Yuxarı

Tomaşın faciəsi - Günün kədərli məktubu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oxucuya IV məktubum

Əziz oxucu,
Düz 46 il bundan əvvəl, 21 avqust 1968-ci ildə rus əsgərləri Praqaya girdilər.

Bu məktubun o hadisəylə eyni gündə yazılması isə tam təsadüfdür.

Tomaşı tanıyan varmı? Bilirsiz o, kimidir?
Bizlərlə onun arasında bənzərlik, oxşarlıq varmı?

Tomaş şəxsən mənə çox bənzəyir. Mən onun dövrünü yaşamışam - rus əsgərləri 20 yanvarda Bakıya soxulanda mən Tomaş idim. Amma Tomaş qədər ağıllı və hadisələri dərindən dərk etmirdim. Bilmirdim ki, nifrətin gücü rus tanklarına daş, Molotov kokteylini atmaqda yox, aşırı gücdən iyrənməkdədir. Tomaş rusun gücündən iyrənmişdi.
Murakaminin "Norveç meşəsi"ni oxuyanda əsərdə adları keçən musiqiləri dinləmək nə qədər ləzzətli olsa da, mən TooruVatanabe ola bilmirəm. "Maykl K.-nın həyatı və zəmanəsi"ndə Maykl K. sənin ürəyini oxuyur, yaşantılarını bir-bir diktə edir. Amma mən o iradəyə də sahib deyiləm.

O, çox azad adamdır. Onun qədər azad olan insan anasının yanmış cəsədinin külünə möhtacdır. Anasının vəsiyyətinin əsiridir.

Ölkəsini dağıdırlar. Vicdanlı bir insan isə sadəcə, səfildir. Onun nifrəti dəhşətlidir. Maykl K. özünə, ətrafına, adamlara ölkəsini dağıdanlara nifrət edir. Bu nifrətin səsi yoxdur. Bu nifrətin dili yoxdur. O, sadəcə, susur.
Kölə olmamağın yeganə yolunu özünə əzab verməkdə görür, təklif olunan yeməkdən imtina edir, heç kəslə ünsiyyətə girmir. Heç kəsin oyuncağı olmaq istəmir. Vicdanlı insanın cəzasını yaşayır.

Murakaminin "Norveç meşəsi", Coetzeenin "Maykl K.-nın həyatı və zəmanəsi" və Milan Kunderanın "Varlığın dözülməz yüngüllüyü" arasında bir əlaqə varmı? Yoxdur. Sadəcə, bu əsərlərdəki tiplər haradasa çox yaxın qohumdurlar.

Yenidən Tomaşa qayıdıram.

O, yaxşı bir cərrah idi, amma işləməyə qoymadılar - onun ölkəsi rusların siyasəti nəticəsində bütün vicdanlı insanlardan imtina etdi. Küçələrin adları, binaların təyinatları, inzibati ərazilər dəyişdi, dəyişiklik çox sürətlə baş verdi.

Hər şey ondan başladı ki, Tomaş təsadüfən Sofoklu oxudu - "Edip" faciəsini. Və rusların Çexoslovakiyaya girməsinə etiraz etməyə cəsarəti çatmayan çex ziyalılarını qəsd edən bir yazı yazdı. Yazdı ki: "Edip yatdığı qadının anası olduğunu biləndən sonra özünü cəzalandırdı - gözlərini çıxardı. Bu - sağ qalmaq şərti ilə insana verilən ən ağır cəzadır. Amma siz öz susqunluğunuzu və qorxaqlığınızı cəzalandıra bilmirsiz".

Tomaş bu yazını qəzetə göndərdi. Məqsədi heç də inqilab etmək deyildi, sadəcə, vətəndaş olaraq rus tanklarının Çexiyaya hücumuna biganə qala bilmədi. Qəzet Tomaşun yazısını məktublar bölməsində ixtisarla, görünməyən bir yerdə nəşr etdi.

Bununla da Tomaş həyatını həsr etməyə hazır olduğu işini itirdi. Bu yazı ilə TomaşEdip kimi özünü cəzalandırdı - öz çıxılmazlığını, zəifliyini, biçarəliyini.

Onu cərrah olmağa qoymadılar, əvəzində pəncərəsilən oldu.

Ona görə pəncərəsilən oldu ki, insanlar ətrafda baş verənləri görə bilsin.
Tomaş bir faciə qəhrəmanıdır. O, mütaliə edir, pəncərələri yuyur, qadınları sevir, sevdiyi qadınlara xəyanət edir. O, sevdiyi qadına xəyanəti ona görə edirdi ki, o qadının yanına qayıtsın.
Saçlarının arasında həmişə başqa qadınların ətirləri gizlənirdi. Bunu Tereza bilirdi. Amma Tereza yanındakı iti qədər ona sədaqətli idi…

Tomaş biçarəliyin rəmzidir. Tomaş güclü hakimiyyətin altında qalan xalqdır. Özünü ifadə edə bilməməyin rəmzidir...

İstədiyi işlə məşğul ola bilmədi, imkan vermədilər. Bu mənada bizdə Tomaşa bənzərlər çoxdur.
Tomaşın həyatını yaşayıram. Bircə maşın qəzası hələ baş verməyib...

Milan Kunderanın "Varlığın dözülməz yüngüllüyü" əla əsərdir. Azğınlığa, gücə, silaha, müharibəyə, siyasətə qarşı yazılmış bir əsərdir. Bu əsər Milan Kunderanın qlobal dünya görüşünü göstərir. Qlobal dünyada güc çox zəifdir. Bir avara bir qəhrəmandan daha ləyaqətli həyat yaşaya bilir.
Tərcümə Aslan Quliyevindir. Tərifə layiq bir tərcümədir.

Əziz oxucu,
Sizə bu məktubda bir-biri ilə əlaqəsi olmayan 3 əsər barədə yazdım.

Onları oxumağı tövsiyə edirəm. O kitab ki, sizə heç nə vermir, onu oxumayın. Vaxtınıza rəhm edin. Amma oxuduğunuz kitabdan həyatınıza rəng qatın.

Oxuyun, yazın və paylaşın. Axı, fikir paylaşıldıqca sənin olur. Əks halda bir vaxtdan sonra sən də unudacaqsan.
İrad, təklifləriniz barədə mənə yazmağı unutmayın.
Əlavə olaraq bu kitabları oxumağınızı tövsiyə edirəm

1. Con Maksvell Koetzee – "Barbarları gözləyərkən"
2. Con Maksvell Koetzee – "Gənclik"
3. Con Maksvell Koetzee – "Rüsvayçılıq"

Tarix
2014.08.23 / 17:22
Müəllif
Şahbaz Xuduoğlu
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla