Yuxarı

“Ruh yüksəkliyi ilə müharibə aparmağın tərəfdarı deyiləm”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az bu gündən "Cəbhə xətti" layihəsinə start verir. Bu layihəmizdə tanınmış, tanınmamış Qarabağ müharibəsi veteranlarını danışdıracaq, onların döyüş yoluyla oxucularımızı tanış edəcəyik.

Layihəmizin ilk qonağı Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Axar.az-ın suallarını cavablandırır, öz döyüş yolundan danışır.

- İqbal bəy, bilirik ki, Qarabağ döyüşlərində iştirak etmisiz. O yol haradan başladı?

- İlk dəfə döyüşə 1989-cu ilin sonlarına yaxın getməyi düşünürdük. Həmin vaxt Universitet tələbələri ilə toplandıq, lakin qanlı 20 Yanvar hadisələri baş verdi və bu proses bizim həmin vaxt cəbhəyə getməyimizi əngəllədi. Bundan sonra 1991-ci ilin sonlarında cəbhə bölgəsində baş verən hadisələr bizim yenidən toparlanmağımıza və Universitetdə könüllülər dəstəsinin yaranmasına gətirib çıxardı. Rəhmətlik Rövşən Əliyevlə mən könüllü dəstələr yaratdıq. Rövşən Əliyev bir başqa könüllülərin komandiri idi, döyüşlərdə şəhid oldu, ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Digər bir dəstənin də rəhbəri mən idim. Döyüş bölgəsinə getmək üçün Müdafiə Nazirliyinə müraciət etdik. Nazirlikdən bizə Nasosnıda 3 aylıq təlim-məşq toplantısına qatılmağı tövsiyə etdilər. Lakin bizim uşaqlar etiraz edərək təlim-məşq keçmədən birbaşa cəbhə bölgəsinə getmək istəyini bildirdilər. Batalyon komandiri rəhmətlik Elçin Əliyev bizə yer ayıracağını dedi. Biz əvvəlcə Tərtər rayonunda peşə məktəbində yerləşdik, sonra Universitet könüllüləri olaraq bizim döyüş yolumuz başladı.

- Son dövrlər cəbhə bölgəsində atəşkəsin pozulması intensiv hal alıb. Sizcə, insanların müharibəyə o vaxtki münasibəti və ruh yüksəkliyi ilə bugünkü vəziyyət arasında fərq varmı?

- Bununla bağlı mənim düşüncəm bir qədər fərqlidir. Mən ruh yüksəkliyi ilə vətən müharibəsi aparmağın tərəfdarı deyiləm. Mənim ruhum bu gün yaxşıdır deyə vətəni qoruyuram, sabah pis olacaq deyə qorumayacam, anlayışı ola bilməz, bu, doğru yanaşma deyil. Elə ola bilər ki, ölkədə depressiv vəziyyət yaranar və müvəqqəti məğlubiyyət yaşanar, hansı ki müharibə dövründə bu mümkündür, onda belə çıxır ki, mənim ruhum olmayacaq və biz heç birimiz döyüşməyəcəyik? Və yaxud da bir məmur özbaşınalığı ucbatından insanların müharibəyə münasibəti dəyişə bilər. Bu cür yanaşma düzgün deyil. Konstitusiya hər bir vətəndaşa səhv etmirəmsə, 77 maddə ilə hüquq verir, 11 maddə ilə də üzərinə vəzifə qoyur. Bu vəzifələri yerinə yetirmək hər bir Azərbaycan vətəndaşının borcudur. Ruhun olsa da, olmasa da, xoşun gəlsə də, gəlməsə də, qəbul etsən də, etməsən də, əgər sən bu vətəndə yaşayırsan və sənə verilən hüquqlardan istifadə edirsənsə, o zaman konstitusiya ilə üzərinə düşən vəzifəni də yerinə yetirməlisən. Burda da birinci sırada vətənin müdafiəsində iştirak dayanır. Müharibə zamanı döyüş ruhunun yüksəldilməsi isə bir başqa məsələdir ki, bu da orduda olan siyasi rəhbərliyin, dövlətin başında dayanan şəxslərin işidir.

Əslində, arzu etməzdim ki, müharibə olsun, çünki müharibə həm də itkilərə səbəb olur. Amma olacağı təqdirdə vətəni qorumaq hər bir kəsin borcudur.

- Keçmiş döyüşçü yoldaşlarınızla görüşürsüz?

- Əksəriyyəti tələbə yoldaşlarımdır, çoxuyla da mütəmadi görüşürük. Döyüş yolumuzla bağlı bəzən sosial şəbəkələrdə həqarətlərə də rast gəlirik. Hətta döyüşmədiyimiz barədə də yazırlar, amma biz bunun üstündən gülümsəyərək keçirik. Bu gün döyüş bölgələrindən çox şəklimiz yoxdur. Çünki birincisi, o dövrdə şəkil çəkmək üçün texniki imkanlar yox idi. Nadir hallarda kimdəsə fotoaparat olardı. İkincisi də, gələcəkdə kimlərəsə göstərmək üçün şəkil çəkdirmək heç ağlımızın ucundan da keçməzdi. O vaxt biz döyüşə gedəndə ilk dəfə şəklimizi çəkməyə Universitetdə fotoqraf işləyən Tahir Cəfərov gəlmişdi, mənim onda çox şəkillərim var. O bizim döyüş yolumuzu yaxşı xatırlayır.

- Keçmiş döyüşçü və hazırki millət vəkili kimi cəbhə bölgələrinə səfərlər edirsizmi?

- Cəbhə bölgələrinə səfərlərin, açığı, bir sıra problemləri var. Mən Azərbaycan iqtidarından fərqli düşünürəm, mən müxalifətdəyəm və mənim yanaşmalarım başqadır deyə, bəzən səngərlərə getmək məsələsində bizə qısqanc münasibət bəsləyirlər. Biz yazılı qaydada müraciət etməliyik, xüsusi icazə almalıyıq ki, bu da uzun prosedur tələb edir və bu prosedurları da keçdikdən sonra, müəyyən məsafədən o tərəfə keçməyə icazə vermirlər.

Cəbhə bölgəsi bizim üçün həssas bölgə olduğuna görə, çalışırıq ki, bu məsələlərdə dərinə gedib problem yaratmayaq. Belə hallar şəhid ailələrini ziyarətdə və şəhidlərin dəfn mərasimində iştirakda da baş verir. Təəssüf edirəm ki, Azərbaycanda fərqli fikir adamları ilə münasibətdə bu qədər problem yaranır. Bu problemlər olmasın deyə, bəzən bu addımları atmaqdan çəkinirik. Amma bu o demək deyil ki, biz şəhidlərimizi sevmirik, ora getmək istəmirik. O yerlərə heç kəs getməyəndə, çox az adam gedəndə o yerlərdə olmuşuq. İndi necə ola bilər ki, bizim belə istəyimiz olmasın? Ölkə vətəndaşlarının hər bir qismi mənim üçün əzizdir. Mən vətənimi dağına, daşına görə deyil, insanlara görə sevirəm. O insanlar ki, məndən fərqli düşünə bilər, məni sevməyə bilər. Amma o insan mənim vətəndaşımdır, mənimlə bir ölkədə yaşayır, mənimlə bir dəyərləri paylaşır və bu səbəbdən də vətənimi və hətta məni sevməyən insanları da sevirəm.

Belə bir hədis var, bir gün Həzrəti Əlinin yanına gəlib deyirlər ki, filankəs sizi təhqir edib. O da yanındakı adamlardan bəzilərini götürüb gedir həmin adamın yanına ki, səndən üzr istəməyə gəlmişəm. Həmin şəxs üzrün səbəbini soruşur, Əli əleyhissəlam isə bu qədər müddət ərzində özünü həmin şəxsə tanıda bilmədiyi üçün üzr istədiyini bildirir.

Bəzən özümüzdə günah olur, özümüzü insanlara tanıda bilmirik. Buna görə də məni istəməyənlərin heç birinə qəzəb, nifrət hissim olmur.

- Keçmiş əsgər yoldaşlarınızdan həlak olanların məzarını ziyarət edirsiz?

- Yox, bəzən buna zamanımız olmur. Çünki onların hər biri fərqli rayonlardandır. Ona görə də ictimaiyyəti aldadıb deyə bilmərəm ki, mütəmadi olaraq ziyarətə gedirəm. Amma olur ki, həmin rayonlara yolum düşəndə onların məzarını ziyarət etməyə çalışıram.

- İqbal bəy, hərbidən sonra siyasətə gəlişiniz necə baş verdi?

- Mən siyasətə hərbidən sonra gəlmədim, uzun müddət tələbəlik həyatı, müəllimlik dönəmi yaşadım, siyasətə isə 1999-cu ildə gəldim. Əslində əvvəllər tələbəlik dövründə, hərəkat dövründə, gənclər təşkilatına sədrlik edərkən də siyasətin içində idim. Həmin siyasi təşkilatın üzvü olan çoxlu vəzifəli şəxslər var ki, onların çoxu o dönəmdə mənim müavinlərim olub. Adlarını çəkib problem yaratmaq istəmirəm. Amma sonra elə oldu ki, siyasətdən bir qədər uzaq düşdük və bir də 1999-cu ildə Qarabağ Uğrunda Ümumrespublika hərəkatı ilə birlikdə qayıtdıq siyasətə. Daha sonra partiya, millət vəkilliyi həyatı başladı. Amma qeyd edim ki, Azərbaycanda siyasətlə məşğul olmaq o qədər də asan deyil. Çünki siyasi dəyərlər olduqca aşınmış bir durumdadır. İnsanların siyasi münasibətləri şəxsi münasibətlərdən də çox-çox irəli gedib və bu da problemlər yaradır. Əslində heç kəs siyasi münasibətlərini şəxsi münasibətlər sisteminə daşımamalıdır. İnsanların siyasi mövqeləri üst-üstə düşməyə bilər, amma onlar dost ola bilərlər. Belə hallar dünyanın hər yerində mövcuddur. Çox təəssüf ki, bizdə belə deyil, siyasi cəhətdən mənimlə bir yerdəsənsə dostsan, ayrıldınsa düşmənsən.

- Atəşkəsin intensiv şəkildə pozulması yenidən müharibənin başlanmasını reallaşdıra bilərmi?

- Nə beynəlxalq şərtlər, nə region şərtləri, nə də Azərbaycan və Ermənistanın marağı müharibənin başlanmasını diktə edir. Ona görə də əminliklə deyə bilərəm ki, Azərbaycanla Ermənistan arasında müharibə başlamayacaq.

- Siyasətin içindən ədəbiyyat, incəsənət necə görünür?

- Mən ədəbiyyatı sevirəm, istər Azərbaycan, istərsə də dünya, fərq etməz, bacardığım qədər ədəbiyyat oxumuşam. Son oxuduğum isə siyasi mövzuda "Gözəl insan modeli" kitabıdır. Mən mütəmadi olaraq mütaliə edirəm, hətta dünən səfərdə idim, yol gedərkən də həmin kitabı oxuyurdum. Mənimçün ədəbiyyatın yenisi, köhnəsi yoxdur, ədəbiyyat zövqdür. Əgər xoşuma gəlirsə, yeni və köhnə olmasından asılı olmayaraq oxuyuram.

- Ən son hansı tamaşanı izləmisiz?

- Ramiz Fətəliyevin quruluş verdiyi bir tamaşanı izləmişəm. Baş rollarda Fuad Poladovla Rafiq Əliyev oynayırdı. Həmin tamaşadan çox böyük zövq almışam. Çox təəssüf ki, Fuad Poladovun oynadığı Ağa Məhəmməd Şah Qacar tamaşasına gedə bilmədim. Fuad müəllimin özü ilə danışmışdım, amma zamanım olmadı getməyə. Fuad müəllimin "Hamlet", Fəxrəddin Manafov, Fuad Poladov və Mehriban Zəkinin ifasında Rüstəm İbrahimbəyovun "Şirə bənzər" tamaşasına da baxmışam.

- İqbal bəy, qarşıdan bələdiyyə seçkiləri gəlir, partiyanızda bununla bağlı hazırlıq işləri gedir?

- Hesab edirəm ki, bu bələdiyyə seçkilərində hakim Yeni Azərbaycan Partiyasından sonra ən çox namizəd verən bizim partiya olacaq. Biz buna ciddi şəkildə hazırlaşırıq. Hədəflərimiz budur ki, 50 faiz subyektlərdə nümayəndələrimiz olsun və dairələrə 5 min namizədimiz təqdim olunsun. Həm efir vaxtı ala bilək, həm də üzvlərimiz yaxşı səs qazana bilsin. Təbii ki, çox şey hakimiyyətin yanaşmasından asılı olacaq. Keçən seçkilərdə 3147 nəfər namizəd irəli sürmüşdük, bunlardan təxminən 500 nəfərini qeydə aldılar. Əgər bu dəfə də eyni hallar təkrar olunsa, insanların seçki kimi vacib bir prosedurda iştiraka marağı xeyli azalacaq.

Tarix
2014.08.15 / 09:00
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla