Yuxarı

Nərimanovla bağlı yeni faktlar və cəllad Hacı İlyas - Fotofakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə tanınmış araşdırmaçı, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadənin Feysbuk səhifəsində belə bir maraqlı statusunu oxuduq:

"Nəriman Nərimanovu sevənlərə "hədiyyəm" var. O guya "Azərbaycanın rəhbəri" – Baş naziri (Xalq Komissarları Şurasının sədri) idi (hələ İnqilab Komitəsinin sədri olması bir yana). Həmin bu oyuncaq "rəhbər"i Azərbaycan ÇK-sının iki üzvü "İslam" gəmisində bütün "nazir"ləri (komissarları) ilə birgə həbs etmişdi. Aşağıdakı sənəd bu biabırçı işlə bağlı məhkəmənin hökmüdür".

Elə oradaca professor rusca sənədin fotosurətini yerləşdirib. Biz Axar.az olaraq Ədalət müəllimə bu sənədlə bağlı müraciət etdik. O bildirdi ki, sənədin əsli arxivlərimizin birindədir. Bundan sonra Ə.Tahirzadə həmin sənədin məzmununu bizə öz tərcüməsində təqdim etdi:

"Azərbaycan Sovet Sosialist Respublikası adından

2 saylı HÖKM.

Azərbaycan Sovet Sosialist Respublikasının İnqilabi Hərbi Səhra Məhkəməsi sədr yol[daş] M.Z.Hacalias və üzvlər: Voskin və Kərimov-İrəvanskidən ibarət heyətlə özünün 18 iyul 1920-ci il iclasında Fövqəladə Komissiyanın əməkdaşları Kasparovun və Solomon Naydelin Sovet Hakimiyyətini gözdən salmaq və Azərbaycan İnqilab Komitəsinin sədri yol. N.Nərimanovun və Azərbaycanın Xalq Komissarlarının olduğu "İslam" gəmisini 2 saat qəsdən həbs etmələri ilə bağlı 76 saylı işə baxdı; "paroxodun fitnəkarcasına həbsi hərəkətinə görə özlərini müqəssir bilirlərmi" sualına onlar "yox" cavabı verdilər. Naydel təsdiq edir ki, Kasparov paroxodu orada yol. Nərimanovun və başqa yoldaşların olduğunu bildikdən sonra həbs edib.

Məhkəmə istintaq yolu ilə Kasparovun və Naydelin Sovet Hakimiyyətini gözdən salmaq və Azərbaycan İnqilab Komitəsinin sədri yol. N.Nərimanovun və Sovet Azərbaycanının məsul işçilərinin olduğu "İslam" paroxodunu 2 saat qəsdən həbs etməkdə təqsirlərini sübut olunmuş saydı. Azərbaycan Sovet Sosialist Respublikasının İnqilabi Hərbi Səhra Məhkəməsi bütün bunları nəzərə alaraq, müttəhimlər Kasparov və Naydelin hərəkətinin cəzalandırılmalı olduğunu hesab edir:

1) Kasparov Sovet Hakimiyyətini qəsdən gözdən salan və məsul işçiləri həbs etməklə Azərbaycan SSR fəhlə və kəndli təmsilçilərinin nüfuzunu kütlələrin gözündə yox edən şəxs kimi,

2) Naydel bununla Sovet Hakimiyyətinin nüfuzuna xələl gətirdiyini əla anlasa da, Kasparovun bütün avantürist göstərişlərini yerinə yetirdiyinə görə.

Bundan başqa, axtarış zamanı Kasparovdan yüz min manatdan artıq pul və əşya aşkarlanıb ki, bundan Məhkəmə belə qənaətə gəlir ki, həmin pul və əşyalar halal yolla deyil, Fövqəladə Komissiyada qulluq zamanı əldə edilib.

QƏRARA ALINDI:

Kasparov pulları və əşyaları Respublikanın gəlirinə keçirilməklə ən yüksək cəzaya – güllələnməyə, Naydel isə məcburi əməklə 15 illik həbsə məhkum edilsin. Bu hökm qətidir, təcili qüvvəyə minir və şikayət edilə bilməz.

Əslini imzaladılar: Azərbaycan SSR İnqilabi Hərbi Səhra Məhkəməsinin sədri Hacalias. Üzvlər: Q.Voskin, Kərimov-İrəvanski.

Əsli ilə düzdür: Məhkəmənin katibi (imza)".

Prof. Ə.Tahirzadə əlavə etdi ki, gəminin həbsini əsla təsadüf saymaq olmaz. "Fövqəladə Komissiya (oxu: Moskva) bu hərəkətlə hələ hakimiyyət kürsüsündə yerini isitməmiş Nərimanova xəbərdarlıq etdi ki, Azərbaycanın ağası sən yox, mənəm və istəsəm səni həbs də etdirər, başqa cəzalar da tətbiq edərəm. Bu sənəd Nərimanovun Azərbaycan hakimiyyətindəki yerinin nə qədər miskin olduğunu təsdiqləyir".

Hacı İlyas kimdir?

İlk statusunun ardınca prof. Ədalət Tahirzadə ikinci bir status da paylaşdı. Mətn belə başlanırdı:

"Nərimanovun Azərbaycana nə bəlalar gətirdiyini bilmək istəyənlərə!

1919-cu ilə ilk müstəqil dövlətimizin – Azərbaycan Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəyliyə hədə-qorxu dolu məktub yazan, onu və Cümhuriyyət hakimiyyətini rus xalqının dəhşətli intiqamı ilə hədələyən, Azərbaycanda hakimiyyətin ona veriləcəyini düşünərək Cümhuriyyəti yıxmaqdan ötrü Rusiyaya manyakcasına hər cür yardım göstərən Nərimanovun istəyi 28 aprel 1920-ci ildə gerçəkləşdi. Nərimanovçular XI ordu ilə Cümhuriyyəti yıxdılar. Ancaq onlar Azərbaycanda necə bir hakimiyyət qurdular? Bu sorğunun cavabı qalın-qalın kitablar həcmindədir. Mənsə, dəyərli feysbukdaşlarımı onları maraqlandıra biləcək bircə faktla, bircə qaynaqla tanış edəcəyəm. Mühacir Azərbaycan taciri Rza Tağının qələmə aldığı bu yazı 1952-ci ildə Münhendə çıxan, Azərbaycan Milli Birliyinin orqanı olan "Azərbaycan" dərgisində "Hacı İlyas" adı altında dərc edilib".

Ə.Tahirzadə Axar.az-a bildirdi ki, soydaşımız Rza Tağı bu məqaləsində vaxtilə Bakıda şəxsən özünün şahid olduğu hadisələri yazıb:

"Bakı camaatı yazıda adı keçən cəllad "Hacı İlyas"ın ruslaşmış bir müsəlman olduğunu güman edirdi, çünki Azərbaycanda Sovet hakimiyyətinin başında duran Əliheydər Qarayevlər, Həmid Sultanovlar, Çingiz İldırımlar və bir çox başqaları qaniçənlikdə ondan heç də geri qalmırdılar. Ancaq Nərimanovun "hakimiyyəti" dönəmində Azərbaycan İnqilabi Hərbi Səhra Məhkəməsinin sədri olmuş bu şəxsin gerçək soyadı, məhkəmə hökmündən oxuduğumuz kimi, rusca "М.З.Хаджалиас" (M.Z.Hacalias) şəklində yazılıb, adını heç bilmirik".

Ə.Tahirzadənin sözlərinə görə, Rza Tağının məqaləsi Moskvada oturub Azərbaycan Cümhuriyyəti hakimiyyətini söyən, onu fəhlə və kəndlilərin mənafeyinə xəyanətdə ağızdolusu ittiham edən N.Nərimanovun Azərbaycana gətirdiyi yeni hakimiyyətin iç üzünü açır, bu hakimiyyətin xalqa səadətmi, yoxsa fəlakətmi gətirdiyini əyani şəkildə sübut edir.

"Bu məqalə məndə çoxdan vardı. Ancaq görürəm ki, son vaxtlar Azərbaycanda özünü "kommunist" adlandıranlar xeyli canfəşanlıq edir, Nərimanovu yenidən ideallaşdırmağa çalışan, müqəddəs Cümhuriyyətimizə ləkə atmaq istəyən qüvvələr 1920-ci ildəki kimi indi də marığa yatıb nəsə gözləyir, ona görə də bu yazılarla xalqımızı tanış etməyi qərara aldım".

Rza Tağının "Hacı İlyas" adlı məqaləsi

Azərbaycanda hökumət kommunistlərə təslim edildikdən sonra olduqca üstün qüvvətli bir Qızıl ordunun şəhərə girəcəyi təsəvvür edilirdi. Fəqət azərbaycanlıları böyük bir sürpriz gözləyirdi. Bir böyük ordunun yerinə şəhərə ayaqları çarıqlı, üstləri-başları limə-limə olmuş, çoxu silahsız və ordudan ziyadə bir sürü mənzərəsi ərz edən bir kütlə girdi. Bu sürünün ağırlığını at yerinə dəvələr qoşulmuş arabalar daşımaqda idi. Bu sürünün hər hansı bir qışlaya ehtiyacı yoxdu. Evlərə əl qoymaqla surətilə ev sahiblərini qapı dışarı edir və istər yeyəcək və geyəcəkləri, istərsə ev əşyasını istədikləri kimi işlədirdilər. Bu arada zəngin bakılılardan birisi olan Murtuza Muxtarzadə evini müdafiə edərkən 2 qırmızı zabiti öldürüb özü də intihar etmişdi. İşğal qüvvətləri yerləşər-yerləşməz ixtilal hərəkətinə müzahir olmayanları yaxalamaq üçün bir çox təşkilat qurdular. Bu təşkilatın etdiyi zülmlərlə ən çox şöhrət qazananları "11-ci ordu xüsusi təşkilatı" Azərbaycan ÇK-sı və 11-ci ordu "inqilab məhkəməsi" idi. Bu məhkəmənin başında Hacı İlyas adında birisi dururdu. Bu yazımız Hacı İlyas tərəfindən törədilmiş zülmlərə aiddir.

Hacı İlyasın Bakıya gəlişi istər xalqı, istərsə kommunistlərlə xalq komissarlarını böyük bir qorxuya saldı. Bu adam 5-10 yardımçısı ilə birlikdə evlərə hücum edir, qiymətli şeyləri alıb-götürür və həbs etdiyi adamları məhkəmə önünə çıxarmadan öldürürdü. Bəzi kimsələri isə rəisi bulunduğu məhkəmədən keçirməklə edama məhkum edirdi. Bu uğursuz adamla aramda olmuş bir hadisədən burada qısaca bəhs edim:

Sahibi olduğumuz apartman (bina) bir müddət əvvəl ÇK-nın adamları tərəfindən işğal olunmuşdu. Bu binanı bir gün ziyarət edən Hacı İlyas buranı çox bəyənmiş və mənə xəbər verməyə də lüzum görmədən içindəki adamları çölə atıb bura özü yerləşmişdi. Onunla ilk qarşılaşmamız belə oldu. Bir axşam apartmana gəldiyim zaman qarşıma qısa boylu, əsmər, qalın qaşlı, qəribə bir şəkildə parlayan və heç bir zaman sabit durmayan qara gözlü bir adam çıxdı. Ayağında qırmızı bir şalvar və kürəyində dəri pencək vardı. Bu əcaib qiyafətli adam dışarıda şeytan papağına bənzəyən qəribə bir qalpaq geyinmişdi. Hacı İlyasın günlük həyatı çox qəribə idi. Bu adam axşamın doqquzuna qədər olduqca normal bir burjuaya bənzərdi. Şam yeməyini edir, ailəsi-ərkanı ilə zarafatlaşır, onların könüllərini alır və çox sakit bir üzlə hərgünkü işinə gedərdi. Fəqət axşamları saat 9-a doğru Hacı İlyas yavaş-yavaş dəyişməyə başlardı. Rəngi saralmağa başlar və səhər hər kəs kimi sakit və normal olan bu adamda sinir böhranları əlamətləri üzə çıxırdı. Axşam yeməyindən sonra isə Hacı İlyas artıq qana susamış və insandan başqa hər şeyə bənzəyən bir məxluq olurdu. Əlinə bir şüşə konyak alaraq adamları ilə bərabər evindən küçəyə çıxar və bütün gecə bir çox adam öldürdükdən sonra sabaha yaxın evinə dönərdi. Bu saatlarda Hacı İlyası tanımağa imkan yoxdu. Çünki qanlı əlləri ilə evə dönən bu canavarın üzü keçirməkdə olduğu sinir böhranlarından dolayı qapqara bir hal alırdı. Evə girər-girməz arvadına və ailə üzvlərinə ağıza alınmayacaq söyüşlər söyür, uzun-uzun bağırır və bir az içki içdikdən sonra süst qalırdı. Bakı şəhəri bu dəhşətverici hava içində tam altı ay yaşadı. Bu sırada Moskvada olan Azərbaycan xalq komissarları işə müdaxilə etdilər, inqilab məhkəməsi rəislərinin partiyanın göstərişləri daxilində hərəkət etməsi lazım gəldiyini, halbuki Hacı İlyasın özbaşına hərəkət etməkdə olduğunu irəli sürdülər. Moskva rəisləri heyrətlər içində qaldı. Heç kim Hacı İlyas adında bir kimsəni tanımırdı. İlyasın tutulması üçün əmrlər verildi. Bakıya dönən komissarlar təslim olmaq istəməyən Hacı İlyası zor işlətməklə yaxalayıb əlini-ayağını bağladıqdan sonra evində bir axtarış apardılar. Otağındakı kasada öldürdüyü adamların ağızlarından sökdüyü qızıl dişlər, barmaqlardan qopardığı almaz üzüklər, zinət qızılları və bir çox cəvahirat ələ keçdi. Aparılan təhqiqat nəticəsində qarışıqlığı fürsət bilərək başına topladığı adamlarla quldurluq edən Hacı İlyasın odessalı bir tələbə olduğu anlaşıldı. Azərbaycanlılara böyük zülmlər etmiş olan bu quldur 3 gün həbs edildikdən sonra edam edildi. Bakılılar Hacı İlyasın 5 ilə 10 minə qədər adam öldürdüyünü söyləyirlər".

Ədalət Tahirzadənin cavabı

Ə.Tahirzadənin Feysbuk səhifəsində Nərimanovla bağlı statusu xeyli müzakirə doğurub. Oxucuların demək olar ki, hamısı onun fikirlərini alqışlayır, bəyənir. Yalnız bir nəfər Cümhuriyyətə kommunist mövqeyindən yanaşaraq böhtan atır, onun rəhbərləri haqqında xoşagəlməz sözlər yazır. Başqa bir qərəzsiz oxucu isə Nərimanovun pis cəhətləri ilə yaxşı işlərinin də olduğunu qeyd etməyin vacibliyini bildirir və konkret faktlar sadalayır. Bizi daha çox Ə.Tahirzadənin bu oxucuya cavabı maraqlandırdı. Həmin cavabı aşağıda olduğu kimi veririk:

"Sizinlə, əsasən, razıyam – hər bir tarixi şəxsiyyət öz tarixi mühitinin içində təhlil edilməlidir, N.N. da o sıradan. İş burasındadır ki, sizin Nərimanovun bəraəti üçün gətirdiyiniz tutarqalar da tarixi kontekstdən qoparıldığı üçün gücsüzdür.

1) Deyirsiniz ki, N.N. bolşevizmə ürəkdən inandı, sonra anlayıb onun iç üzünü açdı. Nə vaxt açdı? Gördü ki, ona vəd edilmiş hakimiyyət mövcud deyil – ölkəni XI ordu, ÇK idarə edir. O aldanmamışdı – hakimiyyət iyinə gəlmişdi. Bəs Stalin niyə Rəsulzadəni aldada bilmədi? Halbuki Rəsulzadəyə də Nərimanovun yerini təklif edirdi. Rəsulzadə rusun oyuncağı olmağı özünə sığışdırmazdı, N.N. isə buna razılaşmışdı.

2) DQMV-nin Azərbaycanın tərkibində qalmasına gələk. Axı bundan öncə N.N. Zəngəzuru Ermənistana vermişdi və bundan sonra Azərbaycanın bütün sərvətlərinin Ermənistana da məxsus olduğunu elan etmişdi! Qarabağı da versəydi ağ olardı!

3) Mehmandarov və Şıxlınskini qorudu. Bəli, onları Sovet hakimiyyətinə qulluq üçün Moskvaya göndərdi. İndi mən soruşuram: Mehmandarova küçəni kimin dövründə süpürtdürdülər və 20-yə yaxın Azərbaycan generalını və başqa yüksək rütbəli zabitlərini (o sıradan Qacarları, Tlexası və b.) kimin dövründə güllələdilər?!

4) Xosrov bəy Sultanovu İrana keçirdi. Rəsulzadə hakimiyyəti Xosrov bəyi hərbiyyə naziri, Qarabağ valisi, Parlaman üzvü etmişdi, Nərimanovun isə onu Azərbaycanda qoruyub saxlamağa belə gücü çatmadı. Yaxşı, Xosrov bəyi qorudu, bəs Fətəli xan Xoyskini, Nəsib bəy Yusifbəylini, Həsən bəy Ağayevi (yüzlərcə başqasını demirəm) kimin hakimiyyəti dönəmində terrorla aradan götürdülər?

5) Deyirsiniz ki, N.N. tək idi. Bilirsinizmi niyə? Çünki o, Azərbaycan xalqını yox, Kremli təmsil edirdi! Rəsulzadə isə tək deyildi, çünki onun ətrafındakıların hamısı milli ziyalılar idi.

Mən görürəm ki, siz tarixə obyektiv yanaşmaq tərəfdarısınız və bunu çox bəyənirəm. İş burasındadır ki, indiyədək N.N. ilə bağlı yazılan bütün əsərlər subyektiv olub və onun tərifinə həsr edilib. Ancaq arxiv sənədləri üzə çıxdıqca onun gerçək siyasi siması da müəyyənləşir. Sizə həqiqət axtarışlarında uğurlar diləyirəm!".

Tarix
2014.08.27 / 22:25
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla