Yuxarı

"Laçını almağa az qalmış, geri çəkilmək əmri verildi"

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş Qarabağ döyüşçüsündən ilginc açıqlamalar

Halay Əyyub oğlu Bəndəliyev 1970-ci ildə Laçın rayonunun Qarakeçdi kəndində doğulub. 1988-1990-cı illərdə hərbi xidmətdə olub. 1991-1997-ci illərdə Gəncə Dövlət Kənd Təsərrüfatı Akademiyasının qiyabi şöbəsində ali təhsil alıb. 1991-ci ildə Laçın rayon Polis Şöbəsində serijant kimi fəaliyyətə başlayıb.

Rütbələri:

1991-ci ildə serjant;
1994-cü ildə kiçik leytenant;
1995-ci ildə leytenant;
1997-ci ildə baş leytenant;
2000-ci ildə kapitan;
2009-cu ildə mayor.

Vəzifələri:

1994-cü ildə tağım komandiri, daha sonra daxili əmrlə bölük komandirinin əvəzedicisi;
1997-cü ildə sahə müvəkkili;
2005-ci ildə xidmət üzrə baş inspektor;
2009-cu ildə məsul növbətçi;
2014-cü ildə yenidən xidmət üzrə baş inspektor.
Hal-hazırda həmin vəzifədə çalışır. Rütbəsi polis mayorudur. Müharibə veteranıdır.

Halay Bəndəliyevin Qarabağ müharibəsi haqda söylədiklərini təqdim edirik:

Mən polis vəzifəsində işləməyə başladığım vaxtlarda Milli Ordu yenicə formalaşırdı, döyüşən əsas qüvvə polis idi, cəbhə boyu bütün postlarda polislər dayanırdı. 1991-ci ilin axırlarında Milli Ordu yarandı. Postlarda polislərlə bərabər əsgərlər də dayanmağa başladı. 1992-ci ildə Şuşanın işğalından qabaq Şuşanın müəyyən istiqamətlərində döyüşlərdə olduq. Biz altı nəfər polisi Köhnəkənd istiqamətində Balakirs adlanan yerə göndərdilər. O istiqamətdə ermənilər iki mülki şəxsi əsir aparmışdılar. Gedib gördük ki, ordumuzun bir bölməsi postu yiyəsiz qoyub, ermənilərsə gəlib həmin postu tutublar. Biz altı nəfər üç istiqamətə qarşı döyüşəsi olduq. Ölüm təhlükəsi ilə üz-üzə qalmışdıq. Düşməni susdura biləcək, ən azından, qarşılıq verə biləcək silah-sursatımız, demək olar ki, yox idi. Güllələr sel kimi üstümüzə yağırdı. Ölümündən sonra Milli Qərəman fəxri adını almış İsrafil Məmmədov zirehli texnika ilə (BTR-lə) köməyimizə gəldi. Qızğın atışmalardan sonra ermənilər mövqelərindən geri çəkilməyə məcbur oldular. Atışmada iki erməni əsgərini öldürdük. Atışmalar dayananda artıq gecə düşmüşdü. Sabah gedib postu tutanda axtardığımız həmin mülki şəxslərin birinin meyitini tapdıq. Ermənilər birini girov götürüb, digərini öldürmüşdülər. Kənd camaatı gəlib meyiti götürdü. Biz həmin mövqeləri tutduq. Laçın batalyonunun bir bölüyü digər istiqamətdən gəldi, postları onlara təhvil verib qayıtdıq Laçına.

Girov götürülən şəxsdən isə uzun illər xəbər çıxmadı. Təxminən 2-3 il bundan öncə onunla Xızı rayonunda təsadüf nəticəsində rastlaşdıq. Danışırdı ki, erməni əsgərləri ona olmazın işgəncələr verirlərmiş. Sonra bir erməni əsiri ilə onu dəyişmişdilər.

Təxribatlar başladı

18 polis nəfərini OMON-un (Xüsusi Təyinatlı Polis Dəstəsi) tərkibinə verdilər. Onlarla birlikdə döyüşəsi olduq. Rövşən Cavadov bizi - 18 nəfər Laçın polisini və 18 nəfər OMON döyüşçüsünü Şuşanın Şırrankənd istiqamətinə göndərdi. Bizə bir 3 difer KAMAZ maşını vermişdilər. Gedib həmin kənddə postlarımızı qurduq. Kənddə 2 qoca arvad, 1 qoca kişi və 6 nəfərdən ibarət özünümüdafiə dəstəsi qalmışdı. Maşınımızı verdik ki, qocaları kənddən çıxarıb aparsınlar. 6 nəfər bizim yanımızda qaldı. Bir neçə gündən sonra ermənilər zirehli texnika ilə bir neçə yerdən üstümüzə hücum çəkdilər. Biz 36 nəfər və bizə sonradan qoşulmuş 6 nəfər mühasirədə qaldıq. İriçaplı silahlarımız olamdığı üçün mövqelərimizi tərk etməli olduq. Biz dağlarla gəlib Laçının kəndlərinə çatanda artıq kəndlərin böyük əksəriyyəti erməni əsgərləri tərəfindən boşaldılmışdı. Hətta bizim çıxacağımız Turşsu yolu da ermənilərin əlinə keçmişdi. Xoşbəxtlikdən itki vermədən gəldik Laçına. Sonra bizi apardılar Xocabertlə (erməni kəndi) üzbəüz Suarası, Fərəcan kəndləri istiqamətində döyüşməyə. Bu ərəfədə təxribatlar başladı. Bir neçə dəfə şayiə yaydılar ki, erməni Laçını alıb, çıxın. Biz də çıxdıq. Sonra qayıtmaq əmri verdilər. Biz qayıdanda ermənilər bizim postları tutmuşdular. Döyüşüb çətinliklə qaytara bildik. Bu hal bir neçə dəfə təkrarlandı. Axırda çıxası olduq Laçından.

Rəsmi işğal günündən (18 may) bir il sonraya qədər kəndlərin çoxunu geri almışdıq

Kəlbəcər tərəfdən Laçının kəndlərinin azad olunması uğrunda döyüşlərə başladıq. Bir neçə ay ərzində təxminən 70-80 kəndi azad elədik. Vaqif Cabbarovun dəstəsi, Qubadlı Əlyarın dəstəsi aşağı tərəflərdən kəndləri azad eləyə-eləyə gəlirdilər. Laçının tamamilə geri qaytarılmasına sayılı saatlar, günlər qalmış, orduya geri çəkilmək əmri verildi. Ordu mövqeləri tərk etdikdən sonra, biz polislər mühasirədə qaldıq. Laçının işğalından bir il sonraya qədər kəndlərinin əksəriyyəti bizdə idi. Mövqelərimiz Laçının Hoçaz, Alxaslı, Pircahan kəndləri, ordu qüvvələrimiz Tğik kəndi tərəflərdəydi. 1993-cü ilin aprelində bizim qüvvələr Laçından çıxası oldu. Ordunun səhlənkarlığı nəticəsində Kəlbəcər də işğal olundu. Sonra Xanlar (indiki Göygöl) rayonun Çay kəndinə gəlib, Murov istiqamətində postlara çıxdıq. Orada tez-tez atışmalar olurdu.

1993-cü ilin payız aylarında bizi apardılar Daşkəsənin Qaraqollar kəndinə. Orda qərargahımızı qurduq. Daşkəsənin Alaxançallı kəndindən Kəlbəcərin Lev kəndi və İtkeçməz deyilən istiqamətində səyyari postlarda olduq.

Bir gündə 7 şəhid 17 yaralı

Bir müddətdən sonra Füzulidə döyüşlər başladı. 1993-cü ilin axırlarında bizi Füzuli istiqamətinə gətirdilər. Füzuli rayonunun Balabəhmənli kəndində qərargah qurduq. Orda ermənilərlə qarşı-qarşıya idik. Qızğın döyüşlərə başladıq. Bir günə 7 şəhidimiz, 16-17 yaralımız oldu. Daxili İşlər Nazirliyinin tabeliyində olan Laçın, Qubadlı, Cəbrayıl, Füzuli rayonlarının polis qüvvələri arazqırağı kəndlərin böyük əksəriyyətini, Cəbrayılın iki kəndini azad elədilər. Digər istiqamətlərdə ordu qüvvələri xeyli torpağı geri ala bildi. Laçın polisi 1994-cü ilin mayına – atəşkəs rejiminə qədər 43 şəhid verdi. Bundan əlavə 70-80-dən çox yaralımız, əlilimiz oldu. Olduğu bütün mövqelərdə Laçın polisi böyük şücaət və qəhrəmanlıq göstərdi.

ABŞ-ın 907-ci düzəlişi

Mən hadisələrin içində olan bir hərbçi kimi deyirəm, bu müharibəni başlayan da, atəşkəsə gətirib çıxaran da, vaxtı uzadan da Rusiya oldu. Biz Rusiya kimi böyük imperiyanın qarşısında nə silahla, nə də heç bir vasitə ilə dayana bilərdik.

Bunun ardınca ABŞ Azərbaycana qarşı 907-ci maddəni tətbiq elədi. Bu maddəyə əsasən Amerika tərəfindən Azərbaycana heç bir yardım edilə bilməzdi. Bu, əslində Ermənistana tətbiq olunmalı idi.

H.Əliyev hakimiyyətə gələndə həmin 907-ci maddədə müəyyən düzəlişlərə, qaçqın və məcburi köçkünlərə yardım edilməsinə, Azərbaycana qarşı qoyulan ikili standartların, hardasa, aradan qaldırılmasına, atəşkəs rejiminin (1994) tətbiq edilməsinə nail oldu; Horadiz su anbarını ermənilərdən azad elədi – neçə-neçə rayonumuzun camaatı bu suvarma sistemi ilə əkin-biçin eləyə bildi. Atəşkəs rejimi bu gün üçün lazım idi ki, özümüzə gələk, hərbi qüvvəmizi artıraq. İndi ermənilərə hər cür cavab verməyə gücümüz var.

Neçə illərdir danışıqlar gedir, yəqin ki, nə vaxtsa bir nəticəyə gələcəklər. Əsas odur ki, şərtlər tərəfləri razı sala bilsin.

Heç bir halda ermənilərin bizimlə münaqişəsi bitməyəcək, hər fürsətdə ayağımızın altını qazıyacaqlar. Erməni elə bir məxluqdur ki, dost kimi bağrına bas, qəfil bıçağı köksünə sancsın...

Müharibə başlasa, şəxsən mən bir köhnə veteran kimi döyüşə getməyə hazıram.

Foto: Elşad Abbasov

Tarix
2014.08.23 / 09:50
Müəllif
Pərviz Axundov
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla