Yuxarı

Bülbül kimi aparıcılar...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus tv-lərindən birində aparıcı sözün həqiqi mənasında məharətini nümayiş etdirir. Az qala bir nəfəsə və uzun müddət xəbərləri yanıltmac şəklində deyir, nə dili topuq çalır, nə də ilişir, sadə və səmimi görünüşü, həm də əyninə gözəl oturmuş qiyafəti ilə adamda özünə qarşı sayğı yaradır.

Eyni zamanda təmsil etdiyi dilin zənginliyini qürurla nümayiş etdirən aparıcı sanki bununla qürurludur və açığını deyək ki, nümayiş etdirdiyi məharət üçün bunun haqqı da çatır.

Teleaparıcının məharəti və səmimi, sadə görünüşü məndə qibtə hissi yaratdı və düşündüm ki, görəsən Azərbaycan tv-lərində nə zaman bu səviyyədə danışanı demirəm, sadə və şux geyimi ilə adamın zövqünü oxşayan aparıcılar görəcəyik?!

Azərbaycan teleməkanında aparıcıların ölçülərindən böyük olan, bəzən qolları uzun olduğundan lap dəhşətli görünən, bir pencəyin müxtəlif zamanlarda başqa-başqa aparıcılara geyindirilib efirə çıxarılmasını görəndə adamın ölkəsi adına utanmağı gəlir nədir, elə utanır da...

Geyimindən tutmuş zahiri görünüşünə, aparıcılıq qabiliyyətinə qədər tv-lərə yaraşmayan, hansı prinsiplərlə seçildiyi bəlli olmayanlar ölkəni təmsil edir axı... Artıq dünyanın hər tərəfindən izlənməsi mümkün olan tv-lərdə bu halda təmsil olunma gərəsən bizim başımızı çoxmu uca edir ki, bundan belə bərk yapışmışıq və illərdir bu sahədə heç bir dəyişiklik yoxdur?!

Dünyanın hər yerində tv-lərdə, xüsusən aparıcıların seçilməsi və onların geyindirilməsinə çox diqqət edilir. Çünki onlar bir ölkənin üzüdür. Eyni zamanda ölkənin intellekti, estetik zövqü və bütünlükdə mədəniyyətini, ən başlıcasısa, dilini təmsil edirlər.

Belə olan halda Azərbaycanı təmsil edənlərin bizi necə təqdim etdiklərini təsəvvür edə bilirsinizmi?

Bir mənalı şəkildə "hamısı savadsız, qabiliyyətsizdir" deyə, bir iddia ilə çıxış etmək və hökm vermək kimi niyyətdən uzağıq. Təbii ki, aparıcıların da arasında qabiliyyətliləri, öz işini sevənlər var. Amma nə yazıq ki, tv məkanda o qədər yararsızlar və sadəcə, aparıcılıq etmək adına efirə buraxılanlar, dili bilmədən bülbül kimi ötməyə cəhd edənlər var ki, savadlı və qabiliyyətliləri də seçib ayırmaq mümkün deyil.

Qeyd edək ki, bu sahədə xəbər proqramlarının bir dərdi varsa, şou və əyləncə verilişlərinin min dərdi var. Az səviyyə və savada malik olub bu proqramlara baxmaq əməlli-başlı əsəb bahasına başa gəlir. Çünki təkcə geyimi, ya da davranışları ilə deyil, dili bilmədiyindən tez-tez kobud səhvlər etməsi bir yana, həm də dili korlamalarına sakit yanaşmaq mümkün deyil.

Başqa bir cəhət...

Biz azadlıqla azğınlığı bir-biri ilə qarışdırdığımız kimi, sərbəstliklə kobudluğu və mədəniyyətsizliyi də bir-biri ilə eyniləşdirmişik. Çünki demək olar ki, əyləncə verilişlərində proqramları aparanlar sərbəst davranmaq adına bir çox hallarda mədəniyyətsizlik edir, ya qonaqlar, ya da studiyada verilişi seyr etməyə gələnlər də bu davranışların qurbanı olur.

Nə isə, dərd bir deyil, sadəcə, birini dilə gətirdik və açığını bilmək istəyirsinizsə, bununla da bu dərdin bitəcəyinə ümid etmirik.

Tarix
2014.02.04 / 18:31
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla