Yuxarı

Burada atanın dayısı yaşayıb, Stalinlə dost olub... - Foto/Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yazını bir qış axşamı yazdım. Əli müəllimlə görüşdən qayıtdığım axşam... Əli müəllim Rusiyada, Amerikada samballı elmi əsərləriylə tanınan alimdi, professordu, texniki eləmlər doktorudu və Məhəmməd Əmin Rəsulzadənin yeganə bacısı Şəhrəbanu xanımın nəvəsi.

Öndərin bacısı gəlin köçür

Axund Hacı Ələkbərin yeganə qızı Şəhrəbanu xanım gəlin köçməyə hazırlaşırdı. Novxanıda bağ qonşuları olan əsilli-köklü, üç şəcərə Hacı kimi nüfuz sahibi - Hacı İsgəndər nəvəsi, Hacı İmaməli oğlu Hacı Nağının böyük övladı Kərbəlayi Əlinin evinə. Amma o qədər də uzağa getməyəcəkdi.

Qızını gözündən uzağa qoymaq, həm də şəhər mühitindən ayırmaq istəməyən atası əvvəlcədən belə şərt kəsmişdi. Mülkləri Novxanıda olan Hacı Nağı oğlu üçün Şəhrəbanu xanımın atası evinə yaxın bir yerdə - Dəvəçi küçəsində mülk almışdı.

1898-99-cu illər idi. El adətiylə toy elədilər, bu evdə onların dörd övladı dünyaya gəldi: Suğra, Tutu, Həsən, Kübra. Əli kənddəki təsərrüfatı idarə elədi, Şəhrəbanu çocuqların tərbiyəsilə məşğul oldu. Şəhrəbanu xanımla Kərbəlayi Əli ömrünün ən bəxtəvər günlərini yaşadılar. Ölüm hər şeyi alt-üst eləyənə qədər. Günlərin birində Əli dünyasını dəyişdi, yenidən Novxanıya "qayıtdı"... Şəhrəbanu xanım Əlinin dörd yadigarıyla xatirələrin ümidinə qaldı.

Şəhrəbanu xanım xüsusi təhsil görməsə də, ailə tərbiyəsi, yaşadığı mühit öz sözünü demişdi və bu müdrik qadın bütün çətinliklərə rəğmən övladlarını fədakarlıqla böyüdə bildi. Zamanı gəlincə qızlar ailə qurub ata yurdundan köçdülər. Həsənağanın (Həsəni belə çağırırdılar) toyunu görmək isə Şəhrəbanu xanıma qismət olmadı...

Səksəkə içində keçən günlər

Həsənağa Rabitə texnikumunda oxuyurdu, yaxşı cavan idi, amma zaman pis zamandı. Məhəmməd Əmin Rəsulzadənin doğmaları ömrünün səksəkə içində keçən günlərini yaşayırdı. Şəhrəbanu xanım deyərdi ki, Məhəmməd Əmin elə bir alovdu ki, şöləsi kimə dəysə, onu qarsalayar...

Hökumət ailə başçılarını yığıb təşviqat xarakterli iclaslar keçirirdi. Şəhrəbanu xanım bu iclasların birindən çox dalğın qayıdır və az keçmədən ürək tutmasından vəfat eləyir. Qızı Kübra xanım deyirmiş ki, mən tüxnikumu bitirən il - 1938-də diplom alıb evə qayıdan gün itirdim anamı. Qardaşı Məhəmməd Əminin həsrətiylə yaşayan Şəhrəbanu xanım övladlarından, yeganə oğlundan da nigaran köçür dünyadan. O vaxt Həsənağa 21 yaşındaydı...

Radiodan eşitdiyi səs

Həsənağa illər sonrası Anaxanım adlı bir qızla evləndi. İlk övladına anasının adını verdi. Sonra Əli, Zemfira, Məlahət doğuldu.

O, radio mütəxəssisi idi, müxtəlif dövlət idarələrində işlədi. Sovet dönəmində yaşayıb Kommunist Partiyasına üzv olmadığı üçün yaxşı mütəxəssis olsa belə, ona vəzifə verilmədi. Heç Həsənağa da bu dövlətdən heç nə istəmədi. Dilinə gətirməsə də, ürəyində dayısının qurduğu dövlətin həsərti yaşayırdı. İndi köhnə fotolardan boylanan bu adamın dayısı Məhəmməd Əminə zahiri oxşarlığı hiss olunur. Hətta illər sonra oğlu Əli Məhəmməd Əmin Rəsulzadənin "Azadlıq" radiosunda çıxışını eşidəndə bu səsin atasının səsinə bənzərliyinə heyrətini gizlədə bilməmişdi. Ona elə gəlmişdi ki, o bu səsi nə vaxtsa, lap yuxuda olsa belə, eşitmişdi...

Heyf ki, bu, Həsənağanın özünə qismət olmadı. Həsənağa 1964-cü ildə 47 yaşında dünyasını dəyişdi. Ölümündən səkkiz il sonra Dəvəçi küçəsində Kərbəlayi Əliylə Şəhrəbanu xanıma toy hədiyyəsi kimi alınmış bu mülk də öz ömrünü başa vurdu...

Vaxtilə burda atanın dayısı yaşayıb, Stalinlə dost olub

İndi o ev, o ocaq, həyatı keşməkeşlərlə keçən o adamlar xatirələrdə yaşayır. Kərbəlayi Əlinin adaşı, nəvə Əli Novxanı bağlarında həm də qonşu olduqları atasının əmisi oğlanları - Hacı Behiştin, Hacı Bəybalanın əmidostuları, atasının bibisi Həvva xanımın Şərəbanu nənəsi haqqında necə böyük sevgiylə danışdıqlarını, anasının ilk dəfə Nizami metrosunun qabağında yavaş səslə "vaxtilə burda atanın dayısı yaşayıb, Stalinlə dost olub" deməyini xatırlayır. O vaxt balaca Əli ata dayısının dövlət başçısı yox, Stalinin dostu olduğu üçün böyük adam olduğunu düşünübmüş...

İkinci-üçüncü sinifdə oxuduğu vaxtlarda Məhəmməd Əmin Rəsulzadənin oğlu onların bağına gəlib. Səhərə kimi Həsənağayla söhbət eləyib gedib. Evlərində bir tablo vardı, anası deyərdi ki, bu tablonu Azər çəkib, atanın dayısı oğlu... O vaxt bu söhbətlərdə anlaşılmaz, müəmmalı nəsə vardı. Amma zaman aram-aram bütün həqiqətləri üzə çıxarır...

Azər bəylə ikinci görüş

Azər bəylə ikinci görüşü də elə həqiqətlərin üzə çıxdığı məqamlara təsadüf elədi. O vaxt Azər bəy Bakıda Leçkomissiya deyilən xəstəxanada yatırdı. Məhəmməd Əminin yadigarı "heç nə gətirmə, təki özün gəl" deyirmiş ona. Bütün ömrünü qürbətdə yaşayan Azər bəy doğmalarının sözünü-söhbətini, bir də tar səsi eşitmək istəyirmiş.

Bir dəfə Azər bəy Bakıda olanda Məhəmməd Əminin qız nəvəsi Füruzə xanımgildə yığışıblar. Füruzə xanım deyib: "Biz gərək özümüzü elə ləyaqətli aparaq ki, heç vaxt Rəsulzadənin adından istifadə eləməyək, Rəsulzadənin adına layiq olaq".

Bu söz Şəhrəbanu xanımın nəvəsi Əlinin yaddaşında silinməz iz buraxır. Çünki Məhəmməd Əmin də öz ömrünü ləyaqətlə yaşadı və heç vaxt əyilmədi, heç bir sarsıntı onu sındıra bilmədi. O, güclü şəxsiyyət idi.

Ruhun təmizliyi qəlbin iztirablarından keçir. Məhəmməd Əmin qürbət, ayrılıq acılarından keçib böyük sevdasını yaşatmağa özündə güc tapdı.

Sovet imperiyası Azərbaycanı əridib tamam yox eləmək istəyirdi. Rəsulzadə isə dünyanı gəzib Azərbaycanın itirilmiş istiqlalından danışırdı. Böyük bir imperiya ilə təkbaşına vuruşmaq idi bu. O, ilk gəncliyindən ta ömrünün sonuna kimi bu mübarizədən geri çəkilmədi.

Ölüm ayağında deyilən söz

İnsan ölüm ayağında bəlkə həyatda heç vaxt olmadığı qədər səmimi olur, doğmalarını xatırlayır, əzizlərinin adını çağırır, deyirlər. Məhəmməd Əmin Rəsulzadə son nəfəsdə üç dəfə "Azərbaycan" deyib! O, ürəyində, əməllərində yaşatdığı gerçək və təmənnasız Azərbaycan sevgisini ölümüylə də təsdiqləyən böyük Azərbaycanlıdı. Amma son anadək əhdinə, sevdasına sadiq qalan bu yenilməz adamın içində özündən belə gizlətdiyi bir qərib yaşayırmiş.

Qəmlərin şırım açdığı bu ürəkdə əlbət ki, Şəhrəbanu xanım kimi bütün döğmalarının həsrəti əriyib böyük Azərbaycan həsrətinə qarışmışdı...

Evinin yerində "Nizami" metrosu

Gün gələcəkdi, evlərini söküb yerində metro stansiyası tikəcəkdilər, stansiyaya Nizaminin adını verəcəkdilər. Adı məmləkətində yasaq olan qardaşı "Azərbaycan şairi Nizami" əsəriylə bütün dünyaya bu böyük söz ustadının Azərbaycan şairi olduğunu sübut eləyəcəkdi. Sovetlər Birliyinə taleyin istehzası kimi elə bu məkanda, öz doğma ocağında Nizaminin adı hər çəkiləndə qardaşının adı da səssiz-səmirsiz xatırlanacaqdı... Və yüz il sonra bu şəhərdə ulu nənəsinin adını daşıyan, Məhəmmməd Əmin Rəsulzadənin qurduğu dövlətdə, bir kərə yüksələn bayrağın hər əsintisiylə qürur duyan bir qızcığaz - balaca Şəhrəbanu yaşayacaqdı. Heyflər olsun ki, o, bütün bunlardan xəbərsiz dünyadan köçəcəkdi...

Fotolarda:

Məhəmməd Əmin Rəsulzadənin tək bacısı Şəhrəbanu

Bacısı oğlu Həsən

Tarix
2014.01.26 / 14:50
Müəllif
Nəcibə Bağırzadə
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla