Yuxarı

Qorbaçov Qərbə hər səfərindən sonra psixoloji sarsıntı keçirirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tikilən divarlar və Azərbaycan bayrağının kölgəsi

"Avropa vahid oldumu"-"Berlin divarları"nın yıxılmasının 25 illiyinə həsr olunmuş və 8 min "yanan şar" la ağrılı keçmişini simvolizə etməyə çalışan, göylərə ucaltdığı atəş səsləri altında qələbə paradı keçirən alman xalqının bayram təntənəsini seyr edərkən hamını düşündürən sual məhz budur. İndi tarixin labirintlərində dolaşmaq çox az adama lazımdır. Sovetlərin süqutunda həlledici zərbəni kimin vurması məsələsi imperiyaların yalnız bir amildən dağılmadığını bilənlərə yaxşı məlumdur. Ona görə, Qərbi "soyuq müharibə"ni udmağın trimfunu yaşamaq əhval-ruhiyyəsindən xilas etmək lazımdır.

Lakin əksinə, hüdudsuz iqtisadi və hərbi gücünə arxalananlar eynən bolşeviklərin nümayiş etdirdiyi hegemoniya və diktat ruhu ilə dünyada azadlıq və demokratiya bayrağının bütün əsarət altında olan xalqlar tərəfindən qaldırılacağına ümid bəsləyərək kainatın dörd bir yanına yürüşlərini davam etdirirlər.

Tutaq ki, Mixail Qorbaçov hazır bir missiya ilə gəlmişdi və hamının ondan tələb etdiyi Stalinin tarixi qələbələrini qoruyub saxlamaq missiyası onun planlarına daxil deyildi. Ancaq 40 il ərzində dünyanın üçdə birinə nəzarət imkanı qazanan kommunistlərin süqutunu kim dayandıra bilərdi ki? Ona görə yox ki, bütün totalitar quruluşlar xalqların həbsxanasına çevrilir, kazarma sistemi kimi fəaliyyət göstərir, yalnız süngünün ucunda durur və əsgərlər yemlənməyən kimi də dağılır. Yox, məsələ bunda deyil. Heç sonuncu fikri Qızıl Orduya aid etmək də insafsızlıqdır.

Məgər, 2-ci dünya müharibəsindən sonra Lenin ideyalarını uzaq Afrikaya və ya Amerikaya aparan, Anqolanı, Madaqaskarı, yaxud Əlcəzairi qırmızı rəngə boyamağa çalışan inqilabçılar, hətta hamının əbədi mübarizə simvoluna çevirdiyi çe gevaralar yalnız ideologiyalrın gücünə arxalanırdılar? Qətiyyən. Hətta "Berlin divarı"nı inşa edəndən sonra da şərqi Almaniyada bolşevizmin həyat ukladını, birlik, bərabərlik, kollektiv səadət və ədalət şüarlarını əhalinin böyük əksəriyyətinə qəbul etdirmək mümkün olmamışdı. Ona görə yox ki, Bismarkın dəmir iradəsi ilə birləşdirdiyi milləti istənilən formasiyada öz identikliyini qoruyub saxlayırdı, yox, sadəcə almanların çox az bir qismi kommunizmin quruculuğuna inanırdı və belədə ən qalın divarlar arxasında da sovet gerçəkliyini ört-basdır etmək mümkün deyildi.

Şərqi Almaniyanın əzəmət və vahimə saçan DTK-sının-Ştazinin sonuncu rəhbəri Markus Vulf etiraf edirdi ki, bütün səylərə, açıq-gizli tərənnümlərə, əks düşünənləri qətiyyətlə neytrallaşdırmalarına baxmayaraq onun ölkəsində Sovet İttifaqındakı hakim rejimi dəstəkləyənlər 30-faizi aşmırdı. Onların sosial tərkibini əhalinin aşağı təbəqələri təşkil etdiyindən sistem heç vaxt sona qədər özünü stabil və möhkəm saya bilmirdi. Hətta tarixin ironiyasına görə, Xruşşov zamanında məhz hərbçilərin əli tikilən qalın beton divarları çəkənlər hamını inandırmağa çalışırdılar ki, qoy dünyanın o biri tərəfində qalanlar sosializmin yüksək rifaha və sərvətlərə yiyələnmiş hissəsinin nailiyyətlərindən bəhrələnə bilməsinlər. Baxmayaraq ki, o vaxtlar sovet adamları üçün qdr-çilərin həyat standartları həqiqətən də yuxarı sayılırdı və hamı onların malik olduğu imkanlara yiyələnməyə çalışırdı. Lakin müharibəni Stalinlə birgə qazanaraq qənimətin bölgüsündə fəal iştirak edən Amerika və onun rəhbərlik etdiyi koalisiyanın sonralar azadlıq verdiyi Qərbi Almaniya qısa müddət ərzində nəinki ikiyə bölünmənin və postmüharibə dövrünün fəlakətlərindən xilas ola bilmişdi, eləcə də müstəqilliyə can atan xalqların yolunda əvəzsiz mayaka çevrilmişdi.

Qorbaçovu bütün rəhbərlik illərində beynəlxalq danışıqlarda və ümumən xarici siyasət işlərində müşaiyət edən Andrey Çernyayev xatirələrində yazır ki, onun lideri kapitalist dünyasına hər səfərindən sonra mənəvi və psixoloji sarsıntı keçirirmiş ki, uzun on illər ərzində sovet diplomatları, kəşfiyyatçıları, yaxud mətbuatı necə böyük yalanlar danışırmış. Belə ki, Qərb əsil həqiqətdə beynəlxalq istismarçı imperializm deyil, yüksək texnoloji inqilaba, sinifsiz cəmiyyətə və geniş vətəndaş azadlıqlarına sahib olan qüdrətli bir siyasi sistemdir.
Ona görə indi tarixin o dönəmlərinə qayıdıb, SSRİ Baş katibindən Almaniyanın vahidliyinə deyil, sadəcə sistem dəyişikliyinə gedərək hətta bütün iqtisadi və siyasi dəyişiklərə, yəni kapitalist bir quruluşla və demokratik idarəetmə ilə də olsa almanları sovetlərlə bir damın altında qalmağa həvəsləndirmək, yaxud bunun üçün bazarlaşmaq tam əbəs cəhd olardı. Almanların vahidləşməsinin qarşısına tanklarla çıxmaq mümkün deyildi. Hitleri döyüş meydanında məğlub edənlər mədəni, iqtisadi və siyasi savaşı, beləliklə üçüncü dünya müharibəsini Qərbə uduzdular.

Bilirsinizmi dövlətlərin arsenalında olan vasitələrlə müxtəlif planlarını həyata keçirməsi onun təbii haqqıdır. Lakin bizim üçün daha ibrətamiz olanı sadə vətəndaşların minlərlə ordu qüvvəsindən daha təsirli olan silahla apardığı mübarizədir. Baxın, 155 km-lik Berlin divarının bir üzündə qardaşı-qardaşdan ayırmağa çalışan və bunun əksinə gedənləri dərhal yerindəcə güllələmək hüququna malik olan əli avtomatlı hərbçilərin qulağının o biri yanında tamam ayrı bir mübarizə gedirdi. Çoxlarının buna görə lənətlədiyi və milyonlarla insanın həsrətli arzularının qarşısında tikanlı və ölümsaçan səddə çevrilmiş "dəmir pərdə"nin o biri üzünü adamlar əsil incəsənət muzeyinə çevirmişdilər. Bəlkə də bu tarixin ən uzun "sərgi"si adlana bilərdi. Əl-ələ tutub 150 km-lik canlı sipər quran və bununla cəmi bir dəfə sovetlərə kəskin etirazlarını ifadə edən latışlar, estonlar belə almanların 40 illik divar "yaradıcılığı" ilə müqayisə oluna bilməzdilər.

45 min plitə betonlarının hər kvadrat metri rəssamların, yaxud sadə bir həvəskarın əsərlərini yaratdığı "kətan parçası"na çevrilmişdi. Yaxud qraffitlə bəzədilmiş lövhələr əsil Veymar respublikasının ilhamı və nasizmə qədərki ruhu ilə yaradılırdı. Təsadüfi deyil ki, onlar sonralar ən yaxşı mədəniyyət nümunələrinə çevrildilər, albomlaşdılar və tarixin mühüm səhifəsi oldular. Eləcə də divarları ekranlara və musiqiyə gətirən, rokun sakral cazibəsi ilə milyonla gənci öz təsirinə alan sənət adamları da Qərbin beyin mərkəzləri və siyasi institutlarından az görmədilər. Amma "Berlin divarları"nı sökənlərin bir çoxunun dediyi kimi beyinlərdən və ürəklərdən həmin ayırıcı sədləri tamamilə silmək mümkün olmadı.

O vaxtlar kommunist sistemini süquta uğradanlar bir ideoloji cəbhəni məğlub edəndə bunu "geopolitik fəlakət" adlandıran yeni rusları unutmuşdular. Hə, bu gün onların qeyd etdiyi ildönümlər qovuşan ailələrin və daha qətlə yetirilməyən soydaşlarının sevincini bölüşməkdirsə, DİVARIN bu biri tərəfində olanlar isə hesab edir ki, əsil həyat onda idi. Nə olsun ki, indi hara istəsən getmək azadlığın var, amma keçmişdə böyüdüyün mühitin xüsusiyyətləri, qazandığın uğurları və ya komfort tərzini insanlara kim qaytaracaq? Yəni,azadlıq var, amma təhülkəsizlik yoxdur. Ona görə Qərb üçün yıxılan divarlar normal insani dəyələrə çatmaq üçün əhəmiyyət kəsb edirsə, başqaları üçün bu dünyaya hökmranlıq imkanlarının itirilməsi deməkdir. Biz ki, bir vaxtlar o güclə fəxr edirdik.

Ona görə "Berlin divarları" sanki yerini dəyişib və o vaxtlar iki qütblü sistemin bir-biri ilə rəqabətinin, yaxud toqquşmasının simvoluydusa, indi ayrı-ayrı ölkələrin arasına çəkilib. Ukraynanın Rusiya ilə sərhəddə inşa etməyə çalışdığı divarların adını nə qoymaq olar, sizcə? Yoxsa bununla "qırmızı xətti" keçməyə hazırlaşan düşmənin qabağını almağa və qərbi ukraynalıları götürüb daha təhülkəsiz bir Avropaya aparmağa hamını inandırmaq istəyirlər. Bəs, Belarus, Moldova, Azərbaycan, Gürcüstan, necə olsun,onu da Qərb öz ailəsinə qəbul edib içərisində əridəcəkmi?

Avropanın bir parçası olan Rusiya nə olacaq, belə ölçüdə, fərqli mentallıqda çoxmilyonlu xalqı özünə qatmağa Qərbin gücü çatarmı? Yoxsa, əksinə, Putinə zərbə vurmaq adıyla heyfini bütün ruslardan çıxan Amerika və Avropa Bilriyi sanksiyalardan yeni divar tikmək fikrindədir! Üstəlik də, on illərlə gürcülərin abxazlar, yaxud osetinlərlə, həmçinin moldovalıların Dnestryanı bölgə ilə çəkdiyi düşmənçilik divarları da ildən-ilə möhkəmlənir. Şimali Koreya, Kuba və İranın yaşağıdığı embarqolar isə adanın o biri tərəfində qalan və az qala qədim Çin səddinə çevrilmiş dövlətlərin hər gün pislənən, ittiham edilən və günahlandırılan ünvanları olaraq qalırlar. Onların nə zaman dünya ilə bötövləşəcəyi, yaxud almanlar kimi birlik bayramı keçirəcəyini isə bilən yoxdur.
Azərbaycan bu divarlardan birini hörməyə məhkum edilənlər sırasındadır. Bu gün Uca bayrağını hara sancmaq sualı üzərində düşünən sadə vətəndaşın xəyalı onu Xankəndinə, İrəvana, yaxud Təbrizə aparır. Amma ortada olan psixoloji, mənəvi, lap elə hərbi divarları yarıb keçməyə ona kimdir imkan verən. 1989-cu ildə dünyanın yarısının müdafiə etdiyi almanlardan fərqli olaraq Azərbaycan bayrağının kölgəsini hətta qeyri-düşmənləri belə təhlükə kimi qələmə verir. Baxmayaraq ki,almanların vahidliyi bütün sovet xalqlarının azadlığına yol açdı, lakin sonralar nifrət, ayrıseçkilik, aşağılama, başqa əraziləri ələ keçirmə, təsir zonlarını genişləndirmək uğrunda mübarzilər yeni və daha təhlükəli divarlar yaratdı.

Bəs islam aləmi ilə yaradılan düşmənçilik səddi necə olsun? Din davası, mədəni müharibələr, varlı-kasıb bölgüsü, qızıl milyard və yerdə qalanlar ayırmaçılığı, hakim siniflər və məzlum kütlələr, istismarçılar və qullar dünyasına parçalanmaların yaratdığı "dəmir pərdə"lərlə nə edək bəs?

Məgər, iki qonşunun arasına çəkilmiş nifaq hörgüləri necə, bunlar "Berlin divarı"ndan az nifrətə layiqdir? Ona görə "soyuq müharibə" bitməyib, o daha qanlı və qaynar şəkildə davam edir. Merkel deyəndə ki, "divarlar nə qədər hündür olsa da, bütün arzular gerçəkləşir", o, bütün xalqları deyil, təkcə almanları nəzərdə tutur. Çünki bəşəriyyət bir divarı yıxıb yerində milyonlarla ayırıcı sərhədləri inşa edib. O divarları sökmək isə heç kəsə gərək deyil!

Tarix
2014.11.10 / 09:00
Müəllif
Gülər Nəsibova
Şərhlər
Digər xəbərlər

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla