaktik tədbirlərin görülməsini və bu sahədə qabaqlayıcı tədbirlərin təşkili üçün kompleks işlərin aparılmasını vacib sayır:

"Profilaktik addımlar atmaq, hüquq-mühafizə orqanlarının bu sahədəki işini intensivləşdirmək lazımdır. Qanunvericilik ən son məqamdır. Hadisə baş verdikdən sonrakı məqam heç nəyi dəyişmir. Hamı etdiyi əməldən sonra peşman olur. Amma hadisə baş verməzdən öncə müvafiq qurumlar, cəmiyyətin özü bunu önləyib müəyyən addımlar atmağa qadirdir. Belə bir təşəbbüs olmadığına görə, problemlər yaşanır. Məncə, bunlar doğru qiymətləndirilsə, belə hadisələrin sayının azalmasını müşahidə edə bilərik. Bu təkcə son vaxtların statistikası deyil. Hər ilin sonunda belə cinayətlərin statistikasına nəzər salsaq görərik ki, bu hadisələr hər il təkrarlanır. Dəyişən heç nə yoxdur. Sosial vəziyyət, insanların sağlamlığı, təhsil da bunlara təsir edən amillərdəndir. Harada natamamlıqlar var, oradan da cinayətlər törəyir. Təhsil almayan uşaq neyləməlidir? Gedib narkomaniyaya qurşanacaq. İşsiz adam neyləməlidir? Gedib fərqli çevrələrə düşəcək və sonda da belə hadisələr baş verəcək. Məsələn, sağlığı yerində olmayan adam vaxtında müalicə almadıqca xəstəliyi şiddətləndiyi kimi, cəmiyyətdə olan qüsurlar aradan qalxmayanda da belə hadisələr baş verir. Heç bir şey səbəbsiz baş vermir. Cəmiyyətin ilkin mərhələlərində bunun profilaktikası olmayanda problemlər həmişə olacaq".

Millət vəkilinin sözlərinə görə, hadisələrin qarşısının alınması üçün artıq maariflənirməklə də iş bitmir: "Praktik olaraq maarifləndirici tədbirlər görülsə də, bu, nəticə verməyəcək. Çünki bu tipli insanların böyük əksəriyyəti ya televiziyaya baxmır, ya da sosial şəbəkələrdən istifadə etmir. Yəni onlar kiçik mühiti olan insanlardır. Əsas məsələ təhsildə nəzarətin gücləndirilməsidir. Psixi pozuntulu şəxslərin müalicəsinə dərhal reaksiya verilməlidir. Dövlət bunları nəzarətə götürməlidir. Hüquq-mühafizə orqanları onlarla profilaktik işlər aparmalıdır Yəni bunlar hamısı kompleks şəkildə həyata keçirilə bilər. Təkcə maarifləndirməklə kifayətlənsək, bu tip cinayətlərin ardı gələcək".

Xatırladaq ki, oktyabrın 1-də Goranboyun Səfikürd kənd sakini Hüseynov Rafiq Müzəffər oğlunun ailə münaqişəsi zəminində 7 nəfərin həyatına son qoyması ölkədə şok effekti yaratdı. Bu hadisədən cəmi 22 gün sonra, oktyabrın 22-də Bakıda Pərvanə Nuriyevanın doğma bacısı Günel Nuriyevanın başını kəsərək qəddarcasına qətlə yetirməsi kriminal gərginliyi son həddə çatdırmış oldu.

Məhz bu hadisələrdən sonra ölkə qanunvericiliyində nəzərdə tutulmuş cəza tədbirlərinin sərtləşdirilməsi, ölüm hökmünün bərpası gündəmə gəlib. Bildirək ki, qanununda dəyişiklik olacağı təqdirdə cəza müddətinin artırılması, pis şəraitdə cəza müddəti tətbiq olunması reallaşa bilər.

Tarix
2014.11.06 / 23:27
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla