Yuxarı

Saqqallı tat “azan çəkməlidir”?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kitabi-Dədə Qorqud" dastanlarının qədim türkcədən müasir dilimizə

izahındakı bəzi qeyri-dəqiqliklər haqqında

2004-cu ildə "Öndər" nəşriyyatı tərəfindən latın qrafikası ilə çap olunmuş bu dastan yeni nəslin tərbiyəsində müstəsna rol oynayır. Odur ki, bu kitabı bir daha diqqətlə oxudum, onun da müasir dilimizə çevrilişində bəzi yanlışlıqların olduğunu gördüm.

İzahlar görkəmli ədəbiyyatşünas alim, professor Samət Əlizadə və Fərhad Zeynalova məxsusdur. Azərbaycanın nüfuzlu alimlərin bu böyük işinə qətiyyən xələl gətirmədən, öz qeydlərimi də verməyi vacib bilirəm. Təbii ki, nöqsan hesab etdiklərim bütün kitabı əhatə etmir. Yalnız bir neçə boy haqqında fikirlərimi verməklə mütəxəssislərin diqqətini bu məsələyə cəlb etmək və gələcəkdə orijinala çox yaxın bir tərcümənin yaranacağına inanmaq istərdim.

I boy. Dirsə xan oğlu Buğac xan boyını bəyan edər, xanım hey!

Səh. 28. "Gəlin oğlanı babasına quvlayalım" cümləsinin izahı belədir: "Gəlin oğlanı babasının gözündən salaq". Əslində, "quvlamaq" "qu" sözündəndir. "Qulaq" sözü də həmin kökdəndir; səs, küy və s. mənasını verir. Küyləmək - gopa basmaq, yalan danışmaq, şişirtmək kimi mənalarda indi də işlənir. Məncə, bu cümlə "gəlin oğlandan babasına küyləyək" kimi izah olunmalıdır.

Səh. 29. "Keyigi qovardı, gətirərdi, babasının önində sinirlərdi" cümləsi belə izah olunur: "Keyiki qovardı, gətirərdi, atasının qarşısında qıcıqlandırıb-acıqlandırardı".

Açıq görünür ki, izah müəllifləri "sinirləmək" sözünün "acıqlanmaq", "hirslənmək" variantını əsas götürmüşlər. Halbuki "sinir" sözünün "sərhəd" kimi anlamı indi də işlənir. "Sinirlərdi" sözü də burada "qabağını kəsərdi, dayandırardı, qaçmağa qoymazdı" mənasında işlənib.

Elə həmin səhifədəki şeirdə "Saqqallu bozac turğay sayradıqda" misrası "Saqqallı boz, ac torağay ötdükdə" kimi verilib. "Sayradıqda" - "səyridikdə" deməkdir. Burada "ac" sözü yoxdur, "Bozca saqqallı" ifadəsindəki şəkilçi belə işlənib. Torağay özü çil-çil olsa da, həqiqətən saqqallı və boz olur. Bu şeirdə sübh vaxtının portreti verilmişdir, özü də dahiyanə şəkildə.

"Bədəvi atlar issin görüb oqradıqda" misrası belə verilib: "Bədəvi atlar yiyəsini görüb kişnədikdə". Orijinalda "kişnəmək" yoxdur, "oqramaq" var. Bu, indi də işlənən "oxramaq" sözüdür ki, "yavaşdan səslənmək"dir.

Daha sonrakı "Saqalı uzun tat əri banladıqda" misrası "Saqqalı uzun tat kişi azan çəkəndə" kimi verilmiş, nədənsə "banlamaq" sözü "azan çəkmək" kimi başa düşülüb. "Ban" - "hündür, uca" və s. mənasını verir. "Evin banı", "xoruz banı" sözləri eyni kökdən gəlir. Tat ərinin banlaması - bərkdən səslənmək, hay-küy salmaq kimi başa düşülməlidir. Tatların İrandan Azərbaycana köçürülməsi məlumdur, indi də yəhudi, xristian və müsəlman tatlar Azərbaycanda yaşayırlar. Vaxtilə ağır durumda və mühacir həyatı yaşayan bu etnos haqqında dilimizdə çoxlu deyimlər yaşamaqdadır.

Buradan da aydın olur ki, tat kişiləri sübhdən mal-qaranı örüşə haylayır, işə çıxır, hay-küyləri eşidilir.

Səh. 32. "Tanrı verən tatlı canın seyranda imiş, endi dəxi" misrasının izahı "Tanrı verən şirin cana gəldin daha" kimi verilib. Əslində, "seyran" sözü "gəzmək" mənasını verdiyi üçün ruhun bədəndən ayrılıb gəzməyinə işarədir. İslam fəlsəfəsinə görə, ruh 2 cürdür:

1) Ruhi-heyvani.

2) Ruhi-seyrani.

Birincisi canlılığı, diriliyi təmin edir, ikincisi isə insan yatarkən, xəyala dalarkən, ölərkən gəzir, seyr edir. Odur ki, bu misra "ölmüşdün, dirildin" mənasındadır.

Yenə orada "Yalabıdaq gözün açdı" cümləsi "Azacıq gözünü açdı" kimi verilir. Qədim türk dilində "yalab" sözü alovun şöləsi, parıltı, işıq mənasında işlənirdi. Amma zahiri oxşarlığa görə, söz səhv başa düşülüb. "Parlaq gözünü açdı" kimi izah edilməlidir.

Səh. 33. "Bərü gəlgil, aq südün əmdigim, qadunım!" misrasındakı "qadunım" sözü, nədənsə, "xanım" kimi izah edilir. İndi də işlənən "qadın" sözü "xatun", "katun" variantlarında işlənib.

Yenə də orada "Yaramı sığadı" ifadəsi "Yarama əl gəzdirdi" kimi verilib. "Sığamaq" sözü müasir dilimizdə də anlaşıldığı halda, niyə dəyişdirilməlidir?

Səh. 36. "Qırq yigidinə dilbənd saldı" cümləsi "Qırx igidinə çalmasını yellədi" kimi izah olunur. "Dilbənd" nədənsə "çalma" kimi başa düşülmüşdür. Əvvəla, döyüşdə çalma qoyulmur. İkincisi, o qarışıqlıqda yellənən çalma çətin ki, görünər. "Dilbənd" - "fit" deməkdir. Xüsusi alət olmadan 2 cür fit çalmaq olar; barmağın köməyi ilə və barmaqsız, dili xüsusi üsulla qatlayıb fit çalınır.

Burada "dilbənd" sonuncu mənadadır. Özü də "dilbənd saldı" kimi verilib dastanda. Dilimizdəki "Səs salmaq", "hay-küy salmaq" və s. kimi tərkiblərdə də "salmaq" sözü işlənir...

Tarix
2014.02.09 / 22:40
Müəllif
Həbib Həbiboğlu
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla