Yuxarı

Seyid Cəfər Məmməd Əminə nə yazmışdı?!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu M.Ə. Rəsulzadənin anadan olmasının 130 illiyində biz də onun həyat və fəaliyyətini araşdıran Nəsiman Yaqublu ilə görüşüb bu böyük şəxsiyyət haqqında tədqiqatçının fikirlərini aldıq.

Dövrümüzün iş adamları mənə yadplanetliləri xatırladır

- Məhəmməd Əmin Rəsulzadənin 130 illiyidir. Bir tədqiqatçı kimi bu tədbirlərin səviyyəsi sizi qane edirmi?

- Ötən illərlə müqayisədə irəliləyiş var. Çünki ötən illərdə bu cür geniş və çoxsaylı tədbirlər olmurdu. Bu il həm də fərqli olan odur ki, dövlət qurumları bu tədbirlərə tədqiqatçıları cəlb etməyə çalışır. Buna görə məncə, irəliləyiş var.

- M.Ə.Rəsulzadənin ensiklopediyasını hazırlayıb dərc etdirmisiniz. Bunu özünüz etmisiniz, yoxsa hansısa dövlət qurumu tərərfindən sifariş verilmişdi?

- Yox, bu mənim şəxsi təşəbbüsümdür və heç bir maddi dəstək almadım. Ensiklopediyanın dərc olunmasına isə bəzi dostlar yardım etdi.

- Bununla bağlı kimlərə və ya hansısa dövlət qurumuna müraciət etmişdiniz?

- Yox, heç kimə müraciət etmədim. Özüm başladım araşdırmağa, çünki bilirdim ki, kiməsə desəm də, heç bir kömək olmayacaq. Mən bu kitabları yazarkən kiməsə ümid bəsləməmişəm. Düşünmüşəm ki, bu mənim işimdir və hər şeyi də özüm etmək istəmişəm. İndiyədək bir neçə tarixi kitab yazmışam. Hər biri də ölkə tarixində ilk dəfə olaraq yazılan kitablardır. Məsələn, Azərbaycan legionerlərindən bəhs edən kitabı yazanda bir neçə dövlət orqanına kitabın əleyhinə teleqram vurdular. M.Ə.Rəsulzadəyə aid ilk kitabım çıxanda o zaman Ali Sovetin iclasında mənim əleyhimə danışıldı ki, guya mən faşizmi təbliğ edən adam haqqında kitab yazmışam. Amma mən bunları normal qarşılayırdım.

- Dediniz ki, hər bir xalq öz tarixini öyrənməlidir. Bəs xalq Rəsulzadə irsi barədə məlumatlıdırmı, gördüyünüz bütün bu işlərə sadə insanların reaksiyası necədir? İnsanlar bu mövzuya sponsorluq edərkən həvəsli olurlarmı?

- İndiki iş adamlarının çoxu prinsipsizdir. Onlarda 20-ci əsrin iş adamlarındakı kimi sədaqət yoxdur. Keçmişdəki xeyriyyəçilər qazanclarının bir hissəsini millətin maariflənməsinə xərcləyirdi. O zamanın milyonçuları o işləri gördüyünə görə onları belə hörmətlə xatırlayırıq. Amma çağımızın iş adamları mənə yadplanetliləri xatırladır. Onlar üçün ancaq qazanc var. Heç bir mənəvi dəyər yoxdur. Çox adam, imkanları olanlar mənə deyir ki, halaldı sənə, böyük fədakarlıqlar edirsən. Amma indiyədək biri mənə deməyib ki, gəl, sənin bir kitabının ingilis, rus dilinə tərcüməsinə kömək edim. Amma indi mən öz imkanlarım daxilində dediyiniz ensiklopediyanı rus, ingilis dilinə tərcümə etdirib dərc edəcəyəm.

- Bilirik ki, dünyanı müxtəlif kitabxanalarında Rəsulzadənin kitabları var. Onlar necə, qorunub saxlanılırmı, yenilənibmi Azərbaycan tərəfindən, yoxsa əski vəziyyətdədirlər?

- Yox, heç biri yenilənməyib. Amma kitabxanalarda onlar çox yaxşı qorunub saxlanılır. Polşada, Almaniya, Türkiyədə...

O, Azərbaycan adının ekvivalentidir

- Moskvada və Türkiyədə də tədbirlər olacaq... Bunları kim təşkil edir?

- Rusiyadakı tədbir şəxsi təşəbbüsdür. Orada yaşayan həmyerlimiz Fizuli Fərəcov "M.Ə.Rəsulzadə məclisi" yaradıb və Moskvada, Rusiyada onun irsini təbliğ edir. O, orada bütün diaspor təşkilatlarını cəmləyib. Məni də məhz o dəvət edib. Türkiyədəki tədbirisə səfirlik xətti ilə reallaşdırırlar. Bütün bunlar yaxşıdır, amma Rəsulzadə irsi xalqın mədəniyyəti, mənəviyyatı ilə bağlı olan bir sahə olduğundan daha çox təbliğ olunmalıdır. O, Azərbaycan adının ekvivalentidir. Bizim Konstitusiyamızda da yazılıb ki, Azərbaycan dövləti 1918-ci ildə qurulmuş Demokratik Cümhuriyyətin varisidir. Demək ki, indiki dövlət Rəsulzadənin varisidir. Biz ölkəmiz haqqında nə düşünürüksə, eynən onun haqqında da elə düşünməliyik.

- Eynən o illərdə Qazaxıstanda Rəsulzadə kimi mücadilə aparmış, mühacirət etməyə məcbur olmuş Mustafa Çokay haqqında filmə baxdım. Filmə baxdıqca sanki Rəsulzadə və onun silahdaşlarının taleyini izləyirdim və düşünürdüm ki, niyə bizdə məhz belə bir film çəkilmir? Belə bir təşəbbüs varmı?

- O filmin çəkilişində mənim də köməkliyim olub.

- Yəqin ki, Çokayın Bakıya gəlməsi, burda qalması ilə bağlı səhnələrin çəkilişində iştirak etmisiniz?!

- Hə, elədir, Mustafa Çokay Bakıda da iki ay qalıb. Dediyiniz filmə Qazaxıstan dövləti böyük vəsait ayırıb. Bu, Azərbaycanda ciddi problemdir, tariximizin və Cümhuriyyətin tarixi haqqında heç bir film yoxdur. Amma həmin dövrün şəxsiyyətlərindən hər biri ayrı-ayrılıqda bir ssenarinin mövzusudur.

Bu sahədə ən geridə qalanı bizik...

- Siz kitablar yazırsınız, bunlar çox gözəl, amma etiraf edək ki, bir film, on kitabdan daha təsirlidir...

- Bəli, film insanların həyatına daha tez girə bilir. Məsələn, Rusiya böyük məbləğ ayırdı və onlar özlərinin 20-ci əsr tarixini çəkdilər. Qazaxıstan həmçinin... Baltikayanı dövlətlər, Ukrayna, hətta gürcülər belə çəkib. Bu sahədə ən geridə qalanı bizik. Biz çox şey itiririk, o dövrün insanlarını, tarixi şəxsləri görmüş insanların çoxu artıq dünyadan köçüb gedir. Məsələn, Məhəmməd Kəngərli o dövrün bir sirli və canlı sənədi idi. Onun filmdə görüntüsü nə qədər əhəmiyyətli ola bilərdi. Onlar özləri ilə nə tarixlər aparır?!. Əli bəy Hüseynzadənin qızı 92 yaşında, Vəli bəy Yadıgarın qızı 95 yaşında, Qədir Süleymanoğlu, Bəşir Gəncəçay və başqaları artıq hər biri 90 yaşlarını ötüb. Bunlar bizim canlı tariximizdir. Onların bildiklərindən faydalana bilərik. Mən ən çox Məhəmməd Kəngərlidən öyrəndim. Əvvəl ehtiyat edirdi ki, birdən mən də "KQB"nin adamı olaram, dedi ki, səni qoy bir araşdırım, ondan sonra qəbul edəcəyəm. O zaman insanların hamısı ehtiyat edirdilər, əllərində olan sənədləri belə vermirdilər ki, birdən itirib-batırarsınız.

- Ankarada qəbiristanlıqda addımlayırsan və qarşına oradakı məzarlardan fərqlənməyən bir məzar çıxır: Rəsulzadənin məzarı. Bir az baxımsız, bir az kimsəsiz... Niyə Rəsulzadə və onun silahdaşlarının məzarları ölkəyə gətirilmir? Axı bizim belə bir ənənəmiz var...

- Təkcə Rəsulzadənin deyil, Topçubaşov Fransada, Fətəli Xan Xoylu, Həsən bəy Ağayev Gürcüstanda, Əli bəy Hüseynzadə İstanbulda və.s. Bu gün bizdə quruculardan birinin belə məzarı yoxdur ki, aparıb gül qoya, bununla da bir rahatlıq tapasan... M.Ə.Rəsulzadəyə gəlincə, təbii ki, Türkiyə də yad bir ölkə deyil. Amma o məzar Azərbaycana aiddir və mütləq Azərbaycana da gətirilməlidir. Mən bununla bağlı dəfələrlə təşəbbüslə çıxış etmişəm. Amma rəsmi cavab yoxdur.

Bu faciə müasir formada oynanılmaqdadır

- M.Ə. Rəsulzadə deyəndə ilk olaraq bir siyasətçinin obrazını görürük təbii, amma Rəsulzadə həm də bir ədəbi irs qoyub gedib. Məsələn, mən "Əsrimizin Siyavuşu"nu oxuyanda düşünürdüm ki, Azərbaycan-Siyavuş nə zaman rahatlıq tapacaq?! Sizcə, Azərbaycan hələ də əsrin Siyavuşu olaraq qalırmı?

- Düzdür, o həm də gözəl ədəbiyyatçı, tərcüməçi olub. "Əsrimizin Siyavuşu"na gəlincə, təbii ki, bu faciə müasir formada oynanmaqdadır. Amma biz bunların daha da müasir formada oynanmaması üçün öz milli-mənəvi dəyərlərimizi qorumalıyıq. Biz tariximizi öyrənməklə bir növ özümüzü sığortalayırıq. Qısası, Rəsulzadəni öyrənməklə əsrin Siyavuşunu yaşatmalıyıq. Bu faciənin növbəti qurbanlarına çevrilməmək üçün bu irsi öyrənməliyik. Əli Bəy Hüseynzadənin, böyük turançının məzarı üstünə "dəri üzrə mütəxəssis" yazılıbsa və bu yanlış hələ də aradan qaldırılmayıbsa, əlbəttə ki, Siyavuş narahat olacaq... Topçubaşov öz evində işıq pulunu verə bilməyib, şam işığında yazıb, yenə də Azərbaycan uğrunda mübarizə aparırsa və biz onun məzarını hələ də ölkəsinə gətirməmişiksə, demək Səyavuş narahat olacaq.

- Nəsiman bəy, insanın ömrünü nəyə və kimə xərcləməsi böyük əhəmiyyət daşıyır və siz də nə xoş ki, həyatınızı məhz belə bir insana, Rəsulzadəyə həsr etmisiniz...

- Düzdür, mən bundan çox məmnunam və ömrümü də buna xərclədiyimdən qürurluyam. Sizə bir xatirə danışım. Bir dəfə Ankarada arxivlərdə araşdırma ediridm, toz, işin gərginliyi məni yormuşdu, o zaman gənc idim, bir az da hövsələsizdim. Birdən əlimə bir məktub keçdi, Krım Türk Respublikasının yaradıcılarından biri Seyid Cəfər Krımlı Rəsulzadəyə 70 illik münasibətilə yazıbmış. Təsəvvür edin, məktubda yazılmışdı ki, Emin bəy, (onlar Emin deyib) gün gələcək sizin həyatınızı araşdıran bir gənc olacaq. O sizin həyat səhifələrinizi araşdırdıqca, özünə deyəcək ki, nə mutlu mənə ki, bu yaşamağa dəyər səhifələri canlandırıram".

- Nə qəribə təsadüf və yəqin ki, o gənc sizsiniz...

- Bilmirəm, amma mən indi o sözləri özüm-özümə deyirəm.

Tarix
2014.01.30 / 09:52
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Əskiparaya gedən yol bağlandı: bu gündən etibarən...

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla