Yuxarı

İsa Şahmarlının intiharı bizi düşündürməlidir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist, "Mediaforum" saytının Baş redaktoru Azər Qaraçənlinin "1937.az"a müsahibəsi.

- Azər müəllim, uzun illərdir sizi müxtəlif tədbirlərdə, məclislərdə müşahidə edirəm. Niyə kənardan baxanda dənizdə gəmiləri batmış adamı xatırladırsınız?

- Dalğınlıq yaradıcı adam üçün xarakterik vəziyyətdir. Qıraqdan baxanda fikirli görünürəmsə, yəqin ki, bunun bir səbəbi burdan gəlir. O biri yandan qayğılar da az deyil. Ancaq mən onun tərəfdarıyam ki, neçə gəmi batır batsın, insan nikbinliyini, ümidini saxlamalıdır. Və mütləq bunu elə etməlidir ki, batan gəmilərin xatirəsi təhqir olunmasın. Yəni insan nikbin olmalıdır, amma ağrılara da laqeyd olmamalıdır. Mən ağrıları alçaltmayan xoşbəxtliyin tərəfdarıyam. Üzən gəmilərə baxıb sevinmək lazımdır və bunu elə etmək lazımdır ki, batmış gəmilərin ruhu inciməsin. Ola bilər, mən doğrudan da qıraqdan baxanda gəmiləri batmış adam kimi görünürəm. Amma inanın ki, mənim qəlbimdə böyük bir ümid, nikbinlik dənizi də var. O dənizdə batmaq yoxdur.

- Çox nikbin olduğunuzu, gələcəyə inamla yanaşdığınızı deyirsiniz, amma hələ də subaysınız. İnandığınız gələcəyə gedən yol həm də ailə qurmaqdan keçmirmi?

- Mən ailəyə çox böyük dəyər verirəm. Ailə göstərir ki, insan bir-birinə necə doğma ola bilər və necə doğma olmalıdır. Dünyada insan doğmalığına ailədən güclü örnək yoxdur. Ailə həm də Tanrının insana bir işarəsidir: yəni görün sizdə necə böyük doğmalıq, canıyananlıq, humanizm var, başqalarına da belə olun. Mən insan doğmalığının, insan humanizminin ailədə açılan, ailədə üzə çıxan formasını bütün dövrlərə, eləcə də indiyə və gələcəyə örnək sayıram. İnsan bundan nəticə çıxarmalıdır. Sualınızın qalan hissəsindən isə danışmaq istəmirəm, inciməyin.

- Siz ixtisasca psixoloqsunuz. Bir məsələyə münasibətinizi bilmək istərdim: Sizcə, Azərbaycanda seksual inqilab olsa, bunun ölkənin digər problemlərinin həllinə faydası nə qədər olar?

- Mən əksini düşünürəm. Başqa problemlər həllini tapsa, insanların seksual münasibətlərindəki problemləri də həll etmək asanlaşar. Başqa problemlər deyəndə həm maddi, həm mənəvi, həm ictimai, həm də siyasi problemləri nəzərdə tuturam.

Əslində, dünyada seksual inqilab deyilən bir şey yoxdur. Bu, şərti termindir, onu rəmzi mənada qəbul etmək lazımdır, birbaşa, hərfi mənada qəbul etmək olmaz. Dünyada yalnız seksual həyata münasibətin kamilləşməsi, təkamülü var. Yox, mən səhv edirəmsə, doğrudan da dünyada seksual inqilab varsa və ya ola bilərsə, onda mən onun tərəfdarı deyiləm. Seksual həyata münasibət kamilləşməlidir. Kamilləşmə təkamüllə olur. Mən bunun tərəfdarıyam. Uzun müddətdir bu təkamül prosesi gedir. Düzdür, hansısa məqamda bu proses dayana, hətta müvəqqəti tənəzzülə də uğraya bilər. Amma dayansa da, tənəzzülə yuvarlansa da, bu, müvəqqəti olacaq. Seksual həyata münasibətin kamilləşməsi prosesi hər cür əks prosesdən üstün tendensiyadır. Bu, qalib tendensiyadır, onu ləngitmək olar, amma sıradan çıxarmaq mümkün deyil.

- Mən bildiyim təkamülün həyata keçməsi üçün uzun illər lazımdır. Ətrafımız isə sevdiyi adamla azad münasibətdə yaşaya bilməyən aqressiv adamlarla doludur. Siz seksual inqilab terminini şübhə altına alsanız da, nə ad verməyinizdən asılı olmayaraq, sürətli dəyişiklik, yəni seksual inqilab seksual həyatdakı problemləri indiki zamanda, tez həll edə bilər. Təkamül öz missiyasını həyata keçirənə kimi biz vaxt itirəcəyik və seksdən zədəli nevroz nəsillər yetişdirəcəyik...

- Bəli, dedikləriniz kədərlidir. İnsanların qurban getməyinin qarşısını almağa çalışmaq lazımdır, amma qurban verməməklə. Əgər doğrudan da seksual inqilab olubsa və ya ola bilərsə, onda bir məsələyə ciddi diqqət yetirmək lazımdır: onun qurbanları olubmu, ola bilərmi? Mən dinc dəyişikliyin tərəfdarıyam. Seksual inqilab dinc inqilabdırmı? Bunu dəqiqləşdirmək gərəkdir. Seksual inqilab o vaxt faydalı ola bilər ki, birincisi – qansız, qurbansız olsun, ikincisi – insanı özünün və başqalarının seksual həyatına münasibətdə kamilləşdirsin. Seksual inqilab bunu bacaracaqmı? O, seksual həyata münasibətdə başqa bir ifratçılığa – instinktlərin anarxiyasına gətirib çıxarmayacaq ki? Nəticədə seksual inqilabın özünü aradan qaldırmaqdan ötrü yeni bir inqilaba zərurət yaranmayacaq ki? Və ən sonda cəmiyyət bir vaxt seksual inqilabla üstündən sıçrayıb keçdiyi mərhələyə qayıtmayacaq ki? Belə suallar var. Çıxış yolu yenə təkamüldədir. Səbirlə, addım-addım irəliləməkdən başqa düzgün yol yoxdur.

- Sovet dövründə yaranan Azərbaycan ədəbiyyatına münasibətiniz necədir? Radikal gənclər o əsərləri köləlik dövrünün kölə ədəbiyyatı adlandırır...

- Gənclərin radikal yanaşmada olması təbiidir. Bir az yaşlanan kimi bu yanaşmanı özləri təkzib edəcəklər. Sovet dövründə yaranmış ədəbi əsərlərin yalnız bəzisini kölə ədəbiyyatı adlandırmaq olar. Ancaq bunu hamısına aid etmək, əlbəttə ki, yanlışdır. Sovet dövründə həqiqi sənət əsəri az yaranmayıb. Nəinki ideoloji cəhətdən sovet sistemindən azad olan və yaxud həmin sistemin əleyhinə olan, hətta ideoloji cəhətdən sovet sisteminin təbliği üçün yazılmış əsərlərin arasında yüksək sənət nümunələri var.

- Ümumiyyətlə, ideologiyanın sənətə təsiri daha çox müsbət yöndə olur, yoxsa mənfi?

- Sırf dövlət ideologiyasını nəzərdə tutursunuzmu?

- Xeyr, ümumilikdə ideologiya. Məsələn, bütün qəlbi ilə Allaha inanan, yer üzündə konstitusiya kimi bir tək "Quran"ı tanıyan adam bəşəriyyətin qazancı sayıla biləcək bir əsər yarada bilərmi?

- Əlbəttə, yarada bilər. Dünya belə böyük sənət əsərləri ilə doludur. Faktiki olaraq siz burada ideologiya deyəndə ideyanı, insanın hansısa bir yola, xəttə inamını nəzərdə tutursunuz. Bu, sənətə yalnız o vaxt mənfi təsir göstərə bilər ki, insan həmin ideyaya ürəkdən inanmasın. Ürəkdən inananda sənətə mənfi təsiri yoxdur. Ürəkdən gəlməyəndə isə istər ideoloji olsun, istər qeyri-ideoloji - əsər zəif alınacaq, həmin əsərdə səmimiyyət, təbiilik çatışmayacaq.

- Son dövrlər azərbaycanlı radikal islamçıların Suriyadakı döyüşlərdən gələn xəbərlərinin ardı-arası kəsilmir. Bunun qarşısını necə almaq olar? Sizcə, islamın hansı qolu daha çox təbliğ olunmalıdır ki, gənclər radikalizmə meyilli olmasın?

- Yeni dövrdə dini radikalizm bizim vətənimizə əsasən qloballaşma nəticəsində ayaq açıb. Qloballaşma yaxşı prosesdir, amma onun belə ziyanlı cəhətləri də var. Biz qloballaşmanın qarşısını almaq haqda düşünməməliyik, buna heç gücümüz də çatmaz. Qloballaşmadan fayda götürməli, onun mənfi təsirlərini isə minimuma endirməliyik. Gənclərin radikalizmə meyillənməsinin qarşısını almağın siyasi yolunu demokratikləşmədə, iqtisadi yolunu azad sahibkarlığın inkişafında görürəm. Bu, insanları dünyəvi dövlət quruluşunun indiki dövrdə ən yaxşı ictimai-siyasi münasibətlər sistemi olduğuna bir daha inandırardı. Ancaq dini radikalizmin qarşısını almaq üçün bunlar yetərli deyil. Başqa işlər də görülməlidir.

Siz soruşdunuz ki, islamın hansı qolu təbliğ olunmalıdır. Əlbəttə ki, liberal qolu. Məsələn, Tanrı "Quran"da Məhəmməd peyğəmbərə deyir ki, sən insanların üzərində hakim deyilsən, sən yalnız öyüd-nəsihət verənsən, təbliğatçısan. Əgər Tanrının elçisi hakim deyilsə, onda başqaları nə haqla hakimlik edir? İslamda Tanrının rəhimli və mərhəmətli olduğu aşılanır. "Bismillahir-rəhmanir-rəhim", yəni "Mərhəmətli, rəhimli Allahın adıyla" – əsl müsəlman hər işə bu sözlə başlayır. "Quran" surələri bu sözlə açılır. Ona görə də rəhimli və mərhəmətli Allah təbliğ edilməlidir.

Tanrı liberaldır. Məncə, dini radikalizmin qarşısını almağın ən yaxşı yollarından biri bunu təbliğ etməkdir. İlahi liberalizm təbliğ olunmalıdır. Ancaq təəssüf ki, bunu təbliğ edən azdır.

- Nikbinlik, liberalizm, təkamül... Bu qədər intiharın yayıldığı, depressiv meyillərin gücləndiyi bir vaxtda bütün bu mütərəqqi duyğuları necə qoruyub saxlaya bilirsiniz? Yəqin Allaha çox inanırsınız...

- Mütərəqqi duyğuları qorumaq mənə asan başa gəlmir. Çünki mənim içimdə bunun rəqibiylə mübarizə də gedir. Bədbinliyə qapıldığım, zülmətə büründüyüm anlar az olmur. Ancaq sonda yenə işıq yanır, gün doğur, qaranlıq çəkilir. Həm də mənim içimdə gün doğanda qaranlığı əzib doğmur, qaranlığı əzizləyib doğur. Bu, mərhəmətlə, yəni işıq saçmaq üçün doğan gündür, yandırıb yaxmaq üçün doğan gün yox.

Tanrıya çox inandığımı deyə bilmərəm, amma inanıram. Tanrıya çox, həddindən çox inanmaq istərdim. Buna nail olmaq üçün də içimdə mübarizə gedir.

- Homoseksual İsa Şahmarlının intiharı ciddi rezonansa səbəb oldu. Bu intiharı protest kimi dəyərləndirənlər də var idi. Azərbaycan cəmiyyəti homoseksuallıqla münasibətlərini necə qurmalıdır?

- İsa Şahmarlının faciəsi bizi bu məsələlər haqda dərindən düşünməyə vadar etməlidir. Həm ümumiyyətlə intiharlar haqqında, həm də azlıqların, eləcə də cinsi azlığın cəmiyyətimizdəki vəziyyəti haqqında. Azərbaycan cəmiyyətində cinsi azlığa münasibət müdrikləşməlidir. Bu münasibət elə olmalıdır ki, cinsi azlığın nümayəndəsi intihar etməyə nəinki əsas, heç bəhanə də tapa bilməsin.

Cəmiyyətdə cinsi azlığa münasibət üç prinsipə söykənməlidir: şəxsi həyatın toxunulmazlığı; yetkinlik yaşına çatmış, psixi cəhətdən özünü idarə etməyi bacaran insanların könüllü cinsi əlaqələrinə dövlətin və ictimaiyyətin müdaxilə etməməsi; bəyənmədiyimizə dözümlü yanaşmaq. Məhz bu prinsiplər cinsi azlıqları təqib olunmaqdan xilas edə bilər. Tənqid olunmaqdan yox, təqib olunmaqdan, təhqir olunmaqdan.

Yeri gəlib, deyim ki, intiharın əsl səbəbini bilmək də çətindir. Ona görə mən həm "əsas", həm də "bəhanə" sözlərini işlətdim. Bunu təsadüfən demədim. İntiharın kökünü dəqiq bilmək çox çətindir. İntiharqabağı məktublar, intihar edən adamların son bəyanatları da intiharın həqiqi səbəbini izah etməyə bilər. İntihar edən adamın özü onu bu yola yönəldən əsl motivi dərk etməyə bilər. Bunu intihara cəhd göstərən, amma sağ qalan adamlarla aparılan söhbətlər də göstərir. İntihar sirdir. Hətta səbəbi ən aydın şəkildə görünən intiharın da sirri var. Bundan başqa, zahirən əcəl kimi görünən, təsadüfi qəzaların adına yazılan gizli intiharlar var. Yəni lap sirli intiharlar da var.

Bayaq biz Suriyada müharibəyə gedən azərbaycanlı gənclərdən danışdıq. Kim bilir, bəlkə də onların arasında elə adamlar var, Suriyaya yollanmağının əsl səbəbi özünə bir intihar yolu tapmaqdır. Bəlkə də Suriyaya yolu bağlansaydı, avtomobilə oturub onu elə sürətlə sürəcəkdi ki, axırda divara çırpılacaqdı, biz də bu ölümü bir avtomobil qəzası kimi qeydə alacaqdıq. Yaxud da evdə elektrik naqilini düzəldəndə yalın əliylə açıq naqildən yapışacaqdı, nəticədə statistik cəhətdən tok vurub öldürən adamların siyahısına düşəcəkdi.

Təəssüf ki, heç bir iqtisadi, ictimai, siyasi, intellektual inkişaf intiharın qabağını ala bilmir. Mən bilmirəm intihara birdəfəlik son qoymaq üçün nə etmək lazımdır. Bu çox çətin məsələdir, güman ki, mümkün olan məsələ deyil. Ancaq dünya buna çalışmalıdır, bunun yolunu tapmağa çalışmalıdır.

Bütün bunlardan elə çıxmasın ki, mən İsa Şahmarlının intiharının kökündə Azərbaycan cəmiyyətində homoseksuallara olan münasibətin durduğunu inkar edirəm. Yox, mən eləcə demək istəyirəm ki, intiharın səbəbini dərk etmək çətindir. Azərbaycan cəmiyyətində cinsi azlığa olan münasibət həmin azlığın nümayəndəsini intihar həddinə çatdıra da bilər. Bu, mümkündür. Yəni İsa Şahmarlının intiharının kökündə birbaşa cəmiyyətin cinsi azlığa münasibəti dura bilər. Lap birbaşa yox, dolayı səbəb rolunu oynasa da, yenə bu, ciddi siqnaldır və biz ona məsuliyyətlə, vicdanla reaksiya verməliyik. Başa düşməliyik ki, Azərbaycanda cinsi azlığa münasibətin təkmilləşməsinə, kamilləşməsinə, belə məsələlərdə hər kəsin müdrik mövqe tutmasına böyük ehtiyac var.

- Azər müəllim, çox maraqlı söhbət oldu. Sizə təşəkkür edirəm. İstəyirəm bu müsahibənin yekununu siz verəsiniz...

- Yekunda ən əsas söz deyilməlidir. Mən söhbətimizin ruhuna uyğun əsas sözü demək istərdim. Heç kim öz xoşbəxtliyini başqalarının bədbəxtliyi üstündə qurmağa çalışmamalı, hər kəs özünün və başqalarının həyatıyla ehtiyatla davranmalı, özünə və başqalarına həyat eşqi aşılamalı, ümidini itirməməli, ölümü yox, həyatı, radikallığı yox, liberallığı təbliğ etməli və bütün bunları insan ağrılarını danmadan etməlidir.

Tarix
2014.02.10 / 23:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla