Yuxarı

"İŞİD İsraili qorumaq üçün yaradılıb” - Səfir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Möhsün Pakayin: "İran-Azərbaycan münasibətlərində hər hansı problem yoxdur"

Musavat.com xəbər verir ki, son günlər İran ətrafında, eləcə də Yaxın Şərqdə baş verən proseslərdə Azərbaycana qonşu olan İranın rolu daha qabarıq şəkildə görünür. Eyni zamanda iki ölkə münasibətlərində son zamanlar müşahidə olunan irəliləyişlər diqqət çəkməkdədir.

Belə ki, bu ayın əvvəlində İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda olub, ardınca İran sərhəd qoşunlarının komandanı paytaxtımıza təşrif buyurub. Səfərlər zamanı iqtisadi sahədə hökumətlər arasında bir sıra razılaşmalar əldə edilib. İran ətrafında aktual olan bu və digər sualları Azərbaycandakı səfir Möhsün Pakayinə ünvanladıq.

- Cənab səfir, Bakıda səfərdə olan İran İqtisadiyyat Nazirliyinin nümayəndəsi Sadiq Əkbəri bildirdi ki, Azərbaycan iş adamları İrana yatırım qoyur. Bu yatırımlar hansı sahələri əhatə edir?

- İki ölkə arasında iqtisadi münasibətlərin asanlaşdırılması və genişləndirilməsi üçün hər iki ölkənin məsul şəxsləri ortaq mövqeyə gəliblər. Qərara alınıb ki, ticarətçilər, sənaye sahəsindəki iş adamları, sərmayəçilər üçün müəyyən güzəştlər və sadələşdirilmiş qanunlar qəbul eləsinlər. Bu barədə iki ölkənin müvafiq qurumları arasında, yəni Azərbaycan tərəfindən "Azpromo" deyilən, Sahibkarlığa Dövlət Dəstəyi Fondu ilə İranın İqtisadi və Sənaye İnkişaf Fondu arasında anlaşma memorandumu imzalandı.

İnvestisiya sahələrinin məhdudiyyəti yoxdur. Bu, çoxşaxəli fəaliyyətdir. Və daha çox sərmayə yatırmaq istəyənlərin imkanlarına baxır. Müxtəlif sahələrdə investisiya yatırımları ola bilər, o cümlədən yol, hotel inşaatı, yaşayış binalarının tikintisi və sair. Xüsusən də Azərbaycan investorları İranın Azərbaycanla sərhəddə yerləşən azad ticarət zonalarında Araz, Maku, Ənzəli ticarət zonalarına üstünlük verirlər. Bu qeyd olunan sahələrə investisiya yatırımları edə bilirlər. Sadaladığım azad ticarət zonalarında iş adamları üçün yaradılmış imkanlar, sadələşdirilmiş qanunvericilik və güzəştlər onların orda iş qurması və fəaliyyətləri üçün yaxşı zəmin yaradır.

- Hazırda hansısa Azərbaycan şirkətləri İrana yatırım ediblərmi və hansı sahələrdə?

- Bir neçə şirkət var ki, "Araz" Azad Ticarət Zonasında işə başlayıblar. Bəzi başqa şirkətlər isə Tehran və Məşhəd şəhərlərində hotel tikintisi biznesi ilə maraqlanıblar. Eyni zamanda İranın Azərbaycan dilli vilayətlərində iş imkanlarını araşdırıblar.

- İran nümayəndə heyətinin səfəri zamanı elan olundu ki, sərhəd-keçid məntəqələri sutkalıq iş rejiminə keçəcək. Bu məsələ ilə bağlı irəliləyiş oldumu? Belə bir rejimə nə zamandan keçiləcək?

- İki ölkə arasında bu haqda razılıq əldə olunub. 24 saatlıq iş rejiminə keçmək üçün bəzi işlər görülməlidir. O cümlədən gömrük-keçid məntəqələrində işləyənlərin sayı artırılmalı, başqa texniki işlər həyata keçirilməlidir. Bu yöndə artıq işlər başlanılıb. Hazırda Culfa gömrük-keçid məntəqəsi 24 saatlıq iş rejimində çalışır, yaxın zamanlarda Biləsuvar gömrük-keçid məntəqəsinin də eyni rejimə keçməsi planlaşdırılır.

- Belə demək olar ki, iki ölkə arasında münasibətlərdəki soyuqluq olan dövrlər arxada qalıb və münasibətlər yüksək səviyyədədir...

- Azərbaycan və İran dost-qardaş ölkədir. Ancaq müəyyən səbəblərdən iki ölkə münasibətlərində soyuqluqlar yaranırdı. Lakin iki ölkənin siyasi rəhbərliyi əlaqələrin inkişafına mane olan 3-cü qüvvələri tanıdılar və onları yollarının üstündən qaldırdılar. Bu yöndə ciddi qərarlar qəbul olundu və düşünürəm ki, artıq münasibətlərdə hər hansı problem yoxdur.

- Urmiya gölü ilə bağlı vəziyyət necədir? Azərbaycan mediasında Urmiya gölünün quruma təhlükəsi olduğu haqda məlumatlar yayılır. İran hökumətinin bu gölün qurumasının qarşısını almaq üçün hansısa planı varmı?

- İran, ümumiyyətlə, quraq ölkədir. Artıq neçə ildir baş verən quraqlıq səbəbindən İranda daxili şirin su hövzələri quruyur. Urmiya gölü, eləcə də Zayenderud kimi su hövzələrinin qurumasına səbəb İranda iqlimin quru keçməsi, yağıntıların az olması ilə əlaqədardı. Bildiyiniz kimi, cənab Ruhani də prezident seçilərkən bəyan etdi ki, dövlətin prioritet vəzifələrindən biri Urmiya gölünün qurumasının qarşısını almaq və onu yenidən diriltməkdir. Mən özüm də son günlərdə ora səfər etmişəm, mənə məlumat verilib ki, göldə vəziyyət müsbətə doğru dəyişir və gölün durumu 15 faiz həcmində qaydaya düşüb. Bizim dövlətimiz vəziyyətin düzəlməsi üçün səylərini artırır və bu, onun iradəsidir.

- Bu ayın əvvəlində Azərbaycan-Ermənistan cəbhə xəttində atəşkəsin yenidən pozulması və erməni təxribatı nəticəsində Azərbaycan hərbçiləri şəhid oldu. Hətta ehtimal olunurdu ki, savaş yenidən başlayır. İran tərəfinin bu məsələyə münasibəti necədir? Azərbaycan öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatları başlatsa, Tehranın mövqeyi necə olacaq?

- Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı ümumi mövqeyimiz belədir ki, istər Qarabağ, istərsə də regionda digər münaqişələr sülh yolu ilə həll olunmalıdır. Biz müharibənin region ölkələri üçün faydalı olacağını güman eləmirik. Regionda müharibə gedən ölkələrdə hazırda qeyri-sabitlik hökm sürür. Bu səbəbdən də biz, ümumiyyətlə, müharibə haqda fikirləşmirik. Eyni zamanda Ermənistanla Azərbaycan arasında müharibə baş verəcəyini düşünmürük. Çünki hər iki ölkənin rəhbərliyi də münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını bəyan edib. Həmçinin region dövləti olan Rusiya da müharibənin başlamasını istəmir və lazımi vaxtlarda savaşın başlamasının qarşısını alır. Necə ki, son dövrdə cənab Putinin vasitəçiliyi ilə iki ölkə rəhbərlərinin Soçidə görüşü təşkil olundu. Biz ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə, ədalətli şəkildə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması çərçivəsində həllini tapacaq.

- Bir neçə gün əvvəl İran ordusunun İraq ərazisinə göndərilməsi xəbərləri yayıldı. Bu xəbərlər doğrudurmu, ümumiyyətlə, İran İraqa qoşun yeridə bilərmi hansısa durumda?

- İraqın qüdrətli ordusu var. Eyni zamanda İŞİD-in məlum fitnəsindən sonra mərcəyi-təqlidlərin, İslam alimlərinin fətvası ilə İraq xalqı da silaha sarılaraq İŞİD-ə qarşı mübarizəyə qalxdı. İraq əhalisi - istər sünnilər olsun, istərsə də şiələr - bilirlər ki, İŞİD məsələsi İsrailin təhlükəsizliyini qorumaq məqsədilə yaradılaraq ortaya atılıb. Suriyada və İraqda baş verənlər, qarşıdurmaların yayılması və bəzi dövlətlərin bunu müdafiə etməsi onu göstərir ki, bütün bunlar İsrailin təhlükəsizliyini təmin etmək üçündür. Son dövrlərdə ABŞ-ın keçmiş dövlət katibi xanım Hilları Klinton öz xatirələr kitabında bəzi etiraflar edir. O, kitabında bildirir ki, İŞİD-i İraq və Suriyanı zəiflətmək üçün biz yaratmışıq. Bütün bunları nəzərə alaraq, eyni zamanda İraq dövlətinin müdafiə qüdrətini nəzərə alaraq bu ölkəyə ordu göndərməyə ehtiyac görmürük. Eyni zamanda biz İran hökuməti olaraq İraqa qoşun göndərilməsini təkzib edirik.

Əlbəttə, bir məqam da unudulmamalıdır ki, İraqda baş verənlər sünni-şiə qarşıdurması deyil. Bu gün dünyada və bizim regionda bütün müsəlmanlar terrorizmin əleyhinədirlər. Bütün müsəlman ölkələri birləşməli, Qərbə neft satışını dayandırmalıdırlar. Tələb etməlidirlər ki, İŞİD və buna oxşar fitnələri İslam ölkələri arasında yaymasınlar. Müsəlman ölkələri İsraillə olan əlaqələrini kəsməlidirlər. İslam dünyasının problemlərini həll etmək üçün birləşməlidirlər. Eyni zamanda müsəlman ölkələri Qəzzanın məzlum və müdafiəsiz xalqına yardım etməlidir. İsrail bu gün özünün ən zəif dövrünü yaşayır və addım-addım yox olmağa doğru gedir.

Cənubi Afrika Respublikasında aparteid rejimi mövcud olan zaman mən Zambiyada səfir işləyirdim. CAR-da aparteid rejiminin necə addım-addım məhvə doğru getdiyinin şahidi olmuşam. O rejimi də bütün Qərb ölkələri dəstəkləyirdi. Nelson Mandela Qərb ölkələrinin istəyi ilə həbsxanaya salındı. Lakin xalqın dəstəyi və müqaviməti, eləcə də İran kimi sülhsevər ölkələrinin yardımı ilə aparteid rejimi devrildi. Məhz İranın CAR-a neft satışını dayandırmasından sonra bu rejim zəifləməyə başladı və məhvə yaxınlaşdı. Sionizmi də bu tale gözləyir. Aparteid və sionizm irqçiliyə dayanan iki ayrı proqramdır. İnanıram ki, mən Bakıda olduğum müddətdə sionizm rejiminin məhv olduğunun şahidi olacağam, necə ki Zambiyada aparteid rejiminin məhvinin şahidi oldum.

Doğrudur, hazırda Qəzza xalqı müdafiəsizdir və 12 min nəfərdən çox şəhid verib - uşaqdan tutmuş böyüyə qədər. İsrail özü də Qəzzaya hücuma görə ciddi təzyiq altındadır. Mənim bildiyimə görə, təkcə son həftələrdə Qəzzaya hücum zamanı İsrail rejimi müharibədə 497 hərbçisini itirib. Bunlardan 113 nəfəri zabitdir. 10 mindən çox insan yaralanıb. Bir çox insanlar bu müharibəyə qatılmamaq üçün intihar ediblər. Hətta Ben Qurion Hava Limanı işini dayandırdı. Bu, yalnız Qəzzadakı müqavimət sayəsində belə olub. Əgər İordan çayının qərb sahilindəki Fələstin administrasiyası İsrailə qarşı savaşa qoşulsaydı, daha fərqli nəticə ola bilərdi. Ümumiyyətlə, qonşu, regionun ərəb ölkələri də Qəzzaya dəstək verib İsrailə qarşı savaşsa, nəticədə İsrailin məhvi asan olacaq. Qərb ölkələri də İsrailin məğlubiyyətini gördükdən sonra onu əvvəlki kimi dəstəkləməyəcəklər. Biz CAR-dakı aparteid rejimi zamanı bunun şahidi olduq. Qərblilər görəndə ki, bu rejim süquta uğrayır, onun sonu çatır, o zaman özlərini antiaparteid kimi göstərməyə başladılar. Hətta indinin özündə Qərb ölkələri arasında İsraili dəstəkləməklə bağlı əvvəlki birlik yoxdur.

- İran və Qərb arasında nüvə danışıqlarında durum necədir? Tam şəkildə anlaşma əldə olunması realdırmı?

- Danışıqların müqəddimə mərhələsi daha asan keçdi. Ancaq yekun mərhələ, yəni sanksiyaların aradan qaldırılması və yekin razılığın əldə olunması mürəkkəb mərhələdir və müəyyən zaman tələb edir. Ötən həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri də İrana səfər edib, işlərin gedişindən razı olduğunu bəyan etdi. Biz İran tərəfi olaraq verdiyimiz sözə, qəbul etdiyimiz öhdəliklərə sadiqik. Əgər Qərb də bu məsələyə müdrik yanaşsa, problem aradan qalxacaq. Biz hər iki tərəfi təmin edən razılaşmanın əldə olunmasının tərəfdarıyıq. İran hökuməti nüvə silahı əldə etməməklə bağlı öhdəlik götürüb və bu qərara sadiqliyini təsdiqləyib. Qərb də İranın nüvə silahı əldə etmədiyi, yalnız sülh məqsədli nüvə enerjisindən istifadə etmək hüququndan istifadə etdiyini qəbul edir. Biz isə İrana qarşı tətbiq olunan sanksiyalara qarşıyıq, bunların aradan qaldırılmasını tələb edirik. Biz istəyirik ki, hər iki tərəf bu danışıqlardan uduşla çıxsın.

Tarix
2014.08.29 / 09:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla