Yuxarı

Balaca adamın böyük görünmək effekti

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əskilərlə indi arasında gəzintilərdən

Jestlər dilinin əskiliyi

Necə ki uşaqlıqdan bizim şüurumuza düşmüş izlər güclü duyğular ilə bağlıdır və dərindir, eləcə də insanlığa primitiv, arxaik dönəmlərdən düşmüş izlər dərindir və güclü duyğu qaynağındadır. Mədəniyyətin anbaan min-min illərdən bəri yığdığı tapıntılar bu izlərin üstünə laylanmışdır. Çağdaş kateqoriyalarda düşünən, çağdaş etiketlərə əməl edən şüurumuz həmin izləri görünməz edir. Ancaq bir də görürsən, elə ki şüurumuzun nəzarəti azaldı, o dəqiqə bu izlər özünü bildirməyə başlayır. Məsələn, bəzi dilçilər hominidlərdə (insanlaşmaqda olmuş varlıqlarda) başlıca intellektual və ünsiyyət vasitəsinin jestlər dili olduğunu əsas tutaraq belə hesab edir ki, bu dil, güman ki, səsli dilə baxanda daha ilkindir. Mədəniyyətlə bağlı bol-bol verimli ideyalar ortaya atmış ünlü kinorejissor Sergey Eyzenşteynə görə, bu səbəbədən də biz öfkə, psixi pozuntu durumlarında bilincimizin nəzarəti azaldığı üçün jestlər dilinə qayıdırıq, necə deyərlər, dərindəki izlər müqavimətsizliyə bənd olub, vurub üzə çıxırlar.

Balaca olanın böyük görünmək effekti

Eyzenşteyni bədii düşünüşün reqressiv (Froydun terminidir) yəni əskidən qalma arxaik qatları çox ilgiləndirmişdi. O bunlara "bazis vəziyyətləri" də aid edirdi və göstərirdi ki, məsələn, "Kral Lir"in "Qorio ata"nın və Zolyanın "Torpaq" əsərinin əsasında eyni sxem durur: ata sağlığında öz varını uşaqları arasında bölüşdürür və ümid edir ki, bununla onların qayğısını qazanacaq. Əvəzində özünü möhtac qoyur).

Bu sxemdə Eyzenşteyn belə bir əski məntiqin izini tapır: insan, artıq, sosial inkişafının ilk pilləsində anlayır ki, o, bütövün (tutalım, kollektivin) bir parçasıdır və kim özünü bütövdən ayırırsa, ya da kim bütövü bölürsə, axırı pis olur. Bu yerdə çağımızla bağlı haşiyəyə çıxaraq deyə bilərik ki, ona görə də bizim milli birlik çağırışlarımız, milli birlikdə bütün dərdlərin əlacını görməyimiz "bütövü bölmək olmaz" reqressiv məntiq sxeminin yeni biçimlərdə üzə çıxmasıdır. Bugünkü Azərbaycanda İnternetin, Sosial şəbəkələrin, Qloballaşmanın üzündən müxtəliflik xeyli artıb. Müxtəliflik çoxluq effektini törədir. Ona görə də çağdaş azərinin (oğuzun?!) gözündə coğrafi alanda Azərbaycan dəyişməsə də sosial planda çox böyük görünür. Bu anlamda Sovet azərisinin milli dünyası indkindən qat-qat balaca və ən əsası isə, rahat, isti idi. Ona görə də bu adamlar İnternetsiz dünyada yaşaya bilməsələr də İnternetli dünyada özlərini rahat duymurlar. İnformasiyadan əsəb, İntenetdən əsəsbi asılılıq çağımızın xəstəlikləridir.

Soyuq və isti dünya

Tanınmış etnoloq Klod Levi-Stross dəyişməz (statik) arxaik toplumları soyuq, dinamik toplumləri isə "isti" cəmiyyət adlandırırdı. Bu anlayışlar informasiya nəzəriyyəsində ayrıca formulalarla verilir. Mən isə onları açmaq üçün oxşartılardan istifadə edəcəm. Soyuq nəsnələrdə onu quran, təşkil edən elementlər arasında nisbətən möhkəm, dəyişməz bağlantılar var, isti nəsnələrdə isə bu ilişgilər yerindən dəbərir, laxlayır, qütblərin ziddiyyəti açıq-aydın toqquşmalara keçir. Nəsnələrin soyuq durumunda donuq nizamla düzülmüş hissəciklər isti durumda bir-birinə qarışmağa başlayır və sonda ərimə, buxarlanma baş verir. Bu səbəbdən isti ölkələrdə iylər daha çox olur, çünki onları bir-birindən qopub uçan malekulalar gətirir. İsti toplumlarda elementlər arasında donuq nizamın pozulması hərəkətin, tarixi gedişin baş verməsinə səbəb olur.

Yadıma o düşdü ki, dinamik, gözlənməz qütblərlə təsir edən nəsnələr, olaylar güclü duyğular oyadır, güclü duyğu isə həmişə nə isə istiliklə bağlıdır.

Müxtəlifliyi çox olan çağdaş Azərbayan dünyası Sovet Azərbaycanın informativ və tarixi bəsitliyinə baxanda daha isti toplum təsiri bağışlayır. İndiki yaşlıların Sovet sevgisi çağdaş "isiliyə" dözməyib Sovet "sərinliyini" arzulamaqla bağlıdır. Ona görə də heç bir məntiqlə, nəzəriyyə ilə bu adamları Sovetlərə sevgidən döndərmək olmur. Məntiqlə necə adamı sərinlikdən döndərəsən? Bircə sübut etsən ki, bu sərinlik sənin qoca canına ziyandır, onda bəlkə döndərdin. Deməli, Sovet sevgisindən döndərmək üçün gərək sübut edəsən ki, sənin bilincinə, bədəninə ziyandır. Bu isə çox çətin məsələdir.

Qoxulardan dünyamıza baxanda

Bəs maraqlıdır, Sovet Azərbaycanı daha sərin və ya soyuq idisə, isti toplumlara baxanda orada iylər, qoxular az idi? Məsələni belə qoymaq olarmı? Yəni iki dünya tipinə qoxular metaforasından yanaşmaq olarmı? Bir çox canlılar dünyanı, nəsnələri iyləri ilə bilirlər. İnsanda bu, zəifdir. Ancaq bəlkə iy metafralarını çoxaltmaqla islamçıların və dünyəvilərin təklif etdikləri aləmləri tutuşdurmaq olar? Bəlkə Putin Rusiyası ilə Avropaya qoşulmaq istəyən Ukraynanı tutuşdurmaq olar? Mən Azərbaycan elmindən qoxular əsasında dünyanı anladan bir nəsnə gözləmirəm. Ancaq çağdaş Azəri şeirindən gözləyirəm. Necə ki Rəsul Rza rənglər şeiri ilə dünyanı anlatmaq istəmişdi…

Kult.az

Tarix
2014.11.13 / 13:37
Müəllif
Niyazi Mehdi
Şərhlər
Digər xəbərlər

İslamın ən ciddi problemi müsəlmanlardır

Dahiliyə yaxınlaşmış adam

İblisanə güclər

“Şok! Şok! Şok!”

Şüurun heç nəliyindən

Demokratiya nəyi dağıdır?

Meracda Allah peyğəmbərə nə dedi?

Dində islahatlara qarşı

İbadətin “qıl körpüsü”

Ateistə cavab: Atın dini olsaydı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla