Yuxarı

Qorxulu məhəllənin didərgin uşaqları - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəqani Rüstəmov küçəsində yaşayan Füzuli rayon köçkünləri redaksiyamıza göndərdikləri məktubda güzəranlarından narazı olduqlarını, dözülməz şəraitdə yaşadıqlarını bildiriblər. Bu məktubun sorağı ilə onların yaşadığı ünvana yollandıq, görüşdük, həyat şəraitləri ilə maraqlandıq.

Unudulmuş insan məskəni

Evsizlikdən şikayət edən Füzuli qaçqınları taxta-dəmir divarları olan balaca komalarda yaşayırlar. İşğal altında olan bu rayonun məcburi köçkünləri 20 ildir ki, başqaları kimi isti ev ümidi ilə gözləyirlər.

Bu küçə ilk baxışdan tənha bir evi xatırladır. Həyətdən çalın-çarpaz zivələr çəkilib, zivələrdən paltarlar asılıb. Bu zivələr, bu paltarlar da olmasa, burada insan oğlunun yaşadığına inanmaq çətin olar. Sanki illərdir burada həyat donub. Göydələnlərin fonunda yerə yapışmış yekə, yöndəmsiz, yastı-yapalaq evi xatırladan, pas atmış dəmir-dümürdən köynək geyinmiş bu xırda məhəllə adamda yalnız bu təəssüratı yarada bilər – haçansa insan məskəni olmuş və unudulmuş məkan.

Meşəyə gələn insan

Qəfildən torpağın içində oynayan balacaların qışqırtısını eşidəndə yadıma düşür ki, bura reportaj hazırlamağa gəlmişik – axı burada dərdi-səri olan adamlar yaşayır və onlar imdad üçün bizə üz tutublar. Fotoqrafımız meşəyə gələn insandan qorxan nağıl qəhrəmanları kimi bizdən ürküb-qaçan uşaqları çağırır, dilə tutur, şəkillərini çəkib isinişməyə çalışır. Deyəsən, ünsiyyətimiz alınır. Böyük həvəslə, sanki illərdir qayğıdan, mehrdən kənar olduqlarını cürbəcür hərəkətləri ilə bildirməyə can atırlar. Küçənin bütün uşaqları "fotoqraf əmi"yə şəkil çəkdirmək üçün toplanır.

Həyatın daha bir nişanəsi – söyüd ağacı

Yox, bura nə müharibə bölgəsidir, nə də ki, təhlükəli zona. Sanki hündür, yaraşıqlı binaların tikildiyi, göz oxşayan parkların salındığı Bakı da deyil bura. Bakı coğrafi də olmasa, ruhən bu məkandan çox-çox iraqda yerləşir.

Şəhərin bütün səs-küyündən uzaq Xəqani Rüstəmov küçəsinin mistik aurası var. Heç vaxt inana bilməzsən ki, bu qədər gur insanları olan şəhərdə 11 ailənin yaşadığı sakit, baxımsız, gözdən–könüldən kənar belə bir künc də var. Elə müasir Bakının toz-dumanında itmiş, bir də söyüd ağaclarının varlığından başqa həyatın var olduğunu da burada heç nə xatırlada bilməz sənə. Bir də ki, məhəllənin kənarında tikinti işləri aparılan ərazidə oynayan uşaqların səs-küyü.

Dəmir-beton oyuncaqlar

Üst-başları torpaq, çirk-pasaq içində olan bu balacaların oynamağa, əylənməyə başqa yerləri yoxdur. Onların oyuncaqları da əlbəttə ki, gəlinciklər, oyuncaq maşınlar deyil. Müharibənin qoxusunu belə duymayan bu balacaların oyuncaqları da qeyri-adidir. Yaxınlıqda tikilən yeni tikililərin beton daşları, armaturları – böyüklərin dilində "inşaat materialları" adlanan bütün tör-töküntü bu balacaların sevimli oyuncaqlardır. Betonqarışdıran maşınlar yükünü boşaldanda isə onlar üçün əsil toy-bayram olur. Məhəllədə yaşayan balacalar qaça-qaça özlərini maşınlara çatdırıb onu seyr etməkdən doymurlar.

Müharibədən daha qorxulu

Gözünü müharibədən çox uzaqda açıb Nihad. Nə müharibə görüb, nə də ki, ana-atasının ona anlatdığı Füzulini. Nihad üçün müharibə anlayışı hər gün ayağını basdığı beton döşəmə, yağış yağanda su daman tavan və taxta divarları olan evdən qorxulu deyil. 6 yaşlı bu balaca deyir ki, yüksəkliyi ilə adamda qorxu yaradan o binaları görəndə hər dəfə yenidən bir də öz komaları yadına düşür. Onun gözündə evləri qorxulu nağıllardakı dəhşətə bənzəyir:

"Gecələr soyuqdan donuram, axşamlar qorxulu yuxular görüb ayılanda üşüdüyümü hiss edirəm. Bir evimizin, evimizdə isti otağımın, otağımda yumşaq oyuncaqlarımın olmasını arzu edirəm həmişə. Amma neçə ildir bu olmur. Anama deyirəm ki, axı niyə olmur, niyə arzularım həyata keçmir? Deyir, müharibə haçan bitsə, o zaman istədiyin hər şeyin olacaq. İndi bütün uşaqlar sənin kimi yaşayır. Amma mən bilmək istəyirəm, bəs o hündür binalarda yaşayan uşaqların ölkəsində müharibə getmir?"

20 illik ev həsrəti

"Yoldaşım bir əlini müharibədə itirib. Onunla belə, fəhləlik edir. Qazandığı ancaq iynə-dərmana gedir".

Nihadın anası Samirə Əliyeva deyir ki, evlə bağlı müraciət etmədikləri yer qalmayıb. Amma heç bir faydası yoxdur. Nə dolanışıq yaxşıdı, nə də gün-güzəran:

"Burda hamı eyni vəziyyətdə yaşayır. Güc-bəla ilə bu daxmaları tikdik. Hətta daxma demək də mümkündürsə. Küçədə qalmamaqdan ötrü. Dövlətimiz bizə ev versin, biz heç, bu uşaqlara yazığı gəlsin. Hamısı xəstəlik tapıb. Bunların gələcəyi nə olacaq?.."

Nə vaxtsa köçəcəkləri günü gözləyə-gözləyə 20 illik həsrətlərinin bitməsini istəyirlər.

Şər qarışanda ayrılıq

Soyuq və yaşamaq üçün heç bir şəraiti olmayan kiçik komaların sakinləri ilə sağollaşanda artıq hava qaralmağa başlayırdı. Bu evlər o qədər soyuq idi ki, küçəyə çıxanda bayırdakı temperaturla heç bir fərq hiss etmədik.
Balaca Nihaddan və yaşıdlarından bir gün arzuladıqları kimi isti evlərinin, qayğıdan, problemdən uzaq, əsil uşaqlıq həyatlarının olması ümidi ilə ayrıldıq.

Tarix
2014.01.28 / 23:00
Müəllif
Vəfa Nağı
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla