Ana səhifə Sağlıq |
Bu gün "Park Bulvar"da İqtisad universitetinin tələbələri Kamran Abbaszadə, Cəlal Allahverdiyev və Əzizə İslamzadənin təşəbbüsü ilə xeyriyyə konserti keçirilib.
"Axar.az"ın əldə etdiyi məlumata görə, gənc müğənni Miryusif "Park Bulvar"a gələrək həkim terrorunun qurbanı olan xanımın xeyriyyə aksiyasına qoşulub. Aksiyanın təşkilatçıları bildirdi ki, Xalq artisti Flora Kərimovaya da müraciət olunub. Biz də Flora xanımla əlaqə saxlayıb, bu aksiyada iştirak edib-etməyəcəyini soruşduq. Amma müğənni ilə əlaqə saxladıqda bəlli oldu ki, ona bu aksiya ilə bağlı müraciət olunmayıb.
Bəs görəsən daha kim bu aksiyada fəal olacaq, həkim səhlənkarlığından əziyyət çəkən xanıma dəstək olacaq? Elə bu sualla da tanınmış müğənnilərə müraciət etdik.
Xəbərsizəm
Estrada müğənnisi Səidə Sultan bildirdi ki, o bu hadisədən xəbərsizdir:
"Amma əgər təklif gəlsə, kömək etmək üçün müraciət etsələr, əlbəttə ki, qəbul edərəm".
Hər zaman xeyriyyə aksiyalarında iştirak edirəm
Müğənni Ayaz Qasımov da bu haqda məlumatı olmadığını bildirdi. O da xəstənin şəfa tapması üçün aparılan aksiyaya qoşulmaq üçün dəvət olarsa, iştirak edəcəyini bildirdi:
"Təklif gələrsə, məmnuniyyətlə iştirak edəcəyəm".
Xəyyam Nisanov isə sorğumuza cavab olaraq bildirdi ki, indi Bakıda deyil, lakin:
"Xeyriyyə aksiyalarında hər zaman iştirak etmişəm və belə təkliflərə də diqqətlə yanaşıram".
Qocalar evində xeyriyyə konsertləri verirəm
Müğənni Zamiq Hüseynov da xəstə xanımın müalicəsi üçün təşkil olunan xeyriyyə konsertində iştirak etməsinin bir problemin olmadığını bildirdi:
"Hər zaman belə tədbirlərdə iştirak edirəm. Bu xanımın müalicəsi
üçün təşkil olunan aksiyada iştirak üçün təklif gələrsə, vaxtım
olsa, əlbəttə ki, qatılaram".
Müğənni onu da qeyd etdi ki, o öz təşəbbüsü ilə qocalar və uşaq evlərində xeyriyyə konsertləri təşkil edir.
Xatırladaq ki, Feysbuk sosial şəbəkəsində yayımlanan xəbərdə gənc xanımın keçən il may ayının 1-də həkimlər tərəfindən yanlış diaqnoz qoyularaq zob adıyla əməliyyat olunub. Sonradan xanımın limfa düyünlərində problemin olduğu aşkarlanıb və iyunun 24-də Milli Onkologiya Mərkəzində kimyaterapiya kurslarına başlanıb. 7 kurs müalicə keçsə də, xəstənin vəziyyəti ağır olaraq qalır. Onun müalicəsi Almaniya, Türkiyə və İsraildə mümkündür.
Tarix
2014.02.24 / 17:52
|
Müəllif
Lalə Novruzlu
|