Yuxarı

Bir kitabın sirri - ikinci məktub

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyadan bir məktub aldım. Hans adında biri yazmışdı ki, "Əli və Nino" kitabının kolleksioneridir və bizdə çıxan kitabları almaq istəyir.

Həm bizim nəşr etdiyimiz, həm də digər nəşrləri toplayıb, ona göndərdim. Ödəniş məsələsi gələndə isə dedim ki, Frankfurtda kitab yarmarkasında görüşsək, bir kofe alarsan.

Bu dəfə Frakfurtun mərkəzi küçəsində Hauptewache kafesinin arşısında görüşdük. Evinə dəvət etdi. Bəxtim gətirib, mərkəzdə yaşayıram,- dedi.

Üçüncü mərtəbədə yaşayır. Qapını açan kimi uzun tüklü kök bir pişik qarşımıza çıxdı. Qucağına alıb "Koşka"dır, İstanbulludur, dedi.

Mənzilin üç otağından biri həm də ofisdir. Xırda bir nəşriyyatı var.Cəmi 50-60 kitab nəşr edib. İş otağının bütün divarları kitabdı. "Sevirəm taxtadan düzələn kitab rəflərini".Birinin qarşısında dayanır, bu dolab "Əli və Nino"dur, deyir.

Gerçəkdən, beş rəfli bir dolab "Əli və Nino" idi. İlk nüsxədən tutmuş bütün dillərdəki nəşrləri. Kitab 67 ölkədə 33 dildə nəşr olunubş İlk dəfə almanca çıxan 1937-ci nəşrini götürüb bu araşdırmanın səbəbini izah edir. Bu nüsxəni tapmağa 3 il vaxt sərf edib.

"Kitabxanaya getmişdim. Məhəmməd Əsəd bəyin kitabını gördüm. Ad məni cəlb etdi. Kitabda müəllif haqqında olan hissədə bir cümlə oxudum. Yazılmışdı ki, İtaliyada ölüb, amma hələ də bilinmir ki, o, Qurban Səiddir, ya yox. Bu cümlə məndə maraq yaratdı, özümə dedim ki, mən müəyyən edəcəyəm. Və o vaxtdan axtarışlara başladım. Məni dəli hesab edənlər də var. Kimə lazımdır bu, bilmirəm. Amma mənə çox lazımdır".

On ildir məlumat yığır. İlk olaraq "Azadlıq" radiosunda 1972-ci ildə səslənən verilişin stenaqromını, 1990-cı ildə "Azərbaycan" jurnalının skan olunmuş variantını, Məhəmməd Əsəd bəyin şəkillərini, kitabxanalarda rastlaşdığı məlumatların surətini, kitablarını nəşr edən naşirlər barədə məlumatları, o vaxtkı qəzet materiallarını göstərir. Bəlli olur ki, ən xırda nüsxəyə belə pul ödəyib.

Məhəmməd Əsəd bəyin dostlarından birinin oğlunu tapıb, hazırda onunla məktublaşır. O, atasının gündəliklərini göndərib, orada Məhəmməd Əsəd bəydən də söhbət gedir. Həmin hissəni həvəslə oxuyur. O vaxtdan qalan qədim bir fotoda Məhəmməd Əsəd bəyi və dostunu göstərir.

Divarda Məhəmməd Əsəd bəyin şacərəsini asıb. Amma onlardan heç biriylə əlaqə yoxdur. O, dövrdən kimsə həyatda qalmayıb.

Arabir fasilə verib nə yaxşı gəldin və bunları sənə danışıram deyir. "Axı burada bu mövzu heç kəsə maraqlı deyil. Kimə danışım".

Məhəmməd Əsəd bəyin Bakıya, müsəlman mühitinə olan sevgisindən danışır. "Kiyevdə doğulub, amma Bakıda böyüyüb. Beş yaşı olanda anası intihar edib. Səbəb stalin olub. Anası barmağında almaz üzüyünü Stalinə göndərib. Fəhlə hərəkatına yardım məqsədiylə. Bundan xəbər tutublar. Güman ki, elə ona görə də intihar edib".

O, Hitlerin Məhəmməd Əsəd bəyə münasibətindən, Almaniyanı tərk edib İsveçrəyə getməsindən, bir müddət üzləşdiyi aclıqdan, imzasının Qurban Səid olma səbəblərindən danışdı.

"Əli və Nino"nun tərcümələri arasındakı fərqlərdən də danışdıq. Söhbətə fasilə vermədən bir kofe dəmlədi.

Amma, iki saatdan çox vaxt ötmüşdü. Aeroporta getmək lazım idi. "Əli və Nino"nun ilk nüsxəsinin fotosunu çəkirəm. Bir də kitab dolabı önündə Hansı. Yalnız özün üçün deyir.

Mənə elə gəlir ki, sənin kitabın hazırdı artıq, deyirəm. Gülür. Demək olar ki, deyir. Görüşdüyümüz meydana qayıdırıq. İllərin dostları kimi ayrılırıq. Son sözü " bu qədər məni heç kəs, heç vaxt dinləməyib", oldu.

Bakıya enəndə məktub aldım. "Məni maraqla dinlədiyinə görə təşəkkür edirəm. Hiss etdim ki, üzdüyüm gəmidə tənha deyiləm. Mənim 52 yaşım var. Sağlam olsan da, vəsiyyətimi yazmışam. Qurban Səidlə bağlı bütün arxivimi Alman Milli Kitabxanasına vəsiyyət etmişəm. Bildiklərinin yalnız iyirmi faizindən də azını danışa bildim. Qalanı qaldı. Başqa vaxta, Hans".

Hələ də ağlımda Hansdı. Necə ola bilər ki, heç zaman Azərbaycanda olmadan, həyatının on ilini, vəsaitini, düşüncələrini bir kitaba, tarixdə qalan bir düyünü açmağa həsr edəsən.

Məgər bu, böyük insan ruhunun və kitaba olan sevginin qüdrəti deyilmi.

İndi isə növbəti kitabları tövsiyyə edirəm:

1.Ziqfrid Lentsin "Məhəbbət yuvası" hekayələr kitabını gözdən qaçırmayın. Hekayələr ustasını tanıyın.
2.Knut Hamsunun hər üç kitabı, "Aclıq", "Torpağın bərəkəti", "Misteriyalar" romanlarını tövsiyə edirəm. "Misteriyalar"ı ən sonda oxuyun.

3.Xuan Rulfonun "Pedro Paramo", Markes, Borxesi oxuyanlar gərək ki, bu imzaya biganə qalmasınlar.

Sonda isə öz ünvanımı qoyuram, yeni tərcümələrlə bağlı təkliflər, iradlarınızı yazın.

Sizdən gələn hər məktubu incələyirəm, təkliflərinizi ayrıca qeyd edirəm.

İradlarınızı isə məsul olan şəxsə göndərirəm.

Hörmətlə, Şahbaz Xuduoğlu.

Bakı fevral 2014.

Məktubu bu ünvana yazın: [email protected]

Bakı Az 1102, Tbilisi pros, 76.

Tarix
2014.02.23 / 11:51
Müəllif
Şahbaz Xuduoğlu
Şərhlər
Digər xəbərlər

Bakının mərkəzində 100 illik mədəniyyət talan edilir

Məşhur futbolçunun cəsədi tapıldı

Selincer qul kimi sevdi, Çaplinə arvad oldu... - Foto

Kim haqlıdır?

Gözümü açanda gec idi... – II hissə

Gözümü açanda maşın yoldan çıxmışdı...

Tomaşın faciəsi - Günün kədərli məktubu

Siyasi rejimlərin kardioloqu

Günlərlə gülümsəməyənlərin dili

Sevdiyim 10 kitab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla