Yuxarı

Erməni dedi, məni öldürməyin, xalam oğlu Xankəndində rəisdir...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "Cəbhə Xətti" layihəsinin bu dəfəki qonağı keçmiş kəşfiyyatçı, Horadiz əməliyyatında və digər ərazilər uğrunda döyüşlərdə iştirak etmiş İlham Ağalarovdur.

- İlham bəy, döyüş yolu haradan və necə başladı?

- Həmin dövrdə mən Horadiz qəsəbəsində idman məktəbində məşqçi işləyirdim. Eyni zamanda bu məktəb filial olduğundan həm də oranın direktoru hesab olunurdum. Həmin məktəbdə Yunan-Roma güləşi, sambo və cüdo üzrə dərs deyirdim.

Qarabağda döyüşmək üçün hələ o zaman OMON-a da müraciət etmişdim. 1991-ci il oktyabrın 9-da Ali Sovet Azərbaycanda ordunun yaradılması haqqında qanun qəbul etdi, bundan sonra hərbi komissarlığa müraciət elədim, noyabr ayında ilk hərbi hissələr yarandıqda mən artıq o hissələrin tərkibində idim. 1991-ci ilin sonlarına qədər Fizulidə, 1992-ci ilin yanvar-fevral aylarında isə Cəbrayılda oldum. Fevral ayında Horadiz qəsəbəsində könüllü dəstə yaratmaq haqqında qəsəbə sakinlərinin qərarı oldu. Həmin dəstəyə kimin komandir təyin edilməsi məsələsi ortaya çıxdıqda, qəsəbə sakinləri bu vəzifəni mənə tapşırdılar. Ona görə də məni Cəbrayıl cəbhəsinə geri çağırdılar və həmin könüllü birləşmənin komandiri təyin etdilər. Mart ayında artıq mən həmin dəstəni götürüb getdim təyin olunduğumuz əraziyə. Fizuli rayonunda müdafiə qərargahı var idi, həmin qərargaha da keçmiş raykom katibi Aslan Mehdiyev başçılıq edirdi. Biz ona müraciət edərək bildirdik ki, hazır dəstəyik, silahdan başqa hər şeyimiz var. O da bizi o vaxtkı Hadrut rayonunun Günəşli kəndində yerləşən 837 nömrəli hərbi hissəyə göndərdi. Sonradan Fizulidə olan alayın komandiri Alı Quliyev məni həmin hərbi hissənin komandiri vəzifəsinin icraçısı təyin etdi. Aprel ayının sonlarında Fizuliyə 702 nömrəli hərbi hissə gələnə qədər davam etdi. Qərar var idi ki, yerlərdəki bütün hərbi birləşmələr bu hərbi hissəyə tabe olsun. O zaman 848 nömrəli hərbi hissənin tərkibində mənim rəhbərlik etdiyim 5-ci rota deyilən silahlı dəstə yaradıldı və o da tabe edildi 702 nömrəli hərbi hissəyə. Sonra isə mən 702 nömrəli hərbi hissədə kəşfiyyat bölüyünün komandiri oldum. O vəzifədə ola-ola isə bir müddət 848 nömrəli hərbi hissənin komandir müavini də oldum.

- Döyüş məkanlarını necə xatırlayırsız?

- İşimlə əlaqədar Laçın rayonundan Tovuzun Əlibəyli kəndinə qədər çox yerlərdə olmuşam. Ağdərədə, Fizulinin bütün kəndlərində, Cəbrayılın bir hissəsində, Qubadlının Topağacında döyüşlərdə olmuşam.

Mənim tabeçiliyimdə müxtəlif yaş dövrlərindən olan hərbçilər var idi. Yaşca məndən uşaqlar, xeyli yaşlılar, 3-4 uşağı olanlar var idi. Bir dəfə bir yüksəkliyi öz gücümüzə almaq istəyirdik. Amma bu cəhdimiz alınmadığından geri qayıtmalı olduq və səhər hava işıqlandığından ermənilər bizi görüb atəşə tutdular. Yanımda olan iki nəfər məndən yaşlı idi, amma onlar özlərini mənim qabağıma verdilər ki, güllə mənə dəyməsin. Belə hadisələr olanda adam döyüşməyə də ruhlanırdı.

"Horadizdə görüşərik" adlı kitabımda iştirak etdiyimz Horadiz əməliyyatı barədə ətraflı məlumat var. Bəzən Daxili Qoşunlar və başqaları da deyirlər ki, Horadizi guya onlar alıb.

Mən özüm 9 əsiri diri gətirib təhvil vermişəm. Amma gətirərkən yolda ölənlər, bizim öldürdüklərimiz də olub. Onların ikisinin tutulması daha yaddaqalan olub. Horadiz əməliyyatı zamanı diversiya qrupumuz gecə ikən düşmənin nəzarət etdiyi əraziyə keçərək 3 yerdə pusqu qurdu. Bir yerdə isə özüm manevr qrupu ilə hərəkət edirdim. 1994-cü il yanvarın 5-də səhər saat 7-də ümumi hücum başlamalı idi. İşimizi elə qurmalı idik ki, həm arxadan ön cəbhəyə kömək gəlməsinə şərait yaratmalı, həm də ön cəbhədən geri qaçan düşmən qüvvələrini məhv edə bilək. Manevr qrupunu yaratmaq mənim son anda ağlıma gəlmişdi. Çünki ortada acı təcrübə var idi. Bəzən deyirdilər ki, get, arxanca köməyə gələcəyik, gəlmirdilər, elə vaxt olurdu gecikirdilər. Orda isə bir-iki dəqiqə gecikmə özü də səni məhv edə bilərdi. Partizan qanunlarında belə bir şey var ki, gərək ancaq öz qüvvənə arxayın olub hərəkət edəsən. Kimdənsə, hardansa kömək gələcəyinə ümid etməyəsən. Bizə də bəzi əməliyyatlarda kömək vəd edilsə də, gəlib çıxmamışdı, ona görə də məcbur qalıb öz gücümüzlə vəziyyətdən çıxmalı olmuşduq. Horadiz əməliyyatının başlamasına təxminən 8 dəqiqə qalmış təsadüfən erməni silahlıları ilə rastlaşdıq və bizdən asılı olmayan səbəbdən əməliyyat 8 dəqiqə əvvəl başladı. Belə bir vəziyyətdə isə vaxt udmaq üçün ancaq manevr qrupundan istifadə etmək lazım gəlirdi. Çünki müharibə şahmat oyunu deyil ki, uzun-uzadı düşünüb hərəkət edəsən, müharibə nərd oyunudur, burda zərdən çox şey asılıdır. Manevr qrupu düşmənə psixoloji təsir göstərmək gücünə malikdir. Məsələn, kiçik bir qüvvə ilə hərəkət edirsən, amma tez-tez yerdəyişmə etməklə müxtəlif istiqamətlərdən atəş açırsan. O zaman düşmən elə bilir ki, atəş açılan hər tərəfdə qüvvə var, daha bilmir ki, bunu edənlər eyni qrupdur. Bu hərəkət vaxtı da erməniləri təsadüfən gördük. Onlar Xankəndi polisindən Horadizdəki mazut çənlərinin qorunması üçün təyin edilmiş gözətçilər idi. Hərbçi yoldaşlarımdan biri dedi ki, yuxarıda hərəkət var, biz də qarşı tərəfdən fırlanıb içəri dolduq. İçəridəkilərin çox olduğunu düşünsək də, cəmi 2 nəfər idi. Biz içəri girəndə ermənilərdən biri bizə dedi ki, silahları yerə atın və əlini atdı silahı götürsün, onu elə yerindəcə vurub öldürdük. Bu zaman o birisi əllərini qaldıraraq onu öldürməməyimiz üçün yalvardı. Biz də bu ermənini öldürmədik və düşündük ki, hər hansı bir məlumatın əldə edilməsində bizə köməyi dəyər. Sonradan məlum oldu ki, bu, heç ərazini tanımır, Xankəndindən gəlib. Biz onu gətirərkən pusquya düşmüşdük və mənə elə gəlirdi ki, bu pusqudan çıxa bilməyəcəyik. O zaman mən uşaqlardan birinə Azərbaycanca dedim ki, bunu çəkib qıraqda güllələsin. Sən demə, bu da Azərbaycan dilini bilirmiş və başladı yalvarmağa ki, məni öldürmə, dedi ki, xalam oğlu Xankəndinin Cinayət Axtarış Şöbəsinin rəisidir, istəsəniz, mənimlə hansısa əsiri dəyişə bilərsiz. Razılaşdım, amma dedim ki, yolda bir də çətin vəziyyətə düşsək, daha səni özümüzə yük edəsi deyiləm, ilk fürsətdə güllələyəcəm. Amma elə alındı ki, təhlükə ilə üzləşmədik və bunu diri gətirib təhvil verdim. Sonradan isə həmin əsiri azərbaycanlı polis baş leytenantla dəyişdilər. Bu da çox maraqlı olmuşdu. Çünki bizim baş leytenantın qohumları onu axtarsalar da, heç yerdə tapa bilmirdilər. Beləcə, əlaqə quruldu əsirin anası ilə. O, demişdi ki, mənim oğlumu öldürməyin, sizin adamınızı tapacam. Doğurdan da, əsirin anası və digər qohumları bizim baş leytenantın tapılıb dəyişdirilməsini reallaşdırdılar.

Bir dəfə də 1993-cü ilin iyulunda Aşot adlı bir ermənini əsir götürmüşdük. O zaman ermənilər 3-4 kənd almışdılar. Biz də kəşfiyyat bölüyü kimi getmişdik ki, ərazidə müdafiə obyektləri quraq. Mənə dedilər ki, qarşıda bir nəfər görünür. Baxdım ki, yolun ortası ilə arın-arxayın gəlir. Gözlədik, gəlib bizim ərazini keçən kimi, tutub apardıq briqadanın qərargahına. Bundan soruşurlar ki, niyə gəlirdin bu tərəfə? Deyir ki, uşaqlar, gəldim deyəm ki, bəsdir də müharibə etdiniz, qurtarın da bu oyunu.

- Döyüş zamanı nə etmək lazımdır ki, qarşı tərəfin itkisi səndən daha çox olsun?

- Əsas təcrübədir. Əslində, eyni silahlar səndə də var, düşməndə də, amma o silahdan elə istifadə etmək lazımdır ki, qarşı tərəfə imkan verməyəsən. Ona görə də ön cəbhəyə, döyüşə təcrübəli şəxslər getməlidir. Bəzən təcrübəsizlikdən başını səngərdən çıxarırsan, həmin anda da adamı başından vururlar. Amma dəfələrlə olub ki, hərbçilərimizin başında dəbilqənin olması, onları real ölümdən xilas edib. Dəbilqəni taxmadığına görə, bizim sürücü başından güllə yarası aldı və öldü. Rasim adında bir döyüşçü yoldaşımız var idi, onu elə bir vəziyyətdə tapdım ki, sarğı üçün bir normal yeri qalmamışdı. Həmin vaxt gözünü açıb dedi ki, admiral, özünü itirmə. Biz onu maşına qoyub Ağcabədiyə yola saldıq, təxminən 40 km yol getməli idi. Amma 5-6 km getdikdən sonra dünyasını dəyişdi. Kəlbəcər getmişdi, Müdafiə naziri, Parlamentin sədri İsa Qəmbər və Arif Hacılı Fizuliyə gəlmişdi. Bizə dedilər ki, prezident qvardiyası gəlir, onlarla qabağa getməyə bir dəstə lazımdır. İsa Qəmbər və Arif Hacılı bildirmişdi ki, kim gedib Məngəlanata yüksəkliyini alarsa, ona Milli Qəhrəman adı veriləcək. Mən də dedim ki, Milli Qəhrəman istəmirəm, mayor rütbəsi versinlər, getməyə hazıram. Çünki mənim həmin vaxtkı vəzifəm mayor rütbəsinə bərabər idi. Əvvəlcə razı olmamışdılar, amma sonradan Arif Hacılı demişdi ki, mayoru söz verirəm, kapitan da verə bilərəm. Mən razılaşıb getdim və yüksəkliyi aldıq da, amma nə oldusa, kapitan rütbəsi verilmədi...

- Müharibədən sonra mülki həyata qayıtmaq, uyğunlaşmaq çətin olmadı ki?

- Çox çətin oldu, amma mənim əlimdə sənətim var, işləyirəm. Həm də kəşfiyyatçı olmuşam axı. Kəşfiyyatçı heç vaxt heç nədən çətinlik çəkməz. Bəzən deyirlər ki, müharibə görmüş adamlara diqqət azdır və yaxud da onlar diqqət görməyəndə ruhdan düşürlər. Amma şəxsən mənə öz döyüşçü yoldaşlarımın münasibəti, onların məni necə tanımaları bəs edir. Digərləri isə, o vaxt mənə necə münasibət bəsləyirdilərsə, elə indi də həmin mövqelərində qalırlar.

- Keçmiş hərbçi kimi cəbhədə baş verənləri necə dəyərləndirirsiz?

- Atəşkəsin pozulmasını adi qəbul etmək lazımdır. Çünki ortada hələ ki, sülh yoxdur, amma bu, nə qədər davam etməlidir, bunun bir sonu olmalıdır axı. Belə bir məsəl var, əgər silah divardan asılıbsa, o nə vaxtsa açılacaq. Amma bir şeyi deyim ki, biz uzun müddətli müharibəyə hələ ki, hazır deyilik. Biz ancaq qısamüddətli müharibə edə bilərik ki, buna da ciddi hazırlıqlar olmalıdır, döyüş planı olmalıdır. Müharibə elə bir prosesdir ki, burda əlini yanına salıb dayanmaq, geri çəkilmək olmaz.

Çoxları elə bilir ki, düşmən ona görə aldıqları yerlərlə kifayətləndi ki, onlara həmin əraziləri almaq tapşırığı vermişdilər. Amma bu, qətiyyən belə deyil. Bir dəfə bir ermənini tutub gətirmişdik, buna sual verildi ki, sizin hara qədər irəliləmək planınız var? O, təəccüblə baxıb dedi ki, hara qədər nədir, siz hara qədər getsəniz, biz də ora qədər gələcəyik.

- Sülh yolu ilə Qarabağ torpaqlarının geri alınacağına inanırsız?

- Sülh yolu ilə bu torpaqların alınması mümkün deyil. İtirilmiş torpaqların geri qaytarılmasının yeganə yolu müharibədən keçir.

Tarix
2014.08.19 / 09:30
Müəllif
Nihad, Elnur
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla