Yuxarı

Prezident: “Hələ ki, ağır vəziyyətdə yaşayanlar da var“

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Gəncədə səfərdə olan prezident İlham Əliyev Kəlbəcər rayonundan məcburi köçkün Ofeliya Məmmədovanın evində olub.

Çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət edən Prezident İlham Əliyev deyib: "Gəncədə çox gözəl şəhərcik tikilibdir. Son illər ərzində tikilən ən böyük köçkün şəhərciyidir. Burada bütün işlər yüksək səviyyədə görülübdür. Böyük ərazidir, 25 bina tikilib və burada 7 min köçkün yaşayacaqdır. Son illər ərzində tikilən ən böyük layihədir. Əslində şəhər içində bir şəhərdir. Mən görürəm ki, çox gözəl işlər görülübdür. Böyük məktəb, uşaq bağçası, tibb məntəqəsi, 500 nəfərlik mədəniyyət sarayı tikilibdir. Yəni, bütün şərait - idman meydançaları, açıq, qapalı stadion vardır. Burada rahat yaşamaq üçün bütün imkanlar vardır. Siz buna layiqsiniz. Uzun illər ağır şəraitdə yaşamısınız. Bundan sonra rahat yaşayacaqsınız. Sizi təbrik edirəm".

Məcburi köçkün Ofeliya Məmmədova deyib: "Çox sağ olun, cənab Prezidentimiz. Bu gün Sizinlə görüşməyimizə çox şadıq. Biz hərtərəfli sevinc hissi yaşayırıq. Birincisi, bizə Sizinlə - möhtərəm cənab Prezidentimizlə görüşmək nəsib olub. İkincisi, Siz bizim ailəyə hər cür şəraitli olan belə gözəl mənzil hədiyyə etmişiniz. Siz birinci dəfə deyil, həmişə bizlərə qayğı göstərmisiniz. Dünyanın heç bir ölkəsində məcburi köçkünlərə belə qayğı göstərilmir. Göstərdiyiniz bu qayğıya görə ailəmiz adından Sizə minnətdarlığımı bildirirəm.Sizə uzun ömür, cansağlığı arzulayıram".

Prezident İlham Əliyev: "Sağ olun. Son illərdə köçkünlərin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün çox böyük işlər görülür. Bildiyiniz kimi, bu işlərin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. İlk dəfə Dövlət Neft Fondundan birinci ödəmələr köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. O ildən bu günə qədər bu siyasət davam etdirilir. Biz çalışırıq ki, hər il yeni mənzillərlə, evlərlə təmin olunan köçkünlərin sayını artıraq. Misal üçün, keçən il 20 min köçkünün evlə təmin edilməsi nəzərdə tutulurdusa, əslində biz təxminən 30 minə yaxın köçkünü evlə təmin etdik. Yəni, il ərzində 28 min köçkün yeni mənzillərə, evlərə köçmüşdür. Əslində bir il ərzində böyük bir şəhər tikmişik.

2014-cü ildə də bu siyasət davam etdirilir. İlin birinci ayında biz yenə də köçkünlər üçün salınmış ən böyük qəsəbədə görüşürük. Həm dövlət büdcəsindən, həm də Dövlət Neft Fondundan vəsait ayrılır. Keçən il 640 milyon manat vəsait ayrılmışdır. Ondan 300 milyonu Dövlət Neft Fondundan, 300 milyonu dövlət büdcəsindən, cəmi 40 milyonu xarici beynəlxalq donor təşkilatlarından ayrılmışdır. Yəni, əslində bu, özü göstərir ki, bu gün Azərbaycan bütün bu böyük işləri öz hesabına görür və görəcəkdir. Çünki bu, ən ciddi, ən böyük sosial problemdir. Ölkə qarşısında duran problemlərin arasında ən böyük problemdir".

Dövlət başçısı qeyd edib ki, son on il ərzində 170 minə yaxın köçkün yeni evlərə köçübdür: "Ancaq hələ ki, ağır vəziyyətdə yaşayanlar da vardır. O cümlədən siz bu günə qədər ağır vəziyyətdə yaşayırdınız. Ona görə, gələcək illərdə əlbəttə ki, bu sahədə tikinti işləri davam etdiriləcəkdir. O cümlədən Gəncə şəhərində, digər şəhərlərdə fərdi evlər, mənzillər, şəhərciklər tikiləcəkdir.

Biz elə etməliyik ki, bu gün uşaq bağçalarında, məktəblərdə, hərbi hissələrin ərazilərində yaşayanlar üçün daha yaxşı şərait yaradaq. Ancaq əsas tikinti işləri torpaqlarımız işğaldan azad olunandan sonra başlanacaqdır. Biz buna hazırlaşırıq, hazır olmalıyıq. Bu gün gücümüz də, texniki imkanlarımız da, peşəkar inşaatçılar da vardır. Bütün bu şəraiti bizim yerli inşaatçılar yaradırlar, tikirlər. Ona görə, işğala son qoyulandan sonra, - mən buna əminəm ki, o gün gələcəkdir, - biz Kəlbəcərdə, Laçında, bütün başqa şəhərlərdə gözəl binalar tikəcəyik. Əvvəlki illərdəkindən daha da gözəl binalar olacaqdır.

O gün gələcəkdir. O günü yaxınlaşdırmaq üçün biz hamımız çalışırıq, çalışacağıq. Azərbaycan güclənir, ölkənin gücü, iqtisadi, hərbi potensialı, əhalisi artır. Keçən il Azərbaycanda 170 mindən çox uşaq doğulmuşdur. Yəni, il ərzində təbii artım 120 min nəfər olmuşdur, getdikcə daha da artacaqdır. İndi əhalinin sayı 9 milyon 500 mindir, getdikcə artacaqdır. Demoqrafiya, iqtisadiyyat, hərbi güc Qarabağ probleminin həllində əsas rol oynayacaqdır".

Ofeliya Məmmədova: "Bəli cənab Prezidentimiz, biz də bilirik ki, bu qəsəbə bizim üçün ömürlük deyildir. Bir arzumuz vardır - Kəlbəcərimizə qayıtmaq, inşallah, belə görüşlərimizi orada etmək".
Prezident İlham Əliyev: İnşallah.

Ofeliya Məmmədova: "Biz bunu Sizə, Sizin siyasətinizə, gücünüzə, güclü ordunuza tam əmin olaraq deyirik. İnşallah, biz belə bir günü keçirəcəyik. Bu, bizə nəsib olacaqdır.

Biz o mənfur ermənilərlə qonşu olaraq yaşamışıq. Onların hər xasiyyətini bilirik. Bilirik ki, onlar güclünün ayağına tez gedirlər".

Prezident İlham Əliyev: "Hələ Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcəkdir. Bilirsiniz, Kəlbəcərin, Laçının, Şuşanın işğalı Qarabağ müharibəsində mənfi tərəfə dönüş yaratdı. Çünki bu işğaldan sonra Ermənistan ilə Dağlıq Qarabağ arasında coğrafi bir bağlantı yarandı. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı böyük bir faciə idi. Bunun səbəbi o vaxt Azərbaycana rəhbərlik etmiş adamların xəyanəti, xəyanətkar hakimiyyətin mövcudluğu və bacarıqsızlığı, səhlənkarlığı idi.

Ona görə, əgər o vaxt ulu öndər Heydər Əliyev Azərbaycan rəhbərliyində olsaydı, bir qarış torpaq da düşmən tapdağına düşməzdi. Bunu hamı yaxşı bilir. Məhz onun 1987-ci ildə siyasi hakimiyyətdən uzaqlaşdırılmasından iki həftə sonra ermənilər bu məsələni qaldırdılar. Əfsuslar olsun ki, o vaxt Azərbaycana rəhbərlik etmiş şəxslər o böyük məsuliyyəti dərk edə, düzgün siyasət apara bilməmişlər. Onlar xalqdan çox uzaq idilər və bir çox hallarda xəyanətkar siyasət aparmışlar. Ona görə, bu gün biz bax bu vəziyyətlə üzləşmişik".

Dövlət başçısının sözlərinə görə, ancaq bu gün Azərbaycan 1993-cü ildəki Azərbaycan deyildir: "Ermənistan o vaxtdan bu günə qədər daha da tənəzzülə uğrayıb. Azərbaycan daha da inkişaf edib. O vaxt da - işğal zamanı və bu gün də Ermənistan xarici yardımsız heç nəyə qadir deyildir. O vaxt da biz yaxşı bilirdik ki, torpaqlarımız necə işğal altına düşdü. Bu işğalda kim iştirak etmişdi. Ermənilərin nə ordusu, nə imkanı, nə də texnikası var idi. Bizdə də demək olar ki, ordu yox idi.

Əlbəttə, torpaqlarımız xarici müdaxilə hesabına işğal altına düşdü. Bu, həqiqətdir. Bunu hamı bilir. Siz yaxşı bilirsiniz, mən bilirəm, uşaqlar da bilməlidirlər, bütün xalq bilməlidir. Çünki tarixi həqiqətləri danmaq mümkün deyildir. Müəyyən mərhələdə bəlkə də bu barədə çox danışılmır. Ancaq tarix tarixdir. Bunu heç kim dəyişə bilməz. Özü də bu, o qədər də uzaq tarix deyildir, gözümüzün qabağında baş verən hadisələrdir. Biz daha da güclü olmalıyıq, olacağıq. Biz öz gücümüzə arxalanırıq. Bu məsələni öz xeyrimizə, ədalətli həll edəcəyik".

Ofeliya Məmmədova: "Cənab Prezident, Siz 10 il ərzində Azərbaycan üçün böyük işlər görmüsünüz. Ötən il keçirilən seçki açıq-aydın bunu göstərdi ki, xalq Sizinlədir. Xalq öz inandığı Prezidentini seçdi. Biz bunu tam əminliklə deyə bilərik. Qoy bizə qara yaxanlar Sizdən öyrənsinlər ki, xalqa məhəbbət, ona münasibət, xalqla yaxınlıq necə olmalıdır. Onu Sizdən öyrənməlidirlər".

Prezident İlham Əliyev: "Çox sağ olun. Mən də xalq üçün, dövlət üçün çalışıram. Çox şadam ki, Azərbaycan doğrudan da sürətli inkişaf dövrünü yaşayır. Sosial problemlər həll olunur, iqtisadiyyat artır. Biz köçkünlər üçün gözəl işlər görürük. On il ərzində 170 minə yaxın insan yeni evlərə köçürülübdür. Biz bundan sonra da bu işləri görəcəyik. Tikinti, yardımlar, güzəştlər, hər şey yerində qalacaqdır. Təki siz rahat yaşayasınız.

İndi Gəncə şəhəri də görün necə gözəlləşibdir. Müasir şəhərə çevrilibdir. Bax bu ərazilər artıq şəhərə, şəhərin mərkəzinə çevrilir, gözəl magistral yol çəkilib, iş yerləri açılır. Gələcəkdə Gəncədə böyük sənaye komplekslərinin tikintisi, digər layihələr nəzərdə tutulur. Yəni, yaxın gələcəkdə bəlkə də başqa rayonlardan buraya işləməyə gələcəklər. Ona görə, Gəncə də gözəlləşir, siz də gözəl qəsəbədə yaşayırsınız. Mən buna çox sevinirəm, çox şadam".

Ofeliya Məmmədova: "Cənab Prezidentimiz, bir həqiqəti deməyi özümə borc bilərdim. Milli musiqimizi, muğamımızı inkişaf etdirən, Azərbaycanın mədəniyyətini, Xocalı soyqırımını, ümumiyyətlə, Azərbaycan həqiqətlərini dünyaya tanıtdıran birinci xanım Mehriban Əliyevanın, qızınız Leyla Əliyevanın gördüyü işlər hər birimizi qəlbən sevindirir".

Prezident İlham Əliyev: "Yeni qəsəbənin açılışı, istifadəyə verilməsi münasibətilə bir daha sizi təbrik edirəm, cansağlığı, uğurlar arzulayıram. Uşaqlar yaxşı böyüsünlər, yaxşı vətəndaş olsunlar, ölkəmizin inkişafına töhfəsini versinlər".

Ofeliya Məmmədova: "Bütün dünya bizə həsəd aparır, cənab Prezidentimiz. Ulu Öndərimiz XX əsrin müqaviləsini imzaladı. Xalqımız indi onun bəhrəsini görür. XXI əsrin müqaviləsini isə Siz imzaladınız. İnşallah, onun da bəhrəsini görərik".

Prezident İlham Əliyev: "Bəli, əlbəttə, ölkəmizin gələcək inkişafı üçün nə lazımdırsa hamısını edəcəyik".

Ofeliya Məmmədova: "Cənab Prezidentimiz, bir daha Sizə minnətdarlığımı bildirirəm. Sizə və ailənizə uzun ömür, cansağlığı, Azərbaycan naminə gördüyünüz işlərdə uğurlar arzulayıram".

Prezident İlham Əliyev: Çox sağ olun.

Tarix
2014.01.22 / 09:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla