Yuxarı

Atatürk Barış mükafatından imtina edən böyük adam… - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azadlığa gedən uzun yol

Yola saldığımız ilin 5 dekabr günü Nelson Mandelanın həyatı haqqında çəkilən sənədli filmin Londonda premyerası keçirildi. Bu premyeranın yadda qalmasını təmin edəcək səbəb təkcə filmin uğurlu olması deyil, həm də acı bir təsadüf oldu. Çünki filmin qəhrəmanı olan siyasətçinin ölüm xəbərini qonaqlar məhz "Mandela: Azadlığa gedən uzun yol" adlı filmin nümayişi zamanı eşitdi.

Premyeranın təşkilatçıları film nümayişini yarımçıq dayandırmaq istəsələr də, Mandelanın qızları iştirakçılara filmə sonadək baxmağa icazə verdi. Xarici mətbuat orqanlarının verdiyi məlumatda bildirildi ki, final titrlərdən dərhal sonra siyasətçinin qızları zalı tərk edib. Filmin prodüsseri olan Anand Sinqx nümayişdən sonra Mandelanın ölümünü zaldakılara elan edib və onun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Filmin premyerasında xanımı şahzadə Keytlə birlikdə iştirak edən Britaniya şahzadəsi Uilyams siyasətçinin ölümündən çox kədərləndiyini bildirərək Nelson Mandelanı "çoxlarını ilhamlandıran qeyri-adi adam" adlandırıb. Filmdə Nelson Mandelanın obrazını yaradan İdris Elba isə "Mən bu hadisədən sarsılmışam və dünyadakı hər kəs kimi matəm içindəyəm. Biz dünyanın ən böyük adamlarından birini itirdik. Onunla tanışlıq mənim üçün böyük şərəf idi",- deyib.

Mister Mandela, bu həftə siz ölməyəcəksiz!

Nelson Mandelanın həyatı ilə tanış olarkən onun öz səhhətini daim nəzarət altında saxlayan biri olduğunu gördük. O, qeydlərinin birində yazır: "Daimi tibbi müayinəni sevirəm. Adətən həkimlər mənə belə deyir: "Mister Mandela, bu həftə siz ölməyəcəksiz!"

Görəsən, onun yaşadığı son həftə həkimləri Mandelaya nə demişdi? Qeyd etdiyimiz kimi "Mandela: Azadlığa gedən uzun yol" adlı filmin nümayişi zamanı siyasətçinin qızları da Londondakı premyerada iştirak edirdi. Atalarının ölüm xəbərini almaq onlar üçün gözlənilməz deyildi. Çünki Mandela uzun müddətdi ki, xəstə idi və vəziyyəti olduqca pis idi. Premyeradan əvvəl Mandelanın qızı Zindzi "Atamın vəziyyəti yaxşıdır. Sadəcə, 95 yaşda belə vəziyyət tipikdir", - deyə, açıqlama vermişdi.

Qeyd edək ki, sabiq prezident son aylarda səhhətində ciddi problemlərlə üzləşirdi. Onun ağ ciyərində baş verən infeksiyalar Cənubi Afrika liderinin tez-tez xəstəxanaya müraciət etməsi ilə nəticələnirdi. Yaşı və xəstəliyi səbəbilə zəifləyən Mandela həyatının son günlərini doğma Şərqi Keyp vilayətində uşaqlığının keçdiyi evdə sakitcə yaşamağa üstünlük verirdi. Mandela buranın onun üçün ən rahat yer olduğunu deyirdi.

Dünyanın ən məşhur məhkumu

Bantu dil qrupuna aid olan kosa dilində danışan Tembu qəbiləsinin rəhbərinin oğlu olan Mandela 1918-ci il iyulun 18-də CAR-ın Umtatı əyalətində anadan olub. Orta məktəb təhsilindən sonra Forta-Herd Universitetinə qəbul olunan Mandela siyasi cərəyanlara da elə burada qoşulur. 1940-cı ildə tələbə tətilində iştirak etdiyinə görə oradan qovulur və bundan sonra Yohannesburqda mədən qarovulçusu, hüquq məntəqəsində işçi kimi çalışır. Amma o, təhsilini davam etdirməyi qarşısına məqsəd qoymuşdu. 1943-cü ildə Mandela Vitvatersrand Universitetinə daxil olur. 1948-ci ilə qədər oxusa da, hüquqşünas diplomu ala bilmir. Sonra o, London Universitetində təhsil alır, amma oranı da bitirməyə müvəffəq olmur. Bakalavr dərəcəsini Mandela yalnız 1989-cu ildə - həbsinin son aylarında ala bilir. Belə ki, həbsdə yata-yata o, Cənubi Afrika Universitetində qiyabi təhsil alır.

1944-cü ildə Afrika Milli Konqresinin Gənclər Liqasına daxil olan Mandela qısa müddətdə liderlərdən birinə çevrilib. 1950ci illərdə aparteidə (irqi ayrıseçkilik) qarşı ən fəal mübarizlərdən biri olan siyasətçi dəfələrlə həbs olunsa da, o əqidəsindən, mübarizəsindən geri dönmür. Hətta o, 1956-cı ildə dövlətə xəyanətdə ittiham olunur, amma 1961-ci ildə bəraət alır.

Mandela, 1961-ci ildə "Xalqın mizrağı" adlanan yeni bir təşkilat qurur. İngiltərə və Afrika ölkələrini dolaşan Mandela Afrika ölkələri ilə sosialist ölkələrdən silah və pul yardımı təmin edir. Onun təşkilatın inkişafı üçün çalışmaq, Cənubi Afrikanın hüdudlarından kənara səyahət edərək beynəlxalq münasibətlər qurmaq və dəstək axtarmaq missiyası 1962-ci il avqustun 5-də həbs olunması ilə nəticələnir. O, insanları qanundankənar nümayişə cəlb etmək və keçərli sənədə sahib olmadan Cənubi Afrikadan kənara çıxmaq, xalqı mübarizəyə səsləmək, sabotajlar və sui-qəsdlər təşkil etmək müddəalarıyla 5 il azadlıqdan məhrum edilir. Mandela İsland adasında cəzasını çəkərkən 1963-cü ildə polis Afrika Beynəlxalq Konqresinin yeraltı mərkəzini tutur, nümayiş planını və digər sənədləri ələ keçirir. Bu hadisədən sonra Mandela və dostları Cənubi Afrika dövlətini devirmək üçün gizli planlar qurmaq iddiasıyla "ağ rəhbərlik" tərəfindan ömürlük həbsə məhkum olunur. O, xalqın tam hissəsinin təmsil edilmədiyi və ağların hakim olduğu parlamentin çıxardığı qanunlara riayət etmək məcburiyyətində olmadığını müdafiə edirdi. Bu hərəkəti ilə Mandela irqi ayrıseçkiliyə qarşı mübarizə aparan afrikalı qaradərililərin rəmzi simvoluna çevrilir.

Mandela cəzasını öncə Robben adasında, daha sonra Pollsmur həbsxanasında çəkir. Bu ərəfədə onun azad olunması üçün 1990-cı ildə, yəni 27 il sonra razılıq veriləcək beynəlxalq kampaniya təşkil olunur. O, CAR prezidenti Frederik de Klerk tərəfindən heç bir şərt olmadan sərbəst buraxılır. Dünyanın ən məşhur məhkumu olan Mandela bu zaman 71 yaşında idi. Onun sərbəstliyinə Cənubi Afrika qaradərililəri ilə yanaşı, bir çox ağdərili insanlar da sevinirdi.

Mübarizə mənim həyatımdır

Həbsxanadan çıxdıqdan sonra Afrika Beynəlxalq Konqresinin rəhbəri olan Mandela avtobioqrafiyasını yazır və dövlət başçısı Frederik de Klerklə birgə irqi-ayrıseçkiliyə qarşı mübarizəyə başlayır. Nelson Mandelanın rəhbəri olduğu Afrika Xalq Konqresinin irqi ayrıseçkiliyə qarşı uzun illər davam edən mübarizəsi, 18 Mart 1992-ci il tarixində nəticəsini göstərir. Belə ki, bu tarixdə qaralara bərabər vətəndaşlıq haqqı verən və dövlət başçısı De Klerk tərəfindən planlanan qanun dəyişikliyi xalq səsverməsi ilə qəbul edilir. Mandela 1994-cü ildə bütün xalqın iştirak etdiyi və Afrika Beynəlxalq Konqresinin yüksək fərqlə qazandığı seçimin qurulması, irqi-ayrı seçkiliyin sona çatdırılması üçün görüşlər təşkil edir.

Ömrünü xalqının yolunda fəda edən, "mübarizə mənim həyatımdır və həyatımın sonuna qədər qaradərililərin azadlığı üçün mübarizə aparacağam", - deyən siyasətçi 1994-cü il mayın 10-da Cənubi Afrikanın ilk qaradərili dövlət başçısı kimi tarixə düşür. Dövlət başçısı olaraq bir sıra yeniliklərə imza atır. Yeni qanun toplusu və torpaq islahatı, yoxsulluqla mübarizə və sağlamlıq istiqamətində qanunlar hazırlanır. Keçmişdə yaşanan insan haqqları ilə bağlı problemlərin həll edilməsi üçün Doğruluq və Uzlaşma Komissiyasını təşkil edir. Cənubi Afrika üçün gördüyü bütün işlərə baxmayaraq o, 1999-cu ildə keçirilən prezident seçkisində iştirak etməyi rədd edir. Bu dəfəki seçkilərdə isə onun köməkçisi Tabo Meki prezident seçilir. Mandelanın isə həyatının bundan sonrakı dövrü xalq lideri kimi xeyriyyə işlərində yer alır və daha çox yoxsulluq və AİDS ilə mübarizə aparır.

Unutmağı bacarmıram, lakin bağışlaya bilirəm...

Xalqı üçün təsəvvür edə bilməyəcəkləri qədər tarixi işlər görən, onlara insan kimi, ölkənin hüquqlu vətəndaşı kimi münasibət göstərilməsini təmin edən Nelson Mandela adı qəlblərdə və xatirələrdə sevgi və hörmət hissi ilə xatırlanır. Afrikalılar Mandela olmadan bunun gerçəkləşə bilməyəcəyinə inanır. Cənubi Afrikada "Xalqın atası" adını qazanan, eyni zamanda məxsus olduğu qəbilənin böyüklərinin ona verdiyi Madiba adı ilə də xatırlanır. Azadlıq savaşçısı kimi tanınan Mandela 40 il ərzində 250-dən çox mükafata layiq görülüb. Bunların içərisində Nobel Sülh Mükafatı (1993), Amerika Birləşmiş Ştatlarının Rəhbərliyinin Müstəqillik Medalı, Sovet Lenin ordeni (1962), Nehru Medalı (1979), Bruno Kreys İnsan Haqları Medalı (1981), UNESCO-nun Simon Bolivar Mükafatı (1983) da vardı. Qeyd edək ki, siyasətçi Nobel Sülh Mükafatını 1993-cü ildə CAR prezidenti Frederik de Klerklə birgə aparteidlə mübarizədə xidmətlərinə görə alıb. Onu da deyək ki, Mandela Türkiyə Cümhuriyyəti tərəfindən ona verilməsi qərarlaşdırılan 1992-ci il Atatürk Barış mükafatını almağı qəbul etməyib.

2008-ci ildə ABŞ-nın terrorist siyahısından adı çıxarılan Mandelanın həyatı təkcə siyasi məqamlarla zəngin deyil. Siyasətçinin həyatında olan maraqlı faktlardan biri adı ilə bağlıdır. Belə ki, onun əsl adı Cənubi Afrikada "problem yaradan" mənasını verən "Rolihlahla" idi. "Nelson" adı isə ona ibtidai təhsil aldığı ilk günlərdə müəllimi tərəfindən verilib. Müəlllimi tərəfındən hansı səbəbdən bu adın verildiyi isə dəqiq bilinmir.

Rejissor Spayk Linin "Malkolm X, 1992" filmində qısa rol alan Mandela burada şagirdlərə dərs keçən müəllim rolunda oynayıb. Siyasətlə yanaşı, Mandelanın maraqlandığı digər sahə boks idi. Özü boksdakı şiddəti sevmədiyini, lakin bu idman növünün texnikası ilə daha çox maraqlandığını söyləyirdi. O, yemək məsələsində dünya siyasi liderlərindən çox fərqli idi. Mandelanın ən çox sevdiyi xörək heyvan qarnından hazırlanan şorba idi. O, şeiri də çox sevirdi. Şeir onun ilham mənbəyi idi. Robben adasında həbsdə olduğu illərdə məhbuslara Uilliam Ernest Henleynin "Yenilməz" adlı şeirini tez-tez oxuyardı. Ona həsr olunan filmdə isə Mandela olaraq Morqan Friman deyir: "Mən taleyimin ağasıyam. Ruhumun kapitanıyam".

Tarix
2014.02.11 / 22:16
Müəllif
Könül Əhədova
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla