Yuxarı

Hansı məscidə hüzr yasağı qoyulmayıb - Reportaj

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yas mərasimlərində ehsan menyüsünə qadağalar olunacaq xəbəri heç də birmənalı qarşılanmadı. Buna sevinənlər, təqdir edənlər də oldu, yanlış qərar kimi xarakterizə edənlər də. Əksəriyyətin razılıqla qarşıladığı qərara münasibət öyrənmək istədik.

Göy Məscidin yaxınlığında həmsöhbət olduğum Hacı Əflatun adlı iş adamı mövzu ilə bağlı söhbətimiz zamanı özünün "palatka biznesi" ilə məşğul olduğunu dedi. Bir neçə çadır sahibi olan Hacı söhbət zamanı onu da qeyd etdi ki, çadır kirayə vermək gəlirli biznes sahəsidir:

- Elə hacılarımız var ki, 10 və daha artıq çadırları var. Allah hamısına rəhmət eləsin, ölənlərin sayı ötən illərlə müqayisədə daha çoxdur. Bəzən çadırlar çatışmır. Düzdür, şəhərdə xeyir-şər yerləri olan məhəllələr də var. Amma bu, yas mərasimlərini yola verməyə yetərli deyil. Ona görə də çadır biznesi ilə məşğul olanların sayı artmadadır.

- Bəs, yas mərasimlərində verilən ehsanları kim müəyyən edir, siz yoxsa hüzr sahibi?

- Sifarişçinin istəyi ilə hər şey öz həllini tapır. Bizim hazır menyülərimiz var, təklif edirik, qiymətə baxırlar. Amma demək lazımdır ki, yas mərasimlərində israfçılıq baş alıb gedir. Hüzr məclislərində kifayət qədər ərzaq boş yerə tükədilir. Son vaxtlar bu daha dəbdəbəli və sanki rəqabət varmış şəkildə özünü göstərir.

Hacı Əflatunla söhbət zamanı məlum oldu ki, o bu işə təsadüf nəticəsində girişib və kifayət qədər uğur qazanıb. Bu istiqamətdə layihələri də var. Layihələrinin nədən ibarət olduğunu öyrənmək istəyirəm:

- Hacı, dediniz uğurlu və yeni layihələriniz var, bu haqda danışardız.

- Bunun üçün gərək Allahını unutmayasan. Xidmətlər yüksək səviyyədə olmalıdır. O ki qaldı layihələrə, onları danışmıram,gerçəkləşdirirəm.

Biri diridən, digəri ölüdən yeyir

Hacı Əflatundan onu da öyrəndim ki, bu sahənin özü də xüsusi monopoliyadadır:

- Amma kim istəsə çadır sifariş verdirə, lazım olan avadanlıqları, aksesuarları ala və "bazara girə" bilər. Allah hər kəsin ruzusunudoğulmamışdan ayırıb. Biri diridən, digəri ölüdən yeyir.

Hacı ilə söhbətimi yas mərasimləri üçün qadağaların qüvvəyə nə vaxt minəcəyinə gətirirəm:

- Məlumdur ki, son günlər belə bir qərar qəbul olundu. Bunun sizin biznesə hər hansı təsiri ola bilərmi?

- Məclisin necə yola verilməsində hüzr sahibi maraqlıdır. Sözsüz, biz çadırları kirayə veririk. Qab-qacaq, səyyar mətbəx və sair. Sifarişçi nəyi necə istəyirsə, o cür də xidmət göstərilir. O ki qaldı cərimələrə, düşünürəm ki o cəriməni biz yox, hüzr sahibləri verməlidir.

Qiymətlərlə maraqlanıram. Kirayə çadırların günlük icarə haqqı 300 manatdan 5000 manata qədər dəyişir.

- Elə çadırlar var ki, kondisioner, yerə döşəmək üçün xalça, bahalı qab-qacaq, xrustal stəkanlar və sairə ilə təmin olunub. Ehsana gəldikdə isə, qiymətlər müxtəlifdir.

Ehsanın bolluğundan danışılır

Şəhər sakinləri ilə də məsələ ilə bağlı söhbət etdim. Yas mərasimlərinin dəbdəbəli keçirilməsi, əslində,"dünyasını dəyişmiş adama olan hörmətdən yox, hüzr sahibinin el içində olan hörmətindən, nüfuz və var dövlət sahibi olmasından xəbər verir", deyənlər də oldu.

"Bəs siz yaxınlarınızın hüzr məclislərini yola vermək üçün nə qədər xərc çəkərdiniz?" - sualımıza verilən cavablar müxtəlif oldu.

Onlar qeyd etdilər ki, bu, artıq bir dəb halını alıb. Toydan sonra ziyafət stolunun zənginliyindən bəhs edildiyi kimi, yas yerlərində də verilən ehsanın bolluğundan danışılır. İnsanlar ölülərinə hörmətləriniverdikləri ehsanla nəzərə çatdırır:

- Əgər ehsan boldursa, yemək-içmək zəngin və rəngarəngdirsə, demək, hüzr sahibi öz ölüsünə yüksək dəyər verir.

Dostuna de, narahat olmasın

Mövzuya davam olaraq foto-müxbirimiz İsmi Şahzadə ilə Təzəpir Məscidində olduq. Məlumdur ki, bu məsciddə xüsusi mərasim zalları var.Burada hüzr məclisləri təşkil olunur. Bəziləriyaxınlarının yas mərasimlərini səyyar çadırlarda deyil, məhz bu zallarda keçirirlər.

Məscidin mərasim zalları olan hissəsi qələbəlikdir. Hüzrə gələnlər və hüzrdən gedənlərin sıxlığında imkan tapıb maşınımızı park edirik.

Bu işdə bizə yardımçı olan orta yaşlı kişiyə minnətdarlıq edib, "buranın işçisisənmi", - deyə soruşuram.

- Yox. Mən hüzrə gələnləri gətirmişəm, sürücüyəm, - deyir.

Söhbətimiz alınır. Ona hüzr üçün yer danışmaq istədiyimi bildirirəm.

- Bilirsən, dostumuzun hüzrü düşüb. Rayondadır yas mərasimi. Amma cümə axşamlarının birini burada vermək istəyir. Onun üçün gəlmişəm.

- İçəri keç, Nahidi soruş, - deyir.- O işlərə o baxır.

Həmsöhbətimə yas mərasimlərinə edilən qadağalarla da bağlı sual verirəm:

Sən ölünə qiymət qoyma

- Dostum deyir ki, adım-sanım var. Güclü iş adamıdır. Qorxur ki, süfrənin zəngin olmasına icazə verilməsin.

-Əşi,dostuna de,narahat olmasın. Burada elə şey yoxdur. Stulun biri 12 manatdan 20 manata qədər dəyişir. O, boş söz-söhbətdir və inanma ki, bu mərasim zallarına şamil oluna.

-Yəni demək istəyirsiz ki, istisna hal kimi buradakı zallar cərimədən azad olunacaq?

-Yox, buracərimə, yaxud nəzarət üçün heç gəlməzlərdə. Həm də hüzr verən ehsan verər də. Onun yaxasından tutub demək olmaz ki, sən ölünə qiymət qoyma.

- Demək, ölüyə yemək-içməklə hörmət qoyurlar...

Həmsöhbətim suallarımın çoxluğundan bezir deyəsən:

- Gedin Nahidin yanına, o sizə hər şeyi danışacaq...

Müsahibimi çağırırlar, tələsik gedir.

İçəri keçirik. Girişdə adının Seymur olduğunu sonradan biləcəyimiz cavan oğlan oturub. Qarşısında kompüter var. Yanında da iki nəfər. Söhbətlərinə qulaq asıram, məlum olur ki, bu insanlar hərəsi bir zalın administratorudur və növbəti hüzr məclisinin menyüsü ilə maraqlanırlar. Seymur bizi görcək"eşidirəm", - deyir.

Şəriət qanunlarına görə

Nahidi soruşuram.

-O, indi burada deyil. Oturun gözləyin. Ya da təcilidirsə, buyurun, mən sizi eşidirəm.

Seymura dostumun hüzrü düşdüyünü və sentyabrın ilk yarısında burada 50 nəfərlik 40 məclisi keçirmək istədiyimizi bildiririk:

- Allah rəhmət eləsin. Yazılmısız?-soruşur.

Ona hələ qiymətlərlə, zalın rahatlığı ilə maraqlanmaq istədiyimizi deyirik. Bizə birinci mərtəbədəki zalları nişan verir. Keçin içəri, baxın, - deyir.

Zalda hazırlıq işləri gedir. Stolların üstündə mineral sular, mövsümi meyvələr düzülüb. Bura çox səliqəli və təmizdir. Xidmətçi oğlanların hamısı təmiz ağ köynəkdə, qara şalvardadır. Verilən suallara qısa və dəqiq cavab verirlər. Əlbəttə, özlərinə aid olanlara. Qiymətlərlə maraqlanırıq. Zalın administratoru olduğu bilinən hacılardan biri bizi mərasim zallarının ümumu rəhbəri Hacı Azərin yanına aparır. Hacı Azərə də dostumuzun hüzrü ilə bağlı gəldiyimizi deyirik və Allahdan səbir dilədiyini eşidirik. Vaxtı dəqiqləşdirmək istəyir.

- Hacı, bilmirik. Qərarı hüzr sahibi verəcək. Cüməaxşamlarından birini bura salmaq istəyir.

Telefon nömrəsi verir. - Danışın, zəng edin, - deyir. Hacı Azərdən qiymətlər və yas mərasimləri üçün edilən qadağa ilə bağlı soruşuruq.

- Şəriət qanunlarına görə, ehsan olaraq çay, qənd və xurma təklif edirik. Amma bununla heç kəs razılaşmır. Stola şirni, mövsümi meyvələr, tərəvəz salatları, çərəzlər, mineral sular, aş və başqa yeməklər də təklif edirik. Stulun qiyməti 12 manatdan başlayır. Mollaların haqqı bu qiymətin içindədir. Amma baxır adamın sayına. Əgər adamların sayı 50-dirsə qiymətlər 18 manatdır. 80 nəfər olsa 15. Daha çox olarsa, 12 manata endiririk. Ehtiyat yerlər də açırıq. Az yer sifariş versəniz, hüzrə gələnlər çox olsa, qiyməti danışdığımız kimi yox, endiririk.

Park işinə baxan hacı

Hacı Azərləsağollaşırıq. Maşını həyətdən çıxararkən bir gənc oğlan bizə yardımçı olur. Başa düşürük ki, bu maşınların park olunmasına nəzarət edir. İsminin verdiyi 20 qəpikliyə baxıb, mənə tərəf dönür:

- Dayı, deyəsən ilk dəfədir gəlirsən. Əslində, burada qiymət 1 manatdır. Amma eyib etməz, - deyir.

- Sən dəhacısan?- soruşuram.

Oğlan: - Bəli,- deyir.

Park işinə baxan hacıya əlavə olaraq 20 qəpik də mən verirəm və onun "sağ ol"unu qazanıram.

Tarix
2014.08.28 / 09:00
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla