Yuxarı

Gözləyək... Amma çox şey yox!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçən günlərdə "Ulduz" və "Ədəbiyyat qəzeti"nin baş redaktorları dəyişdirildi. Bütün qəzetlər də bu dəyişiklikdən yazdı, həmkarlarımıza uğurlar diləyənlər də oldu, bu dəyişiklikdən heç bir gözləntisi olmadığını söyləyənlər də...

Əslində, "Ədəbiyyat qəzeti" və "Ulduz" dərgisi ölkədə mütəmadi və ən ardıcıl çıxan ədəbiyyat məcmuələri olduğundan ədəbi proseslərin önündə olmalıdırlar. Amma indiyə qədər belə görmədik təbii... Xüsusən "Ədəbiyyat qəzeti" illərdir ki, sovet dönəminin psixologiyasından çıxa bilmədiyinə görə demək olar ki, ədəbiyyat qəzetindən başqa hər şey idi...

Hər iki ədəbi orqanın baş redaktorları dəyişdirildikdən sonra necə olacaq, hansı yeniliklər baş verəcək, yəqin yaxın zamanda bunun şahidi olacağıq.

Amma ola biləcəyikmi?

Bu şübhəmin əsasında heç də həmkarlarımın qabiliyyətsizliyi və ya istəksizliyi dayanmır. Sadəcə, mənə o maraqlıdır, əlimizdə olan ədəbiyyatla nə qədər yüksək səviyyəli məcmuələr ortaya çıxarmaq olar?

Təbii ki, əgər səviyyəli, maraqlı, səmimi və sözün qiymətliliyini təsdiqləyən ədəbi orqanların olmasını istəyiriksə, ilk öncə bu orqanların səhifələrində yer almaq üçün dəyərli yazılar olmalıdır. Səviyyəli müəlliflər olmazsa, orda kimin başçılıq etməsindən asılı olmayaraq, ortaya qiymətli bir şey çıxa bilməz.

Yüksək səviyyəli ədəbiyyatın olmadığı yerdə keyfiyyətli ədəbiyyat məcmuəsi necə ortaya qoymaq olar? Axı bu redaktorlar Aydakı ədəbiyyatın ədəbi orqanlarını hazırlamayacaqlar, Azərbaycan ədəbiyyat nümunələrindən ibarət bir orqan dərc edəcəklər. Onlar ortada olanı təqdim edəcəklər...

Bir sözlə, bu orqanlar Azərbaycan ədəbiyyatının güzgüləridir.

Başqa bir cəhət...

Hər iki orqan AYB-nin tabeliyindədir. Amma bu ölkədə bütün yazarlar AYB-ni dəstəkləmir. AYB-nin bir qurum kimi artıq ədəbiyyat üçün bir yararı qalmadığı fikrini müdafiə edən yazarlar da çoxdur. Əgər bu kəsim də adı çəkilən ədəbiyyat orqanlarında təmsil olunmayacaqsa, onlar azad sözün və ifadə tərzinin tribunasına çevrilə bilməyəcəksə, azad ədəbiyyatın yaranmasında iştirakçı olmayacaqsa, onda gerçək anlamda ədəbiyyat məcmuələrinə çevrilə biləcəkləri şübhə doğurur.

Ədəbiyyat şərin, naqisliyin, qeyri-səmimiliyin qarşısında ola bilmirsə, böyük ədəbiyyat ola bilmir. Eyni şəkildə də ədəbi məcmuələr belə olmadıqda gerçək anlamda uğurlu bir iş ortaya qoya bilmir.

Azərbaycan ədəbiyyatının inkişafı son dövrlər iki xətt üzrə gedib. Ciddi mətn ortaya qoyanlar və qara-qışqırıqla meydan sulayanlar. Bu baxımdan hər iki orqanda işə başlayan redaktorların işi asan deyil. Çünki məsələ təkcə ədəbiyyat məcmuəsi ortaya qoymaqla bitmir, həm də ciddi oxucu kütləsi yaratmaq üçün iş görülməlidir. Azərbaycanda ədəbiyyat bazarındakı tarazlığı düzənləmək üçün ciddi və peşəkar seçimə, mətnlərin və müəlliflərin saf-çürük edilməsinə ehtiyac var. Çünki ədəbiyyata son dövrlər elə bir axın olub ki, bu axın və çoxluğun içindən ən yaxşılarını seçmək çox çətindir. Əslində, bir qədər sərt olsa da, şou qanunlarının əsasında yaranan ədəbiyyat nümunələrinin içindən ciddisini seçib elə şoulaşmış oxucuya da onu qəbul etdirmək asan məsələ deyil.

Bir sözlə, illərdir ədəbiyyatdakı qara-qışqırıq və yarınmaların içində itən gerçək istedadların aşkar edilməsi, sözünə qısılıb bir küncdə qalanların üzə çıxarılması, eyni zamanda ciddi ədəbiyyatın formalaşması üçün görəsən bu orqanlar nə qədər iş görə biləcəklər?

Gözləyək... Amma azını... Əks halda məyusluğumuz çox olar!

Tarix
2014.04.05 / 17:31
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla