Yuxarı

Zahir, sən kimsən ki, şeirim haqda fikir bildirirsən?!

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şair ailəsi" layihəmizin formatı bu dəfə bir az fərqli oldu. "Şair ailəsi"nin hər iki tərəfi şair olduğundan ayrı-ayrılıqda, ayrı-ayrı ünvanlarda həm ər – Zahir Əzəmət, həm də xanım – Sevinc Çılğınla görüşüb onları bir-biri haqda söhbətə çəkdik.

Zahirlə ilk tanışlığımız…

Sevinc Çılğın:

- Zahirlə ilk tanışlığımız Qəşəm Nəcəfzadənin "Pərvanə" ədəbi məclisində olub. Məni ora yazar qızlar aparmışdı. Dedilər ki, gedirik, orda şeirlər oxuyuruq, fikir bildiririk. Gedək, sən də şeir oxu. Mən də dedim gedərəm və getdim. Həmən gün orada nə Qəşəm müəllim var idi, nə də Zahir. Orada bir şeir oxudum. Ona artıq musiqi də bəstələnmişdi. Amma şeirimə ağız büzdülər. Dedim ki, xeyir ola bu şeiri bəyənmirsiniz? Buna musiqi də bəstələnib, hətta filankəslər də bəyənib. Amma Zahiri görmədim orda. Çıxanda Qəşəm müəllimi gördüm. Məni ona təqdim edib xeyli təriflədilər.

Sonra bildiyimə görə Qəşəm müəllim gedir Zahirlə rastlaşır. Ona deyir ki, məclisimizə təzə qız gəlib, adı Sevincdi. Gələn dəfə sən də gəl, ona qulaq as, deyirlər şeirləri maraqlıdı. Zahir də razılaşır. Gələn dəfə Zahir gəlir, amma mən gedə bilmirəm. Daha doğrusu, mən onda başqa mühüm bir tədbirə getmişdim. Qayıdanda saata baxdım. Fikrimi dəyişib məclisə getdim. İçəri girib oturdum. Sonra mənə dedilər ki, dur bir şeir de. Mən də oxudum.

Və sonra bir ədəbi tarixçəmiz başladı...

Zahir Əzəmət:

- Əsgərlikdən Bakıya gəlib uzun müddət çətin günlər yaşayandan, təxminən 2 aydan sonra - başladım soraqlaşmağa ki, Bakıda şairlər, ədəbiyyatçılar hara toplaşır?! O vaxtlar "Pərvanə" ədəbi məclisi var idi, indiki Sabir adına kitabxanada toplaşardılar. Getdim ora çıxdım, indiki ədəbiyyat adamlarının bir qismini orda tapdım, sonra dostlaşdıq, "Nəfəs" adında ədəbiyyat qrupu yaratdıq. Və sonra bir ədəbi tarixçəmiz başladı. 2002-ci ildə həmin məclislərin birində, mən getməmişdim dərnəyə - Q.Nəcəfzadə şəhərdə gördü məni, dedi ki, gənc, istedadlı yeni adamlar gəlib, gəl, sən də münasibət bildir-filan...

Məni görən kimi ürəyində deyib ki…

Sevinc Çılğın:

- Zahirin dediyinə görə,- həmişə bunu deyir: "Məclisə girən anda məni görən kimi ürəyində deyib ki, mənim istədiyim, axtardığım adam bax budur". Sonralar Zahir o günü xatırlayıb mənə dedi ki, mən səni görən kimi vuruldum, fikirləşdim ki, mən ancaq belə adamı sevə bilərəm.

İlk şeirimi oxuyub bitirəndən sonra Zahir dedi ki, hələ "rəndələnməlidir", üstündə işlənilməlidir. Mən də əsəbiləşib ona dedim ki, Zahir, ümumiyyətlə, sən kimsən ki, mənim şeirim haqqında fikir bildirirsən?! Nə biləydim ki, bir gün gələcək, bütün yazdıqlarımı birinci ona oxuyacam ki, baxsın, redaktə eləsin. Vəssalam, hər şey belə başladı…

Həmin an içimdən bir səs gəldi ki, "Bu odur!"

Zahir Əzəmət:

- Növbəti tədbirlərin birində bir də gördüm qəşəng bir qız girdi içəri və həmin an öz-özümə hiss etdim, içimdən bir səs gəldi: "Bu odur". O-bu, aramızda uzun müddətli çəkişmələr başladı, mən sevirdim, qoruyurdum onu, o "sevmirəm" deyirdi, uzaqlaşmağa çalışırdı. Ailəsi də razı deyildi, təqribən, bu səbəbləri gətirirdilər ki, sən rayonlusan, tək uşaqdı, uzağa vermək istəmirik, üstəlik evin yox, işin yox, heç nəyin yox.

O bilmir ki, mən bakılıyam?

Sevinc Çılğın:

- Artıq biz hər həftə o məclisdə üz-üzə gəlməli olurduq. Dostlaşmışdıq onunla, nömrələrimizi vermişdik bir-birimizə. Zəngləşib ədəbiyyatdan-filan danışırdıq saatlarla. Sonra onunla bir yerə getdik, mənə dedilər ki, sən doğrudan hiss eləmirsən ki, o oğlan səni sevir? Mən də dedim, yox, siz nə danışırsınız? O, bilmir ki, mən bakılıyam?

Üstündən bir gün keçəndən sonra telefonla danışanda o mənə "canım" dedi, əslində bu söz Zahirin dilində olan söz idi, hamıya deyirdi bunu. Mən də elə başa düşdüm ki, o kiminsə yanında özünü göstərib demək istəyir ki, mən Sevinclə danışıb, ona "canım" dedim. Mən də əsəbiləşib dedim ki, sən kimsən ki, mənə canım deyirsən?! Və telefonu qapatdım. Bu hadisədən sonra bir-iki il ümumiyyətlə, onunla əlaqə saxlamadım. Heç ədəbi muhitdə də çox görünməməyə başladım. Bundan sonra bir dəfə təsadüfən qarşılaşdıq.

Qalıb mənə key kimi baxırdı

Mənə dedi ki: "Novruz bayramı idi, kənddə idim, sənin səsini eşitmək istəyirdim. Çox sıxılırdım,- bu dönəm Zahirin atası rəhmətə getmişdi,- ancaq səni fikirləşirdim, mənim üçün işıqlı bir şey ancaq sən idin. Telefonu götürüb sənə zəng elədim, bayramını təbrik eləmək istədim". Mən də yuxulu idim, onun zənginə cavab verib "çox sağ ol" dedim, sonra özüm-özümə dedim ki, bu, dəli olub, mənə niyə zəng edir?

Sonra yenə təsadüfən Bəstəkarlar İttifaqında qarşılaşdıq. Qalıb mənə key kimi baxırdı. Dedi ki, sən burda neynirsən? Dedim, mən çəkilişə gəlmişəm, bəs sən burda neynirsən? O da dedi ki, mən də burda qəzet buraxıram. Yanımda adamlar olduğuna görə onunla uzun-uzadı danışa bilmədik. Gedəndə mənə dedi ki, e-mail ünvanın həmənkidi? Mən də dedim hə. "Zibilə" o günü düşdüm (gülür).

Deyirdim ki, mənim sevgilim var, əl çək məndən

Bundan sonra ardarda məktublar başladı aramızda. Mən ona deyirdim ki, mənim sevgilim var, əl çək məndən. İstəyirdim onu hər cür yolla özümdən uzaqlaşdırım. Zahir deyir, biz ailə qurana qədər "sən əlindən gələni edirdin ki, məni sevməyəsən". Mən görürdüm ki, nəsə güclü bir münasibətin içindəyəm. Bundan çox qorxurdum. Heç biz şəhərdə görüşmürdük. İndi Zahir hərdən mənə deyir ki, biz sevgili vaxtı heç filan yerə getmədik. Mən də ona dedim ki, mən gedə bilməzdim.

Özümə inanırdım...

Zahir Əzəmət:

- Və bu cür proses təxminən getdi illərlə. Mən də xasiyyətini bilirdim, bilirdim ki, çox vaxt fərqində olmur hisslərin. Özümə inanırdım, hisslərimizə inanırdıq.

Nəhayət, münasibətlərimiz rəsmiləşdi, evləndik, hal-hazırda həm ailəsi bizdən çox razıdı, həm özü (hər-halda bu cür ifadə edir) və çox şükür, xoşbəxt bir ailəmiz var.

Sevincin xarakterini izah edən şeylərdən birini deyim: kiçik bir hesablama aparmışdım, biz evlənmə qərarını verən il düz "18 dəfə ayrılmışdıq", Sevinc küsüb yenidən barışmışdı. 19-cu dəfə geriyə yol olmadı, evlənmək qərarı verdik.

Sevinc indinin özündə də deyir ki, küsəndə heç vaxt gəlmirdin arxamca, barışmağa məcbur etmirdin. Mən sevmirəm elə şeyləri, həm də uşaq deyildik - mən Sevincdən, təxminən 8 yaş böyüyəm - onu öz hisslərilə baş-başa buraxırdım - müdriklərdən birinin sözü var: "Sevirsə, gələcək..." - və həmişə geri qayıdırdı. Mən hisslərimdə əmin idim, dağ kimi dayanmışdım yerimdə, o isə tərəddüd edirdi. Bir dəfə oturmuşdum iş yerimdə, keçmiş "Alma" qəzetinin redaksiyasında, Sevinc ağlaya-ağlaya gəldi, hisslərini etiraf etdi, dedi ki, evlənək.

Artıq öz aramızda qərar vermişdik, dedim, nə gətirim sənə. Biz tərəfdə qəşəng ləvəngi bişirirlər, mən də ləvəngi gətirib verdim Sevincgilə. O balıqdan sonra sanki bütün fikirləri dəyişdi. Böyük nənəsi o vaxt demişdi ki, bax gördün, onlar tərəfdə güclü mollalar olur, balığa nəsə cadu-filan eləyiblər. Belə dilə düşmüşdük.

Qız tərəfi adətən qızı tərifləyər də, Sevincin yaxınlarısa yemək bişirə bilmir, paltar yuya bilmir, deyib pisləyirmişlər. Amma mən də qabaqcadan bacımgilə izah eləmişdim ki, belə şeylər ola bilər, nə desələr, deyin razıyıq, qəbulumuzdur.

Özümü kənd qızları kimi aparırdım

Sevinc Çılğın:

- Zahirgil bizə elçi gəlməmişdən bir həftə qabaq onunla küçəyə çıxdıq. Bacısı qızı da yanımızda. Lap özümü kənd qızları kimi aparırdım (gülür).

Hər dəfə qərara gəlirdim ki, artıq Zahirə ərə gedirəm. Hər şey hazır olurdu, amma mən fikrimi dəyişirdim, nəsə qorxub dala çəkilirdim. Hətta nişan günü gəlib məni apardılar. Restorandan içəri keçəndə öz-özümə dedim ki, mən nə edirəm? Mən dala qayıtmaq istəyirəm (gülür). Çünki fikirləşirdim ki, adam o adama "hə" deməlidi ki, onunla ömrünün sonuna qədər bir yerdə yaşaya bilsin. Bizdə belədir ki, qız evdən çıxdı, ancaq meyiti qayıda bilər atası evinə. Yəni, mən müasir düşünmürdüm, belə düşünürdüm. Qorxurdum ki, birdən alınmaz, ayrılarıq.

Nişanlanandan sonra sevgi münasibətimizin düz yeddi ili oldu. Bu müddət ərzində mən Zahiri tanıdım, o da kişi kimi geri çəkilmədi, hər şeyə dözdü. Bu da mənə ləzzət edirdi. Kimsə sənin dərdindən ölür, bunu bütün dünya bilir.

Mənim onsuz da sənə ərə getmək fikrim yoxdu

Nişanlandığımız il Zahirin hesablamalarına görə, düz on doqquz dəfə "getmişəm". Hər dəfəsində özüm qayıtmışam. Darıxmışam onun üçün, qala bilməmişəm. Sonuncu dəfə düz qırx gün dözdüm. Dedim, daha səni incidirəm, bəsdi, mənim onsuz da sənə ərə getmək fikrim yoxdu. Bu haqda heç fikirləşmirəm. Amma ürəyimdə dəhşətli bir şey var idi. Mümkün qədər ondan qaçmaq istəyirdim. Qırx gün başımı qatdım, yay idi deyə, yaxşı istirahət elədim.

"Günəşi öldürəcək sevgimiz var"

Sonra bir forumda Zahir mənim haqqımda şeir paylaşmışdı. Şeirin altından başqa bir qız "Günəş" imzasıyla yazıb eşq elan eləmişdi. Oxuyub anladım ki, Zahiri itirə bilərəm. O dəqiqə həmən şeirin altından yazdım ki, "Günəşi öldürəcək sevgimiz var".

Həyəcanlıydım, əsirdim, ayağa durub çıxdım bayıra, qulağımda qulaqcıq, orda da mahnıda belə sözlər gedirdi: "Səni gözləyirəm nə qədər sağam". Elə bilirdim bu sözləri mənə Zahir oxuyur, romantik havadaydım. Allaha and olsun, bir də ayıldım ki, mən artıq Zahirin redaktor olduğu "Alma" qəzetinin redaksiyasının həyətindəyəm. İçəri girib Zahiri gördüm. Birdən ayıldım ki, mən bura necə gəlmişəm? O an anladım ki, məni bura Allah göndərib. Amma özümü sındırmadım. İkimiz də çaşıb qalmışdıq.

Həyatımın sonuna kimi varsa da, yoxsa da Zahirdi

Söz tapmadım, ona dedim ki, yayda çəkdirdiyim şəkillərə baxırsan? O da etiraz etmədi. Amma heç birimizin fikri qəti şəkildə deyildi, beynimizdə bir-birimizlə söhbət edirdik. Ona qəfildən belə dedim: əgər evlənəcəyiksə, gəl tez evlənək, nə qədər ki, mən qaçmamışam (gülür). Zahir də mənə baxıb dedi ki, cibimdə 20 qəpik pulum var. Dedim, olsun, mən sənə inanıram. Amma elə tez elə ki, mənim geri dönüşüm olmasın. O da dedi ki, yaxşı. Bir həftənin içində hər şey baş verdi, elçilər gəldi, şirin çay içdilər. Onda başa düşdüm ki, həyatımın sonuna kimi varsa da, yoxsa da Zahirdi.

Cibimdə cəmi 20 qəpik pulum vardı

Zahir Əzəmət:

- O vaxt toy qərarı verəndə bir də ayıldım ki, cibimdə cəmi 20 qəpik pulum var. Sevincgil tərəfə getdim, qayıdanda piyada gəldim evə. Amma mən həmişə inanmışam ki, hansısa gözəgörünməz qüvvə məni həmişə pis vəziyyətdən çıxarır. Doğru olub, hallalıqla yaşayandan sonra hər şey düzəlir, həyatda mütləq bir nizam, ədalət var.

Biz evlənəndə nəyi, necə edəcəyimi bilmirdim? Amma söz verdim ki, hər şeyi edəcəm. O vaxta qədər konkret bir məqsədim yox idi, ailə olandan sonra kiminçün, niyə yaşadığını, nə etməli olduğunu konkret bilirsən. Arzuladığımızdan gözəl toyumuz oldu, o vaxt çox danışıldı,- hətta bir neçə telekanal bizim toyumuzu göstərdi,- hələ indi də unudulmayıb.

Sən də birincisən, amma onlar başqadı

Sevinc Çılğın:

- Kiminsə arasında fərq qoymur. Amma təbii ki, ailənin içində ayırdığı fərdlər var. Deyir ki, mənim üçün birinci sənsən. Amma bu məni əsəbiləşdirir ki, yox birinci uşaqlardı. Onun davasını edirik həmişə (gülür). Amma mən ona deyirəm ki, mən bunu belə deyə bilmərəm, mənim üçün birinci uşaqlardı. Sən də birincisən, amma onlar başqadı.

Bir şeyi də deyim ki, bəlkə bunu çoxları bilmir. Zahir son dərəcə gülməli, zarafatcıl adamdı. Mən şən olmağıma baxmayaraq, çox az şeyə gülürəm. Məni ürəkdən güldürən adam Zahirdi. Həmişə deyirəm ki, bəlkə bir komediya aktyorunun arvadı olsaydım, heç bu qədər gülməzdim, Zahir məni bu qədər güldürür. Həm də ciddi adamların zarafatı daha gülməli olur. Onun bəzən gülməyi gəlmir, amma danışır, mənim ürəyim gedir gülməkdən, o da durub pəncərələri bağlayır ki, qonşular eşitməsin. Hətta bir dəfə məni elə güldürdü ki, səsim aləmi götürmüşdü. Həmən vaxt oğlum Sezaya hamiləydim, qonşu qapını döyüb dedi ki, Sevinc sənin sancıların var?

Övladlarımın yaxşı təhsil alması əsas məqsədimdir

Zahir Əzəmət:

- Evləndiyimiz gündən bu günə qədər kirayə qalırıq, amma bunu qətiyyən faciə hesab etmirəm mən. Ev lazımdı əlbəttə, hədəfdə ev tikmək də var, inşallah. İndi evi özümdən çox övladlarımçün fikirləşirəm ki, onlar böyüyəndə mən üzləşdiyim sosial problemlərlə üzləşməsinlər. Həyatda hər şeydən vacib olan sevgi, mehribançılıq, bir də övladların yaxşı təhsilidir. Onlar yaxşı təhsil alsalar, lazım olan maddi şeyləri də özləri əldə edəcəklər. Övladlarımın yaxşı təhsil alması əsas məqsədlərimdəndir.

"Klounluq" edib ikisini də güldürürəm

Uşaqlarla münasibəti yaxşıdır, uşaqları çox sevir, qayğı göstərir. Uşaq mövzusunda çox həssasıq. Ailədə olur, əsəbiləşir, Yavruya qışqırır, azca keçməmiş gedib üzr istəyir, qucaqlayıb ağlayır. Yavru da qoşulur buna "Anne ağlama" deyir. Mən gəlib "klounluq" edib ikisini də güldürürəm. Yemək, gec yatmaq mövzusunda bəzən belə şeylər olur. Yaxşı anadır, inşallah, belə də davam edəcək.

Lap böyük yazıçıların arvadları kimi…

Sevinc Çılğın:

- Ümumiyyətlə, əvvəllər onun yazdığı şeirləri sevmirdim. Zahir mənim şairim deyildi. Bəlkə tanımırdım, ya anlamırdım deyə, belə düşünürdüm. Ona deyirdim ki, sən elə də böyük şair deyilsən. Amma indi elə bir məqam olur ki, hansısa misrası yadıma düşür, sanki anlayıram. Son vaxtlar onun şeirlərini çox sevirəm. Bəzən hansısa şeiri özündə olmur, axtaranda deyirəm məndə o şeir var, təəccüblənir ki, necə olar bilər bu? Lap böyük yazıçıların arvadları kimi onun arxivini toplayıram sanki.

Bilirəm ki, qələmi itidi, oturub yazsa, çox şey yazar. Amma ailə qayğıları və başqa məsələlərə görə vicdanı yol vermir ki, oturub özünə vaxt ayırsın. Fikirləşir ki, xalq üçün daha çox çalışmaq lazımdır.

Açığı əvvəl o imkanımız da yox idi. Rahat şərait yox idi ki, otursun nəsə yazsın. Amma yeni evimizə köçəndən sonra hiss edirəm ki, "dolub daşır". Axşam deyir ki, deyəsən mən bu evdə nəsə yazacam, buna şərait var. Mən də buna sevinirəm.

Sevinc mənimçün yazar kimi də çox dəyərlidir

Zahir Əzəmət:

- Şeirlərinin ilk oxucusu mənəm. Bəzən yaradıcılığı yaradıcılıq kimi qəbul edirik. Bəyənmədiyim şeiri nadir hallarda olur, bəyənməsəm, bunu mütləq deyirəm, amma nəsrini daha çox sevirəm. Hekayələri daha yaxşı olur, xeyli müddətdi roman haqqında düşünür, amma reallaşdırmağa vaxt darlığı, iş, uşaqlar mane olur. Sevinc mənimçün yazar kimi də çox dəyərlidir.

Özünü lap köhnə kişilər kimi aparırsan…

Sevinc Çılğın:

- Ev işlərində əlbəttə ki, kömək eləyir, o olmasaydı mən nə edərdim görəsən. Təbii ki, evləri təmizləməkdən söhbət getmir. Olur ki, mən iş vaxtımdan sonra harasa getmək istəyirəm. Deyir yaxşı, işdən tez gəlib oturub uşaqlara baxaram. Yarım saat uşaqlarla oynasa, bu mənə bəs edir, rahat yeməyimi bişirə bilərəm.

Mənim xoşum gəlir ki, evdə nəsə xarab olanda Zahir köhnə kişilər kimi o şeyi təmir eləsin. O nəyisə təmir edəndə xoşum gəlir ona baxmaqdan, ona gülməkdən. Ona deyirəm özünü lap köhnə kişilər kimi aparırsan. Bir də görürsən, qəsdən deyirəm ki, bu saatı bura as, bunu filan şey elə. Çünki belə olanda mənə xoş gəlir.

Onu mətbəxdə görməkdən xoşum gəlmir

Özüyçün deyəsən bir dəfə yemək bişirib. Onda mən anagildə qalırdım, hamiləliyin ağır dönəmini yaşayırdım. Səhər evə gəlib gördüm ki, çaydanın qapağı yoxdur, tava yanıb. Gələn kimi ona dedim ki, xahiş edirəm, səni bir də mətbəxdə görməyim. Mən yoxamsa, uzaq başı sosiska qaynada bilər. Amma mən imkan vermirəm ona ki, mətbəxə girsin. Çünki mətbəx mənim sevimli yerimdi. O da öyrəşib mənim bişirdiyim yeməklərə. Öz kəndlərinə gedəndə orda yemək yemirdi. Onun üçün mən yemək bişirirdim. Bir sözlə, onu mətbəxdə görməkdən xoşum gəlmir.

Dostları ilə hər gün görüşmür, yeyib-içmir

İşi ilə əlaqədar evə gec gəlirdi. Əvvəllər bu problem yaşanırdı. Gələndə də oturub işi ilə məşğul olurdu. Bu da onun işinə son dərəcə məsuliyyətli yanaşmasından irəli gəlirdi. Mən də istəyirdim ki, vaxtını mənə ayırsın. İndi isə öz işçiləri var. İşi əvvəlkinə baxanda xeyli yüngüldü. İş vaxtı bitdi, dərhal evə gəlir, başqaları kimi dostları ilə hər gün görüşmür, yeyib-içmir. Ümumiyyətlə, o adamları həyatımızda dost kimi saxlamışıq ki, onlar bizim ortaq ailə dostlarımızdır. Qonaq gediriksə, ailəvi gedirik. Artıq bizdə belə alınıb. Çünki bir-birimizdən nigaran qalırıq.

Deyirlər ki, xoşbəxt o adamdı ki, səhər işə, axşam da evə tələsir. Zahir bəy bu baxımdan belə adamdı.

Evdə çox istedadlı aşpazımızdır

Zahir Əzəmət:

- Doğrudan da Sevinc evlənənə qədər ev işlərini etmirdi, çox ərköyün böyüdülmüşdü. Hətta çayı da nənəsi durub süzərdi ona. Sevincin anası da nənəsi də çox gözəl yeməklər bişirir. Heç kim inanmırdı ki, Sevinc iş-filan görəcək, amma hal-hazırda Sevinc işi, ailə-uşağı olmasına baxmayaraq, evdə çox gözəl, avanqard yeməklər bişirir. Evdə çox istedadlı aşpazımızdır.

Sevinc sulu yeməklər yemir, məsələn, borşu, supu sevmir. Yeməkdə mütləq ət olmalıdır, ona görə. Toyuq qızartması, çığırtmasını sevir. Mən aş (plov) yeməyi çox sevirəm, o da demək olar ki, bütün aş növlərini bişirməyi öyrənib. Hətta keçən dəfə evdə anasıyla xaş da bişirmişdi. Gözəl şirniyyatlar bişirir, xüsusən altıncı-bazar günləri bir neçə cür yemək bişirir ki, evdə olanda yeyə bilək.

Bazarlığı mən edəndə adətən bəyənmir, bütün qadınlar kimi, mütləq "mız" qoyur. Ona görə də adətən bazarlığa bir yerdə gedirik. Bizim imkanımız olmayanda anası kömək edir.

Bəzən həddindən çox səbirli olması məni əsəbiləşdirir

Sevinc Çılğın:

- Vallah, mənim üçün Zahir ideal adamdı. O, çox səbirlidi. Mən isə çox səbirsizəm. Amma Allah səbrli bəndələrini sevir. Səbirsiz vaxtlarımda mənə ən çox dediyi "səbirli ol" sözü olur. Bu sözü mənə deyəndə elə bilirəm mənim nəslimi söyürlər (gülür). Deyirəm, mənə necə deyə bilərsən səbirli ol? Onun bəzən həddən artıq səbirli olması məni əsəbiləşdirir. Bir də sevmədiyim cəhəti son dərəcə dürüst və təmiz olmasıdı.

Məndə bəyənmədiyi cəhət yoxdur

Zahirin məndə bəyənmədiyi cəhətləri bilmirəm. Vallah, bu yaxınlarda ona bu barədə sual verdim, dedi ki, məndə bəyənmədiyi cəhət yoxdur. Amma bilirəm ki, mənim həddindən artıq səmimi olmağım onun bəyəndiyi cəhətdi. O mənim içimin təmizliyini xoşlayır. Amma əvvəl bəyənmədiyi bir cəhətim vardı. Mən əvvəllər hansısa qəşəng adam görəndə,- fərq etməz kişi, ya da qadın olsun,- baxıb deyirdim ki, ay da, nə qəşəng oğlandı. Əvvəllər bu surətpərəstliyim Zahirə çatmırdı. Sonra gördü ki, mən özümü saxlaya bilmirəm belə anlarda və bunun altında başqa şeylər yatmır. Onu sevdiyimə arxayın idi. Mən insanlarda yaxşı nəsə görəndə mütləq deməyi xoşlayıram. Fərq etmir, nə olur olsun.

O hirslənəndə gülümsəyib səbrlə yola verirəm

Zahir Əzəmət:

- Sevinc çox kaprizlidir, ərköyündür, çox dəyişkəndir xasiyyəti. Ən pis tərəflərindən biri həddindən artıq tez coşmağıdır. Çox tez əsəbiləşir, iki dəqiqəyə əsib-coşur, iki dəqiqəyə də soyuyur. Mənsə elə deyiləm, mənə nəsə təsir eləyir, əsəbiləşirəmsə tez sakitləşə bilmirəm, buna uzun müddət lazım gəlir. Sevincdə elə deyil, pis tərəfi odur ki, çox tez əsəbiləşir, yaxşı tərəfi də odur ki, tez də hirsi soyuyur. Çalışıram ki, o hirslənəndə buna reaksiya verməyim, o da təkrar əsəbiləşir ki, niyə reaksiya vermirsən. Gülümsəyib, səbirlə yola verirəm, çünki bilirəm ki, iki dəqiqə sonra heç nə olmamış kimi davam edəcək.

"Dünyanın ən ideal kürəkəninə..."

Sevinc Çılğın:

- Qohumlarla münasibəti də idealdır. Əvvəllər deyirdi ki, baxarsan, biz evlənsək, səndən çox istəyəcəklər məni. Bu sözdən çox əsəbiləşirdim. Deyirdim ki, əvvəla biz evlənməyəcəyik. İkincisi elə şey ola bilməz ki, məndən çox istəsinlər səni. Amma onun dediyi kimi oldu. Mənim toyum anamın ad gününə təsadüf edirdi. Zahir ona çox böyük gül əklili hazırlatdırıb göndərmişdi. Üstündə də yazmışdı ki, "dünyanın ən gözəl qaynanasına..." Bu il Zahirin doğum günündə isə mənim anam cavab olaraq ona tort hədiyyə eləyib, üstündə belə yazdırmışdı: "Dünyanın ən ideal kürəkəninə..." Anam o gün mənə deyir ki, Allaha and olsun, bəlkə səndən çox istəyirəm Zahiri. Biz hələ belə kürəkən görməmişik (gülür). Anam Zahir üçün doğrudan da həqiqi ana kimidi. Elə anam üçün də Zahir elədi. Bəzən anam deyir Zahirin ayağına dəyən daş ürəyimin başına dəysin. Mən də zarafatca deyirəm ki, anama, yaxşı, yığışdır özünü, deyəsən sənin uşağın mənəm e... Bütün qohumlarımız da onun başına and içirlər. Hamısı Zahirlə məsləhətləşir.

Bizdə qaynana-gəlin, gəlin-baldız problemi yoxdur

Zahir Əzəmət:

- Hər iki tərəf qohumlarla münasibət yaxşıdı. Sevinc rayona gedəndə artıq gəlin havasına girir, özünü gəlin kimi aparır. Rayondakılarla münasibəti çox yaxşıdır. Bir şey deyim ki, dərslərimi-filan yaxşı oxuyurdum deyə, hələ balaca (13-14 yaşımda) olanda atamla belə bir razılaşmamız olmuşdu. Atam dedi ki, nə desən, eləyəcəm. O məndən nəsə hədiyyə-filan istəyəcəyimi gözləyirdi, mənsə heç vaxt mənim işimə qarşışmayacağına, ailədə də kiminsə qarışmasına icazə verməyəcəyinə dair söz verməsini istədim. Tərəddüd etsə də, razı oldu, ondan sonra mənə heç kim qarışmayıb, bütün qərarlarımı özüm vermişəm. Bu baxımdan da Sevinclə evlənmə qərarımı da tək vermişəm. Buna baxmayaraq, bütün qərarlarıma da hörmətlə yanaşıblar. Bizim ailədə ənənəvi qaynana-gəlin, qaynana-kürəkən, gəlin-baldız problemləri, şükür ki, yoxdur. Belə şeylər insanın özündən asılıdır, çalışırıq ki, belə şeylər heç vaxt olmasın.

Telefonumu indiyə qədər açıb-qurdalamayıb

Sevinc Çılğın:

- Məsələn, mənim e-mailim açıq olanda o gözünün ucu ilə də baxmaz. O hələ mənim telefonumu indiyə qədər açıb qurdalamayıb. Mənə deməyib ki, kim zəng vurdu, hara getdin. Amma onun e-maili açıq olanda etiraf edirəm ki, baxmışam. Qəribəsi budur ki, mən orada heç nə tapmamışam və bu da məni əsəbiləşdirib. Bəlkə nəsə tapsam, hirsimi töküb sakitləşərəm. Amma belə olmur. Ona deyirəm ki, bəlkə sənə məktub yazırlar sən silirsən?! Mənə deyir ki, sən dəlisən... (gülür)

Qısqanclığa səbəb yaranacaqsa hər şey bitəcək

Zahir Əzəmət:

- Məni hədsiz çox qısqanır, çox qısqancdı. Məsələn, iş vaxtı 7-də bitir. Hər gün 7-yə 5 dəqiqə qalmış zəng vurur ki, saat 7 olub, hardasan? Gülüb deyirəm ki, "budilnik"sən sən? Səndən saat soruşan oldu? İşlər çox olur, adətən işdən sonra da qalıram. Qısqanclığa səbəb vermirəm, özü də bilir, amma özündən asılı deyil bu. Mənsə qəti qısqanc deyiləm, buna səbəb görmürəm. Həmişə deyirəm ki, sevgi, inam və sayğı - bunlar bütöv vəhdət halındadır mənim üçün. Qısqanclığa səbəb yaranacaqsa, hər şey bitəcək, bunu bilir. Mən belə şeylərdə çox sərtəm. Tam azadlıq vermişəm, o özü düşünməlidir gerisini, qısqanclığa səbəb verməməlidir. Mən qısqanclıqla yaşamağı təsəvvür edə bilmirəm. Qısqanclıq şübhədir, tərəddüddür. Tərəddüdlə sevginin bir arada olması mümkün deyil. Qısqandığım anda sevgi bitəcək. Mənimçün başqa cür mümkün deyil.

O gün doğrudan mən əzab çəkmişdim

Sevinc Çılğın:

- Ən pis günümüz... Yeni evlənmişdik, beş-altı ay keçmişdi toyumuzdan. Mən hamiləliyin pis vaxtlarını keçirdirdim və anamgildə qalırdım. Qış ayları idi. Zahir isə evdə qalırdı. Bir dəfə dəhşətli soyuq oldu, qar yağmışdı. Yasamalda idi evimiz. Zahir evə gedib görüb ki, qaz və işıq kəsilib, maddi cəhətdən də çətin günlər idi. Bilirdim ki, indi Zahir soyuq evdə oturub, yemək də yoxdur ki, yesin. Heç nə ilə də başını qata bilmir. Hündürdə qaldığımıza görə qar yağdığından maşınlar da bizim qaldığımız evə gəlmirdi. Gecə saat on bir idi. Anam o gün bozbaş bişirmişdi mənim üçün, məcburən yeməliydim. Amma yemək qarşımda olsa da, yeyə bilmirdim, gözümün yaşı sel kimi axırdı. Necə yeyə bilərdim ki, Zahir evdə ac-susuz oturub. Dözə bilmirdim və yeməyi masada olduğu kimi qoyub qırağa çəkildim, dedim ki, yeyə bilməyəcəm. Heç cür sakitləşə bilmədim və dedim ki, onu bu dəqiqə mənim yanıma gətirin. Əmim oğlunun maşını "cip" olduğundan dedi ki, yaxşı, gedib Zahiri gətirərəm. O getdi Zahiri gətirməyə. Artıq Zahir gəlirdi. Onlar yolda ikən mən başladım yeməyimi rahat yeməyə. Zahir nəhayət gəldi. Gördüm ki, Zahir çox pis haldadı. O yeməyə başladı, mən isə ona baxıb başladım ağlamağa. Amma bu dəfə sevincimdən ağlayırdım. Anam məni sakitləşdirib dedi ki, yaxşı da, sakit ol daha, sənə ağlamaq olmaz. O gün doğrudan mən əzab çəkmişdim və ən pis günümüz oldu.

Birdən ölsəm, məndən sonra evlənmə ha…

Ən sevimli günümüz isə uşaqlarımız doğulanda olub. Düzdü, bunun əvvəli kədərli olurdu. Mən hər dəfə əməliyyat otağına girəndə çox pis olurdum. O anda deyirdim ki, birdən ölsəm, məndən sonra evlənmə ha. Yoxsa sənə haqqımı halal eləmərəm (gülür). Sonra isə hər şey yaxşı olurdu.

Hər günü özəl yaşamaq vacibdir

Zahir Əzəmət:

- Tarixlərlə bağlı mənim problemim var, evlənən gündən də demişəm, bax xüsusi günləri-filan unuda bilərəm, belə şeylərdə ittiham eləmə, çünki doğrudan da mən tarixləri tez unuduram. Baxmayaraq ki, riyaziyyat üzrə rezpublika səviyyəli olimpiadalarda yer filan tutmuşam, amma tarixlərlə problemim həmişə olub. Birinci il nişanımızın ildönümünü unutmuşdum, bir gün sonra gördüm qaşqabaqlıdı, soruşdum "nolub?" Deyir, "dünən nə günü idi?" O dəqiqə yadıma düşdü, qabaqdangəlmişlik edib dedim "mən səndən gözləyirdim". Özəl günlər vacibdi, amma şablon səslənsə də, deyim ki, hər günü özəl yaşamaq daha vacibdir. İnsan hər gün yenidən doğulur. Hər günü ilk və son gün kimi yaşamaq lazımdır.

Bəşəri romanlarda olduğu kimi idael adamdı

Sevinc Çılğın:

- Qəribədir ki, o bütün dostları, ailəsi, hamı üçün birsifətli adamdı. Yəni onun haqqında hamı eyni şeyləri deyər. Çox mehriban, zəhmətkeş, düz adamdı. Son dərəcə dürüst və həddindən artıq ədalətlidi. Hətta onun ədalət prinsipinin qarşısında mən belə dayansam, məni aşar, amma ədaləti aşmaz. Hərdən bu məni təbii ki, əsəbiləşdirir. İstəyirəm onun üçün birinci növbədə mən olum. Bir sözlə, bəşəri romanlarda olduğu kimi idael adamdı.

Deyirlər ki, həyatda ideal adam yoxdu. Amma mən onun haqqında deyirəm ki, vallah o mənim üçün ideal adamdı. Sevdiyim olduğuna görə demirəm. Son dərəcə səbrli, hövsələli, maraqlı, ağıllı, savadlı, mədənidi. Nə qədər müsbət sözlər varsa, ona aid etmək olar hamısını. O, doğrudan elə adamdı, maskalanmış deyil. Onun "tərəzisinin" gözündə hamı eynidi, hətta mən belə.

Zahiri bir cümlə ilə, daha doğrusu, sadəcə, iki kəlmə ilə ifadə etmək istəyirəm: Sevincin Zairi...

Tarix
2014.01.16 / 16:56
Müəllif
Nilufər Muğantürk, Seyid Ramin
Şərhlər
Digər xəbərlər

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla