Yuxarı

“Elçibəydən qalanlara sahiblənmək niyyətində deyiləm” - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə "Yağmurun qonaqları" rubrikasında qonağımız Xalq şairi Sabir Rüstəmxanlıdır. Hər zamankı söhbətlərdən fərqli olaraq, bu dəfə söhbətə Sabir bəy başladı və bildirdi ki, Azərbaycan indi ən ağır zamanını yaşamır.

Demokratiyanı istəmirik...

- Siz elə bilirsiniz ki, Azərbaycan indi ən ağır zamanını yaşayır? Yox, bizim ağır zamanlarımız olub. Kitabxanaya gedəndə girin nadir kitablar bölməsinə, ya da arxivlərə baxın. 1905-07-ci illərdə buraxılmış "Bakı təqvimləri" var. Götürün, bir onu vərəqləyin...

- Sabir bəy, Siz bunu keçən əsrin əvvəlləri ilə müqayisədə deyirsiniz?

- Başqa mıqamda deyirəm də, götürün baxın, onda da kifayət qədər zəngindi Bakı... Neft vardı, sərvət aşıb-daşırdı, Bakının milyonçuları da vardı. Amma barmaqla sayılan məktəb, qəzet vardı, dövlət idarələrindəsə işləyən azərbaycanlıların sayı çox azdı. Biz belə bir dönəmi yaşamışıq. Bunu unutmaq olmaz!

Azərbaycan türkünə bu qədər sayğısızlıq ola bilməz

- Amma onda da, indi də millətin öz adı yazılmırdı şəxsiyyət vəsiqəsində...

- Bu, doğru deyil və buna münasibətimi də bildirmişəm. Azərbaycan ancaq yer adıdır, ona görə bu yanaşma bizi yeni əmələ gəlmiş iki yüz illik bir millət səviyyəsinə endirir. Halbuki türkün dünya boyda bir tarixi var. Bunları bir kənara qoyub bu gün təzədən azərbaycanlı yazırıqsa... Özü də Azərbaycanda yaşayan ləzgi özünə ləzgi deyir, kürd - kürd, talış - talış, bircə türk özünə türk deyə bilməz. Bu əgər birləşdirici amildirsə, qoy onda hamı özünə azərbaycanlı desin. Yox, hərə öz adını qoruyub saxlayırsa, onda mən də türkəm deməliyəm. Statistikada son siyahıyaalınmanın nəticəsi olaraq Azərbaycanda əlli min türk olduğu deyilir. Axıska türklərini nəzərdə tuturlar, yazmırlar ki, Azərbaycanda doqquz milyon türk var. Bunun qədər paradoks, Azərbaycan türkünə sayğısızlıq, hörmətsizlik, aşağılamaq ola bilməz. 37-ci ildə Stalin millətin adını əlindən alıb, biz dövləti bərpa etmişik, atributlarını geri qaytarmışıq, amma millətin adını bərpa etmirik.

- Qəribədir ki, bizə erməni, fars türk deyir.

- Elədir. İranda yaşayan otuz beş milyon xalq özünə türk deyir, amma biz özümüzə türk demirik. Son 200-300 il ərzində Osmanlını çökdürmək və türk dövlətini tədricən dəyişdirib fars dövlətinə çevirmək Hindistanda hakimiyyətdə olan ingilislərin bir planı idi. O mərhələ keçdi, indi Türkiyədə bir başqa parçalanma siyasəti aparırlar. İndi biz hafizədən danışırıq, Türk dünyasında o qədər unutqanlıq toxumları səpiblər ki, xüsusən Rusiyanın apardığı son iki yüz ildə türk düşmənçiliyi və soyqırım siyasəti o qədər dəhşətli bir həddə çatıb ki, dünyada neçə yüz il hakimlik edən bir millətin övladları param-parça olub.

Bu bölgənin taleyi Güney Azərbaycandan asılıdır

- Hətta Türkiyənin özündə belə, məsələn, Güney Azərbaycanla bağlı danışanda bəlli olur ki, orada yanlış fikirlər var. Onlar İranın parçalanmasından qorxurlar ki, bununla yeni bir kürd sorunu yaşaya bilərlər.

- Bu barədə mən Türkiyə televiziyalarında çıxış edəndə dəfələrlə demişəm və təəssüflənirəm ki, Türkiyənin Güneydə yaşayan otuz beş milyon türklə bağlı bir strategiyası yoxdur. Türkiyədə qazaxlar, qırğızlar, qaqauzlar üçün müəyyən güzəştlər nəzərdə tutulur, Güney azərbaycanlılar o sırada deyil. Bu barədə danışmaqdan qaçırlar. İranın içində, deyək ki, otuz beş milyon türk var, Türkiyənin içində də bəlli miqdarda kürd var. Bunu yan-yana qoyurlar, amma Türkiyə artıq kürdlərə televiziya verib, öz dilində kitab çap etmək imkanları var, məktəb açırlar öz dillərində və s. Amma Güney Azərbaycanda bunların heç biri yoxdur.

Bu cür düşünürsünüzsə, onda bu xəritə nədir?

- Hətta bu məsələni müəyyən mənada Türkiyə öz şansına da çevirə bilər.

- Təbii, amma nə yazıq ki, o boyda şansını istifadə etmir. Mən həmişə demişəm ki, bu bölgənin taleyi Güney Azərbaycandan asılıdır. Deyirsiniz ki, Güney Azərbaycan kartından dünya istifadə etmir, amma məcbur olub istifadə edəcəklər. Müstəqil türk dövlətlərindən dördünün daxil olduğu bir türk birliyi var, bayrağı, akademiyası, parlamenti var. Bu, getdikcə böyüyəcək. Elə bilirsiniz, bütün türk dövlətlərinin başçılarının hamısı bunu istəyir? Bəzilərinin içində var bu türk sevgisi, bəzilərində isə heç yoxdur. Amma deyək ki, bu addımlar atılır, bu yol gedilir, niyə? Çünki Şimalda Cənuba doğru təzədən güclənməyə çalışan bir Rusiya var...

- Şərqdə bir Çin var...

- Elədir, Cənubda böyümək istəyən Hindistan var; burada bir fars şovinist siyasəti var ki, onlar mərkəzi Asiyaya və Qafqaz girmək istəyir. Çox dərindən dünyanı dərk edən insanlar başa düşürlər ki, bu yerin sahibi türklərdir, Çinin də Qərb tərəfi Doğu Türküstandır. Qazaxıstanın Avropadan üç dəfə böyük ərazisi var, getmişəm və son dərəcə zəngin, gözəl torpaqlardır. Ona görə şübhəsiz, burda böyük maraqlar var. Son dəfə aprel ayında yenə ABŞ konqresində görüşümüz zamanı dedim ki, gəlişimin bir məqsədi var - siz bu millətin gələcəyini necə görürsünüz bölgədə?.. Siz yeni dünya düzəni yaradırsınız, orda əlli milyonluq Azərbaycan xalqının yeri haradır? Onlar dedilər ki, siz də kürdlər kimi parçalanmış, əziyyət çəkmiş xalqsınız, gərək öz azadlığınıza və bütövlüyünüzə qovuşasınız. Dedim ki, bu cür düşünürsünüzsə, onda bu xəritə nədir? Qərbi Azərbaycan, Naxçıvan da daxil olmaqla böyük Kürdüstan yaradırsınız, əgər siz bu niyyətlə gəlirsinizsə, xahiş edirəm, gəlməyin bizim torpağa, bölgəyə... Biz onda sizin gətirdiyiniz demokratiyanı da istəmirik, çünki mənim torpaqlarımın itirilməsi hesabına qurulan demokratiyadan rəzil bir şey ola bilməz. Çox sərt bir söhbətimiz olmuşdu, amma onlar da dedilər ki, bu, qeyri-rəsmi xəritədir. Dedim, qeyri-rəsmi olsa da, siz bunu buraxmısınızsa, bu, psixoloji hazırlıqdır. Gəldiyim nəticə budur ki, kimsə gəlib mənim taleyimi həll edəcək, mənim üçün dövlət quracaq, açarlarını verəcək ki, al, bu sənin dövlətindir? Bu, mümkün deyil... Millət öz taleyini özü həll etməlidir.

Əgər bir dərin dövlətimiz olsa...

- Sabir bəy, Türkiyədən umacaqlarımızı dedik. Bəs Azərbaycanın quzeyində olan Azərbaycan dövləti necə, niyə o Güney Azərbaycanla bağlı siyasət yürüdüb bu sahədə işlər görmür?

- Azərbaycan dövlətində Güneylə bağlı siyasət yanlışdır deyə bilmərəm, çünki heç siyasət yoxdur. Əgər bir dərin dövlətimiz olsa, siyasət olsa, mən buna sevinərəm və heç onu müzakirə etmərəm. Bunu dəfələrlə Milli Məclisdə də demişəm. Biz Güney Azərbaycandan bir nəfər uşağı gətirib burada oxutmuruq.

- Niyə burda Güney Azərbaycan fondu yaradılmır? Tələbələrə yardım verilə bilər. Niyə Azərbaycan qırx milyonluq xalqı yetim buraxıb? Bizim Türkiyədən umacağımız var, amma özümüz...

- Yanlış olaraq bu məsələylə bağlı mən neçə ildir tənqid olunuram. Yazırlar ki, Qarabağ məsələsini həll edib qurtardıq, indi Güneylə bağlı danışır. Ömrümün bu çağında diqqəti daha çox Güneyə yönəltmişəm, bu mənim seçimimdir. Bu seçimi mənim əlimdən ala bilməzlər.

- Azərbaycanın bütövlüyü ideyası Elçibəydən sonra elə bil sahibsiz qaldı. İndi siz deyirsiniz ki, ona sahiblənmək və toplumda milli hədəf yaratmaq lazımdır.

- Üzr istəyirəm, mən Elçibəydən qalan nəyəsə sahiblənmək niyyətində deyiləm və hesab etmirəm ki, Güney məsələsi Elçibəyin Bütöv Azərbaycan Birliyindən başlayıb. Güneylə bağlı yazılmış onlarla roman var.

- Ədəbiyyatda Güneylə bağlı heç zaman boşluq olmayıb. "Gülüstan" poeması, Güneydə Şəhriyar vardı.

- Mənim 12-13 poemam var, onun beşi Güneyə həsr olunub. Qarabağla Güney Azərbaycan bir-birini inkar etmir. Biz müstəqil olandan sonra düşünürük ki, İran bizim qonşumuzdur, güclü dövlətdir, böyükdür, biz buna söz deyə bilmərik. Mənim Güney məsələsi ilə bağlı üç dəfə BMT-də görüşüm olub və orada hər dəfə mənə deyiblər ki, "sizin dövlətiniz niyə yatır?"

- İnsan haqları baxımından bu məsələ siyasi gündəmə gətirilə bilər. Çünki insan haqları heç bir dövlətin daxili işi deyil.

- İnsan haqları fundamental məsələdir, dediyiniz kimi, heç bir dövlətin daxili işi deyil. Məsələni belə qoya bilərik ki, otuz beş milyon soydaşımız yaşayır və məktəbi, qəzeti yoxdur. Amma indi bizdə mümkün qədər çalışırlar ki, bu məsələ unudulsun. Məsələn, mən Dünya Azərbaycanlıları Konqresinin həmsədriyəm, bizdə bəzi adamlar, bəzi dairələr var, mümkün qədər çalışırlar ki, oradan uzaqlaşım. Bu cür məsələnin mahiyyətini dərk etməyən adamlar var. Halbuki Azərbaycanın xoşbəxtliyi və gələcəyi bu məsələdən asılıdır.

İnsanlarımız hazırdır

- Sabir bəy, yeri gəlmişkən, siz Milli Azadlıq Hərəkatının ideoloqlarından birisiniz. O zaman yəqin ki, hər birinizin xəyalında, düşüncəsində bir Azərbaycan var idi. O idealınızdakı Azərbaycanla bu günkü Azərbaycan eynidirmi?

- Mən inanıram ki, bu cəmiyyətlə neqativ şeylərin qarşısını almaq olar. Cəmiyyət əslində hazırdır. Düzünü deyim ki, hərdən gələcəyimizlə bağlı narahatlıq keçirirəm. İtirilmiş imkanlar var ki, biz o imkanları niyə itirdik, deyə onun ağrısını yaşayıram həmişə... Halbuki o imkanlar itirilməyə bilərdi. Milli dövlət və dövlətçiliyin əsaslarından biri odur ki, burda vətəndaş institutu güclənir, orta təbəqə yaranır, vətəndaş dövlətin idarə olunmasında mümkün qədər yaxından iştirak edir və o təbəqələşmə getdikcə, hətta zənginləşmə belə olsa, sıradan çıxır. Amma bizdə əksinə, bir yadlaşma gedir millətin içində... Zənginlər özləri ilə millət arasında böyük sədd və divarlar çəkirlər. Bütün bunlarla yanaşı əlbəttə ki, inkişaf gedir, bu inkişafı danmaq olmaz. Amma Azərbaycan bu qədər inkişaf var, bunun yanında sosial ədalət olsa, tamam ayrı bir mənzərə yaranar.

- Sabir bəy, dediniz ki, "Dərdə əyilmə" kitabınız son publisist kitabınızdır. Bir vaxtlar "Ömür kitabı"nız vardı. Yeni bir "Ömür kitabı" yazmaq istəmirsiniz? Eynən o yanğı, eynən o dərdlə...

- İndi tamam ayrı dövrdü, amma mənim ondan sonraki kitablarım da əslində elə "Ömür kitabı"mın davamıdır.

Tarix
2014.02.04 / 10:24
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla