Yuxarı

Tofiq Bakıxanov: “Mircəfər Bağırov mənə dedi ki...” - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xatirə dəftəri" layihəsində

Bu dəfə Azərbaycanın Xalq artisti, Şöhrət ordenli bəstəkar Tofiq Bakıxanovun "Xatirə dəftəri"ni vərəqləmək, yaxınlarda 85 yaşını qeyd edəcək görkəmli bəstəkarımızla əlaqə saxlamaq istədik. Köməyimizə yazıçı-publisist Nurəddin Ədiloğlu çatdı:

- Tofiq müəllim Bilgəh kardioloji sanatoriyasında müalicə alır.

Müxbirimiz Nihad Cəbrayılla Bilgəhə yola düşdük.

Növbətçi xanımdan bəstəkarın otağını soruşuruq. Göstərir. Tofiq müəllimin qapısını döyürəm. Səs gəlmədiyini görüncə, ehmalca qapını açıram. Eyvanda oturub. Bu dəfə açıq qapının içəri üzünü taqqıldadıram. Eşitmir. Yaxın gəlirik. Məşhur bəstəkar istirahət etdiyi məkanda da yaradıcılıqla məşğuldur. Qarşısında not kitabı, jurnallar və qələm-dəftər var. Salam veririk. Başını qaldırır. Salamımızı alır. Bizi gözləyirmiş:

- Nurəddin demişdi, gələcəksiz...

Yer göstərir. Əyləşirik. Səhhəti ilə maraqlanırıq:

34 yaşından cavan qızım rəhmətə getdi

- Necəsiniz, Tofiq müəllim?

- Sağ olun. Yaxşıyam. Uşaqlıqdan xəstəlik nədir, bilməmişəm. 3 il bundan qabaq həyat yoldaşımı itirdim. Sonra 34 yaşından cavan qızım rəhmətə getdi. Bax, bunlar mənim səhhətimə təsir elədi. Həm də bu illər ərzində çox yoruldum, indi burada müalicə alıram...

İllərin bacarmadığını iki əzizinin dünyasını itirməsi etmişdi. Qocaman sənətkarın səsində titrəyiş var. Hafizəsinə isə söz ola bilməz... Kövrək notlarla başlanan söhbətimizi elə onun "Xatirə dəftəri"nin - yaddaşının kövrək notlarını vərəqləməyə başlayırıq:

- Tofiq müəllim, həyat yoldaşınızla neçə il bir yerdə yaşadınız? Heç inciklik oldumu, qısqandımı sizi? Axı siz gənclik illərindən şöhrət qazanmışdınız, diqqət mərkəzində idiniz...

- Yoldaşımla 50 il birgə ömür sürdük. Mehriban olmuşuq. Bir-birimizi başa düşmüşük. Amma mən öncə istəyirəm ki, sizə bir az tərcümeyi-halımdan danışam.

Ermənilər deyir tar bizimdir

- Sizin tərcümeyi-halınız nəinki Azərbaycan oxucusuna, kənar ölkə musiqisevərlərinə belə məlumdur...

- Olsun. Amma yenə də deyim. Bildiyiniz kimi, mən musiqiçi ailəsində dünyaya göz açmışam, Əhməd Bakıxanovun oğluyam. Gözümü açıb evimizdə musiqi görmüşəm. Bilirsiniz ki, biz Abbasqulu ağa Bakıxanovun nəslinin davamçılarıyıq. Bakıxanov Azərbaycanın ilk maarifçisi olub, onun yaradıcılığı çoxşaxəli olub. Coğrafiya, astronomiya, riyaziyyat və musiqi... Onun bir şeiri var, "Fatma tar çalır". Ermənilər deyir, tar bizimdir, amma 200 il bundan qabaq bu adam şeirində tardan bəhs edib...

Tofiq müəllimin "Xatirə dəftəri" rahatlıqla vərəqlənir. Musiqiyə gəlişindən, atasının, əmisinin Azərbaycan musiqisindəki yerindən bəhs edir. Korifeylərimizin adını çəkir, onları uşaq vaxtından tanıdığını deyir.

Üzeyir bəy atama zəng edib...

- Tofiq müəllim, Üzeyir bəyi necə xatırlayırsız?

- Üzeyir bəyi yaxşı xatırlayıram. O bizim qonşuluqda yaşayırdı. Atamla dost olub. Bu dostluğun maraqlı tarixçəsi var. 1927-28-ci illərin söhbətidir. Üzeyir bəy bir seirdə "nəva nüşabur" sözünə rast gəlir. Bunun mənasını heç kəs bilmir. "Nəva"nın avaz demək olduğunu bilir, amma "nəva nüşabur"un nə olduğunu kimdən soruşursa da, heç kəs bilmir. Hamı deyir ki, bunu bilsə-bilsə Əhməd Bakıxanov biləcək, çünki o, vaxtı ilə İranda yaşayıb. Tehranda Rəşdə Azəri Sultan adında görkəmli xanəndə olub. Gözəl muğam bilicisi imiş. Atam da, əmim Məmmədxan da bütün muğamları ondan öyrəniblər. Bu muğam 14-cü əsrin ən məşhur muğamı olub. Deməli, Üzeyir bəy atama zəng vurub, evinə dəvət edib. Atamdan soruşub ki, bu muğamı bilirsən? Atam da deyib ki, hə. Və tarda onun üçün ifa edib. Üzeyir bəy muğamı dinlədikdən sonra atamı Konservatoriyaya dəvət edib ki, gəl burada işlə. Atam ölənəcən orda işlədi.

Musiqiçi olmağım Üzeyir bəyin istəyi ilə olub

- Üzeyir bəylə bağlı hansı özəl xatirələriniz var?

- Xatirələrim çoxdur. Elə mən, qardaşım və bacımın musiqiçi olmamız onun istəyi ilə olub. Üzeyir bəyin təşəbbüsüylə atam bizi musiqi məktəbinə qoydu. Bacımı fortepiano, qardaşımı simli alətlər, məni isə skripka sinfinə. Daha sonra isə Üzeyir bəyin təşəbbüsüylə indiki Bülbül adına məktəbdə oxuduq. Bura ancaq istedadlı uşaqları götürürdülər. Daha sonra mən Azərbaycan radiosunda uşaq ansamblı yaratdım. Müharibə vaxtı gedib hospitallarda konsert verirdik.

Üzeyir bəyin 60 illiyində filarmoniyada ilk dəfə orkestrdə mən skripkayla onun "Arşın malalan" musiqili komediyasinda fantaziya çaldım, bax bu yadımdadır.

Mircəfər Bağırov qabaqda oturmuşdu

- O dövr Mircəfər Bağırovun hakimiyyətdə olduğu zamanlar idi, heç onunla görüşmüşdünüzmü?

- Olub. 1947-ci il sentyabrın 27-də, Opera Teatrında Nizami Gəncəvinin 800 illiyi keçirildi. Mircəfər Bağırov da orada idi. Qabaqda oturmuşdu. Ətrafında da partiya və hökumət nümayəndələri, Moskvadan gələn qonaqlar. Mən Üzeyir bəyin təşəbbüsü ilə həmin tədbirdə konsert verdim. Xalq artistləri hamısı orada idi. Niyazi bəy, Xan Şuşinski, Həqiqət Rzayeva və başqaları. Bu çox əlamətdar hadisə oldu. Bir əlamətdar hadisə isə Bəstəkarlar İttifaqının 49-cu ildə keçirilən dekadası zamanı oldu. Filarmoniyada konkurs keçirildi. 3 turdan keçənlər dekadada çıxış edəcəkdilər. Konkursun sədri Bülbül idi. Komissiya üzvü kimi isə Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov idi. 3-cü turdan keçəndən sonra məni buraxdılar dekadaya. Cahangir Cahangirovun üç hissəli böyük bir əsərini çaldım. 1947-ci ildə Üzeyir bəy Konservatoriyanın rektoru idi. Məni konservatoriyaya imtahansız qəbul elədilər. Həmin ilin noyabr ayında Üzeyir bəy rəhmətə getdi. Onun adına təqaüd təsis olundu. Əlaçı tələbə kimi "Üzeyir Hacibəyov" təqaüdü verildi. Mən oranı bu təqaüdlə bitirdim.

Bağırov mənə deyirdi...

- Bəs siz özününz Mircəfər Bağırovla ünsiyyətdə olmusuz? Onu yaxından görmüşdüz?

- Bəli, görmüşdüm. Mən 1947-48 illərdə onun oğlu Cahangirlə musiqi məktəbində bir yerdə oxumuşam. Bir dəfə bizə Fikrət Əmirovun ikili konsertini - fortepiano və skripka üçün əsərini verdilər ki, ifa edək. Onun Vladimir adlı bir oğlu da vardı. Müharibədə ölmüşdü. Cahangir isə bizimlə 10 illik musiqi məktəbində oxuyurdu. Anası da yəhudi qızı idi. O, fortepianoda çalırdı, mən skripkada. İki dəfə də getmişəm evlərinə. Filarmoniyayla üzbəüz, indiki İncəsənət muzeyində olurdular. Bağırov mənə deyirdi ki, mən bakıxanovlar haqqında saatlarla danışaram. Çünki hər ikisinin nəsli Qubada yaşamışdı. Hətta onun stolunun üstündə Bakıxanovun "Nəsihətnamə"si vardı. O, atamı da tanıyırdı və ona deyirmiş ki, mən Bakıxanovları beş barmağım kimi tanıyıram. Bir də biz siyasətlə yox, musiqi ilə məşğul idik.

1938-ci ildə NKVD atamla əmimi həbs etdi

- Tofiq müəllim, siz elə bir dövrdə yaşamısız ki, o zamanlar Azərbaycan ziyalısına qarşı həm də görünməmiş basqılar olub. Həbs, sürgün, anonim yazılar və sair. Sizin nəslinizdə kifayət qədər millətsevər şəxs olub. Nə əcəb bu bəla yağışından sizlərin üstünə çilənməyib?

- Niyə ki, bizim ailə də o repressiyanı yaşayıb. 1938-ci ildə NKVD atamla əmimi də həbs etdi. Adını da qoydular ki, guya atamla əmim İran muğamlarını təbliğ edirlər. "Humayun", "Bayatı-şiraz", "Bayatı-kürd" muğamlarını tədris etdiklərinə görə. Biz də Üzeyir bəylə qonşuyduq axı, anam getdi Üzeyir bəyin evinə. Dedi ki, "ay əmi, axı bunlar musiqiçidilər, buları niyə tutublar?". Evimizdə axtarış da aparmışdılar, heç nə tapmamışdılar. Bunu da Üzeyir bəyə dedik. O da Bağırovla Moskvaya bir tədbirə eyni qatarda, eyni vaqonda gedəndə, söz açıb. Ona deyib ki, axı bunlar musiqiçidir, bunların heç bir günahı yoxdur, bunları niyə həbs ediblər? Onlar bizim musiqi tariximizdə öz yerləri olan insanlardır. Bağırov Moskvadan qayıdan da atamla əmimi buraxdırıb. Üzeyir bəylə Bağırov çox yaxın idilər. Üzeyir bəyin sözünü eşidirdi.

"Türk qızları xalq çalğı alətləri ansamblı"

- Bəs bundan başqa hansı şirin xatirələriniz var?

- Deməli, əmim Məmmədxan Şərqdə ilk dəfə "Türk qızlar orkestri"ni yaratmışdı. Konservatoryanın inspektoru işləyirmiş. Cəfər Cabbarlı və başqa tanınmışlar vardı bu ansamblda. "Türk qızları xalq çalğı alətləri ansamblı" ilə Moskvada, Tiflisdə çox başarılı konsertləri olub, mükafatlar alıblar.

- Amma siz ifaçılığınızdan danışdız. Bəstəkar fəaliyyətiniz?

- Üzeyir bəydən sonra konservatoriyanın rektoru Qara Qarayev idi. Gəldim onun yanına. Dedim ki, Qara müəllim, bir neçə əsər yazmışam, sizə göstərmək istəyirəm. O, həmən əsərləri aldı baxdı və çox bəyəndi. Mənə dedi ki, sənədlərini hazırla, sən bəstəkarlığı oxumalısan. Və məni öz sinfinə götürdü. 51-ci il idi.

Bizim sənətdə paxıllıq həmişə olub

- Tofiq müəllim bu qədər şöhrətiniz vardı, nə əcəb qısqanan olmadı?

Tofiq müəllim bir qədər fikrə gedir. Hiss olunur ki, yaşının bu vədəsində qanqaraldıcı məqamları yadına salmaq istəmir. Amma onun "Xatirə dəftəri"nin asan oxunduğunu yuxarıda qeyd etmişik. Xatirələrinin bu səhifəsini də yada salır:

- Paxıllığımı çəkənlər olub. Bizim sənətdə paxıllıq həmişə olub. 51-ci ildə Berlində gənclərin festivalı keçırılırdi. Məni gənc bir ifaçı kimi ora getmək üçün təqdim elədilər. Bunun üçün də 3 turdan ibarət konkurs vardı. Birinci, ikinci turdan keçdim. Amma - adını çəkmək istəmirəm, - 3-cü turda bir adam atamla olduğuna görə məni buraxdırmadı. O da jürinin üzvü idi, bəstəkardı. Mənim Berlinə bir gənc ifaçı kimi getməyimə mane oldu. Həmin adam məsul vəzifədə çalışırdı.

Bir dəfə də Nizami Xudiyev televiziyada sədr olanda əmir vermişdi ki, mənim 70 illiyimlə bağlı Şəhriyar adına klubda keçirilən tədbir bütünlüklə çəkilsin. Onda da bir bəstəkar qısqanclıq etdi, buna əngəl oldu. Və televiziya çəkiliş edə bilmədi. Heydər Əliyevin mənə verdiyi Şöhrət ordeninin fərmanını və təbrik məktubunu Fatma Abdullazadə təqdim etdi. Televiziyada ancaq xəbər kimi çəkiliş getmişdi.

Heydər Əliyevin sevgisi...

- Bəs Heydər Əliyevlə şəxsi görüşləriniz olubmu?

- Heydər Əliyevlə çox görüşümüz olub. O bizə həmişə yaxşı davranıb. Bizi özüylə getdiyi bütün rayonlara aparırdı. Bir dəfə İsmayıllıdan qayıdanda dedi ki, indi Bakıxanovlar haqqında sizlərə danışım. Və bir neçə saat Bakıxanov haqqında danışdı. Əsərlərindən, onun ictimai, siyasi fəaliyyətindən bəhs etdi. Mənə Şöhrət ordenini də, bütün fəxri adları da Heydər Əliyev verib. Ordeni təqdim edərkən mən ona dedim ki, siz bu ordeni mənə yox, bütün Azərbaycan xalqına vermisiz. Və o da başını əyərək bunu gülərək razılıqla qarşıladı... Heydər Əliyevdən çox razıyam. O musiqimizi, dilimizi, ədəbiyyatımızı sevirdi, bizlərə dəyər verirdi...

Tofiq Bakıxanovun xatirələrini dinləməkdən yorulmadıq. Amma qocaman sənətkara müalicə üçün ayrılan vaxtın çatdığını bildirən şəfqət bacısının səsinə diktofonu söndürüb, sənətkarla sağollaşırıq.

Tarix
2014.08.18 / 13:56
Müəllif
Faiq Balabəyli, Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla