Yuxarı

Qarabağ qayıdır: Bəs hansı məşhur yurduna dönəcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq arasında belə bir məsəl var ki, torpaq insanı çəkir. Hər bir insan müəyyən yaşa gəldikdən sonra doğulub, böyüdüyü torpağa qayıtmağa, orada yaşamağa can atır. Ancaq təəssüf ki, Azərbaycanın təxminən 1 milyon vətəndaşı doğma torpağına həsrət qalıb. Dağlıq Qarabağın və ətraf rayonların düşmən tapdağında olması, bu torpaqlardan qaçqın düşmüş insanların o yerlərə həsrət qalmasına səbəb olub.

Artıq Qarabağ problemi ətrafında danışıqlar prosesi sürətləndirilib və bu məsələnin sülh yolu ilə həllinə ümidlər atmaqdadır. Sülh yolu alınmasa belə, Azərbaycan tərəfi dəfələrlə torpaqlarını hərbi yolla azad etməyə qadir olduğunu bəyanlayıb.

Bəs, görəsən, yaxın müddətdə torpaqlarımız işğaldan azad olunsa, həmin rayonlardan olan insanlar doğma yurdlarına qayıdacaqlarmı? Artıq bütün həyatını Bakıda qurmuş və 20 ildən artıq müddətdə burada yaşayan insanlar hazırki həyat tərzindən imtina edib, o torpaqlara dönəcəklərmi?

Musavat.com bu sualla tanınmış ictimaiyyət nümayəndələri arasında sorğu keçirib.

Sorğumuzu cavablandıran Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirdi ki, o torpaqlara qayıtmağa hazırdır: "Əlbəttə, niyə getmirəm ki..? Bu, mənim cəmiyyətdəki yerimdən, mövqeyimdən və imkanlarımdan asılıdır. Düzdür ki, mən Füzuli işğal olunarkən rayonda yaşamamışam, qaçqın olmamışam. 1975-ci ildən Bakıda yaşamışam. Ancaq təqaüd yaşıma çatanda məmnuniyyətlə gedib, orada yaşayaram".

Əslən Kəlbəcər rayonundan olan İsgəndər Həmidov isə öncə torpaqları azad etməyin vacibliyini vurğuladı: "Gərək öncə torpaqları azad edək, sonra bu haqda danışarıq. Torpaq öz-özünə qayıdan deyil. Ancaq o torpaqlar qayıtsa, mən gedib, ölənə kimi orada yaşayaram. Çünki bizim qəbirlərimiz oradadır. Kaş ki, o torpaqlarımızı azad edək, o torpaqlara qayıtmağa hazırıq".

Əslən Füzuli rayonundan olan yazıçı Seyran Səxavət də torpaq həsrəti çəkənlərdəndir: "Mən Füzuli rayonunda, Köndələn gölünün düz sahilində təxminən 20 il qabaq torpaq götürmüşdüm, daş tökmüşdüm, istəyirdim ki, orada ev tikim. Düşünürdüm ki, 50 illiyimi burada qeyd edim, sonra gedim kəndimə, orada yaşayım. Torpaqlar qayıdandan sonra hər şey bilinəcək. Hamı qayıdacaq. Çünki ilkin vətən deyilən bir anlayış var, onun cazibə qüvvəsi bütün dünya qədərdir. Xüsusilə də, rayonlardan, kəndlərdən gələn ziyalılar həmişə qayıdıblar, öz torpaqlarına... Bəzisi maşınlarda qayıdıb, bəzisi təyyarədə qayıdıb, bəziləri də tabutda qayıdıb, ancaq mütləq qayıdıb".

Ağdam rayonundan olan xalq artisti, xanəndə Mənsum İbrahimovun sözlərinə görə, yaş ötdükcə insan doğma torpağına qayıtmağı arzulayır: "O torpaqlar bizim ata-baba yurdlarımızdır. Elə olar ki, biz oraya qayıtmayaq? Təbii ki, bizim sənətimiz elədir ki, burada da olmalıyıq. Ancaq bir ayağımız yenə də oradadır, cəbhə bölgəsinə tez-tez gedib gəlirik, oradakı doğmalarımıza baş çəkirik. İnsan torpağından ayrı qaldıqca, yaşa dolduqca daha çox torpağının xiffətini çəkir. Sevə-sevə gedərik, yurdumuza... Biz orada doğulmuşuq, bu səsi o torpaqdan almışıq. Torpaq özü bizi çəkir, başqa cür ola da bilməz".

Zəngilan rayonundan olan tanınmış telejurnalist Qulu Məhərrəmli də tezliklə doğma torpağına qayıtmağı arzulayır: "Yaşımızın o dövrüdür ki, doğulduğumuz torpaq bizi çəkir. Məmnuniyyətlə gedib, o torpaqlarda yaşamaq istəyərdim və bu istəyimin tezliklə gerçəkləşməsini arzulayıram".

Əslən Ağdam rayonundan olan millət vəkili Aqil Abbas isə dedi ki, Ağdam işğaldan azad olunduqdan sonra öz kəndlərinə köçəcək və öz oxuduğu məktəbi yenidən tikəcək: "Torpaqlarımız qayıdacaq və biz də öz yurdumuza köçəcəyik. Mən gedib, orada öz oxuduğum 3 nömrəli məktəbi yenidən tikəcəyəm. Özümün də, qardaşımın da, atamın da evini tikəcəyəm. Köçüb gedib orada yaşayacağam, mənim nə işim var Bakıda, yazıçı adamam gedib, öz torpağımda yaradıcılıqla məşğul olacağam.

Mənim ən böyük arzum Ağdamda şəxsi kitabxana tikmək idi. Özülünü də qoymuşdum. Həm evim olacaqdı, həm kitabxanam... Mənim indi 15 min kitabım var, o kitabxananı tikəcəyəm və özüm də orada yaşayacağam".

Sonda dəyərli ziyalılarımıza tezliklə bu istəklərinin reallaşmasını arzulayırıq.

Tarix
2014.11.06 / 16:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla