Ana səhifə Yazarlar |
Qloballaşan dünyada kosmopolitizm çox da qorxulu bir tendensiya deyilidir; həyata yeni rənglər qatır. Bunu mədəniyyətdə, geyimdə, ümumiyyətlə folklorda daha çox görmək mümkündür. Həmçinin musiqidə.
Mən bakılıyam, şəhərdə doğulub böyümüşəm. Rus məktəbini bitirsəm də, Bokanı heç vaxt dinləməmişəm, dinləmərəm də. Peşmançılıq çəkməyən Xocalı qatillərinin nümayəndələrini 100 il keçsə də, bağışlamaram.
ANS ölkə mediasında özünəməxsus, vizuallığa rəng qatan bir kanaldır. Varlığı önəmlidir. Ən azı, müstəqil və ayrı bir KİV olaraq, vətəndaş cəmiyyətinin qurulması və möhkəmlənməsində vacib rolu vardır. ANS ölkəmizdə bir çox media mütəxəssisinin yetişib püxtələşməsində böyük bir rol oynamışdır.
Bu tərifləri və qeydləri tərəfsiz təhlil apardığımı sübut etmək üçün yazdığımı da düşünə bilərsiniz. Həm də ANS-də hörmət etdiyimiz jurnalist və aparıcı mütəxəsisslər var.
Lakin ANS ÇM-də erməni mahnılarının səslənilməsinə gəldikdə, bunun yolverilməz olduğunu anlamaq üçün Xocalıda yolun kənarında nəşi yatan bir türk qızının şəklini yada salmaq kifayətdir (O şəkilə aşağıda baxın, diqqətlə baxın!)
Rəhmətlik Çingizin də - o ürəyi vətən yanğını ilə közərən Çingizin də - öz adını daşıyan bir radioda xalqına min bir zülm etmiş və torpaqlarını hələ də işğal altında saxlayan ermənilərin mahnılarının səsləndirilməsinə razı olacağına heç inanmamazdım.
Qonşu millətlər arasında heç bir ədavət uzun sürməz, sürməməlidir. Lakin bunun üçün tarixi ədalətsizliklər düzəldilməli, səhv edənlər də səhvini etiraf edib peşmançılıq çəkməlidir. Bağışlamaq olar, kinlə yaşamaq müsbət hal deyildir; lakin peşman olmayanı bağışlasanız mərhəmət anlayışını çox ucuza satmış olarsınız.
Odur ki, alınlarına döyüş yazılanlara düşmən mahnılarını yox, hərbi marşı səsləmələri daha münasib olardı, bizim də onlardan gözlədiyimiz budur.
ANS ÇM bu yayıma bir an əvvəl son qoysa döyüşün alnımıza yazıldığına dair şübhələrimizə də son qoyardı.
Bil ki dönəcəyik, dönəcəyik biz;
Dağları, dərələri sancar səsimiz,
Lap bu döyüşlərdə dursa ürəyim,
"Vətənim" deyərək atacaq nəbzim...
Bil mən baş qoyaram, anam yolunda,
Anamın vətəni, qalıb girovda.
Gəlsin muğam səsi, göz yumulanda,
Bülbül olar mənə, güllə səsləri...
Tarix
2014.05.03 / 02:39
|
Müəllif
Fərhad Mehdiyev
|