Yuxarı

Yeni dövlətlər: qeyri-stabilliyi hansı güclər yaradır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər həm Yaxın Şərq, həm Rusiya, həm də Ukraynada vəziyyət gərginləşib. Bəzi mətbuat orqanları və analitiklər bu bölgələrin müxtəlif hissələrə parçalanacağı, yeni dövlətlərin yaranacağı ilə bağlı iddialar səsləndirir. Məsələ ilə əlaqədar siyasi analitik İlqar Vəlizadə ilə danışdıq.

- İlqar müəllim, son günlər dünyada müxtəlif dövlətlərdə parçalanmaların olacağı ilə bağlı iddialar meydana çıxır. Maraqlıdır, dünya xəritəsinin dəyişəcəyi ilə bağlı iddialara münasibətiniz necədir?

- Ümumiyyətlə, dünya siyasi xəritəsi donmuş bir şey deyil. O, tarix baxımından həmişə dəyişilib və dəyişiləcək. Amma bu parçalanmalar və bir sıra yeni dövlətlərin yaranması bir sıra faktorlardan irəli gəlir. Dünyada yeni parçalanmaların olacağı ilə bağlı fərziyyələr isə hansısa siyasi mərkəzlərin sifarişidir; onların ortalığa atdığı proyektlərdir ki, indi də müəyyən söz-söhbətlər yaranır. Nəinki belə fərziyyələr səsləndirilir, hətta bununla bağlı siyasi xəritələr də ortalığa çıxır. Son günlərə nəzər yetirsək görərik ki, siyasi analitiklər daha çox Rusiya və Yaxın Şərq ətrafında fərziyyələr irəli sürürlər. Siz heç vaxt şahidi olmazsınız ki, belə siyasi xəritələr Avropa və ya ABŞ-a aiddir. Bunun da nəticəsində belə bir fikir yaranır ki, Avropa və ABŞ stabil, digər ərazilər isə qeyri-stabil zonada yerləşir. Əslində, bu cür yanaşma düzgün deyil. Yaxın tarixə baxın: Kanadada Kvebbek faktoru var. Amma heç vaxt görməzsiniz ki, Kanada Kvebbeksiz olsun; Böyük Britaniyada dərin proseslər gedir, amma onu Şotlandiyasız görməzsiniz. Belə mülahizələr çox vaxt reallaşmır. Bu onu deməyə əsas verir ki, belə şeylər sifariş əsasında hazırlanır.

Rusiyada ciddi proseslər gedir, amma bu o demək deyil ki, Rusiya sabah parçalanacaq və Sibir və ya hansısa dövlət yaranacaq. Buna bir əsas yoxdur. 15 il bundan öncə Rusiyanın parçalanması daha real idi.

Rusiya ərazisində hansısa dövlət suverenləşmə yolunu tuta bilər. Amma bunun necə olacağını söyləmək çətindir. Bu, spekulyativ bir şeydir və ortaya atılan yalan xəbərlərdir. Bundan da hansısa separat qüvvələrin aktivləşməsi üçün istifadə edirlər. Onu da demək lazımdır ki, belə bir proses Azərbaycanın da xeyrinə deyil. Rusiya Azərbaycanın qonşusudur. Belə bir destruktiv proseslərin sərhədlərimiz yaxınlığında baş verməsi Azərbaycanın ziyanınadır. Çünki Azərbaycanın ətrafında qeyri-stabil zona yaranır və bu, müxtəlif şəkildə bizə mənfi təsir göstərir.

- Biz belə parçalanmaları daha çox Vaşinqtonun siyasi təsir imkanları olan regionlarda müşahidə edirik...

- Vaşinqtonun nəzarəti altında olan regionlarda parçalanma onun istəyinə uyğun olaraq həyata keçirilə bilər. Buna ən yaxşı nümunə Sudandır. Sudan öz ətrafındakı regionda güclü idi. Ölkə rəhbərliyi ilə Qərbin arasında olan problemlər ona gətirib çıxartdı ki, orada referendum keçirildi. Nəticədə Cənubi Sudan Şimali Sudandan ayrıldı. Burada neft faktoru əsaslı rol oynadı. Yenə də İraqın parçalanmasına məhz bu amil digərlərindən daha çox təsir edir. Məsələn, bu ssenari Çində niyə baş vermir? Səbəb ondan ibarətdir ki, Çin güclü dövlətdir və proseslərə nəzarət edir. Qərbin mövqelərinin güclü olmadığı yerlərdə onun belə addımlar atması müşkül məsələyə çevrilir. Amma istəklər də var. Bu fikirləri, planları mövcud siyasi labarotoliyalar hazırlayırlar. Məsələn, SSRİ-nin çökdürülməsi üçün Mərkəzi Kəşfiyyat İdarəsi və digər qurumların tərkibində siyasi laboratoriyalar yaradılmışdı. Amma Sovetlərin dağıdılması heç də tam onların planlarına uyğun cərəyan etmədi. Onlar bu işdə başqa ssenarilərə təkan verirdilər. Burada da hadisələr onların istəklərinə uyğun həyata keçirilməyə bilər; onlar sadəcə katalizator rolunu oynayırlar.

- Liviya, Suriya, İraq və digər dövlətləri nə birləşdirir? Bu xaos dindən, yoxsa neftdən qaynaqlanır?

- Qeyri-stabilliyin getdiyi bölgələr daha çox neft faktorunun olduğu yerlərdir. Liviya, Suriya, İraq və digər bölgələrin hamısı buna aiddir. Amma bir şeyə nəzər yetirin. Burada başqa bir məsələ də var. Məsələn, Nigeriya. Nigeriya hazırda Qərbin farvaterində gedən bir ölkədir. Bura da kifayət qədər neftlə zəngin bir yerdir. Amma Qərb burada həmin planları həyata keçirmək niyyətində deyil. Niyə? Çünki marağında deyil. Onsuz da Nigeriyanın nefti Qərbə gedir. Heç marağında deyil ki, bu ölkə parçalansın. Amma istəsəydi, onu edə bilərdi.

- Bir müddət öncə Qərb mətbuatında Ərəbistanın dörd yerə parçalanacağı ilə bağlı iddialar səsləndirildi. Bunlar reallığa çevrilə bilərmi?

- Hazırda Səudiyyə Ərəbistanında külli miqdarda pul var. Kimdə çox pul varsa, o, bəzi məsələlərdə müstəqil siyasət yürütməyə çalışır. Üzdə bunlar müttəfiq kimi görsənirlər, amma Amerika ilə Səudiyyə Ərəbistanı arasında bəzi taktiki məsələlərdə fikir ayrılıqları var. Bu planların yerinə yetirilməməsi o demək deyil ki, sabah Səudiyyə Ərəbistanı üç və ya beş yerə parçalanacaq. Bunları ortaya atmaqla Amerika demək istəyir ki, mən varam və lazım olsa, bu destruktiv planları işə salaram. İraqa gəldikdə isə burada Nuri Əl-Malikinin son illər İranla çox bağlı telləri vardı. Məsələn, Bağdad 2010-cu ildə Tehranla müqavilə imzalayıb ki, onun qazı İraq ərazisində keçib Suriyaya getsin. Bu, Amerikanın heç də xoşuna gəlməyib. Malikini də devirən məhz Vaşinqton idi. Onlar istəmirdilər ki, Maliki müstəqil siyasət yeritsin. Kürd faktorunu onlar Malikinin üzərində hər zaman Domokl qılıncı kimi saxlayırdılar ki, nəsə olsa, belə bir destruktiv proseslərə start versinlər. Ona görə də o yenidən Baş nazir seçiləndə Bərzani dərhal müstəqil olacaqlarını dedi. Bu, məhz Malikiyə qarşı yönəlmiş məsələdir. Sadəcə, burada bir məsələ var. Bu proses, yəni kürd liderinin belə çıxışından sonra həmin prosesi geri döndərmək mümkün deyil. İraqın parçalanıb-parçalanmayacağı Amerikanı heç maraqlandırmır. Burada əsas faktor İranın burada möhkəmlənməsinə icazə verməməkdir.

- Türkiyə də kifayət qədər gücü olan ölkədir. Amma onun haqqında da müxtəlif iddialar səslənir...

- Parçalanmaqla bağlı fərziyyələri çox şişirtmək lazım deyil. Türkiyədə Gülən faktoru var. Amerika Ərdoğanın güclü olduğunu bildiyinə görə onu yanında saxlayır ki, hadisələrə müdaxilə edə bilsin. Bu, həmişə olub. Əlbəttə ki, Amerika hər zaman Türkiyəyə regionda arxalanır. Eyni zamanda isə Səudiyyə Ərəbistanına da arxalanır. Bu iki dövlət arasında münasibətlər isə heç də normal deyil. Çünki ikisi də regional dövlətdir. Amerikanın əsas istəyi regionda güclü olan hər iki dövləti idarə etməkdir. Bunun üçün vasitələr heç də ideal deyil. Məsələn, Kürdüstanın yaranması heç də ideal vasitə sayılmır. Amma onun ideal olub-olmaması Amerikanı maraqlandırmır. Bərzani nefti Qərbə satır. Türkiyə və digərləri ona nə qədər pul və dəstək versələr də, əsas dəstək həmişəki kimi Amerikadan gəlir.

- Bəs Kürdüstanın yaranması yeni müharibənin başlanması sayıla bilərmi?

- Müharibə olmaması üçün hələlik Kürdüstan dövləti yaranmır. Çünki rıçaqlar Amerikanın əlindədir. Söz hələ o demək deyil ki, sabah dərhal reallığa çevriləcək. Referendum keçirilsə belə, onun hələlik dövlətə çevrilməsi sual altındadır. Referendum sadəcə olaraq siyasi təzyiq mexanizmidir. Məsələn, Kosovaya nəzər yetirək. Kosova yaranıb, amma onu hələ heç kim tanımayıb. Dünyanın yarısı tanıyıbsa da, bu o demək deyil ki, ölkə kimi tanınıb. Kürdüstan özünü dövlət elan eləsə də, onları heç kim tanımayacaq. Hətta Amerikanın özü belə onu tanımayacaq. Siyasi vasitə kimi isə bu "dövlət" qalmaqda davam edir. Bu, Türkiyə, İran, İraqa təsir vasitəsidir.

Bu proses onların maraqlarına cavab verənə qədər davam edəcək.

Tarix
2014.08.19 / 09:15
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla