Yuxarı

O, tanınmış şair yox, futbolçu olmaq istəyirdi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gerçəkləşməyən arzular"

Şair Vəli Xramçaylı ilə görüşüb söhbət etmək keçdi könlümdən. Şeirləri və xarakteri ilə seçilən bu şairin "Gerçəkləşməyən arzular"ını çözmək, öz dilindən oxucularımıza təqdim etmək istəyi ilə "Azərbaycan" nəşriyyatının 7-ci qatına qalxıram. Vəlinin təsisçisi və baş redaktoru olduğu "Ocaq" qəzeti bu qatda yerləşir. Qapını ərklə itələyib içəri keçirəm. Özü yoxdur. Qəzetin əməkdaşı Arif bəy deyir ki, elə indicə çıxdı, bu dəqiqə gələr. Yerimi rahatlamağa imkan tapmıram. Qapı açılır. Əvvəlcə ayaqları, sonra isə əzəmətli gövdəsi görünür. Şairlə görüşüb salamlaşmaq üçün hər ikimiz enerji sərf edirik. O, uca boyunu aşağı, mən isə bəstə boyumu yuxarı dartıram.

İş varmı, işdən danışaq?

- Ayə, havaxt gəlibsən, indi çıxmışam ki... Daha az-az görünürsən, – Vəli qonaqpərvərlik edib, oturmağa yer göstərir. Otururam. Qəzet vərəqləri, əlyazmaları və təbii ki, külqabılarla "səliqəli" görünən stoluna işarə edirəm:

- Vəli bəy, işlərin, yaradıcılığın necədir?

Danışdıqca dodaqlarına pərçimlənən siqaret rəqs edir:

- Faiq, qağa, iş varmı, işdən danışaq? Yaradıcılıq isə yerindədir, ancaq yaradıcılıqla məşğulam. Hələ ki ilham bulağım qurumayıb.

Sonra da stolun üstünü səliqəyə salır. Ayağa qalxıb pəncərəyə yaxınlaşır. Açıq pəncərədən şəhərə tərəf boylanır, siqaretin kötüyünü ehmalca aşağı atır. Kötüyün ardınca baxır, sanki kiminsə başına düşə bilər, yaxud nə isə başqa ziyan edə bilər. Söhbətə çəkirəm. Zatən söhbətcil adamdır, amma bu gün nədənsə az danışır.

Azaldı mən görən kişilər

- Ay Vəli , "Azərbaycan" nəşriyyatının "7 arxadan dönəni" ayağının altındadır. 7-ci mərtəbədə "Ocaq" qalamısan. Burdan Azərbaycan necə görünür?

- Düz 17 il ikinci mərtəbədə idim. İndi də 17 ildir ki, 7-ci mərtəbədə otururam. 7 rəqəmi indi özün düşün, necə görünər. Yaman azaldı mən görən kişilər, mən görən yazarlar... 17 ili Məmməd Arazla – o böyük şairlə bir yerdə olan şairin baxışı necə ola bilər? Gələn gəlir, gedən gedir, zaman öz işindədir. Nəşriyyat daha mən görən deyil.

Xramçaylı dərvişdir, Dərviş də Xramçaylı...

Heç belə görməmişdim şairi. Həmişə yeyib-içməkdə, kefi kök, zarafat etməklə hər kəsin rəğbətini qazanan şairin qayğılı vaxtına təsadüf etmişdim.

- Nə olub, şair, niyə belə pəjmürdəsən?

- Yox, ay qağa. Sualın məni uzağa apardı. Köhnə vaxtlara...

- Görürsən də, hər şey dəyişir. Sən gördüyün vaxtlar deyil, deyirsən. Yaxşı, de görüm, "Xramçaylı" imzasını, "Dərviş" imzasına dəyişməklə nə qazanmaq istədin?

- Xramcaylı mənim təxəllüsümdü. Ədəbiyyata bu təxəllüslə gəlmişəm. Elə bu gün də elə o adla varam. Ancaq ruhum Dərvişdir. Dərviş Vəli kimi silsilə şeirlər yazdım. Hamı məni Dərviş Vəli kimi tanıdı. Xramçaylı dərvişdir, Dərviş də Xramçaylı...

"Bəlkə bir az qıcıqlandırım onu", - fikirləşirəm. Yaş altmışı haqlayıb axı. Bu gün-sabah yubileyi olacaq.

Ha əlləşdim, ha vuruşdum

- Ustad, illərdir yazırsan, soruşmaq istəyirəm, niyə yazdın? Yazdıqlarınla sahmandan düşənləri sahmana sala bildinmi?

- İllərdi yazıram, düz deyirsən. Neynim, yazmaya bilmirəm. Tanrı verib bu yazını, bu əzabı, demək, mənlik deyil. Ha əlləşdim, ha vuruşdum, elə bu gün də istədim sahmana sala bilim sahmandan düşənləri.

Sonra nə isə xatırlayırmış kimi gülümsəyir:

- Ay qağa, bir az sahmana sala bilmişəm axı, deyəsən...

Şair olmaq arzum heç olmayıb

- Yəni ürəyini boşaltdığın ağ vərəqlər səni arzularına çatdırmaq üçün ağ yol ola bildi?..

- Ürəyimi boşaltdığım ağ vərəqlər mənim həyat yolumdur. Mənim taleyim, bir də əlçatmaz arzularım çətin ağ yol ola. Çox qaranlıq yolları ağ yola çıxarmaq istədim amma. Nail olmuşam, yoxsa yox, zaman göstərər.

- O qaranlıq yolları ağ yola çıxarmağın yolçusu olmaq istəyərkən nələri arzuladın?

- Arzular məndən yan keçdi, qağa. Şair olmaq arzum isə heç olmayıb. Neynim, İlahinin mənimlə işi olmasaydı, şairlik mənlik deyildi.

Vəli yenə də pəncərənin önünə keçir. Gözləri yenə də qarşıdakı binaların üstündən uzaqlara dikilib. Çəkdiyi siqaretin tüstüsü baxışlarının ardınca bayıra uçur.

Arzum Peledən sonra...

- Şair, arzularım yan keçdi, deyirsən. Bəs bu arzulardan hansısa hələ də gözünü yolda qoyubmu?

- Elə qoyub, elə qoyub! Mən bir futbolçu olmalıydım. Arzum dünyanın bir nömrəlisi Peledən sonra ən məşhur olmaq idi. Bax, o arzu elə arzu olaraq da gözümdə qaldı .

- 34 dörd ildir ki, nəşriyyatdasan. Bu nəşriyyatda tapdığın nə oldu, itirdiyin nə?

- Bu nəşriyyatda tapdığım itirdiyim, itirdiyim tapdığımdır.

- Səni itirdiyinin acısı, yoxsa tapdığının sevinci daha çox özündən edir?

- Hər ikisi. 50-50-yədir. – Sonra da ərklə qapıya tərəf gəlir. - Ayə, qurtar bu söhbəti, dur düşək aşağı, görək bir nə edirik. Mədəm acından sərbəst şeir "yazır".

Sərxoş olanda...

- Yox Vəli, vaxtım yoxdur, başqa vaxt. Amma de, sərxoş olanda yazılan şeirlərin yaxşı səslənir, yoxsa sərxoş olanda yaxşı səsləndirdiyin şeirlər yaxşı yazılıb?

- Sərxoş olanda şeirlərim daha ayıq, daha sərrast səslənib, yazılıb. Ayıq olanda isə daha çox sərxoş.

Ayağa dururam. Əlimi Vəliyə uzadıram:

- Şair, vaxtını aldım, sənə "sağ ol" deyirəm. Təsadüfən solçu deyilsən ki?

- Mən də sənə "sağ ol" deyirəm. Amma solçu deyiləm, sağçıyam, ona görə də çox bəlalardan sağ çıxıram...

Tarix
2014.11.14 / 09:35
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla