Ana səhifə Gündəm |
Vətənə tən Vətəndaş
Başlıqdakı sonuncu sözün axırıncı hecasının ilk hərfini "b" kimi də oxumaq olar...
Çünki söhbət ilk Cümhuriyyət növrağımızın, bir daha
enməyəsi bayrağımızın banisindən - Məhəmməd Əmin
Rəsulzadədən gedir!
Böyük milli siyasətin özü də bir yaradıcılıq. Dahi siyasətçiliyin özü də bir sənətkarlıq. İntəhası bu görəv, bu görəvlilər "aborigen" sənət və sənətkarlıqdan elə sənət və siyasət sahələri qədər fərqlənir. Bunlar evlərdə, emalatxanalarda, meydançalarda yox, çöl-bayırlarda, meydanlarda, yolüstü-"atüstü" çək-çevirlərdə, könüllü-könülsüz səfər-sərnişinliklərdə, qadalı-qandallı həbslərdə, sür-sürgünlüklərdə, ailə-uşaq həsrətlərində, hətərən-pətərən dindirməliklər, tərki-vətənliklərdə və... bütün bunların ən ağırı, ən alisi - "milli arzu-amalım vüsala yetəcəkmi?" istixarələrində yaşayıb-yaradırlar...
Gözünü dünyaya yüz otuz il əvvəl bu gün - yanvarın 31-də
balaca Novxanı kəndində açıb, əlli doqquz il bundan öncə
Ankarada üç kərə "Azərbaycan!.."- deyibən yummuş
Məhəmməd Əmin Rəsulzadə - təpədən-dırnağa milli-mənəvi
əsilzadə, əzəli-əbədizadə - yuxarıda
ümumobrazlaşdırmağa çalışdığım fenomenal
şəxsiyyətlərdəndir. Amma onu dünyanın siyasət və
dövlətçilik azmanları içərisində seçkinləşdirən
bir-iki ştrix də vardır ki, bunlardan biri - bu işə daha
erkən (12-13 yaşlarından) başlayan Şah İsmayıl Xətai
istisna edilməklə, qarşıdakı əlli üç illik milli
mücadilə yoluna 18 yaşının natamamında qədəm
qoymasıdır. Onun 1902-ci ildə yaratdığı "Müsəlman gənclik
təşkilatı" XX əsr Azərbaycanında Rusiya müstəmləkə
üsul-idarəsinə qarşı mübarizə mahiyyətli ilk siyasi
təşkilat olub.
Onun - böyük Turan və müsəlman arealında qurduğu ilk
müstəqil-demokratik respublika əhalisinin
ictimai-siyasi həbib-təbibinin, milli-mənəvi
həkiminin -
Siyasi kimliyi
Hər kəsin cinsi-bioloji oyanış fəslində, "ilk məhəbbət"ə
uğram yaşında, təbii sevib-sevilmə mövsümü çağında Azad
Vətən Bəyliyini seçən bu milli Aşiq ilk gənclik
yaşlarından öz ictimai-siyasi təfəkkürü ilə nəinki
astagəl milli-istiqlal inqilabçılarını, üç-dörd il
sonra nəşrə başlayası "Molla Nəsrəddin" jurnalı
səhifələrindəki "gərnəşkən" kütlələri, hətta ən "xod"
gedən sosializm "revolyutsioner"lərini də
aktivləşdirir, onların - mürtəceliyi çarizmdən də ötə
olduğu iki-üç onillik sonra bilinəsi sovetizm-sosializm
eşalonuna transfer olunmasına "siyasi provadnik"lik
edirdi. Məsələn, Rusiya Sosial-Demokrat Fəhlə Partiyası
Bakı komitəsinin "Müsəlman sosial-demokrat "Hümmət"
təşkilatı" Məhəmməd Əminin 1904-cü ildə
hüquq-nizamnaməvi cəhətdən çox mükəmməl şəkildə tərtib
və təşkil etdiyi "Müsəlman demokratik "Müsavat"
cəmiyyəti"ndən yararlanaraq yaradılmışdı. Həmin
illərdə Bakının fəhlə-inqilab bumlu neft mədənlərinə,
Azərbaycanın yaxın-uzaq qəzalarına müxtəlif
intibahnamə və qəzetlərin (naşirlərindən biri olduğu
"Hümmət", "Təkamül" də daxil) göndərilməsi də Məhəmməd
Əminlik işlərdən idi. Onun 23 yaşında ikən (1907) inqilabçı
fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfni ilə
əlaqədar keçirilən izdihamlı mərasimdə etdiyi alovlu
nitqi isə (sonradan onu həbsxanadan azad etdirib özüylə
Moskvaya aparsa da, ömürlük mühacirət dustaqlığına məhkum
etmiş) Stalini də məftun (öz nitqi ilə müqayisədə isə
məhzun) etmişdi. O, bu canlı mürtəce, bənzərsiz şər-xata
Stalinlə tanışlıqdan bir müddət sonra - 1908-ci ildə çar
xəfiyyəsi tərəfindən həbs olunma təhlükəsilə
üzləşərkən Azərbaycanı tərk edib İrana yollanır və orada
o taylı əxlaq-əqidə, məslək-məzhəb qardaşı ilə -
Səttarxanla tanış olur.
Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzib, otaylı
doğma xalqının acınacaqlı vəziyyətini yaxından
müşahidə (və sonralar bunlardan ədəbi yaradıcılığında
istifadə) edən M.Ə.Rəsulzadə Avropa təhsili görmüş bir
qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabrında
İran Demokrat Partiyasının əsasını qoyur, "İrane Nou" və
"İrane Ahat" qəzetlərinin baş redaktoru olur, saysız
məqalələr, şeir və publisistik yazılar çap etdirir.
Sonralar Seyid Həsən Tağızadə onun xatirəsinə həsr
etdiyi nekroloqda yazacaqdı: "Modern Avropa qəzet
formasını ilk dəfə İrana gətirən M.Ə.Rəsulzadə
olub".
İrandakı Məşrutədən qorxuya düşən çar hökuməti bu
inqilabın rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin
ölkədən çıxarılmasını Şah hökumətindən tələb edir və
Məhəmməd Əmin təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin
mayında İstanbula gedir. Osmanlı paytaxtında məşhur
həmyerliləri Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevlə
görüşür, Yusif bəy Akçura, Ziya Göyalp və başqa görkəmli
alimlərlə siyasi-irfani əlaqələr qurur, "Gənc türklər"
təşkilatında, "Türk ocağı" cəmiyyətində çalışır, "Türk
yurdu" jurnalının fəal yazarlarından biri olur.
İstanbulda öz təklif və göstərişilə keçmiş
"Hümmət"çilər tərəfindən əsası qoyulan (1911) "Müsəlman
demokratik Müsavat partiyası"na daxil olur və tezliklə
bu siyasi təşkilata rəhbər seçilir. Bu illərdə çox
gərgin, sanballı və çox geniş ədəbi-publisistik
fəaliyyətlə də məşğul olan M.Ə.Rəsulzadə lap sonda o dövr
qəzetlərində dərc olunan çar fərmanı ilə həsrət dolu 5
illik məcburi mühacirətdən qurtulur. Onun doğma Vətənə
qayıdışıyla nəticələnən o fərmandakı ifadələrin
məğzi üçcə hərfdən ibarət bir sözdə idi: -
Əfv
Bəli, 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və Rəsulzadə Bakıya qayıdır. 1917-ci ilin fevral burjua inqilabından bir ay sonra Rəsulzadənin redaktorluğu ilə nəşr olunan "Açıq söz" qəzeti yazırdı:
"Şimdiyə qədər qayəmiz, amalımız məlum olmayan, hürriyyət nədir, təşkilat nədir bilməyən və ümumi millətimizə dəstur olacaq milli və siyasi proqramımız bulunmayan, bulunsa da mindən birimizin belə xəbəri olmayan biz türklər müdhiş inqilab tufanları içərisində kompassız ortada qaldığımızdan hara gedib çırpınmağı, hansı tərəfə vurnuxmağı bilməyib, cəmiyyətlərimiz də divanələr dəstəsi kimi boğaz-boğaza gəlmişik".
...Vətən bu gündə, vətəndaş M.Ə.Rəsulzadə isə Bakıda çağırılan Qafqaz müsəlmanlarının qurultayında Rusiyanı federativ şəkildə təşkil etmək haqqında qərar çıxarmağı təklif etmədə...
Qurultayda həmçinin "Azərbaycan qayəsi" məsələsi
ortalığa atılır. Həmin ilin mayında maarifpərvər
Azərbaycan varlılarından Şəmsi Əsədullayevin Moskva
müsəlman xeyriyyə cəmiyyətinə bağışladığı əzəmətli
binada Rusiya müsəlmanlarının qurultayı açılır və
Rəsulzadənin "Türk-tatarlığı, Türküstan, Qazaxıstan,
Başqırdıstan və Azərbaycan-Dağıstan kimi bir neçə
muxtariyyətdən ibarət olacaq gələcək Rusiyanı
federativ şəkildə qurmaq" təklifi səs çoxluğu ilə qəbul
edilir.
Bu dövrdə Rəsulzadə özünün "Cəmaət idarəsi", "Bizə
hansı hökumət faydalıdır?" kitablarını çap etdirir,
Moskva müsəlman qurultayındakı məruzəsi (Ə.Salikovun
çıxışı ilə birlikdə) "Şəkli idarə haqqında iki baxış" adı
altında çap olunur. Həmin ilin oktyabrında keçirilən
qurultayda Rəsulzadə "Müsavat"ın sədri seçilir. Bundan
sonra Bakıda və Azərbaycanın bütün qəzalarında
"Azərbaycana muxtariyyət" şüarı altında milli hərəkat
başlanır və həmin dövr tarixə "Milli Azərbaycan
hərəkatı" kimi daxil olur.
Onun fəaliyyət aləminin genişliyi müasir mətbu
səhifələri, "sarı" eşq-məhəbbətlər, fiziki-mənəvi
kriminallıqlarla dolu saytlar və müasir oxucu hövsələsi ilə
qeyri-mütənasib olduğundan "birnəfəsə danışmaq"
ifadəsindəki məsdəri "yazmaq"la əvəzləyirəm: O, 1917-ci
ilin payızında Rusiya parlamentinə Azərbaycan və
Türküstandan millət vəkili seçilir, 1918-in mayında
daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv
olunan Zaqafqaziya seyminin müsəlman fraksiyasındakı
müxtəlif partiyaların üzvlərindən ibarət Azərbaycan
Milli Şurası yaranır, Rəsulzadə sədr seçilir... və 1918-ci
il mayın 28-də Azərbaycan istiqlaliyyəti elan olunur!
Ədəbiyyat, mədəniyyət
fəaliyyəti
Onun ədəbi-bədii yaradıcılığı, pyesləri, alovlu publisistikası nə danışmaqla qurtarandır, nə yazmaqla. Yaxşı olardı daha qısa nüanslara toxunaq. Bakı Dövlət Universitetinin yaranması Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan Parlamentində çıxış (və qəti tələblər) edib. Universitetin ilk rektoru olmuş professor V.Razumovski 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı xatirə oçerkində ilk ali təhsil ocağımızın "M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi" hesabına yaradıldığını yazır.
...O isə orda-burda onu burjua xadimi kimi damğalamağa
çalışanlara cavab olaraq yazırdı: "Mən kasıbçılıq
üzündən ali təhsil də ala bilməmişəmsə, öz pulu ilə Rusiyada
və Qərbi Avropada təhsil alıb, bu gün özünü sədaqətli
bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq
olar?!."
Təbrizdə dünyaya gəlsə də, əslən ordubadlı -
M.Ə.Rəsulzadə ilə birlikdə İran məşrutə inqilabının
əsas rəhbərlərindən biri, sonralar İranın ən görkəmli
dövlət xadimi, diplomatı və alimi sayılan Seyid Həsən
Tağızadə isə "Sühən" jurnalında onu belə
adlandırırdı:
"Rəsulzadə, bütün ömrü boyunca, Şərq dünyasında
tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim
fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy
tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz
qəlbi, doğru sözü, mətanəti, tam mənasıyla dürüst, fikir
və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və
örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim
tərəflərdə rast gəlmək mümkün deyil".
...Və son (?)
Onun gördüyü ümummilli işlərin, saçdığı transmilli
düşüncələrin, yazdığı ictimai çəkili, siyasi
siqlətli, elmi-populyar, informativ-publisistik
məqalələrin, ədəbi-bədii əsərlərin, rəsmi dövlət
tribunaları və xəlqi yığıncaqlarda etdiyi çıxışların,
həbsxanada keçirdiyi, məxfi "sərnişin"liklərdə
sinirdiyi, dövri-fövri mühacirətliklərdə, leqal və
qeyri-leqal dissidentliklərdə yaşadığı hisslərin
oçerk-pannosu nəinki bəndənizin qələminə, heç sözügedən canlı
universiadanın bir vaxtlar redaktoru olduğu neçə-neçə
qəzet-jurnal səhifələrinə də sığmaz deyə, sonda qəlbimdə
- vətənsevərliyimizin ümumabidəsi sanılası bəlli bir
bayatımızda dual-suallı bir rekonstruksiya ehtiyacı boy
atır:
Sevməyə doğma Vətən,
Ölməyə qürbət yaxşı?..
Tarix
2014.01.31 / 18:05
|
Müəllif
Tahir Abbaslı
|