Yuxarı

Jurnalistləri depressiyaya salacaq reportaj – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya mediası…

II yazı

British Council, Tomson Fondu və "Paşabank"ın birgə layihəsi olan "Biznes jurnalistikası" layihəsinin Londonda keçirilən üçüncü mərhələsi daha faydalı və maraqlı oldu desəm, yanılmaram. Britaniya mətbuatının ənənələri və bu günkü iş prinsipləri ilə tanış olmaq təlimlərin əsasını təşkil edirdi. Bir həftə boyunca media nəhənglərinin redaksiyalarına səfərlər ancaq müsbət hisslərlə yadda qaldı.

İlk olaraq dünyanın siyasi düzənini tənzimləmək gücündə olan BBC teleradio kompaniyasında qonaq olduq. Şirkətin yerləşdiyi binanın önündəcə xəbərlə rastlaşırsan. Yerə düzülən beton plitələrin hər birində dünyanın iri şəhərlərinin, tarixi məkanların adları yazılıb. Dərhal özümüzü axtarırıq və budur "Khocalı" və "Naqorni Karabagh" adları həkk olunan plitələr. Deməli, bizi tanıyır və tariximizə biganə deyillər.

Qapalı və nüfuzlu xəbər məkanı -"nyuz rum"

Görüşümüz öncədən planlaşdırıldığı üçün vizit kartlarımız hazır idi. Buna baxmayaraq, yuxarıya balədçisiz çıxa bilməyəcəyimizi xatırlatdılar. Bələdçi də özünü çox gözlətmədi. BBC Azərbaycan xidmətinin rəhbəri Könül Xəlilova bizi qarşılayaraq iri media qurumunun xidmətləri ilə tanış etməyə başladı. İkinci mərtəbəyə qalxan kimi özümüzdən asılı olmayaraq hamımız geniş pəncərənin önünə toplaşdıq. Aşağıda qonaqlar üçün qapalı olan nəhəng "nyuz rum"un bölmələri və studiyaları aydınca görünür. Heyrət etməmək mümkün deyil bu mənzərəyə. Bir jurnalistə eyni vaxtda 3 kompüter xidmət edir. Xəbər hazırlanır, montaj edilir, redaktorlarla əlaqələndirilir və efirə ötürülür. Yüzlərlə insanın bir məkanda işləməsinə və dünyanın xəbər siyasətinin müəyyənləşməsinə baxmayaraq, orada qəribə səssizlik hökm sürür.

Qısa tarixçə

BBC 1922-ci ildə özəl şirkət olaraq fəaliyyətə başlayıb. 1927-ci ildən isə İngiltərədə krallığın nəzarəti altında və dövlətin maliyyə dəstəyi ilə televiziya kimi işini davam etdirib. 1972-ci ildən isə həm də radio yayımları sahəsində fəaliyyət göstərir. BBC Azərbaycan Xidməti isə 1994-cü ilin noyabrında işə başlayıb. Bununla Azərbaycan dili BBC-dən dünyaya yayımlanan 43 dildən biri olub. BBC-nin Bakı Bürosunda Azərbaycanda baş verən hadisələri işıqlandıran 2 müxbir işləyir. Ümumilikdə isə şirkətin 8 mərtəbəli binasında 6 min nəfər çalışır. Onlara hər mərtəbədə 10 müxtəlif studiya xidmət edir. Bundan başqa yuxarı mərtəbələrdə də xarici xəbər bürolarının və radioların ayrıca studiyaları var. Hər kəs lazımi məqamda öz studiyasından canlı efirə çıxır.

Bütün ölkələrin xəbərçiləri bir arada

BBC Azərbaycan bürosunun yerləşdiyi iş otağı da texniki təminatı və sakitliyi ilə diqqəti cəlb edir. İş rejimləri və Bakı ilə əlaqələrin operativliyindən danışan Könül Xəlilova bunların bir hissəsini əyani göstərməyə də vaxt tapdı. Yeri gəlmişkən, BBC Rusiya bürosunun rəhbəri də azərbaycanlıdır. Qonşu sırada iş başında olan Famil bəy də rəhbərlik etdiyi büronun fəaliyyəti barədə danışdı. Söhbətini isə ara-sıra Moskvadan daxil olan zənglər pozurdu. Operativ xəbər çatdırmağın belə xüsusiyyətləri qaçılmazdır. BBC-nin Avropa bölümündə bizimkilərlə yanaşı Ukrayna, Türkiyə, Belarusiya, Asiya bölümündə İran, Özbəkistan, Qazaxıstan, Pakistan, Əfqanıstan, Tacikistan, Cin, Yaponiya və digər ölkələrin xəbərçiləri fəaliyyət göstərir.

İstirahətə də məkan ayrılıb

Onlar iş yerindəcə istirahət etməyə, hətta idmanla məşğul olmağa da vaxt ayırırlar. Kitablarla dolu olan rəflər, rahat divanlar, çay içmək üçün kiçik kabinələr və idman otaqları elə "nyuz rum"un bir addımlığındadır. Oraları gəzdikcə, əvvəllər çalışdığım qəzetdə yazılarımı redaktə edən dəyərli müəllimim Elşən Əliyevin tez-tez bizə ünvanladığı deyimini xatırladım: "Yemək və işləmək". (O, iş otağında bizi yemək yeyərkən görəndə həmişə belə deyərdi.)

BBC ilə tanışlıq nahar fasiləsinə qədər davam etdi və peşəkar xəbərçilərlə bir arada lənç (yemək). Şirkətin bu anadək bizi izləyən sakitliyini kafedəki səs-küy əvəzləyir. BBC əməkdaşları və onların qonaqları nahar vaxtı da iri monitordan elə BBC-ni izləyirlər. Qiymətlər çox baha olduğundan orada da əksər əməkdaşlar yeməyini özü ilə gətirir. Onlara ayrıca qızdırıcı sobalar da ayrılıb. Alışmadığımız ingilis mətbəxi əhvalımızı bir az dəyişsə də, BBC-dən xoş təəssüratlarla ayrılırıq. Bəzi həmkarlarım hətta bu iş şəraitini görüb depressiyaya düşdüyünü də etiraf elədilər.

Media nəhəngi - "The Daily Telegraph"

Səfərin ən maraqlı və zəngin bölümü "The Daily Telegraph" qəzetinin redaksiyasında keçdi. Təqdimatçıların iş rejimlərini həvəslə anlatması və texniki yeniliklərlə tanışlıq Britaniya mətbuatı barədə geniş təsəvvür yaratmağa imkan verdi. 150 yaşlı "The Daily Telegraph"ın ürəyi olan "nyuz rum"da eyni vaxtda 200 nəfər jurnalist çalışır. Lakin bu məkandakı sükutu yalnız həyəcan siqnalı poza bilər. Hərə öz işi, xəbəri ilə məşğuldur, yanından ötüb keçən bir kimsəyə belə nəzər yetirmirlər. Cünki xəbəri vaxtında və yüksək keyfiyyətlə səhifəyə yerləşdirmək lazımdır.

Xəbərlərə hüquqi yanaşma

"The Daily Telegraph" gündə üç dəfə (səhər, günorta, axşam) 675 min tirajla çap olunur. Eyni vaxtda dünyanın 5 böyük ölkəsində yayılan qəzetin ümumilikdə 2 milyondan artıq oxucusu var. Sürətli xəbər və analizlərin onlara çatdırılmasında ən müasir informasiya texnologiyalarının gücündən maksimum istifadə olunur. Qəzetin ümumilikdə min nəfər əməkdaşı var. Burada menecer və hüquqşünaslar üçün ayrıca otaqlar ayrılıb. Menecerlər qəzein idarə olunması və gəlirlərini tənzimləyirlərsə, hüquqşünaslar redaksiyanı məhkəmələrdən qoruyurlar. Başqa sözlə, onlar xəbər və analitik yazılarda böhtana və təhqirə yol verilib-verilmədiyini yoxlayırlar.

Avropada ilk xəbər saytı

Qəzet bir sıra ilklərin də müəllifidir. Avropada ilk olaraq internet saytı olan qəzet məhz "The Daily Telegraph"dır. Bundan başqa, Androidə və podkastinq xidmətinə qoşulan və yeni proqramlar üçün Maykrasofta müraciət edən birinci media qurumudur. Britaniyanın ən populyar saytı olan "The Daily Telegraph"ın 3,5 milyon izləyicisi var. Elə bir o qədər insan da qəzeti Tvitterdən izləyir. Günorta vaxtı sayta 1 milyon nəfər baxdığı halda, sonrakı saatlarda bu rəqəm azalır. Saat 5-7 arası isə izləyicilərin sayı sürətlə artır. Ən çox baxılan məqalələr sağ sütunda yerləşdirilir. Mövzular və xəbərlər isə sosial şəbəkələrin gündəminə uyğun seçilir. Ona görə də qəzetdəki redaktorlar birliyini indi sosial media redaktorları əvəz edir.

"Baş qaşımaq, burun çəkmək vaxtı"

"The Daily Telegraph"da redaktorların toplantısı məcazi olaraq məhz belə adlandırılır. Velosiped təkərini xatırladan "nyuz rum"un tam ortasında oval şəkilli böyük stol qoyulub. Burada redaktorlar gündə bir neçə dəfə toplaşaraq nə yazacaqlarını müzakirə edirlər. Onlardan biri "nə yazacağıq?" deyərək başını qaşıyır. Digəri "hələlik elə bir şey yoxdur" deyir və burnunu çəkir. Əlbəttə, bu bir zarafatdır. "The Daily Telegraph" İngiltərənin və oradan bütün dünyanın xəbər gündəmini müəyyən edən iri media qurumlarındandır.

"Gələcəyin stolu"

Bəlkə də çoxlarına yuxu kimi görünər, amma bu yeni sensorlu yemək masası xəbəri sizə təsəvvür edə bilməyəcəyiniz qədər yaxın edir. Səhər nahar etmək üçün masaya oturur və fincanınızı onun üzərinə qoyursuz. Bu zaman ən son xəbərlərlə "The Daily Telegraph" qarşınızdadır. Masa boyu açılan qəzeti sanki əlində olan kağız qəzet kimi vərəqləyə, özünüzə lazım olan xəbərləri tapıb oxuya bilərsiz. Masada yerinizi dəyişib qarşı tərəfdə otursanız, elektron qəzeti də bir əl hərəkəti ilə özünüzə tərəf çevirə bilərsiz. Yaxud, yoldaşınızın aldığı şirəni masaya qoyursuz və dərhal onun barəsində bütün məlumatlar kart formasında masada görsənir. Eyni zamanda siz həmin şirənin alternativləri barədə də digər yanaşı kartlardan informasiya ala bilərsiz. Əpl şirkətinin istehsalı olan masadakı digər "xidmətlər" sizin bütün gününüzü faydalı və qənaətli keçirməyinizə imkan verir. Lakin "The Daily Telegraph" buna qane olmayaraq yeni proqramlar üçün Maykrasoft şirkətinə müraciət edib.

Maliyyə siyasətini formalaşdıran "Financial Times"

Pearson PLS holdinqinə məxsus olan "Financial Times" qəzetinə səfərimiz də maraqlı məqamlarla yadda qaldı. 1888-ci ildən nəşr olunan qəzetin bir necə əlavəsi də var. 2000-ci ildən isə almanca versiyası olan "Financial Times Deutschland" nəşr olunur. "Financial Times" beynəlxalq işgüzar qəzet kimi tanınır və oxunur. Əsasən, maliyyə və biznes sektorunda baş verən hadisələri, yenilikləri çatdıran qəzet 360 min tirajla çap olunur və dünyanın 24 şəhərində yayılır. Xəbərlərin satışı da bazar prinsiplərinə uyğun formalaşdırılıb. İnternet saytında bir çox xəbərlərə giriş pulludur. Eyni abunələr "biznes to biznes" formasında əldə olunub. Qəzetə uğur gətirən amillərin ən mühümü elə budur.

Saatları Qrinviçə kökləyin!

Londonda gedib dünyanın vaxt göstəricisini təyin edən başlanğıc nöqtədə olmamaq yanlış olardı. Qrinvic (Qreenwich) meridianının adı Temza cayının sahilində yerləşən eyni adlı kəndin adından götürülüb. Şəhər mühitini xatırladan kəndin ən yüksən nöqtəsində rəsədxana qurulub. Onun üzərində uzaqdan hamının görə biləcəyi qüllə və kürə yerləşdirilib. Gündüz vaxtı həmin kürə qüllənin yuxarısına qalxır. Bu onu göstərir ki, artıq saat birdir. Bu mənzərəni görmək bizə də nəsib oldu. Gəmilər də vaxtı həmin kürənin yurarı qalxması ilə təyin edirlər. Saatlarımızı Qrinviçə kökləyərək Temza sahilinə endik. Buradan Londona yalnız gəmi vasitəsi ilə getmək olur.

Tarix
2014.04.05 / 18:32
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla