Yuxarı

Azərbaycanda Xəvaric təhlükəsi ciddiləşir - SOS

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəhhabilərin radikal qanadı olan xəvaricilər ölkədə şəriət hökumətinin qurulması üçün istənilən yolu məqbul sayırlar.

Onların iddiasına görə, özlərindən başqa hamı kafirdir

Azərbaycanlıların Suriyada vuruşması və mücahid kimi ölümü ilə bağlı xəbərlərin intensivləşməsi bir daha vəhabi təriqətini gündəmə gətirir. Xarici görünüşünə görə fərqlənən və getdikcə daha tez-tez rast gəldiyimiz bu təriqət nümayəndələrindən bəziləri niyə Suriyada gedən daxili toqquşmalarda iştirakçı olurlar?

Ümumi anlamda əgər kafirlərə qarşı vuruşmaqdan və bunun üçün bütün məkanların məqbul sayılmasından söhbət gedirsə, niyə "vəhabi" olaraq tanınan gənclər döyüş yeri kimi Suriyanı seçirlər? Axı orda hər iki tərəfdə müsəlmanlar dayanır!

İki mühüm məqamı nəzərə aldıqda, bu narahatlıq daha da artır:

1) "Vəhabi" deyə ümumiləşdirdiyimiz bu təriqət daşıyıcılarının sırasında artıq özünü təqdiqləmiş, gənc yaşından fərqlənən idmançıların, dini təhsil görən insanların sayı çoxalmaqdadır;

2) Artıq Azərbaycanın özündə belə, bu təriqət nümayəndələrinin sabitliyi pozacaq səviyyədə münaqişələrinin şahidi olmaqdayıq.

Sonuncu Sumqayıt hadisəsi və orada silahlı toqquşma dediklərimizə sübut sayıla bilər.

Biz niyə bu qədər tolerantıq?

Azərbaycanda dini dözümlülük ənənədir: İslamın ilk gəlişi ilə zərdüştilik və türk dünyagörüşü ilə qarşılaşmalar yeni-yeni dini təriqətlərin geniş vüsət almasına şərait yaratdı ki, tarixən bu təriqətlərin əksəriyyətinin mürşidinin Azərbaycandan çıxdığı bəllidir. Bu baxımdan dini təfəkkürdə fərqli dünyagörüşləri olan azərbaycanlılar əsrlərin sınağından çıxan dözümlülüklə, normal hal kimi yanaşmağa adət ediblər.

Amma görünür, Azərbaycanda dini tolerantlıq ənənəsinin mövcudluğu müəyyən dövlətlərin təriqət adı ilə dəstəklədiyi, konkret strateji siyasi məqsədlər üçün yetişən zamana hazırladığı qrupların inkişafına münbit şərait yaradır. Nəticə etibari ilə hazırda Azərbaycanda təriqətlər kimi görünən qruplar mövcuddur ki, onlar ölkə üçün ciddi fəsadlar yarada bilər.

Bu sırada xüsusilə vəhhabilərin adı çəkilir. Amma...

Vəhabi, yoxsa sələfi?

Bu gün Azərbaycanda hər addımda bədəvi ərəb qiyafəsində olan soydaşlarımıza rast gəlirik. Hamı onları "vəhabi" adlandırır. Amma onlar bu adı qəbul etmirlər. "Vəhabilik fitnədir, biz sələfilərik",- deyirlər. Əslində isə sələfilər də elə vəhabilərdir. Daha doğrusu, sələfilər vəhabilərin mülayim qanadı hesab olunur.

Hacı Qamət Süleymanovun imamlığını qəbul edənlər sələfilər sayılır. Sələfilər Azərbaycanda şəriət hökumətinin qurulmasına çalışsalar da, o qədər də təhlükəli deyillər. Ən azı ona görə ki, sələfilər məqsədlərini həyata keçirmək üçün radikal addımlar atmağa ehtiyac görmürlər. Onlar Azərbaycandakı vəziyyətdən narazı olduqlarını və çıxış yolunun şəriət qaydalarının bərqərar olunmasında gördüklərini gizlətmirlər. Amma məqsədlərinə çatmaq üçün bütün yolları məqbul saymırlar. Məsələn, qarşıdurma, terror onların seçdiyi yol deyil.

Bundan əlavə, sələfilər İslamın digər təriqətlərini qəbul etməsələr də, onlarla konfliktə girməyə də həvəs göstərmirlər.

Vəhabilərin radikal qanadı sayılan və xəvaricilər adlanan qrup isə sələfilər kimi düşünmür.

Xəvarici - Hənəfilərin bir qolu?!

Xəvaricilik bir neçə ildir ki, Azərbaycanda yayılıb. Qeyd edək ki, bu xəvariclər İmam Əlinin (ə) xəlifəliyi dövründə ondan ayrılan xəvariclərlə qarışdırılmamalıdır. Bunlar 20-ci əsrin əvvəllərində Misirdə "İxvanül Müslimin" (artıq Azərbaycanda kifayət qədər tanınan və Misirdəki hadisələrdə böyük rol oynayan "Müsəlman Qardaşları") təşkilatının üzvləri tərəfindən həbsxanada yaradılıb.

Azərbaycanda isə xəvariciliyi yayanlar ərəb ölkələrində, xüsusilə də məhz Suriyada təhsil almış tələbələrdir. Xəvariciliyin din pərdəsi altında sırf siyasi məqsədlərə xidmət etdiyi xüsusi vurğulanır.

Xəvaricilər etiqadda "əhli sünnə vəl camaat"a, daha dəqiqi, sünniliyin Hənəfi qoluna mənsub olsalar da, özlərindən başqa hamını kafir sayırlar. Bunu isə yalnız özlərinin siyasi hakimiyyətlərə qarşı mübarizə aparması və şəriət qayda-qanunlarının bərqərar olmasına çalışmaları ilə izah edirlər. Xəvaricilər özlərindən başqa hamını kafir saydıqları üçün onları təqfirçilər də adlandırırlar.

Xəvaricilər niyə Qarabağı yox, Suriyanı seçir?

Xəvaricilərə görə, şəriət qayda-qanunları ilə idarə olunmayan müsəlman ölkələri, o cümlədən Azərbaycan "Darül küfr", yəni "Kafirlər diyarı"dır. İddia edirlər ki, şəriət qayda-qanunlarının hökm sürmədiyi müsəlman ölkələri Avropa dövlətləri və yəhudilərin "Masson" təşkilatı tərəfindən idarə olunur. Ona görə də xəvaricilər bu müsəlman ölkələrindəki siyasi hakimiyyətləri istənilən yolla dəyişməyə hazırdırlar.

"Küfrlər diyarı" saydıqları Azərbaycanın haqq-ədalət savaşında isə iştirak etmək istəmirlər. Onların anlamında Suriyada İslamın digər təriqətində olana qarşı savaşmaq olar – çünki onlar "bacı-qardaşlarını təhqir edirlər", amma Qarabağda xristianlara qarşı vuruşmaq lazım deyil – baxmayaraq ki, xristian sayılan ermənilərin müsəlman azərbaycanlıların bacı-qardaşlarını təhqir etdiklərinə dair kifayət qədər sübutlar var. Onların aləmində azərbaycanlılar küfr sahibi olduğundan, bu savaşda "iki kafir vuruşur".

Xəvaricilərin Azərbaycanda rəhbəri kimidir?

Medianın əldə etdiyi məlumata görə, xəvaricilərin Azərbaycandakı rəhbəri Hacıbala adlı şəxs olub. Əslən Qazax rayonundan olan bu şəxs Sumqayıt sakinidir. 3-4 il əvvələ qədər həbsdə olduğu dəqiqləşdirilən bu şəxs barədə hazırda səhih bilgi yoxdur: azad olunubmu; olunubsa, haradadır və s.

Hacıbalanın Sumqayıt sakini olması xəvariciliyin bu şəhərdə daha geniş yayılmasının səbəbidir. Diqqət edirsinizsə, Suriyada vuruşan və mücahid kimi ictimaiyyətə təqdim edilən azərbaycanlıların da böyük əksəri Sumqayıtdandır və ya Sumqayıta bağlı olanlardı – ya orada təhsil alıb, işləyib və s.

Onlar özlərini Sumqayıtda çox sərbəst hiss edirlər. Təsadüfü deyil ki, "təriqətdaxili qanlı toqquşmalara" da "ev sahibliyi edən"lər sırasında hələlik Sumqayıtın adı çəkilir.

Xəvariciliyin Şəki-Şirvan bölgəsində (sünnilərin yaşadığı ərazilərdə) geniş yayıldığı bildirilir.

Qeyd edək ki, xəvaricilər xüsusi xidmət orqanların diqqətini cəlb etməmək üçün qrup halında fəaliyyət göstərmirlər. Onlar əsasən xeyir-şər evlərində toplaşırlar. Əksər hallarda isə bir-birlərilə internet vasitəsilə əlaqə saxlayırlar.

Əsl müsəlman harada döyüşməlidir?

Yuxarıda bu suala aydınlıq gətirməyə çalışdıq. Onların iddiasına görə Qarabağ "iki kafir ölkənin" savaşıdır!

Onlar tez-tez hər kəsə belə bir sual verməyi xoşlayırlar: "Bütün müsəlmanları özünün bacı və qardaşın hesab edirsənmi?"

Müsbət cavab alan kimi, "Bəs onda niyə İraq, Suriya, Əfqanıstandakı bacı-qardaşlarına kömək etmirsən? Kafirlər sənin bacı-qardaşlarının başına min oyun açırlar, niyə səsini çıxarmırsan?"

Maraqlıdır ki, nə İraq, nə Suriya, nə də xəvaricilərin daha çox qeyrətini daşımağı üzərlərinə götürdüyü digər ölkələr şəriət qaydaları ilə idarə olunur. Deməli, xəvaricilərin məntiqincə, bu ölkələr də "darül İslam" sayılmamalıdır. Amma nədənsə onlar bu ölkələr haqqında belə düşünmürlər. Niyə?

Bunu bir özləri, bir də Allah bilir. Bizə isə sadəcə, mülahizələr yürütmək qalır. Ən inandırıcı versiya budur ki, ola bilər, Azərbaycandakı xəvaricilər ölkəmizə qarşı olan hansısa dövlətlərin xüsusi xidmət orqanları ilə bağlıdırlar. "Əsl müsəlman Qarabağda döyüşməməlidir" ideyasını da həmin dövlətlərin xüsusi xidmət orqanlarının tövsiyəsi ilə təbliğ edirlər.

3 dəfə "yox" desən, qanın da, namusun da halaldır

Xəvaricilər sələfilərdən fərqli olaraq saqqal saxlamağı məcburi qayda saymırlar. Onların məscidə gəlişi və cümə namazı da dəmir intizam deyil. Onların fikrincə, cümə namazında imam dövlətin rəhbəri olmalıdır. Bir halda ki, dövlətin başçısı imam deyil, onda məscidə getməyə, cümə namazı qılmağa vaxt sərf etməyin heç bir mənası yoxdur. Kafir hakimiyyəti necə devirib, onun yerində şəriət hökuməti qurmaq barədə düşünmək daha məqbuldur.

Xəvaricilərin İslama (təbii ki, özlərinin başa düşdüyü İslama) dəvəti də absurddur. Onların fikrincə, bir şəxs üç dəfə İslama dəvət oluna bilər. Hər üç halda cavab mənfi olsa, onda həmin şəxsin qanı da, namusu, əmlakı da halal sayılır. Beləliklə də özlərini əsl müsəlman sayan xəvaricilər "Dində məcburiyyət yoxdur" ayəsini "unudurlar".

Halbuki onlar "Qurani Kərim"i çox gözəl bilirlər. Dini mübahisələrdə "Qurani Kərim"dən elə iqtibaslar gətirirlər ki, rəqiblərinin matı-qutu quruyur.

Sonda bildirək ki, xəvaricilər hələ ki, Azərbaycanda sələfilər kimi təşkilatlana bilməsələr də, hər halda mövcuddurlar və sıralarını artırmağa nail olurlar. Belə olmasaydı, Suriyada döyüşə yollanan gənclərimizin sayı getdikcə artmaz, ölkə daxilində silahlı qarşıdurmaya qədər getməyə risk etməzdilər.

Tarix
2014.01.18 / 14:11
Müəllif
Ramiz Vəliyev
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla