Yuxarı

Bu, olum, ya ölüm məsələsidir

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nədən millətçilik? Nədən Milliyyətçi Hərəkat Partiyası?

Azərbaycanda və Türkiyədə tez-tez eşitdiyim sorudur. Dolayı yolla nədən Türkiyədə böyük gücü və Azərbaycanda rəsmi çevrələri etkiləmək imkanları olan iqtidar partiyasını bir kənara buraxıb, iqtidara tək başına gəlib-gəlməycəyi bəlli olmayan bir müxalifət partiyasını dəstəkləyirsən demək istəyirlər…

Türkiyəyə otuz beş ildən bəri gedib-gəlirsən, nədən heç vaxt iqtidara yaxınlaşmağı, siyasətçi olaraq onlardan dəstək almağı düşünmədin, həp içəridə və dışarıda bunca çox düşməni olan bir partiyanı savundun, hər yerdə onun təbliğatını yapdın. Rasional düşüncəyə görə belədir...

Öncə onu deyim ki, Sovet basqıları bizi çocuqluğumuzdan millətçi, yəni öz millətinin, yasaq edilmiş türk sözünün sevdalısı kimi yetişdirdi. Sovet sınırlarının dışında qalmış türklər – istər İran deyilən ölkədəki on milyonlarla Güney Azərbaycan türkü olsun, istər Anadolu türkü - ağlımız kəsəndən söhbətlərimizin, sonralar yazılarımızın başlıca konusu olmuşdur. Mən MHP-ni tanımayanda da, Sovetlərin güclü zamanlarında da, 1988-ci il Milli Azadlıq Hərəkatının liderlərindən birisi olduğumda da milliyyətçiydim və Türkiyəyə ilk gəlişimdə də fikir arkadaşlarımın dəvətiylə gəlmişdim. O arkadaşlıq bu gün də davam edir. Mən Türkiyə-Azərbaycan ilişkilərinin partiyaüstü bir qardaşlıq, qədər, mutluluk olduğunu bilir və hər bir Türkiyə vətəndaşına sayğı ilə yanaşıram. AK partiyada da, başqa partiyalarda da dəyərli və sayğı duydugum aydınlar, millətini sevən insanlar, dostlarım var. Lakin mən kim güclüdürsə, onun yanında yer alanlardan deyiləm, hər zaman ideallarımın və millətimin gələcəyinə xidmət edən işlərin peşində olmuş, gücü yox, haqqı aramışam, tüm kitablarım, qəzetçilik çalışmalarım, siyasi fəaliyyətim də buna xidmət etmişdir.

İqtidar-müxalifət məsələsi önəmli deyil, önəmli olan türk milli kimliyini, türk varlığını, Atatürk ilkələrini, Türkiyənin unitar yapısını, türk millətinin egemənliyini, qürur və heysiyyətini, haqqı, ədaləti təmsil edən, millətə sayğı duyan, çox parası olmasa da, təmiz vicdanı olan, türklüyü sevən insanlarla bərabər olmaqdır. Onsuz da uzun zamandan bu yana dünyanın hər yerində seçki qutuları para qutularına yenik durumdadır.

Bu il Milliyyətçi Hərəkat Partiyasının 45 yaşı tamam olur. 45 ildir ki, MHP Türkiyədə yüz illərcə dünyanın ən şərəfli millətlərindən birinə qarşı aparılan kimliksizləşdirmə, soysuzlaşdırma, yabançılaşdırma xəyanətinə sinə gərərək, millətçi düşüncəni millətin umud yeri, türk dünyasına açılan yol kimi, tüm gücü, enerjisi ilə daim ölkənin sosial və politik həyatının mərkəzində, baş ucunda, gəncliyin ürək döyüntüsündə və mücadilə eşqində yaşadmışdır.

Yalnız o adamlar millətçiliyə qarşı çıxır ki, onların dünyadan xəbərləri yoxdur, son üç yüz ildə Avropada və Türkiyədə baş verən olaylardan heç bir şey bilmir və ya bilmək istəmirlər. Millətçilik hərəkatının yaranma səbəbləri son yüz ildə ara vermədən müzakirə edilir, onu kapitalizmin yetirməsi sayanlarla yanaşı, birbaşa solçuluğa, marksizmə bağlayanlar da var. Normal bilim adamları bu düşüncə sisteminə insanlığın gəlişməsinin növbəti bir qatı, sivilizasiyanın vazkeçilməz mərhələsi olaraq dogal bir proses kimi baxır, onun irqçiliyə, etnik eqoizmə heç bir əlaqəsi olmadığını sübut edirlər.

Söz yox, milliyyətçilik adı altında faşizmin, irqçiliyin baş qaldırdığı vaxtlar da olmuşdur, amma küll halında millətçilik dünyada modernləşmə və maarifçiliklə bir sırada, aydınlatma zamanında, imperatorluqların dağılma sürəcinin, milli düşüncə və özünüdərkin, ulus dövlət quruculuğunun ürünü və ideya təməlidir. Bu gün Avropanın və dünyanın bir çox müstəqil dövlətləri kəndi varlıqlarını millətçi hərəkata borcludurlar.

Kürəsəlləşmə, insan haqları və milli azlıqlarla bağlı gəlişmələr, böyük güclərin və böyük paraların sınır tanımayan bir azğınlıqla qol-qanad açması ilk baxışda milli dövlət və bununla yanaşı millətçilik düşüncəsinin sona çatdığı təsəvvürü yaratsa da, millətçilik hələ də dövlətlərin inkişafının əsas mühərriki və barışın, dəngənin əsas mexanizmi olaraq qalır. Bu, yazmaqla sona çatmayacaq bir konudur. Yəni dövrün şərtlərı, insan haqları və öz müqəddəratını təyin etmə konusuna bəzi dövlətlərin insan sevgisindən daha çox, kəndi çıxarlarına uyğun önəm və üstünlük vermələri, milli dövlətlərdə demokratiyanın güclənməsi zərurətini önə çıxarır. Sonucda kürəsəlləşmə ilə millətçilik və milli dövlət erası bitmir, tərsinə, yəni ideoloji və praktik yönlərlə zənginləşir. İmperatorluqların, hegemonluq iddiasında olan güclərin aradan götürülməsi, sorunların çözülməsi, qarşılıqlı etimad və bununla yanaşı, insan haqlarının qorunması, etnoslar arasında könüllü razılaşmalar tarixin heç bir dönəmində millətçi hərəkat və milli dövlətlər zamanındakı qədər rahat və dayanıqlı olmamışdır.

Türkiyəyə gəlincə, durum daha mürəkkəbdir. Diqqətlə baxılsa, millətçilik Türkiyənin və türk millətinin olum, ya ölüm məsələsidir. İslam dininin milli kimliyi arxa plana keçirən hümmətçilik yolu, üstəgəl, Osmanlının millətçiliyin çoxmillətli dövlətdə sorun yarada biləcəyi qorxusu və saray nihilizmi ilə türkü sıradışı edib, milli kimlik olaraq yalnız müsəlman sözünü saxlaması yüz on il bundan öncəyədək türk kimliyini millətə unutdurmuşdu və Avropa dövlətlərinin Osmanlı torpaqlarını parçalamaq istəyinə güc qatan bir nədən də bu idi. Yunan, yəhudi, ərəb, bulqar, erməni millətçiliyi vardı, ancaq türk millətindən söz açılanda buna irqçilik damğası vurulurdu. Əli bəy Hüseynzadələrlə, Əhmət Ağaoğlularla, Ziya Göyalplarla, Yusif Akçuralarla başlanan türk milliyyətçiliyi və ulusal dövlət qurmaq qaçılmazlığı dahi Atatürkün şəxsində sözü işə çevirən bir qəhrəmanını buldu və türk xalqının tarix alanından silinməsinin qarşısı alındı!

Türk millətçiliyi pankatolizmdən, panslavizmdən qorunma yoluydu. Türkiyəni türk millətinə qazandıran türk milliyyətçiliyi olmuşdur!

Bu gün dünyada Türkiyə və KKTC-dən başqa Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan kimi daha beş bağımsız türk dövlətiylə Rusiyada kəndi sınırlarını bəlirləyib yaşayan Tatarıstan, Başqırdıstan, Çuvaşeli, Dağlıq Altay, Saka, Xakasiya və sair respublikalar, çoxlu özerk türk bölgələri varsa, bunu da Rusiyanın basqısından baş qaldırıb kəndi azadlığı üçün vuruşmuş minlərlə türk-tatar aydınının milliyyətçilik iradəsinə borcluyuq...

Solçuluğun bizim gördüyümüz murdar üzündən xəbərsiz Türkiyə solçularının, marksizm satqınlarının, bölücülərin, üzsüz Avropa qab dibi yalayanların, Atatürk düşmənlərinin, dinlə alver edən, dini siyasiləşdirən allahsızların, dağıdıcı Batı projelərinə içəridən dəstək verən hər türlü vətən xainlərinin qarşısında millətinə güvənərək dimdik dayanan yenə millətçilik və Milliyyətçi Hərəkat Partiyasıdır.

Bu gün Türkiyədə millətçilik düşüncəsi Milliyyətçi Hərəkat Partiyasının səbri, dözümü, yorulmaz çalışmaları sonucunda on illər boyu kasıtlı şəkildə onun omuzuna yüklənən irqçilik, digər millətləri bəyənməmək iftirası, terror, antidemokrat ləkələrindən tam təmizlənmiş, dinc siyasi mübarizənin ən gözəl örnəyi olan bir duruma gəlmişdir. MHP millətçiliyin hər türlü özəlliklərini və gözəlliklərini ortaya çıxarmışdır. Türkiyənin gələcəyi ölü tarixləri diriltmək, kəndi mutluluklarını türk milləti ilə bir olmaqda görən xalqlara fantazi vədlər verməklə qaşınmayan yerdən qan çıkarmağa çalışan təfəkkür sahiblərindən fərqli olaraq yurddaşlıq bağlılığını önə çıxarmaqla Türkiyənin bütünlüyünü qoruyaraq onu dünyanın böyük güclərindən birinə çevirməyi hədəf seçmiş gerçək milli güc mərkəzi, türk millətinin nəbzinin atdıgı bir yerdir. Bizi ora bağlayan da budur!

MHP Genəl Başkanı sayın Dövlət Bahçəlini uzun illərdir tanıyıram. Son dönəmlərdə onun MHP konqreslərində, seçimlərdə bəzən saatlarla sürən konuşmalarının bir çoxunu dinləmişəm. Bu konuşmalarının hər biri düşmən havasına oynayan və milliyyətçiliyi hədəf seçən soysuz, köksüz siyasətbazlara bir millət sevgisi, ağıl, təvazi, demokrasi, insan haqları və uluslararası hüquqa sayğı dərsidir. Yurdun tüm köşələrinə eyni gözlə, eyni sayğı və sevgiylə baxan Gənəl Başkanın bu çıxışları Türkiyənin gələcəyinə işıq tutan bir milli proqramdır. Dövlət bəyin düşüncələri seçimlərdən daha çox, millətinin və dövlətinin gələcəyinə yönəlmişdir. Kürəsəlləşmə, dünyaya inteqrasiya Türkiyənin bağımsızlığı və unitarlığına təhlikə oluşdurmamalıdır, siyasi liderlik iddiasında bulunanlar yalnız millətinə arxalanmalıdır. Yad barmaqlarda oyuncaq, kukla olanların aqibəti gec-tez çöplükdür...

Tarix boyu böylə olmuşdur və bundan sonra da böylə olacaqdır. Dövlət bəyin inamı budur. Azərbaycan və başqa türk dövlətləri ilə ilişkilərində də O səmimidir və zamanı düzgün dəyərləndirərək, real iş görməyi savunur. O, tarix bilgisinə dayanan, çağdaş düşüncəli, gələcəyin məsuliyyətini daşıyan əsil milli lider, böyük düşüncə və kamil insandır...

Millət var olduqca, millətçilik və millətçilər də var olacaqlar...

Qeyd: Yazı Türkiyə türkcəsində qələmə alınıb və qardaş ölkənin mediasında yayımlanması nəzərdə tutulur. Bu səbəbdən üslubu saxlamağa çalışdıq.

Tarix
2014.08.14 / 22:46
Müəllif
Sabir Rüstəmxanlı
Şərhlər
Digər xəbərlər

Lənətə gəlsin o demokratiya ki...

Məni “qandırma” cəhdi? Adamın üzünə tüpürərlər…

Üzündə qeyri-adi işıq, əlində iri çanta...

Bu ağrı ilə İstanbul xəstəxanasına gəldim

Mentalitetdən uzaq, tərbiyəsizliklə dolu...

Harınlığın, qudurğanlığın göz deşdiyi məkan…

İran gölməçəsində quruldayanlara Bozqurd cavabı

Ordumuzdakı “5-ci kolon”: başda yüksək çinli şəxs dayanır

Türklüyün beşiyi buradır! Turan burdan başladı

Amilinin şiri və dünyanın fikri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla