Yuxarı

"Bu, sistemli xarakter almalıdır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər biz müstəqilliyi 1991-ci ildə yox, 1971-ci ildə, yaxud 1950-ci illərdə qazansaydıq, bu gün Azərbaycan dünyada ən inkişaf etmiş ölkəyə çevrilərdi"

"Xalça bizim milli sənətimizdir. Azərbaycanı xalçasız, xalçanı isə Azərbaycansız təsəvvür etmək mümkün deyil". APA-nın məlumatına görə, bunu bu gün Xalça Muzeyinin yeni binasının açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, ona görə layihələndirmə işlərinə böyük diqqət göstərilib və nəticədə Avstriya memarlarının zəhməti hesabına bu layihə təqdim edilib: "Bu layihə öz nadirliyi ilə seçilir, fərqlənir. Bu bina xalçanı əks etdirir və əlbəttə ki, Xalça Muzeyinin yerləşdirilməsi ilə bağlı məndə heç bir tərəddüd olmayıb. Çünki Xalça Muzeyi Bakının ən gözəl yerində, bulvarda olmalı idi. Bu, nadir memarlıq əsəridir".

Prezident qeyd edib ki, Bakıda qədim memarlıq abidələri və müasir abidələr bir vəhdət, vahid ansambl təşkil edir və son illərdə Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Bayraq meydanı kimi müasir Azərbaycan simvolları yaradılıb: "Bu memarlıq əsərləri müasir Azərbaycanın gücünü, inkişafını göstərir. Əlbəttə ki, bu memarlıq əsərləri təkrarolunmaz əsərlərdir. Deyə bilərəm ki, Xalça Muzeyinin binası da bu sıradadır. Bu da öz nadirliyi ilə seçilir və ümid edirəm ki, gələcəkdə heç kim bu memarlıq nümunəsini təkrar etmək istəməyəcək. Çünki Azərbaycanda yaradılan müasir memarlıq əsərlərini bəzi hallarda başqa yerlərdə də görmək olur. Ancaq bu, artıq Azərbaycan məhsuludur və çox şadam ki, bu gözəl, möhtəşəm muzey bu gün açılır".

Dövlət başçısı Bakı sakinləri, qonaqlar üçün burada nümayiş etdirilən ekspozisiyanın çox böyük maraq doğuracağına əmin olduğunu bildirib: "Çünki muzeydə 15 minə yaxın eksponat var. Burada həm ekspozisiya çox orijinal tərzdə nümayiş etdirilir, - mən burada tikinti zamanı dəfələrlə olmuşam, - eyni zamanda, saxlanma yerləri də müasir standartlara cavab verir. Burada əlbəttə ki, xüsusi temperatur rejimi də var. Yəni, bütün işlər ən müasir səviyyədə qurulub və burada həm daxili tərtibat, bizim milli sərvətimiz olan xalça nümunələri, eyni zamanda, nadir memarlıq birləşir və bu, məni çox sevindirir. Çünki bu, bizim xalqımızın nə qədər istedadlı xalq olduğunu bir daha göstərir. Çünki xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir. Təsadüfi deyil ki, muzeyin tikintisinə başlayandan sonra bizim təşəbbüsümüzlə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi irsi üzrə reprezentativ siyahısına daxil edilib".

Azərbaycanda xalçanın, xalçaçılıq sənətinin qoruduğunu bildirən prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan xalçasının qorunması və inkişaf etdirilməsi haqqında müvafiq qanun da qəbul edilib: "Bu, bizim böyük sərvətimizdir və əlbəttə çalışmalıyıq ki, gənc nəsil bu sənətə maraq göstərsin. Biz bunu təşviq etməliyik".

"Hazırda həm Bakıda, həm də müxtəlif bölgələrdə xalça muzeyləri fəaliyyət göstərir. Bakıda artıq bu gündən fəaliyyət göstərəcək. Eyni zamanda, son illər ərzində demək olar ki, bütün bölgələrdə Heydər Əliyev mərkəzlərinin nəzdində xalçaçılıq dərnəkləri fəaliyyət göstərir. Bu, bizə imkan verəcək ki, bu sənət inkişaf etsin və nəsillər arasındakı körpülər daha da möhkəm olsun. Bizim görkəmli xalçaçılıq ustaları əlbəttə ki, öz təcrübəsini gənc nəslə ötürməlidirlər. Eyni zamanda, bu gündən burada nümayiş etdirilən bizim gözəl xalçalarımız əminəm ki, gəncləri də bu sənətə gətirəcək və beləliklə, Azərbaycan xalçaçılıq sənəti bundan sonra da inkişaf etdiriləcək", deyə dövlət başçısı qeyd edib.

Azərbaycanın mədəni irsinin, tarixinin, mədəniyyətinin çox zəngin olduğunu deyən ölkə başçısı son illər ərzində dünyanın müxtəlif yerlərində Azərbaycanla bağlı təqdimatların, sərgilərin, konsertlərin keçirildiyini qeyd edib: "Əlbəttə ki, xalça o təqdimatların mərkəzində yerləşir. Çünki bu, doğrudan da dünya miqyasında böyük bir dəyərdir. Mən hesab edirəm ki, Azərbaycan xalçası dünyada xalçaçılıq sənətinin etalonudur. Təsadüfi deyil ki, bizim xalçalarımız dünyanın ən məşhur muzeylərində nümayiş etdirilir".

Prezident İlham Əliyev çoxsaylı xarici səfərlər zamanı müxtəlif yerlərdə, müxtəlif ölkələrdə prezident saraylarında Azərbaycan xalçasını gördüyünü qeyd edib: "Qeyd etmişəm, öz həmkarlarıma bildirmişəm ki, bax bu xalça Azərbaycan xalçasıdır və onlar bunu bilirlər. Yəni, bu gün Azərbaycan xalçası dünyada məhz Azərbaycan xalçası kimi tanınır".

Dövlət başçısı qeyd edib ki, uzun illər, əsrlər boyu Azərbaycan xalçaları dünyada nümayiş etdirilib, lakin Azərbaycan müstəqil ölkə olmadığı üçün bu xalçalar Azərbaycan xalçaları kimi təqdim edilmirdi: "Ona görə biz - həm dövlət, hökumət, müvafiq qurumlar, həm də ictimai təşkilatlar çox böyük iş apardıq ki, xalçamızı, Azərbaycan xalqına məxsus olan bu böyük sənəti məhz Azərbaycan xalçası kimi təqdim edək. Hesab edirəm ki, bu muzeyin fəaliyyətə başlaması bu işdə əlavə imkanlar yaradacaq. Çünki əminəm ki, Bakıya gələn qonaqların əksəriyyəti buraya gələcəklər. Eyni zamanda, hesab edirəm ki, biz bu muzeyin ekspozisiyasını və ümumiyyətlə, muzeylə bağlı məlumatları xarici ölkələrə də çatdırmalıyıq. Biz Azərbaycan xalçasının sərgilərini mütəmadi qaydada dünyanın aparıcı ölkələrində nümayiş etdirməliyik. Bunu biz indi edirik. Bu, sistemli xarakter almalıdır. Bir sözlə, haqlı olaraq fəxr edirik ki, bizim nadir sənətimiz - xalçaçılıq sənəti bu gün var, yaşayır, yaşayacaq. Hesab edirəm ki, Azərbaycan xalqının istedadını dünyaya təqdim etmək üçün xalça xüsusi yerə malikdir".

Prezident İlham Əliyev, bütövlükdə, Azərbaycanın tarixi abidələrinin, tarixi irsimizin qorunması ilə bağlı müntəzəm olaraq işlərin aparıldığını qeyd edib: "Bu işlər öz nəticəsini verməkdədir. Milli dəyərlər - bizim mədəniyyətimiz, incəsənətimiz müstəqilliyimizin əsasıdır. Humanitar sahəyə Azərbaycanda çox böyük diqqət göstərilir. Təsadüfi deyil ki, Beynəlxalq Humanitar forumların Azərbaycanda keçirilməsi artıq ənənəyə çevrilib. Dünyanın ən məşhur adamları, Nobel mükafatı laureatları, alimlər, ictimai xadimlər bu forumlarda mütəmadi qaydada iştirak edirlər. Azərbaycanda dinlərarası dialoq forumları keçirilir. Bakıda ən məşhur sərgilər keçirilir. Bu gün Heydər Əliyev Mərkəzi dünya miqyasında bir sərgilər mərkəzinə çevrilib. Musiqi festivalları, müsabiqələr, beynəlxalq muğam müsabiqələri - bütün bunlar Azərbaycanın mədəni həyatını zənginləşdirir və Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir".

"Bu gün biz Azərbaycanı həm inkişafda olan, eyni zamanda, böyük dəyərlərə malik olan və bu dəyərləri qoruya bilən ölkə kimi təqdim edirik. Azərbaycana gələn xarici qonaqlar əlbəttə ki, Bakının gözəlliyini qeyd edirlər. Ölkəmizin inkişafını görürlər, eyni zamanda, bizim dəyərlərimizlə tanış olurlar. Memarlıq dəyərlərimiz, musiqi sənətimiz, rəssamlıq məktəbimiz və əlbəttə ki, xalçaçılıq sənəti bizim qürur mənbəyimizdir", deyə dövlət başçısı qeyd edib.

Dövlət başçısı qeyd edib ki, praktiki həyatda belə gözəl əsərlər yaratmaqla ölkə zənginləşir: "Bütün dünyaya nümayiş etdiririk ki, Azərbaycan müstəqil ölkə kimi uğurla yaşayır. Müstəqilliyin bütün üstünlükləri Azərbaycan xalqı üçün artıq bəllidir. Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Biz məhz müstəqillik dövründə belə gözəl əsərləri yarada bilmişik. Qısa müddətdə - cəmi 23 illik müstəqillik dövründə Azərbaycan çox böyük və şərəfli yol keçib. Əgər biz müstəqilliyi 1991-ci ildə yox, 1971-ci ildə, yaxud 1950-ci illərdə qazansaydıq, bu gün Azərbaycan dünyada ən inkişaf etmiş ölkəyə çevrilərdi. Ancaq biz bu yolla gedirik. Ölkəmizi gücləndiririk, inkişaf etdiririk. Hər bir sahə üzrə konkret proqramlar var. Siyasi, iqtisadi islahatlar aparılır. Regional inkişaf proqramları icra edilir. Əlbəttə ki, mədəni həyatımızla, tarixi irsimizlə, mədəniyyətimizlə bağlı bütün işlər ardıcıl şəkildə aparılır. Bugünkü tədbir bunun bariz nümunəsidir", deyə prezident İlham Əliyev qeyd edib.

Tarix
2014.08.26 / 23:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla