Yuxarı

Aydın Məmmədovun Aydınlığı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Aydın Məmmədovun doğum günü idi.

Aydın Məmmədovu bu gün xatırladan nə onun yaradıcılığı, nə siyasi ideoloji irsidir. Onu bu gün xatırlamamızın səbəbi Aydın Məmmədovun şəxsiyyətidir.

Biz illər uzunu məhz Azərbaycan ziyalısında belə bir şəxsiyyət, xarakter görmək istəmişik. Aydın bəy o dövrdə tək deyildi. O zaman Azərbaycan ziyalıları başqa cür idi - Xudu Məmmədov, Dilarə Əliyeva, Xəlil Rza Ulutürk cəsarət, Sabir Rüstəmxanlı düşüncələri ilə əsl ziyalılıq örnəyini təmsil edirdilər.

Ziyalılar haqqa təşnə olduğu kimi, xalq da ziyalı sözünə təşnə idi. Ancaq zaman keçdikcə ziyalı sözü, duyarlılığı kəsərdən düşdü, ehtiyatlanmaqla əvəzləndi. Və beləcə cəmiyyət həyatında ziyalı missiyası da bitdi...

Beləcə, ziyalı nomenklaturası yarandı. Bu nomenklaturaya daxil olanlar daşıdıqları elm, sənət titullarına görə həm də komformist bir zümrəyə çevrildilər. Ziyalılıq artıq ictimai missiya, cəmiyyət qarşısında mənəvi məsuliyyət öhdəliklərindən azad olub, təminatlı yaşamaq imkanlarını əldə etmək vasitəsinə çevrilməyə başladı.

İllər ötdükcə cəmiyyət qarşısında vicdanlı ola bilməyən ziyalı öz mənəvi dəyərini daha çox maddi dəyərə çevirməyə çalışdıqca, həm də sənətində də vicdanlı, dürüst olmağı yadırğadı...

Bu gün Aydın Məmmədovu xatırlamağımız həm də cəmiyyətimizin həyatındakı ziyalı boşluğuna bağlıdır. Bu boşluq keçmişə həsrət, özənti yaradır. Düzdür, zaman dəyişib, siyasi təşkilatların, vətəndaş cəmiyyəti institutlarının olmadığı, internetin, sosial medianın formalaşmadığı o zamanlar ictimai rəyin və aydınlanmanın yaranmasının əsas ağırlıq yükü ziyalıların üzərinə düşürdü. Tanınmış bir ziyalının efirdən və ya mitinqdən səsləndirdiyi bir kəlmə ağızdan-ağıza dolaşırdı, insanlara yön verirdi.

İndi buna iddia etmək də geriçilik olardı.

Ancaq bu o demək deyil ki, ziyalıların ictimai məsuliyyəti, missiyası yoxdur. Cəmiyyət ictimai xadimin, tanınmış QHT təmsilçisinin, yazarın sözü ilə yanaşı, ziyalıların da sözünü eşitməyə, dinləməyə möhtacdır. Ancaq çoxsəsli xorda ziyalıların səsi eşidilmir, çünki onlar özü də "solo oxumaq" istəmir. Səbəblər çoxdur...

Ümumiyyətlə zaman, şərtlər dəyişibsə, ziyalı anlayışına əski sovet dövründən qalma qapalı cəmiyyət və totalitar düşüncə tərzinin ehtiva etdiyi ziyalı kimliyinindən fərqli ölçülərdə yanaşmağa ehtiyac var; Ziyalı, aydın anlayışı ilə intellektual anlayışını ilk növbədə fərqləndirməyə ehtiyac var. Fransız mənşəlli intellektual sözü sorğulamaq, araşdırmaq anlamını ehtiva edir. Bu söz Avropada meydana gəldiyi dövrlərdə intellektuallar çürümüəkdə olan feodalizmin dəyərlərini sorğulayırdılar, mühakimə edirdilər. Sonradan bu elmi biliklərə sahib olmaq anlamını da özündə ehtiva etməyə başladı.

Lakin ziyalı, aydın dediyimiz insan isə təkcə sorğulamqla, statistik bilklər daşıyıcısı olmaqla kifayətlənmir, həm də aydınlatma, toplumun bu gününə və gələcəyinə işıq salma, yol göstərmə kimi çətin və mənəvi missiya daşımağı bacarır. Bu baxımdan aydın kəlməsi intellektuallıqdan daha yüksəkdir və dəyərlidir.

O zaman deyə bilərik ki, elmi və sənət titulundan, dərəcəsindən asılı olmayaraq cəmiyyətin dərdinə çarə gəzən, təkamülə yön verə bilən düşüncə sahibləri əsl aydınlar hesab olunurlar...

Sonda yenə qayıdaq Aydın Məmmədovun xatirəsinə. Aydın Məmmədov – sözün bütün mənalarında, adına uyğun AYDIN idi...

Tarix
2014.01.17 / 17:40
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla