Yuxarı

Heydər Əliyevdən onun qədər istifadə edən olmayıb

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq şairi, Əməkdar incəsənət xadimi Fikrət Qocayla müsahibəmiz şairin iş otağında baş tutdu. Hər gün sevə-sevə AYB-ə gəldiyini deyən şair bu gün də şux görünürdü.

Heç vaxt heç kimə boş ümid verməmişəm

- Fikrət bəy, artıq neçə ildir ki, eyni qurumda, eyni vəzifəni icra edirsiniz. Bu sizə yorucu gəlmir ki?

- Əsla, buraya hər gələn adam özü ilə yeni hava gətirir. Birlikdə müzakirələr edirik. Ədəbiyyatdan danışırıq, gənc yazarlara münasibət bildiririk. Bu mənim həyatımın bir hissəsinə çevrilib. İnsan insan görəndə sanki nəfəs alır, yenilənir. Ona görə də heç vaxt işimdən darıxmamışam. Bu, işdir. Heç vaxt əbədi ola bilməz. Ola bilsin gün gələr, işimdən gedərəm. Mənim həm az, həm də çox işlədiyim yerlər olub. Bunların sırasına "Qobustan" jurnalı, radio və s. aiddir. "Azərbaycan gəncləri" adlı məşhur qəzetdə də işləmişəm. Və heç bir vaxt hər hansı bir tapşırığı həyata keçirməmişəm. Yerinə yetirdiyim hər zaman ürəyimin tapşırığı olub.

Bacarmadığım işlər üçün kiməsə ümid verib, onu məyusluğa uğratmamışam. Boşuna verilən ümid birini boşuna gözlətmək kimidir. Mən əlimdə olan imkanlar ilə yaxşılıqlar etmişəm. Amma heç kimə boşuna ümid verməmişəm. Çünki mən bunu bacarmıram. Mən pislik edən heç kimi qınamıram. Bu onların bacardıqları yeganə bir şeydir. Mən isə bunu bacarmıram.

Yaza bilməyənlər acığını Anardan çıxır

- Ədəbiyyatın inkişafında qurumların rolu varmı?

- Ədəbiyyatı qurum inkişaf etdirmir. Ədəbiyyat özü inkişaf etməlidir. O, sadəcə bir qurumda toplanır. Əvvəllər qurumun adı İttifaq idi, biz onu dəyişib Birlik etdik. Bu o anlama gəlir ki, bu birlikdə heç bir vəzifə fərqi yoxdur. Hər kəs eyni adamdır.

- Son zamanlar ədəbiyyatda qalmaqallar yaşanmaqdadır. Sizin baş verənlərə münasibətiniz necədir? Ədəbiyyatda bunlara ehtiyac varmı?

- Əlbəttə, olmasa yaxşıdır. Amma onsuz da olmur. Əgər biri əsər yazmaq istəyir, amma alınmırsa, onun acığını Anardan çıxır. Niyə o yazıb, mən yazmamışam? Əlbəttə, Anar ona qarşı səslənən ittihamlara cavab verməlidir. Çünki bizim tariximiz var. Anar düşünür ki, əgər mən bunun böhtanına cavab verməsəm, gələcək nəsillərə qaranlıq məsələ qala bilər ki, həmin nəsillər də Anarın susmasına görə qarşı tərəfi haqlı qəbul edərlər. Bu qalmaqallar müəyyən hay-küy yaradır ki, hay-küy də bəzilərinə sərf edir. Səbəb isə ortada bəzilərinin adlarının çəkilməsidir.

- Hay küy ən çox kimlərə sərf edə bilər?

- Təbii ki, boş adamlara.

- Sizcə, söz sərraflarının mübahisəsinin bəsit cümlələrlə ifadə olunması düzgündürmü?

- Baş verən bütün hadisələr qarşılıqlıdır. Gedən olmasa, gələn də olmaz. Bu cür qalmaqallı yazıların hansı qəzet, media orqanlarında getdiyinə nəzər salsanız görərsiniz ki, hər biri qeyri-ciddi media orqanlarıdır.

İndi isə Əkrəm onu söyür

- Fikrət bəy, sizcə yaşlı nəslin yazar nümayəndələri mübahisələri ilə gənc yazarlara necə örnək ola bilərlər?

- Ədəbiyyat elə bir sahədir ki, burada heç nə nə kömək, nə də ki, mənfi təsir edə bilər. Hər kəs ədəbiyyatı düşünərək yaradır. Baş verənlər heç bir təsir göstərə bilməz. O ki qaldı Anar bəylə Əkrəmin mübahisəsinə, Anar yazan, işləyən yazıçıdır. Təkcə bu il onun iki irihəcmli kitabı çıxıb. Neçə roman, ssenari müəllifidir. Amma bəzi insanlar yaradıcılıqdan başqa hər iş görür. İşsiz olduqları üçün hər gün bir nəfərə atmaca atıb, başlarını qatırlar. Onların yaradıcı insanlara toxunması ədəbiyyatda fasilələrə səbəb olur ki, bu da bizə zərərdi. Bizim Birlikdə hər kəs ali təhsilli insandı. Bu da o anlama gəlir ki, hər kəs hər şeyi bilir. Amma bilə-bilə yenə də danışırlar.

Mən Əkrəmlə Anarın münasibətlərinə qarışmaq istəmirdim. Çünki Əkrəmlə eyni universitetdə oxumuşuq. Onunla guya dost idik. Adam gərək bu yaşda dost itirməsin. Əkrəmə Anarın atası Rəsul Rza olduqca çox kömək edib. Rəsul müəllim həmişə onu müdafiə edirdi. İndi isə Əkrəm onu söyür. Təhqiramiz sözlər deyir. Hələ övladı, həyat yoldaşına dediyi sözləri demirəm. O cür nəslin nümayəndəsi haqqında belə cümlələr işlədən insan əlbəttə ki, yaxşı adam ola bilməz.

Heydər Əliyev hər birimizin sevdiyi şəxsiyyətdir. Əkrəmin yazdığı "Daş yuxular" isə Heydər Əliyevə hesablanmış bir əsərdir. Hansı ki, Heydər Əliyevdən onun qədər istifadə edən adam olmayıb. Əkrəm Əylisli çox ərköyünlük edib. Heydər Əliyev İstiqlal ordeni verdi ona. Şöhrət ordeni verəndə isə Əkrəm ərköyünlük etdi ki, yox, istəmirəm. Heydər Əliyev vəfat edəndən sonra da "Daş yuxular"ı ərsəyə gətirdi. Bu, doğru hərəkətdirmi?
O onu bədii əsər adlandırır. Amma heç də bədii əsər deyil. Bədii əsər söyüş deyil ki... Yazıçılar gərək birinci növbədə özlərini, özlərinin adlarını qorusunlar. Onlar göz qabağındadır. Onlara millət baxır. Əsərlərinin oxucuları var. Yazar dediyin sözlərinə diqqət etməyi bacarmalıdır. Əkrəmdə olan xüsusiyyət isə heç də yaxşı xüsusiyyət deyil.

Mən elə söz işlətməmişəm

- Fikrət bəy, yazarların sözlərinə toxunmuşkən, siz müsahibələrinizin birində belə söz işlətmisiniz "Əkrəm getsin, kimin ayağını yalayırsa, yalasın". Bəs bu sözü necə oldu ki, işlətdiniz?

- Mən elə söz işlətməmişəm. Bu mənim leksikonuma uyğun deyil. Amma o roman haqqında ola bilər. Çünki mən o romanı oxuyanda təəssüf hissi keçirdim. Gözləmədiyim, mənim üçün ağır olan bir şey ilə qarşılaşdım. Romanda olduqca yalana yol verilib. Yalan olan yerdə isə ədəbiyyat yoxdur. Bu yalanlar yazıçı qələminə yaraşmır.

Ətrafımda toplaşan o qədər insan var ki...

- Fikrət bəy, ətrafınızda olan insanlardan hansısa məqsədlərinə görə yanınızda olanları heç hiss etmisinizmi?

- Cəmiyyətdə, ətrafımda bu cür insanlar çoxdu. Ətrafımda hansısa məqsədlərinə görə toplaşan o qədər insan var ki. Mən o cür insanların nə istədiyini anlayıram.Onlara da izah edirəm ki, sənin istədiyin bizdə yoxdu. Ya da ki, sən buna layiqsən, ya da ki yox. Amma onların nə istədiyini və ya adlarını çəksəm, mən də oluram onların tayı. Mən yalançı təriflərə uyan biri deyiləm. Mən hansısa bir tərifə görə yaxşılıq etmirəm. Gücüm çatan və layiqli insanlar bacardığımı əsirgəmirəm.

- Daha çox ətrafınızda dostlarınız var, yoxsa məqsədgüdənlər?

- Mənim ətrafımda onsuz da elə çox adam yoxdu. Mən özümü dənizdə adi balıq hiss edirəm. Bilirəm ki, gəlmişəm, gedəcəm. Mən bunu hələ dünyaya gələn gündən bilirəm. Əvvəl-axır dünyanı hər kəs tərk edir.

- Dediniz ki, ətrafınızda insanlar azdır. Özünüz yaxın buraxmırsınız, yoxsa onlar yaxın gəlmək istəmir?

- Sadəcə, mən zərurət yaratmıram. Əgər onları qapı arxasında saxlasam, orda uzun növbə yaranar. Mən hər kəsə sözünü deyib, getmə şansını verirəm.

Şairlik içdən gələn qızdırma kimidir

- Dəfələrlə bəzi yazarlarla söhbətimdə mənə belə sözlər deyilmişdi. Onlar layiq olduqları halda AYB-ə üzv olmamaqda, onların qol-qanadlarının sındırılmasından şikayətlənirdilər. Hətta bütün günahın Anar bəydə olduğunu deyənlər də var idi. Sizcə, layiq ola-ola bu yerə sahib olmayanlar çoxluq təşkil edirmi?

- Ola bilər. Buna səbəb isə öz səhvləridir. Yəqin onlar zəif yazılarını təqdim ediblər. Ona görə də birliyə üzv ola bilməyiblər. Amma bundan sonra onların qol-qanadı qırılıbsa, demək, onlar şair deyilmiş. Şairlik içdən gələn qızdırma kimidir. Mən bunu qızılca xəstəliyinə bənzədərdim. Şairlik də belə bir şeydir. Bu 10 kilometrlik yarış deyil. Döyüşdür. Ömürlük bu yoldasan. Əsl şair uşaqları çörək tapmayıb ac olanda, o başqa işlə məşğul olmur, oturub şeir yazmağına davam edir.

- Adam necə şair olur?

- Şairlik elə bir sahədir ki, hər kəs ömrünün gənclik çağında bunu yaşayır. Əksəriyyət şair kimi olur. Şeirlər yazır. Məhəbbət gəlir, ardınca onun hərarəti və sən yazırsan. Artıq evləndikdən sonra bu hisslər yekunlaşır. Övladın olandan sonra isə şairliyin yekunlaşdığını görürsən. Şairlik yalnız məhəbbətdən yarana bilər, nifrətdən yox. Elə buna görə də hamı şair ola bilmir. Əgər hamı şair olsaydı, şeirin qiyməti qalmazdı.

- Heç özünüzdən "mən niyə şair oldum" soruşmamısınız?

- Vallah, mən bu ağılla, bu başla ancaq şair ola bilərəm. (Gülür) Əvvəllər fikirləşirdim ki, bu nədi axı? Çünki şeirə görə insanın yaşayışı heç vaxt yaxşı ola bilməz. Xüsusən də gənclik illərində. Amma görürəm ki, bu mənim xasiyyətimə uyğun peşədir.

Müsavatın üzvü olsaydım, yaxşı şair olacaqdım?

- Fikrət bəy, sizcə, partiyalı şairi o birilərindən fərqləndirən nədir?

- Sarayda o qədər güclü şairlər olur ki... Bu cür söhbətlər boşdur. Dahi Nizami şeirlərini sifarişlə yazıb, nə olsun? Mən, əvvəla, heç bir partiyanın üzvü deyiləm. Guya "Müsavat" partiyasının üzvü olsaydım, yaxşı şair olacaqdım? Ədəbiyyat oxumayan adam adını siyasətçi qoyur. Mən şeirimi başa düşən adam üçün yazıram. Onları yazanda demirəm ki, bunu "Müsavat" oxumasın. Mənim şeirlərim YAP-da çox oxunursa, mən nə edim?
Prezident 50 nəfər yaşlı, 20 nəfər gənc yazıçıya təqaüd ayırıb. Yaşlı şairlər 300, gənclər isə 200 manat təqaüd alır. Bu, pis şeydirmi bəyəm? Dünyanın heç bir yerində yazıçılara təqaüd vermirlər. Amma biz sağ ol demək əvəzinə, pulun azlığından gileylənirik. Əgər bir adam pula görə yazırsa, o heç yazmasa yaxşıdır. Ondan yazıçı olmayacaq.

- "Bu vəfasız dünya elə gözəldi, Deyirəm bəlkə bir gün düzəldi..." Bu misraları yazarkən ən çox nələrin düzəlməsini istəmişdiniz?

- Ancaq insanların. Bizə düşmən heç nə edə bilməz, əgər hamımız bir insan olsaq. Bizdə müəyyən insani problemlər olmasa, cənnətdə yaşayarıq. Onsuz da cənnətdə yaşayırıq, amma bunu cəhənnəmə çevirmək istəyənlər var.

- "Müxalifət deyir:
Bunların hamısında
Günahkar iqtidardı.
Deyəsən dünyada
Hamının yeri dardı.
Yer üzü böyük bir bazardı.
İqtidar da deyir:

Müxalifət günahkardı..." - sizin bu misraları oxuyandan sonra sual yaranır: bəs günahkar kimlərdi?

- Günahkar bizim içimizdə gizlənən paxıllıqdır. Bütün müharibələr də bundan başlayır. Mövlənanın gözəl bir deyimi var. O, bir-biri ilə dalaşan insanları bir süfrə arxasına yığaraq, hər kəsə bir metr uzunluğunda qaşıq verir. Hər kəs o qaşıqla yemək yeməyə çalışır. Amma yeyə bilmir. O, adamlara deyir ki, gərək mütləq özün-özünü yedizdirəsən? Sən qarşındakını yedirt, o da səni yedirtsin. Bəli, ancaq belə mehriban olmaq olar. Əgər müxalifət dövləti yaxşı idarə edə biləcəyini iddia edirsə, Qarabağı azad etməyin yolunu bilirsə, niyə iqtidarla bölüşmür ki? Axı nə fərqi var? Dövlətimiz deyilmi? Hər şey paxıllığın əlamətidir. Nə etmək olar, insanlardır...

- İnsanlardır demişkən, sizin "Azərbaycan bayrağına" şeirinizdə belə misra var: Bazarda ən ucuz olan insandır. Doğrudanmı belədir?

- Bəli. Çünki insan dediyin bütün əşyalarını, top-tüfəngini qoruyur, amma insanı, insanlığı qorumur. Deməli, bazarda ən ucuz şey insandır.

Mən ölümə fərqli yanaşıram

- Şairlik sizdən nələri qopartdı?

- Daha nə verəcəklərdi ki, guya mənə? Bu yaşdan sonra nə qazana bilərəm ki, ölüb gedəcəm. Mən ölümə fərqli yanaşıram. Hər kəsin içində enerji olur ki, biz buna ruh deyirik. Sanki bir ipəkqurdu. İpəkqurdu da öz kəfənini toxuyur, amma o kəfəndən kəpənək kimi yenidən həyata qayıdır. Kəpənək isə uçub toxumlarını qoyur ki, yenidən ipəkqurdu yaranır. Ölüm yoxdur, sadəcə, insanlar rəngini dəyişir. Buna görə də mən ölümə fərqli yanaşıram.

- Keçmişdə buraxdığınız və heç vaxt xatırlamaq istəmədiyiniz səhvlər olubmu?

- Biz dünyaya hazır gəlmirik. Hər birimiz yaşadığımız dövrdə buraxdığımız səhvlərlə öyrənirik. Gərək geri baxmayaq, ancaq irəli gedək. Bu yolda isə bizi yeganə həqiqət gözləyir. Onun da adı ölümdür. Biz dünyaya gələn gündən, ta ölənədək ölüm üçün məşq edirik. Hər yatdığımızda yarı ölürük. Əgər sabaha bizi gözləyən heç nə qalmayıbsa, bu yuxudan oyanmamaq olar, yox əgər varsa, mütləq oyanmalısan. Mənim isə sabaha hələ çox işim var:

Qorxmuram mən ölümdən,
Qorxuram ki, mən ölmək lazım gələndə,
ölə bilmərəm...

Tarix
2014.02.02 / 11:00
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla