Yuxarı

İlham Əliyev başsağlığı verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev və dövlət rəsmiləri, o cümlədən nüfuzlu ziyalılar dünya şöhrətli alim Cavad Heyətin vəfatı ilə əlaqədar başsağlığı verib.

Axar.az xəbər verir ki, rəsmi nekroloqda deyilir:

"Azərbaycanın elmi-ədəbi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli həkim, Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü, tanınmış publisist və ədəbiyyatşünas Cavad Mirzəli oğlu Heyət 2014-cü il avqustun 12-də ömrünün 90-cı ilində vəfat etmişdir.
Cavad Heyət 1925-ci il may ayının 24-də Təbriz şəhərində anadan olmuşdur. Orta hərbi məktəbi bitirdikdən sonra o, Tehran Universitetinə daxil olmuş, ikinci kursdan ali təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirərək 1943–1946-cı illərdə burada tibb fakültəsində oxumuşdur.

Əmək fəaliyyətinə 1946-cı ildə İstanbul Universitetində başlayan Cavad Heyət 1949-cu ilədək burada cərrahlıq klinikasında çalışmış, daha sonra ixtisasını təkmilləşdirmək üçün Paris Universitetinin cərrahlıq kafedrasında işləmişdir. O, 1952-ci ildə yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıtmış, 1953-cü ildən Tehranda Hidayət və Ədliyyə xəstəxanalarında cərrahlıq klinikaları quraraq onlara rəhbərlik etmişdir. Doktor Cavad Heyət İranda eksperimental cərrahiyyənin təməlini qoymuşdur. 1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatlar onu istedadlı cərrah kimi tanıtmışdır. 1969-cu ildə o, Tehranda ilk dəfə transplantasiya əməliyyatını uğurla həyata keçirmişdir. Bir çox cərrahi əməliyyatlar məhz onun adı ilə bağlıdır. Tibb sahəsində qazandığı nailiyyətlər Cavad Heyətə geniş şöhrət gətirmişdir.

Doktor Cavad Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınırdı. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilmişdir. Bir sıra beynəlxalq elmi forumlar və toplantılarda öz təcrübəsinə əsaslanaraq dərin məzmunlu məruzələrlə çıxış etmiş alimin 100-dən artıq məqaləsi müxtəlif tibb jurnallarında işıq üzü görmüşdür. Cavad Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olmuşdur.

Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. Bu əsərlərdə Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, folklor, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərindən əhatəli bəhs olunur. Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda çıxışları həmişə təqdirlə qarşılanmışdır. Onun tədqiqatlarında və publisistik məqalələrindəki əsas fikirlərin böyük qismi təsis etdiyi "Varlıq" jurnalında əksini tapmışdır.

Cavad Heyət eyni zamanda, Azərbaycanın elmi və mədəni nailiyyətlərinin geniş tanıdılması, eləcə də ədəbi əlaqələrin möhkəmləndirilməsi işinə layiqli töhfələr vermişdir.
Görkəmli cərrah, tanınmış ədəbiyyatşünas və səmimi insan Cavad Heyətin işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!"

Nekroloqu Prezidentlə bərabər, Baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin müavini Elçin Əfəndiyev, Bakı şəhər meri Hacıbala Abutalıbov, Dövlət müşaviri Kamal Abdullayev, PA şöbə müdiri Fatma Abdullazadə, AMEA prezidenti Akif Əlizadə, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, AYB sədri Anar Rzayev və millət vəkilləri, akademiklər Əhliman Əmiraslanov və Nizami Cəfərov da imzalayıblar.

Tarix
2014.08.13 / 19:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla