Yuxarı

İlk hüquq professorunun zindan məktubları - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ilk hüquq professoru Mustafa ağa Vəkilovun həbs düşərgəsindən anasına və həyat yoldaşına yazdığı məktublar Azərbaycan dilinə tərcümə edilib. Bu, sadəcə, həbsdə olan bir insanın şəxsi duyğuları deyil. Bu, Azərbaycanın ilk hüquq professorunun həm ictimai mövqeyini və bütövlükdə portret cizgilərini əks etdirir.

"Axar.az" həmin məktubların ən maraqlı və ibrətamiz məqamlarını oxuculara çatdırır.

Məktubları oxuduqca onun xarakterik cizgilərini qısaca belə göstərmək olar: sevgisinə sadiq, ailəyə bağlı insan, daim elmi düşüncə ilə yaşayan bir alim. Eyni zamanda M.Vəkilovun düşüncəsindəki təbəddülatlar da özünü aydın şəkildə göstərməkdədir.

Mustafa ağa Vəkilov həbsə alındığı ilk günlərdə tezliklə azad olunacağına ümidlər bəsləyir. Həyat yoldaşına yazdığı ilk məktublarından birində belə deyir:

Həmin gecəni bütün xırdalıqları ilə xatırlayıram

"Bu günlərdə radio ilə Moskvadan Azərbaycan ədəbiyyatı ongünlüyü ilə bağlı verilən Azərbaycan musiqisindən ibarət konserti eşitdim. Bülbül "Koroğlu"dan ariyanı oxuyurdu. Yadıma düşdü ki, ayrı düşməyimizdən üç gün əvvəl səninlə birlikdə bu operada idik... Teatrdan evə həmin sərin, xoş gecədə piyada qayıtdıq...

O vaxtdan bəri nə qədər sular axıb. Amma adama elə gəlir ki, bu, dünən olub - birlikdə keçirdiyimiz həmin gecəni bütün xırdalıqları ilə açıq-aydın xatırlayıram. Və çox heyfsiləndim ki, yanımızda kənar adamlar olmadan birlikdə keçirdiyimiz belə axşamlar az olub.

Görüşənədək. Darıxma. Yanında Çingiz və Nigar var, mənim ikinci tamamlanmış və düzəlişlər verilmiş kitabım var. Sənin Mustafan. 28.V.1940-cı il".

Müvəkkillikdən hüquq professorluğuna

Bu günlərdə 115 illiyi qeyd olunan Mustafa Məhəmməd ağa oğlu Vəkilov 25 yanvar 1899-cu ildə Tiflis şəhərində anadan olub. 1917-ci ildə Tiflisdə 1-ci oğlanlar gimnaziyasında orta təhsilini başa vurub, həmin il Qafqaz Cəbhəsi Müsəlman Qaçqınlarına yardım üzrə müvəkkil vəzifəsində çalışıb. 1918-ci ildə Azərbaycanın istiqlalı elan ediləndən sonra Tiflisdə Azərbaycan Cümhuriyyətinin daimi nümayəndəliyində tərcüməçi-diplomat vəzifəsində çalışıb. Onun rus, fransız, alman dillərini kamil bilməsi işinin öhdəsindən uğurla gəlməsinə yardımçı olub.

Qeyd edək ki, M.Vəkilov görkəmli ictimai xadim Məhəmməd ağa Vəkilovun ailəsində dünyaya gəlib. Atası Azərbaycan Xalq Cümhuriyyətinin dəftərxana rəisi işləyib. Bibisi Badisəba xanım Vəkilova maarifpərvər ədib Firudin bəy Köçərlinin həyat yoldaşı olub.

Mustafa Vəkilov 1919-cu ildə Bakıya gələrək Azərbaycan Xalq Cümhuriyyətinin xətti ilə xaricə təhsil almağa göndərilib. Fransada Sorbon Universitetinin hüquq fakültəsinə daxil olub. Azərbaycan Demokratik Respublikasının rus imperiyası tərəfindən süquta uğradılması nəticəsində xaricdə təhsil alan əksər tələbələrin təhsili yarımçıq qalıb, lakin M.Vəkilov öz imkanları hesabına təhsilini davam etdirməyə müvəffəq olub.

Moskvada işləməkdən imtina

Sonra Azərbaycan Xalq Komissarlar Sovetinin sədri Nəriman Nərimanovun təşəbbüsü ilə xaricdə təhsil alan tələbələrin təqaüdü bərpa edilib. M.Vəkilov təhsilini başa vurduqdan sonra Moskvaya, Kremlə gələrək orada MİK-in sədri N.Nərimanovla görüşüb. N.Nərimanov gənc hüquqşünasa Kremldə qalıb ixtisası üzrə işləməyi təklif edib. M.Vəkilov bu təklifi qəbul etməyib və 1924-cü ildə Bakıya qayıdıb. O, Bakıda Konyuktor Bürosunda əvvəlcə katib, sonra isə rəis vəzifəsində işləyib. 1925-ci ilin mayında M.Vəkilov hakim kimi Ədliyyə Komissarlığına işə qəbul olunub. 1927-ci ildə Xalq Ədliyyə Komissarlığında müfəttış-təlimatçı və xüsusilə Mühüm İşlər üzrə Xalq Məhkəməsində hakim vəzifəsində çalışıb. Eyni zamanda Bakı və onun rayonlarında mühüm mülki işlərə rəhbərlik də ona həvalə olunub.

1928-ci ildə M.Vəkilov öz xahişi ilə Ədliyyə Komissarlığındakı işindən azad edilib. Sonralar, əsasən, 1927-ci ildən dərs dediyi Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində pedoqoji və elmi fəaliyyətlə məşğul olub. AzDETİ təşkil olunduqda ali məktəbdə öz müəllimlik işinə fasilə verərək, buranın sovet quruculuğu və hüquq şöbəsinin aspiranturasına daxil olub. 1930-31-ci tədris ilinin sonlarında aspiranturanı bitirərək (aspiranturasının ilk buraxılışı) hüquq elmi üzrə dosent dərəcəsi alıb.

Mustafa ağa Vəkilov iki iri elmi əsərin müəllifidir: "İnqilabdan əvvəlki Azərbaycanda nikah münasibətləri", "Hüquq və əxlaq". 1935-ci ildə isə gənc alim Azərbaycan SSR Konstitusiyası türk mətninin redaktoru olub. M.Vəkilov eyni zamanda tərcümə və redaktə işləri ilə məşğul olmuş, 1935-ci ildə professor dərəcəsi alaraq, pedoqoji fəaliyyətini davam etdirib. Beləliklə o, Azərbaycanın professor dərəcəsi alan ilk hüquqşünas alimi olub. 1941-ci ilin yanvarın 25-də XDİK yanında Xüsusi Müşavirədə Mustafa Vəkilova "antisovet-millətçi təşkilatda iştirakına görə" cəzasını islah-əmək düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Həbsxanadan məktublar

Həbsinin üçüncü ilində həyat yoldaşına göndərdiyi məktubda yazır:

"Sənin məktubunu aldığım gün həyatımın son ilində ən fərəhli gün idi. Təkcə anama məktub yazdığım, sənə isə heç nə yazmadığıma görə inciməyinə heyrətləndim. Səbəbi sadədir. Düşərgədən məktub alınmasına Bakıda nə cür münasibət göstəriləcəyini bilmədiyimdən sənə lüzumsuz zərər yetirməkdən çəkindim, hərçənd deməliyəm ki, burada məhbuslar hətta döyüşən ordudan məktublar alırlar. İndi sənin məktubundan görürəm ki, Bakı da bu baxımdan istisna deyil, çünki sən hətta məktub yazmadığıma görə məndən inciyirsən.

Açığını deyim, sənə yaxşı bəlli olmalıdır ki, heç bir məhrumiyyət mənim mövcud vəziyyətə olan münasibətimi dəyişdirə bilməz. Xarakterim yamanca dəyişib. Sən məni qaynar, ekspansiv, həyata can atan, işdə və hər şeydə od-alovlu bir adam kimi tanıyırdın. İndi isə ləng, yerindən ağır qalxan adam olmuşam, hətta başım əvvəllər olduğu kimi yaxşı işləmir. 19.IV.1942-ci il".

Xanımına yazdığı son məktub

Məktubdan artıq ümidsizlik hiss edilməkdədir. Taleyin acı istehzasından Mustafa Vəkilov sürgün vaxtını bitirsə də, azad olub Vətənə dönə bilmir. Həyat yoldaşı Müqəddənisə xanıma yazdığı son məktubunu ürək ağırısı olmadan oxumaq mümkün deyil:

"Əzizim Müqəddənisə!

Təzə gətirildiyim yerdən sənə ikinci məktubumu yazıram. Birinci məktubun çatıb-çatmadığını bilmirəm. Buraya sürgün müddətinin bitdiyi səbəbincə azad edilmək üçün çağırılmışdım. Lakin son dəqiqədə elan etdilər ki, müharibə bitdikdən sonra azad ediləcəyəm. Mustafa".

Lakin təəssüflər olsun ki, M.Vəkilov 1943-cü il aprelin 30-da sürgündə vəfat edir.

Onun Bayıl həbsxanasından yazdığı məktubu da ailəsindən nigarançılığını əks etdirir:

"Əzizim Müqəddənisə!

Mən Bayıl etap həbsxanasındayam. Yola salınmazdan əvvəl görüşməyi yamanca istəyirəm. Ola bilsin ki, bizi tezliklə göndərsinlər. Əgər sənin vaxtın yoxdursa, qoy evdən kimsə görüşə gəlsin ki, uşaqlarımın və mənim üçün doğma və unudulmaz adamların taleləri barədə xəbər tuta bilim. Əgər qalıbsa, alt paltarlarımdan əlinizə keçəndən mənə göndərin. Əllərindən, gözlərindən öpürəm, mənim yazıq, yeganə sevdiyim, bəxtsiz dostum. Neçə ki, damarlarımdan qan axır, sənin olan Mustafa Vəkilov . 15.05.39-cu il.

Məktublarının əksəriyyəti isə anasına ünvanlanıb:

"Əziz anam!

Mənə görə narahat olmayın. Mən sağ-salamatam. Hansı birinizsə görüşə gəlin. Alça lavaşı və sarımsaq, eləcə də Bayılda verdiyiniz kostyumun jiletini göndərin. Çox rica edirəm, şokolad plitkası kimi şeyləri bir də heç vaxt göndərməyin. Bütün doğmalarımı öpürəm. Fikrim həmişə sizlərin yanındadır. Çalışın, uşaqlar məni az xatırlasınlar və kürlük etməsinlər. Hamınızı bərk-bərk qucaqlayır və ayrıca borclu bəxtsiz və əziz dostumun əllərindən öpürəm. Sizin hamınız üçün qalan, Mustafa.
27 iyun 1939-cu il. Bakının 1 saylı Keşlə həbsxanası".

"Əziz anam!"

"Ayda bir açıqca yazmaq hüququmdan istifadə edirəm. Sağ-salamatam. Mən sarıdan nigaran qalmayın. Uşaqları yamanca görmək istəyirəm. Lakin qorxuram, birincisi, onların bu istidə buraya gəlmələri çətin olsun, sonrası da, bilmirəm onların məni burada görmələri necə olar? Bu məsələni obyektivcəsinə həll edə bilmirəm. Qoy Müqəddənisa özü yalnız uşaqların ruhi vəziyyəti üçün bunun nə dərəcədə məqsədyönlü olması baxımından həll etsin. 150 manatı aldım. Sağ olun. Həbsxanaya yemək gətirərkən yalnız zəruri şeylərlə: sarımsaq, soğan, alça lavaşı, kolbasa (ucuzundan), suxarı və sair ilə kifayətlənin. Bahalı şeylər və naharlar göndərməyin. Səni, atamı, Müqəddənisanı və uşaqları bərk-bərk öpürəm. Yaxşı oxuduğuna görə Çingizi bir daha öpürəm. Ümidvaram ki, balaca bacısını incitmir. Mustafa. 23.07.39-cu il. Bakının 1 saylı Keşlə həbsxanası".

Bu məktubu öz ad günümdə yazıram

"Əziz anam!

Mən artıq sənə yazmışam ki, 1939-cu il dekabrın əvvəlində Bakıdan yola salınmış bir məktub və bir poçt bağlaması almışam. Bundan sonra sizdən heç bir xəbər gəlmədi. Nə üçün yazmırsınız? Doğrudanmı indiyədək Moskvadan mənim işimə dair cavab gəlməyib? Mənim işim Moskvadan geriyə - Bakıya çatan kimi onun nəticəsinin necəliyindən - müsbət və ya mənfiliyindən asılı olmayaraq mənə yazın ki, mən bundan sonra nə etməyi, hara müraciət etməyi bilim. Ümidvaram ki, hamınız sağ və salamatsınız. Müqəddənisə rayona ezamiyyətindən qayıtdımı, yoxsa indiyədək onu əvəz edəsi həkim hələ göndərilməyib?
Bu məktubu öz ad günümdə yazıram, sizə isə ehtimal ki, hardasa fevralın 10-da, Müqəddənisənin ad günündə çatacaq. Onu təbrik edir və bərk-bərk öpürəm. Ümidvaram ki, bu, birlikdə keçirmədiyimiz sonuncu ildir. Moskvada mənim işimə baxılacağına və həqiqətin yerini alacağına ümidlər məni bir dəqiqə də olsun tərk etmir.
Uşaqlar necədirlər? Çingiz necə oxuyur? Hamınızı bərk-bərk öpürəm, səadət və can sağlığı arzulayıram. Məktubunuzu gözləyirəm. Bütün doğmalarıma salamlar. Oğlun Mustafa. 25 yanvar 1940-cı il.
P.S. Göndərdiyiniz pulu Volqaqraddan geriyə tələb et, mənə gəlib çatmayıb. Bu pulları geri al və mənə göndərmə. Mustafa".

Zindandan ailəsinə təsəlli verir

Mustafa ağanın həyat yoldaşına yazdığı məktubları onun həyata baxışlarını, ailəsinin gələcəyi ilə bağlı planlarını əks etdirir.

"Əzizim Müqəddənisə!

Sənin məktubunun tonundan görürəm ki, bu illər ərzində əsəblərin rahatlıq görməyib, bütün bunlar mənim üçün çox kədərlidir. Lakin mən nə edə bilərəm? Mən yaxşı başa düşürəm ki, sənin üçün asan olmayıb. Bir dəqiqə də olsun sənin layiq olmadığın halda bəxtinə düşən bu ağır taleni unutmuram. Bu hallarda özümə yalnız bununla təskinlik verirəm ki, bütün bu əhvalatda mən – küçədə banditlərlə atışmanın getdiyi bir vaxt təsadüfən oradan keçən və bəxtindən gülləyə tuş gələn yol adamı qədər müqəssirəm. Bir qədər də döz, mənim əzizim. Özünü ələ al. Müharibə bitər, dünya qəhvəyi taundan xilas olar, bəşəriyyət rahat nəfəs alar və biz səninlə hələ nə qədər bəxtəvər illər yaşarıq, əlbəttə, əgər sən mənə olan münasibətini dəyişməyəcəksənsə. Və ümidvaram ki, bu münasibət dəyişməyəcək. Çünki etiraf etməliyəm ki, mən daha sən gördüyün adam deyiləm.
Mən yalnız həmin adamın kölgəsiyəm. Təkcə fiziki baxımdan deyil, ən pis olan budur ki, fikirlərim və mənəvi həyatım ağlasığmaz dərəcədə zəifləyib və cılızlaşıb.

Hər şeydə özüm təqsirkaram. Lakin öz təbiətimi bildiyimdən, ümidsizliyə qapılmıram. Şübhə etmirəm ki, azadlıqda, normal şəraitdə xırda təmir aparılmaqla, bir neçə aylıq sərbəst həyat fiziki və əqli baxımdan qüvvələrimi sürətlə bərpa edəcək. Sinqa xəstəliyinə qarşı iynəyarpaqlı ağacın cövhərini bir həftədir müntəzəm olaraq içməyə başlamışam və artıq bu həftə ərzində səhhətimin yaxşılığa doğru xeyli dəyişdiyini hiss edirəm. Düşünürəm ki, get-gedə daha da yaxşılaşacağam. Bircə tez-tez yazın, bilim ki, necə yaşayırsınız. Məktublarınız mənə qüvvət verir, bunlar məni həyata bağlayan tellərdir.

Rica edirəm, belə gerçək vəziyyətin təsvir edildiyi məktublardan bundan sonra da yaz, hərçənd anamın sənin qanını tez-tez qaraltdığını oxumaq mənə o qədər də xoş deyil. Lakin bu məktub ailədəki gerçək vəziyyətə dair məndə heç bir şübhə yeri qoymadı və məni xeyli sakitləşdirdi. Belə məlum olur ki, atam da sağ və salamatdır, halbuki buna ümidim az idi. Çingizin ağıllı və ciddi oğlan kimi böyüdüyünü oxumaq mənim üçün çox xoş idi...".

Müharibə bitdikdən sonra azad ediləcəyəm...

"Əzizim Müqəddənisə!

Təzə gətirildiyim yerdən sənə ikinci məktubumu yazıram. Birinci məktubun çatıb-çatmadığını bilmirəm. Buraya sürgün müddətinin bitdiyi səbəbincə azad edilmək üçün çağrılmışdım. Lakin son dəqiqədə elan etdilər ki, müharibə bitdikdən sonra azad ediləcəyəm. Mənim üçün bu ikiqat fərəhli gün yaxınlaşır. Hər gün alman banditləri üzərində qələbələrimiz haqqında yeni xəbərlər gəlir. Bu gün radio qoşunlarımızın Rostovu geri almaları haqqında fərəhli bir xəbər yaydı. Deməli, əgər sən mənə məktub yazmaqdan ötrü işdən vaxt tapa bilsən, əlaqələrimiz bundan sonra müntəzəm şəkil alacaq. Yaxud da heç olmasa, qoy sənin əvəzinə Çingiz yazsın.

Axı o mənim üçün vaxt tapmalıdır. Dərsləri ki, onun bütün vaxtını almır. Ailəmə, vərdiş etdiyim namuslu əməyə, faciəli anlaşılmazlıq nəticəsində qoparılmış olduğum namuslu sovet adamlarının arasına qayıdışı gözləyə-gözləyə fiziki və mənəvi baxımdan çox yorulmuşam. Elə dəyişmişəm ki, görüşəndə məni tanımayacaqsan.

Əmimdən və Badisəba bibimdən rica edirəm (səndən ona görə istəmirəm ki, dörd baş ailəni saxlamağın çətinliyini anlayıram) mənə tənbəki bağlaması göndərsinlər və əgər mümkün olarsa, vitamin və ya şirin bir şey. Əgər əlinizin altında olsa, köhnə köynəklərimdən - gimnastyorka və köhnə şalvarlarımdan (yamaqlı olsa da) mənə göndərin. Təzəsini alıb göndərməyiniz lazım deyil. Görüşənədək. Yatmaq vaxtıdır. Səni, uşaqları, atamı, anamı, əmimi, bibilərimi və bütün doğmalarımı bərk-bərk öpürəm. Tezliklə azad ediləcəyimi gözləməklə, səni bir daha ürəyimin başına sıxıram. Mustafa".

Tarix
2014.01.28 / 23:20
Müəllif
Fərqanə Allahverdiqızı
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla