Yuxarı

Mən yazıq adamam, bədbəxt adamam...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Faiq Balabəyli "Axar.az"ın "Gerçəkləşməyən arzular" lahiyəsini gerçəkləşdirir. Bu gün, fevralın 23-də Faiq bəyin 50 illiyidir. Buna görə də bu həftə onun özünün gercəkləşməyən arzularını öyrənmək istədik.

- Faiq bəy, saytda "Gerçəkləşməyən arzular" rubrikasını həmişə siz aparırsınız. Ənənəni pozuruq, bu gün sizin gerçəkləşməyən arzularınızı öyrənmək istədik. Başqalarının gerçəkləşməyən arzularını öyrənən şəxsdən indi də biz öyrənək görək hansı arzuları gerçəkləşməyib. Əlli il yaşadığınız ömrünüzü nəyə xərcləmisiniz?

- Əlli il necə gəldi keçdi, doğrusu bilmədim, saymadım illəri...

Yanlış addımlarım olub

- Yaşadığınız ömrü düşünəndə təəssüf hissi keçirirsiniz, yoxsa qürur?

- Yox, təəssüflənməmişəm, nə etmişəmsə, düşünürəm ki, ağılla etmişəm. Atama, anama, qardaşlarıma, qohum-əqrəbama baxıram və düşünürəm ki, onlara bir xeyrim dəyibmi? Bir də ən çox onu düşünürəm ki, bu ölkə üçün nələr etmişəm. Qohum-əqrəba, el-oba, ailəyə diqqətli olmuşam, orda peşimançılığım yoxdur. Etdiyim əməllərdən, atdığım addımlardan xəcalət çəkməmişəm. Yanlış addımlarım olub, amma bu yanlışlıqlar heç kimə zərər verməyib.

- Yəni vicdanınız sakitdir ki, yanlışlıqlarınız kimsənin həyatını qaraltmayıb?

- Yox, qaraltmayıb. Ancaq özümə təsir edib, bacardıqca da onları aradan qaldırmışam.

Həbsdə də olunmuşam, döyülmüşəm də...

- Bayaq dediniz ki, qohum-əqrəbaya yaxşı olmusunuz. Amma məmləkət məsələsinə gələndə dediniz ki, nə etdik ki... Nə etmək istəyirdiniz ki, edə bilmədiniz?

- Bir şerim var, yazmışdım ki, "bu yurd üçün biz nələr etdi ki... Sevdik. Uğrunda ölümə getməyə hazır olduq. Bayraqların qaldırdıq və heç nə edə bilmədik". Vətən və məmləkət üçün biz nə edə bilmişiksə, azdır. Mənsə özlüyümdə əminliklə deyirəm ki, çox şey edə bilərdim, edə bilməmişəm. Mən döyüşçü olmuşam, 20 Yanvar hadisələri zamanı Xəzər dənizçilərinin rus ordusunun Azərbaycana girməsinə etiraz olaraq yaradılan təşkilatın yaradıcılarından biriyəm. Rus əsgərləri tərəfindən həbsdə də olunmuşam, döyülmüşəm də, alnımın ortasına avtomatın lüləsini dirəyiblər. Sonra jurnalist kimi Qarabağ döyüşlərində iştirak etmişəm. Bununla belə düşünürəm ki, biz heç nə etməmişik.

Heç vaxt gücsüzlüyümdən dad çəkmərəm

- O gücü özünüzdə hiss edirdiniz, amma reallaşdıra bilmədiniz?

- 20 Yanvar hadisələri vaxtı yeddi nəfərdən ibarət kapitanlar şurası yarada bildiksə, ölkə bütün susdurulduğu vaxtda biz rus gəmiləri, hərbiçiləri ilə üz-üzə qala bildiksə, o zaman Azərbaycan hakimiyyətində təmsil olunan Ali Sovetin sədri Elmira xanım bizi qəbul edib "sizin qadanızı alaram, Azərbaycan sizinlə nəfəs alır" sözlərini eşitdiksə, deməli, nələrsə edə bildik o zaman... 20 Yanvar günü ölkənin qürur günü idi. Mən fərdi olaraq heç vaxt özümün gücsüzlüyümdən dad çəkmərəm, amma vətənimlə bağlı gücsüzlüyümə bəzən ah çəkirəm.

Ruslar bizi aşağıladı

- Faiq bəy, özünü bilən insanın bir də özü ilə bağlı fərdi arzuları olur. Belə başa düşdüm ki, ölkəmizlə bağlı arzularınız tam olaraq gerçəkləşməyib.

- Yeri gəlmişkən, sizə bir hadisəni danışım. Mənim 86-cı ildə 22 yaşım var idi. Gəmidə işləyirdim, siravi işçi deyildim. 1986-cı ildə biz Volqoqradski əyalətinin Tatyanovka kəndində lövbər salmışdıq. Gəmi heyətinin 90 faizi ruslar idi. Mübahisə düşdü və ruslar bizi aşağıladı. Bu hadisədən sonra mən də inada düşüb gəminin bütün sənədlərini öz dilimizdə yazdım. Sonra bu, çox böyük etiraza səbəb oldu.

Heydər Əliyevə məktub yazmışdılar

- İçinizdəki hansı inaddan, tələbatdan doğmuşdu bu hərəkət?

- Heyətin sıravi üzvlərinin əksəriyyəti azərbaycanlılar idi və onlara ikrah hissi, ironiya vardı. Bizim "doqquzbarmaq" dediyimiz kapitan Kurkovla mübahisəmiz oldu. Mən də həmin an bu addımı atmışdım. Mən bunu əsgərlikdə görmüşdüm, qonşu hərbi hissənin uşaqlarını incitmişdilər, onlar da Heydər Əliyevə məktub yazmışdılar. Həmin rotanın zabitlərini iki-üç gecənin içində başqaları ilə əvəz etmişdilər. Orda Göyçaydan ali təhsilli bir oğlan var idi, Moskvaya yazmışdı ki, burda irqçilik, millətçilik var və s.

Özüm şer oxuyurdum, özüm də alqışlayırdım

- İndi də gələk şair Faiq Balabəylinin arzularına... Ümumiyyətlə, nə zaman başlamısınız şer yazmağa?

- Orta məktəbdə oxuyanda uşaqlarla sinifdə bir-birimizlə yazışardıq və günlərin bir günündə ədəbiyyat müəllimiz Haqverdi müəllim uşaqlara yazdığım həcvi gördü. Mənə dedi ki, səni şair edəcəyəm və doğurdan da mənə xeyli bilik verdi.

- Sizdə o düşüncə vardı ki, şair olacaqsınız, ya həvəskar kimi baxırdınız seirə?

- Səkkizinci sinifdə oxuyanda artıq əməlli-başlı şeirlər yazırdım. Hər gecə gözümü yumurdum, xəyalən özüm şer oxuyurdum, özüm də alqışlayırdım.

- Real olaraq o alqışları ala bildinizmi?

- Mən öz şair taleyimdən nigaran deyiləm. Yaxın dostum Vasif Süleyman haqqımda yazıb ki, haqqını ala bilməyən şairdir. Mənə də elə gəlir ki, düz deyir. Qruplaşmalarda ola bilmədim, oxucunu aldatmaqdan getmir söhbət, oxucuya özünü tanıtmaqdan gedir. Ədədbiyatın səs-küyündə, qara-qışqırığında ola bilmədim.

- Bəlkə demək istəyirsiniz ədəbiyyatın şou biznesində iştirak edə bilmədiniz?

- Hə, elədir. Bu o zaman da vardı, bu gün də var. Bir qrup insan ancaq bir-biri haqda xoş, naxoş sözlər yazmaqla özünü ədədbiyyata sırıyır. Beləcə, oxucunun yaddaşına yazır ki, belə bir yazıcı, şair var. Mən dəfələrlə sübut etmişəm ki, tanınaların çoxu təbliğat maşınlarının işləməsinə görə tanınırlar.

- Ədəbiyyatda layiq olduğunuz yerdəsiniz?

-Yox...

- Şanssızlıqmı bu?

- Şans əslinə qalsa, mənim üçün heç vaxt itirilməyib. Həmişə qarşıma gəlib. Özüm dəyərləndirə bilmədim.

- Heç peşmansınızmı bundan?

- Mən bir sahəni tutub arxasınca getmədim. Bir də yazıçı dostlarım kimi ola bilmirəm...

Elə bilirdim, indi qapı açılacaq və evə gedəcəyəm

- Onlar necədilər ki?

- Mən heç nəyə dırnaqarası baxa bilmirəm. Məsələn, axşam saat 7-8 də evdə olmalıyam, gecə saat ikiyə, üçə kimi hardasa otura bilmirəm. Sizə bir şey danışım. Həbsdə olmuşam, bunu heç gizlətmədən danışıram, çünki məni şərləyib həbs eləmişdilər. Bayıl həbsxanasında səhər saat 9-dan 5-ə kimi rahat olurdum. Axşam saat 5-i keçəndən sonra evə getmək vaxtı çatanda gəlib otururdum kameranın qapısının ağzında, orda balaca gözlük var ("kormoşka" deyirlər) və üzümü ona söykəyirdim. Mənə elə gəlirdi ki, indi qapı açılacaq və mən evə gedəcəyəm. Tez-tez rayona gedirəm, kəndimizə dəyib qayıdıram və heç kəslə də görüşmürəm. Vallah, indi kimsə bunu oxuyanda elə biləcək ki, yalandan şair obrazı yaradıram. Amma elə deyil.

Arzularımın gerçəkləşən hissəsi ailəmlə bağlıdır

- Sadə, bir ailənin başçısı olan Faiq Balabəylinin arzuları necə, gerçəkləşibmi?

- Arzularımın gerçəkləşən hissəsi elə ailəmlə bağlıdır. Bilirəm ki, pis ata deyiləm. Xanımım mənim çox əziyyətimi çəkib. Onu əvəz edəcək ikinci xanım həyatımda ola bilməz. Çünki mənim kaprizlərimə, əsəbimə dözmək məncə, çətindir. Uşaqlarıma çox diqqətliyəm və tez əsəbiləşirəm. Mən işdə, bayırda olan problemləri heç vaxt ailəyə daşımamışam. Oğlum şeir yazır, jurnalist kimi özünü bir neçə yerdə sinamaq istədi və işlədi. Mən onun yaşında olanda keçmişdim o yolları, amma o bir az gec keçir.

- Bəlkə ona görə gec keçir ki, siz onu lazım olandan artıq qoruyursunuz?

- Düz deyirsiniz, mənim günahımdır. Məni kinolar, kitablar aldatdı, dost oldum onunla, onu sinif, əsgər yoldaşı kimi qəbul etdim və sərbəst buraxdım.

- Narahat atasınız eləmi?

- Çox... Sözsüz ki, narahatam. Uşaqlarımla, qardaşım balaları ilə bağlı narahatçılıq keçirirəm, amma onu da deyim ki, mən oğluma inanıram. Ata və ailə başçısı kimi çox xoşbəxt adamam.

İçimdə o qədər nisgilim var ki...

- Adətən belə müsahibələrdə sual verəndə hamı deyir ki, mən xoşbəxt adamam. Xoşbəxtlik nədir sizin üçün?

- Mən həyat yoldaşı, ata kimi özümü xoşbəxt saya bilərəm. Gənclik illərimdə belə bir şer yazmışdım: "Bəxtəvər deyirsən, bu bəxtəvərlik, de hansı günümə yaraşır mənim". Ancaq bütün dostlarım deyir ki, sən bəxtəvər adamsan. Sənin əlli yaşın var, gülürsən, danışırsan, enerji var səndə, 22-23 yaşda uşaqlardan daha enerjili işləyirsən. Amma xoşbəxtlik anlarla olur. Mən özümü ailəmə sərf etməyi sevirəm. Balalarımın elə bir istəyi olmayıb ki, onları həyata keçirməyim. Bu baxımdan onların gözündə mən yaxşı valideynəm, yaxşı ailə başçısıyam. Əzab çəkib pul qazanmışam, yuxusuz qalmışam ki, uşağımın gözü dağınıq olmasın. Amma içimdə o qədər nisgilim var ki... Mənə sual versəydiniz ki, sənin nə arzuların gerçəkləşməyib, deyərdim ki, arzularım heç gerçəkləşməyib.

Daşa inan, göydəki quşa inan... İnsanlara inanma...

- O gerçəkləşməyən arzular hansılardır axı?.. Deyirsiniz ki, ata kimi, ər kimi arzularım gerçəkləşdi, bir tərəfdən də belə deyirsiniz...

- Çox şey arzulayıram, məsələn, oğlum ürəyini oxuda bilsin... O isə oxuda bilmir. Oğlum haqqında mənə deyirlər ki, sənin oğlun yaxşı oğlandı, amma heyf ürəyi açıqdı. Təsəvvür edin, bunu mənə onlarla adam deyib, dəhşətə gəlirəm ki, ürəyi təmizliyini, riyakar olmamasını onun mənfisi kimi dilə gətirirlər. Mən istəmirəm heç onun haqqında desinlər ki, hiyləgərdir, amma belə olmasını da istəmirəm. O 7-ci sinifdə oxuyurdu məni həbs edəndə... O zaman gecə-gündüz məndən ayrılmayan, yeyib-içən dostlar birdən-birə yoxa çıxdı. Yanımda ancaq Vasif Süleyman, Natiq Muxtarlı, bir də sinif yoldaşım var - Şəkür, şair Elçin İsgəndərzadə, o qaldı. Həbsdə olanda onlardan xahiş etdim ki, ora kitab gətirsinilər ki, həbsxananın kitabxanasını zənginləşdirək. Onda Turala bir şer yazmışdım ki, yerdəki daşa inan, göydəki quşa inan, insanlara inanma... Mən əslinə qalsa, insanları sevirəm, inamım böyükdür, amma oğluma deyirdim ki, inanma.

Hər şey özünə qayıdır

- Heç Bakıdan gedib kənddə yaşamağı düşündünüzmü?

- Kənddə torpaq sahəm var, keçən il 6 sot torpaq almışam. Fərdi ev tikmək üçün, ancaq yoldaşım deyir ki, mən uşaqlarımdan ayrı qala bilmərəm. Mən də onun arzusuna hörmətlə yanaşıram. Bilirsiniz, bu həyatda hər şey adamın özünə qayıdır, hətta dediyin söz də əgər haqdırsa, gerçəkləşir. Ona görə çalışıram ki, kimsənin ürəyinə dəyməyim. Yadımdadır, məhkəmədə mənə Vaqif adlı prokuror beş il istəyib, bu müddətin də üstündə israrala dayanıb məni azadlıqdan məhrum etdirəndə anam da orda idi. Hökm oxundu. Anam sakitliklə prokurora dedi ki, sən məni balamdan ayırdın, Allah səni də balandan ayırsın. Təsəvvür edirsiniz, sonra öyrəndim ki, beş aydan sonra həmin adamın oğlu ölüb. Mən istəmirəm kimsənin oğlu, uşağı ölün, amma gərək elə yaşayasan ki, kimsənin qarğışına tuş gəlməyəsən, ah almayasan.

Tarix
2014.02.23 / 16:50
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Kəndlərin qaytarılmasını alqışlayırıq - Mişel

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla