Yuxarı

Türk tarixçiləri bizdən nə istəyir?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Türkiyənin "Haberturk" kanalının "Ötəki gündəm" verilişinə baxdım. Verilişdə şiəliyin və sünniliyin tarixi haqqında müzakirələr aparılırdı.

Mənim tarix haqqında danışmaq fikrim yoxdur, bu mütəxəssislərə aid bir işdir. Ancaq veriliş boyu Azərbaycan Səfəvilər dövlətinin hökmdarı Şah İsmayılın İran şahı kimi təqdim olunması hesab edirəm ki, Azərbaycan türklərinin dövlətçilik tarixinə bir həqarətdir. Bu fikirləri verilişdə iştirak edən tarixçilərin Azərbaycana qarşı qərəzli münasibəti ilə bağlamaq bəlkə də doğru olmazdı. Çünki bu günə qədər istər Türkiyə, istərsə də dünyada Səfəvilər xanədanı İran dövləti kimi qəbul edilib.

Halbuki Şah İsmayılın Azərbaycan hökmdarı olması o qədər açıq bir həqiqətdir ki, bunu müəyyənləşdirmək üçün heç mütəxəssis olmağa da ehtiyac yoxdur. Dövlətin paytaxtı Təbriz, rəsmi yazışmalar türk dilində, bütövlükdə Azərbaycan ərazilərini əhatə edən türk mənşəli Səfəvilər dövlətini İran dövləti saymaq üçün heç bir tarixi əsas yoxdur. İranın o zaman Səfəvilər dövlətinin tərkibinə daxil olması isə bu dövlətin fars dövləti sayılması üçün əsas ola bilməz. Eyni məntiqlə bu gün ərəb ölkələrinin də Osmanlı imperiyasının tərkibinə daxil olduğunu əsas gətirib bu imperiyanı Ərəb dövləti adlandırmaq nə dərəcədə doğru olardı?..

Təbii ki, bu açıq və aydın şəkildə yanlış, təhrif sayılan bir yanaşma olardı. O halda nədən Səfəvilər dövlətini türk tarixçiliyi İran dövləti kimi qəbul etməlidir?

Müasir milli dövlətlər meydana çıxmadan öncə dövlətlər yerləşdikləri əraziyə, milli kimliyə görə deyil, hakimiyyəti quran, əlində saxlayan sülalənin adı ilə adlandırılıb. Necə ki, türk dövləti sayılan Osmanlı onu quran Osmanın adı ilə adlandırılırdı, eləcə də Şah İsmayılın qurduğu dövlətin də adı onun babası şeyx Səfinin adı ilə bağlıdır.

Bu məsələnin detallı şəkildə gündəmə gətirilməsi və tariximizin İran əsarətindən çıxarılması tarixçilərin işidir. Bəs niyə bu günə qədər bunlar edilməyib? Qərb tarixçiliyi bir tərəfə dursun, Türkiyə də bizim tarixi İran tarixi kimi qəbul edirsə, bunun günahı kimdədir? Əlbəttə ki, özümüzdə...

Niyə Azərbaycanın əvvəlki dövrlər bir yana, heç olmasa orta əsrlər dövrünün gerçək şəkildə öyrənilməsi və təqdim olunması üçün sərhədlərimizdən kənarda bircə təşəbbüs belə göstərilmir? Azərbaycan Elmlər Akademiyasının Tarix institutu deyilən bir qurum var. Bundan əlavə ölkə Universitetlərində kifayət qədər tarixçi potensialı olduğu halda, tariximizi tanıtmaq, dünya tarixçiliyində bizim İran içərisində yox sayılmağımızı aradan qaldırmaq üçün niyə ciddi bir fəaliyyət proqramı hazırlanmır?

Bu gün Avropa ölkələrində olan muzeylərdə Azərbaycan tarixinə aid dəyərli sənət nümunələrinin demək olar ki, hamısı İrana məxsus əşyalar kimi təqdim olunur.

Nə çətin, müşkül məsələdir ki, ilkin başlanğıc kimi ölkəmizdə, Türkiyədə nüfuzlu, tanınmış tarixçilərin iştirakı ilə dövlətçilik tariximizin bizə, Azərbaycana aid olduğunu sübut etmək, araşdırmaq üçün elmi konfranslar keçirilsin? Təbii ki, istək olarsa, heç də çətin deyil. Bundan əlavə tariximizə aid kitabların Türkiyədə, Avropa ölkələrində çap edilməsi də dövlətin görməli olduğu işlərdən biridir.

Nə qədər ki, bunları edə bilməmişik, heç kimdən inciməyə haqqımız yoxdur. Hər halda AMEA-nın Tarix institutunun bu məsələlərə münasibəti maraqlı olardı.

Nə yalan söyləyim, illərdir bu işləri görməyən, amma özünü tarixçi adlandırıb ölkə daxilində tarixdən başqa hər işlə məşğul olanların bunların təəssübünü çəkəcəyinə şübhə ilə yanaşıram.

Tarix
2014.02.07 / 18:04
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla