Yuxarı

Müşfiqi ölümə aparan adam – Bağırovun sevimlisi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Telefonuma gələn vaxtsız zənglərdən həmişə qorxmuşam. Gecədən çox keçmiş və səhər erkən olunan zənglərə cavab verməyə çəkinirəm. Bu dəfəki zəng də belə oldu. Saata baxdım – gecə üç. Nömrə tanış deyil. Kim olar?

Sən Şamil İsmayıloviç Vaqapovu tanıyırdın

- Bəli, eşidirəm.

- Bağışlayın, çox gecdir, bilirəm. Amma nəvəm dedi ki, siz hələ oyaqsız. Ona görə zəng vurdum.

O qədər də gümrah olmayan kişi səsi idi. Hiss olunurdu ki, vaxtsız zəngə görə özünü narahat edir. Qəfil zəng sahibinə nəvəsinin və özünün kim olduğu haqda verdiyim sual cavabsız qaldı. O:

- Nəvəm sizinlə FB dostudur. Mən sizi tanıyıram. Bir müddət bir idarədə - donanmada işləmişik. Sizdən xahişim var.

Bu lap detektiv filmlərindəki kimi idi. Mənim: - Buyurun, - deməyimin ardınca tanışlıq verdi. Tanıdım. Və müraciətindəki rəsmiyyəti kənara qoydu:

- Sən Şamil İsmayıloviç Vaqapovu tanıyırdın da...

- Yox, - dedim.

O, israrla:

- Yox, tanıyırdın. Sən cavan oğlan idin, o isə idarənin dispetçeri işləyirdi. "Moskva"da otururdu. ("Moskva" istismar müddəti başa çatmış böyük sərnişin gəmisi idi. İdarənin inzibati binası çox olmadığı üçün bir çox şöbələr burada yerləşirdi. Dispetçer xidməti də eləcə).

Yadıma düşdü.

- Hə, tanıyırdım, tatar idi.

Köhnə, 30 ilə yaxın bir müddətdə görmədiyim tanışım dediklərimi təsdiqlədi:

- Düzdür. Sən onunla mübahisə də etmişdin, söymüşdün onu, səndən idarə rəhbərliyinə şikayət etmişdi...

Hər şey yadıma düşürdü. Yadıma düşürdü ki, Donanmada çox adam Vaqapovdan çəkinirdi. Onun KQB-də himayədarının olması haqda söz-söhbət gəzirdi. Bəzi qocaman dənizçilər isə Şamil İsmayıloviçin KQB əməkdaşı olduğunu da deyirdilər. O, qatı kommunist idi. Şax yeriyərdi. Başını isə həmişə yuxarı tutardı. Yaxşı adam təsiri bağışlamırdı. Onun haqda müxtəlif söz-söhbətlər dolaşırdı. Bayramlarda sinəsi medalla dolu olan dənizçi kiteli geyinərdi. Adi günlərdə isə medalların lenti taxılmış qara rəngli kostyum geyinərdi. İri sifəti, qıyıq gözləri vardı. Hər kəsə yuxarıdan aşağı baxırdı.

Mikayıl Müşfiqi son görənlərdən

Bütün bunları yadıma salıb vaxtsız "qonağ"ıma dedim:

- Hə, yadıma düşdü, xatırlayıram onu. Bəs telefonumu kimdən öyrəndiniz?

- Telefonunu 5 gündür əldə etmişəm. Nəvəm sənin dostlarından öyrənib. Həm də idarədən də öyrənmək olardı.

- Bilmək istəyirəm, bu vaxtı sizi nə narahat edir? Vaqapovu niyə xatırladınız?

- Şamil İsmayıloviç partiyanın sədaqətli əsgəri olsa da, millətimizin düşməni idi. Ondan yaz. Araşdır onu. Mikayıl Müşfiqi son görənlərdən olub... Onda o cavan oğlan imiş, təzə işə götürülübmüş.

- Bunu sizə özü danışmışdı?

- Yox, eşitmişdim. Kapitanlardan birinə danışıbmış...

- Siz mənə yardımçı olmalısız.

- Mən bildiyimi deyərəm. Nömrəm telefonuna düşüb, lazım olsa zəng elə...

Sağollaşdıq.

Yadıma gənclik illərində Xəzər Dəniz Neft Donanmasında işlədiyim vaxtlar düşdü. Şamil Vaqapov "Moskva" gəmisində oturardı. Növbədə olmayan vaxtlarda da burada olardı. Mənim ondan xoşum gəlmirdi. Buna səbəb gəmi kapitanlarının onunla mehriban dolanması və bu mehribançılığın arxasında bir qorxunun hiss olunması idi...

Qəfil zəngin səhəri yaddaşımın köməkliyi ilə köhnə dənizçilərin yaddaşını vərəqlədim. Onu tanıyanların bəzisində köhnənin xofunu hiss etdim. Bəzilərinin bilgisi isə Şamil İsmayılov Vaqapovun Azərbaycan Kommunist Partiyasının Birinci katibi olmuş Mircəfər Bağırovun mühafizə dəstəsində olmasına, onu daima izləməsinə və bəzi "vətən xainlərinin" danışıqlara aparılarkən onlara verdiyi işgəncələrə qədər çatdı.

Şairin öldürülməsində də iştirak edib

O günləri yada salanlar onu da dedilər ki, Vaqapov şair Mikayıl Müşfiqin dindilməsində də iştirak edib. Eşitdiklərinə görə, şairə işgəncə də verib...

Vaxtı ilə XDND-nin gəmi kapitanının siyasi məsələlər üzrə birinci köməkçisi işləmiş, indi isə donanmada sahə rəisi vəzifəsində çalışan Cəsarət İbrahimovla görüşdüm. Cəsarət bəy Vaqapovu yaxşı tanıdığını, lakin yaş fərqlərinin çox olmasını nəzərə alaraq onunla elə də münasibət qurmadığını dedi:

- Şamil İsmayıloviç idarənin dispetçeri işləyirdi. O, aktiv bir işçi və kommunist kimi çoxlarına nümunə göstərilsə də, mənim onunla heç bir yaxın münasibətim olmayıb. Bildiyim ancaq o idi ki, bu adamın çox zəngin təcrübəyə malik keçmişi olub. Gənclik illərində çekist olub. 1930-cu illərin sonlarından isə Mircəfər Bağırovun mühafizə dəstəsində olub. Onu müşayiət edib. Deyilənlərə inansaq, Vaqapov heç də yaxşı insan olmayıb. İnsanların əziyyət çəkməsində, incidilməsində xüsusi xidməti olub...

- Onun Müşfiqlə bağlı hər hansı bağlılığının olduğunu eşitməmişdiz?

- Söz-söhbət gəzirdi ki, şair Mikayıl Müşfiqin öldürülməsində də iştirak edib. Amma bu, inandırıcı gəlmirdi.

- Niyə?

- Bilmirəm. O, Bağırovun mühafizə dəstəsində xidmət edib. Ölüm hökmünü icra edənlər isə başqa adamlar olub...

Təqaüddə olan gəmi kapitanı Kərəm Məmmədovun Vaqapovla bağlı bilgilərinin daha çox olacağını deyən Cəsarət bəy:

- Özünü dağa-daşa salma, Kərəmin bilmədikləri olmayan hadisələr olar ancaq. O, Vaqapovu yaxşı tanıyırdı və dəfələrlə onunla ağızlaşıb da...

O bizim milləti heç sevmirdi

Kərəm Məmmədovun Sulutəpədəki evinə getdim. Qocaman kapitanla ötənləri yada saldıqdan sonra:

- Vaqapov yadına düşürmü? – deyə soruşdum.

- Ayə, o hancarı yaddan çıxar, - deyib, - sual verməkdən də qalmadı. – Neynirsən onu, elə yaxşı kapitanlarımız, qəhrəman övladlarımız olub, onlardan niyə yazmırsan?

Kərəm müəllimlə razılaşdıq ki, onun xatirə dəftərini yaxın günlərdə vərəqləyərik, indi isə KQB əməkdaşı olduğu deyilən Vaqapovla maraqlanıram.

Gəlişimdən qabaq hazırladığı samovar çayını stəkanlara süzdükdən sonra Vaqapovla bağlı bildiklərini dedi:

- Əvvəlcədən deyim ki, o adamda çoxlu sirr vardı və o sirləri özü ilə apardı o dünyaya. İndiki ağlımız olsa idi, onu danışdırardıq. Bildiyim odur ki, o bizim milləti heç sevmirdi. Bacardıqca pislik etmək istəyirdi. Ermənilər, ruslar və başqa millətlərlə daha mehriban idi. Biz gənc kapitanları isə heç sevməzdi. Onun düşüncəsinə görə azərbaycanlılar gəmilərdə kapitan ola bilməzdi.

Bağırovn Qazaxda dostu varmış

- Bəs deyirlər onunla aran yaxşı olub, bir yerdə çox olmusuz.

- Mən onun yanında olurdum. Kapitan idim, bəzən özüm qalxardım dispetçer otağına. Amma aram yaxşı olmayıb. Hətta ağızlaşdığımız vaxtlar da olub. Amma sənə deyim ki o, danışmağa meylli adam idi. Mənə də çox şeylər danışıb. Məsələn, deyirdi ki, Bağırovun mühafizədə ən çox güvəndiyi adam mən və Qazax millətindən olan bir adam idi. Onu yaşadığı evdən, indiki İncəsənət muzeyindən MK-ya qədər izləyərdik. Daima piyada gedərdi işə. Yaxınlaşmazdıq. Gedəcəyi rayonlara xəbərsiz gedərdi. Qabaqcadan mən gedərdim, onun təhlükəsizliyi ilə bağlı işlər görərdim. Gəncədə, Şəmkirdə, Tovuzda olanda heç vaxt orada gecələməzdi. Qazaxda bir dostu vardı və həmişə onun evində qalardı. Bir dəfə mən Qazaxa getdim. Səhər tezdən çatdım ora. Axşama Bağırov gələcəkdi. Gördüm ki, həmin evin ətrafı milislərlə doludur. Milis rəisi haradansa eşidibmiş ki, Bağırov gələcək. O, təmtəraqlı qarşılanmanı sevməzmiş. Qovdum milisləri ordan. Ev sahibi ilə söhbət etdim, özüm ətrafa nəzarət etdim. Axşamüstü gəldi. İki dost oturdular həyətdə. Orada gecələdi, səhər Bakıya qayıtdı.

Kolxoz sədrinin inəkləri

Bir dəfə də hansısa rayona gedirmişlər. Bilmirəm Ucar, ya Göyçay olub. Kürdəmir də ola bilərmiş Bağırov "M-1"-də, Vaqpov və həmin qazax millətindən olan digər mühafizəçi isə "Pobeda" maşınında imiş. 1948-49-cu illərmiş. Pambıq sahəsinin yanından keçəndə görüb ki, 3-4 heyvan pambıqlıqda otlayır. Maşını saxlatdırır və bir qədər aralıda dayanan adamı çağırır:

- Bu inəklər kimindir?

- Kolxoz sədrinin.

Sonrada əlavə olaraq öyrənir ki, sədrin malları həmişə pambıq sahəsində olur. Bu adam da qoruqçu imiş. Dedi ki, sədr, anbardar, hesabdar kolxozu dağıdır. Bağırov da ona deyir ki, sabah axşamüstü geri qayıdanda kəndə gələcəm. Sədrə de, camaatı toplasın meydana.

Səhəri gəldik. Sədr də orada idi. Rayon rəhbərliyi də. Bağırov dünənki qoruqçunu çağırdı. Qoruqçuya dünən dediklərini təkrar dedirtdi.

Qoruqçu dünən olan söhbəti danışır. Əlavə edir:

- Sədrə dedim ki, belə bir adam belə bir maşında mənə dedi, sədrə de, camaatı yığsın. Mənə yalvardı, yaxardı, iki inək, taxıl göndərdi ki, sözünü geri götür, de ki, sədrin malları deyil. Bu adam Bağırov ola bilər. Mən də dedim ki, mən o kişiyə yalan demərəm.

Vaqapov deyir ki, həmin qoruqçu kolxoz sədri təyin edildi. Sədri isə bizim "Pobeda"da Bakıya apardıq. Yazıq sədr yolda iki dəfə şalvarına qaçırdı. Sonrakı taleyindən xəbəri olmayıb, amma həmin kolxoz qabaqcıl kolxoz kimi tanınıb.

Kərəm müəllim Şamil Vaqapovun başqa bir xatirəsini danışır:

- Bir dəfə Bağırovu gözləyirmişlər ki, evdən çıxanda onu işə qədər mühafizə etsinlər. Elə bu vaxt bir "Qaz-21" evə yaxın yerdə dayanır. Tələsik qaçdıq ki, maşını götürsün. Xanəndə Qulu Əsgərov imiş. Dedi ki, maşın xarab olub, başım da çıxmır. Elə bu vaxt Bağırov evdən çıxdı və biz tez maşından aralandıq. O, Qulu Əsgərova yaxınlaşıb salamlaşır, sonra soruşur ki, niyə burda dayanmısan. Qulu Əsgərov deyir ki, bağışlayın, maşın xarab olub. Deyir, tələsmə, düzəlt maşınını və gedir.

Mikayıl Müşfiqin saxlanması

- Bəs, Kərəm müəllim, deyirlər ki, Vaqapov Mikayıl Müşfiqə işgəncə verirmiş.

- Hə, bu söhbət ağızlarda dolaşırdı. Bir dəfə ondan soruşdum. Dedi ki, çox vətən xainlərinin danışdırılmasının şahidi olub. Mikayıl Müşfiqin saxlanmasında, danışdırılmasında iştirak etməyib, o zaman o çox gənc imiş. Lakin müşahidə edib, görüb. Amma o çox əzazil adam olub. Onun bir oğlu vardı. Şikəst idi. 40 yaşı olardı o zaman, hələ evdən çölə çıxmamışdı. Bir dəfə o oğlundan bəhs edəndə dedi ki, məni bəzi anaların qarğışı tutub. Onlar mənə Allah balana göstərsin, deyib qarğış edərdilər...

Kərəm müəllim deyir ki, meydan hadisələri başlayana qədər o, idarədə idi. Birdən yoxa çıxdı. DTK-nın adamı idi. Özünü idarənin rəisi Donetskidən də üstün tuturdu. O, millətin qəzəbindən qorxdu. Amma onu danışdırmaq lazım imiş, onda çox sirr vardı...

Tarix
2014.08.15 / 22:17
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla