Ana səhifə Gündəm |
"Rusiyada anlayırlar ki, Türkiyə ilə əməkdaşlığın genişlənməsi onlar üçün təhlükəli deyil".
Bu sözləri "Axar.az"a açıqlamasında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Türkiyə komandanının və Baş nazirinin ardınca Azərbaycana səfər etməsi barədə danışarkən politoloq Elxan Şahinoğlu deyib.
Rusiya problem yaratmamağa çalışır
O, Azərbaycanın bütün gərginliyə baxmayaraq, Rusiya ilə
münasibətləri qorumaqda maraqlı olduğunu bildirib:
"Rusiya və Ukrayna arasında gərginləşən münasibətlər müəyyən qədər
Cənubi Qafqazda da hiss olunur. Türkiyə rəsmiləri və bundan başqa
Türkmənistanın Xarici İşlər naziri də Azərbaycana gəldi. Bu çox
əlamətdar hadisə idi. Azərbaycanın Türkmənistanla münasibətlərinin
normallaşmasına ehtiyac var. Türkiyə Azərbaycanın strateji
müttəfiqidir. Azərbaycanın Müdafiə Nazirliyində görüşlərdən sonra
hərbi sahədəki əməkdaşlıqda da canlanma hiss olunub. Rusiya
generalının gəlməsi də ələmatdar hadisədir. Azərbaycan Rusiya ilə
münasibətlərinin normal olmasını istəyir. Azərbaycan Ukraynanın
ərazi bütövlüyünü dəstəkləyib rus işğalını pisləməyinə baxmayaraq,
Rusiya ilə münasibətlərin normallığının qorunub saxlanılmasına
çalışır. Rusiya da çalışır ki, bu münasibətlərdə gərginlik olmasın.
Baxmayaraq ki, Ermənistana hələ də dəstək verib, onların ordusunun
modernləşməsinə kömək edirlər. Ukrayna gərginliyi bütün regiona
yayılsa da, Azərbaycan çalışır ki, qonşu ölkələrlə münasibətləri
qoruyub saxlasın. Rusiyada anlayırlar ki, Türkiyə ilə əməkdaşlığın
genişlənməsi onlar üçün təhlükəli deyil".
Azərbaycan hələ MDB-də qalacaq
Politoloq Azərbaycanın MDB-nin tərkibindən çıxmağı planlaşdırmadığını qeyd edib:
"Düşünmürəm ki, Azərbaycan MDB-nin tərkibindən çıxar. Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə səs verməsinə baxmayaraq, bu Rusiyanı qıcıqlandırmamalıdır. Çünki Rusiya anlamalıdır ki, Azərbaycanın Dağlıq Qarabağ kimi böyük dərdi var. Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs vermək Azərbaycanın özünə xəyanət etməsi demək olardı. Azərbaycanı bu dəqiqə MDB-dən çıxmağa heç bir durum məcbur etmir. Düzdür, MDB-nin özü amorf bir qurumdur. Amma orada bir siyasi qrup görüşüb fikir mübadiləsi apara bilər. Rusiyanın formalaşdırdığı Gömrük İttifaqı və Avrasiya İttifaqı birliyinə gəldikdə isə, yalnız onu deyə bilərəm ki, Azərbaycan burada yer almayacaq".
Azərbaycan Rusiyanın ayağını tapdalamır
Elxan Şahinoğlu Azərbaycanın Rusiyanı qıcıqlandırmağa heç bir bəhanə vermədiyini deyib:
"MDB-də qəbul olunan qərarlar formal xarakter daşıyır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına gəlincə isə onu qeyd edə bilərəm ki, əslində bu qurum daha çox Rusiya-Ermənistan əməkdaşlığından ibarətdir. Çünki Qarabağ müharibəsi başlasa, Ermənistana real dəstək verəcək ölkə də Rusiyadır. Burada yer alan Qırğızıstan və Qazaxıstan Azərbaycanın əleyhinə çıxmayacaq. Bu mənada Azərbaycanı bu birliyə cəlb eləyə bilməzlər. Azərbaycan NATO üzvlüyünü də qarşısına hədəf qoymayıb. Bu da Rusiyanı qıcıqlandırılmamalıdır. Əslində, Rusiyanı qıcıqlandırmağa Azərbaycan bəhanə vermir. Amma söz yox ki, Rusiya Qarabağın həll olunmasında maraqlı deyil. Bunun üçün isə Ermənistana dəstəyi artırır ki, bu da bizim maraqlarımızla uyğunlaşmır".
Qeyd edək ki, Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov aprelin 7-də Azərbaycana gələcək. Onun Bakıda MDB üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirakı planlaşdırılır.
Tarix
2014.04.06 / 00:21
|
Müəllif
İlkin Həsənov
|