Yuxarı

Həkimlər pasiyentləri necə öldürür? - Araşdırma

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sağlamlığın insan həyatı üçün nə dərəcə önəmli olduğunu qeyd etməyə ehtiyac yoxdur. Bəzən aramızda söhbət edərkən bir-birimizə "Allah sənin yolunu həkim qapısına salmasın" deyirik, bu sözlər əslində səhiyyəmizin vəziyyətini qiymətləndirmək üçün bəlkə də ən dəqiq ifadədir.

Hər zaman sağlam qalmaq və həkimə möhtac olmamaq mümkünsüzdür. Xəstəliklər və orqanizmimizin fəaliyyətinə mane olan digər nüanslar daim olub və olacaq. Bu xəstəliklərlə mübarizə məqsədi ilə ölkəmizdə bir çox səhiyyə ocaqları fəaliyət göstərir. Amma müalicə zamanı yanlış diaqnoz, həkim səhlənkarlığı və digər hallar da müşahidə olunur. Bu məqamlar insanların yerli səhiyyəmizə və onu təmsil edən həkimlərə inamını ciddi şəkildə zədələyir. Elə bu səbəbdən xəstələrin böyük əksəriyyəti müalicə olunmaq məqsədi ilə kütləvi şəkildə xarici ölkələrə üz tutur.

"Axar.az" olaraq bu problemin kökünü araşdırmağı qərara aldıq. Hədəfimizdə isə problemin özəyini təşkil edən bir neçə sual var:

- Yanlış diaqnozların səbəbi nədir - həkim səhlənkarlığı, yoxsa qeyri-peşəkarlıq?

- Həkim səhlənkarlığı ucbatından həyatını itirən şəxsin yaxınları hüquqi müstəvidə hansı addımları ata bilər?

İlk sualımızın cavabını mart ayının əvvəlində xərçəng xəstəliyindən dünyasını dəyişən Nərmin Hüseynlinin bacısı Mehin Hüseynliyə ünvanlamaq istədik. Mehin xanımla əlaqə saxlamaq mümkün olmadığından onun şəxsi Feysbuk səhifəsində paylaşdığı status diqqətimizi çəkdi. Bildiyiniz kimi, Nərmin Hüseynli ötən il zob diaqnozu ilə əməliyyat olunub. Lakin vəziyyəti ağırlaşan Nərmin Təbrizə üz tutub və burada müayinə zamanı məlum olub ki, o, xərçəng xəstəliyindən əziyyət çəkir. Ötən ay xərçəngin ən ağır həddini – dördüncü dönəmini yaşayan Nərmin ianə kampaniyalarından yığılan məbləğ hesabına Türkiyəyə göndərildi. Ancaq bütün səylərə baxmayaraq, həyatını xilas etmək mümkün olmadı.

"Mən artıq bacımı itirdim. Onun ölümündə o səhv edən həkim günahkardır! Onun ölümündə onu bu vəziyyətdə evə buraxan Milli Onkologiya Mərkəzi günahkardır!" – yazan M.Hüseynli günahı məhz yerli həkimlərimizin səhlənkarlığında görüb.

Araşdırmamız zamanı səhiyyə eksperti Adil Qeybullanın rəyini aldıq:

- Yanlış diaqnozların çoxalması qeyri-peşəkarlıq, klinikaların həddən artıq çox olması və onların öz təyinatlarına uyğun şəkildə fəaliyyət göstərməməsi, onlar üzərində nəzarət sisteminin və onlar arasındakı assosiativ əlaqələrin düzgün təmin olunmamasından qaynaqlanır.

Bəzən xəstə bir neçə həkimə müraciət edir, onların arasında peşəkar həkimin olmaması nəticəsində milli səhiyyəyə güvən azalır. Bu cür faktorlar yetərincədir. Biz Qərb təbabətinə keçirik. Qərb təbabətinin əsas prinsipi ondan ibarətdir ki, hərə bir sahənin mütəxəssisi olmalıdır, hər sahə üzrə bir mütəxəssis, peşəkar fəaliyyət göstərməlidir və bütün diaqnozların qoyulması və müalicələrin aparılması kliniki protokollar əsasında həyata keçirilməlidir. Bu şəkildə getsək, diaqnostik səhvlərin sayı azalar və biz Qərb standartlarına yaxınlaşa bilərik.

- İnsanların müalicə məqsədi ilə xarici ölkələrə üz tutmasını nə ilə əlaqələndirirsiniz?

- Ən çox axın bu dəqiqə İranadır. Bunun əsas səbəbi İranda müalicə xərclərinin bizə nisbətən az olmasıdır. Milli səhiyyəyə güvəni zədələnmiş insanlar bu səbəbdən də xarici ölkələrə üz tuturlar. Ümumiyyətlə, xaricə üztutma halı dünyanın hər yerində var. Türkiyədə Almaniyaya, Almaniyada Amerikaya üz tuturlar. Amma bu hal bizdə sadaladığım problemlərlə bağlı olaraq daha çoxdur.

- Sadalanan problemlərin həlli üçün hansı addımların atılmasını zəruri sayırsız?

- Bu problemlərin həll yoluna gəldikdə isə, peşəkarlıq və Qərbdə təhsil alan mütəxəssislərin sayı artırılmalıdır. Ümumdünya Səhiyyə İşləri Təşkilatının protokolları əsasında kliniki müayinələrin aparılması, diaqnozların qoyulması və ayrı-ayrı xəstəliklər üzrə müalicə sxemləri qurulmalıdır. Bir sözlə, dünya hansı yolla gedirsə, biz də o yolla getməliyik.

Suallarımızı gələcək həkimlərimizə - Azərbaycan Tibb Universitetinin Tibb fakültəsində təhsil alan tələbələrə də ünvanladıq. Cavablar formaca müxtəlif olsa da, məzmunca demək olar ki eyni idi:

Azərbaycan Tibb Universitetinin Hərbi-tibb fakültəsinin IV kurs tələbəsi Kərim Hüseynov:

- Bu halın bir çox səbəbləri var. Özəl klinikaların artması və onlara dövlət nəzarətinin zəif olması, həkimlərin maaşlarının az olması, savadlı kadr qıtlığı və s. əsas səbəblərdir. Ən əsas səbəb isə odur ki, insanların bir birindən eşitdiyi, hətta əczaçılara yazdırdığı dərman preparatlarını qəbul etməsi nəticəsində bir çox xəstəliklər öz kliniki şəklini dəyişir və bakteriyalar L forma halına keçir.

Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinin III kurs tələbəsi Pərvin Babayev:

- Əsas səbəblər savadlı həkimlərin azlığı, xəstəliklərin yayılması ilə bağlı olaraq difrensasiyanın çətinləşməsi və yanlış müalicə nəticəsində mikrobların gizli formalarının artmasıdır.

Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinin V kurs tələbəsi Züleyxa Əliyeva:

- Düşünürəm ki, səhv diaqnozun qoyulmasında əsas səbəb həkimin yanlışlıqları ilə əlaqəlidir, bu məhz həkimin tibbi təfəkkürünün, məntiqinin yetəri qədər olmamasından, yaxud təcrübəsinin az olmasından qaynaqlana bilər. Amma məsələnin kökünə getsək, deyərdim ki, bizim təhsil sistemimizdə tibbə uyğun olmayan, tiblə ayaqlaşmayan tərəflər çoxdur. Məsələn, deyək ki, bəzi fənlər əslində tədris olunmamalıdır, bu sadəcə zaman itkisinə səbəb olur. Amma təhsilin digər mənfi cəhəti isə bəzi dərsliklərimizin köhnə olmasıdır. Yetəri qədər təcrübə qazana bilmirik, yəni praktik cəhətdən əksikliklər mövcuddur. Ümumiyyətlə, tələbələrimiz uzman kimi yetişmək üçün digər ölkələrdə təhsil almağa daha çox üstünlük verirlər. Bütün bunlari nəzərə alsaq, tibbi təhsilimizdə keyfiyyət digər ölkələrə nisbətdə aşağıdır. Amma təbii ki, əvvəlki illərlə müqayisədə xeyli inkişaf var.

Araşdırmamız zamanı bu halların hüquqi tərəfini də araşdırdıq. Elə bu səbəbdən də "Qanun Hüquq Şirkəti" MMC-nin direktoru Zamiq Abdullayevdən həkim səhlənkarlığı ucbatından həyatını itirən şəxsin yaxınlarının hüquqi müstəvidə hansı addımlar ata biləcəyini, hansı qurumlara şikayət edə biləcəyini, bir sözlə, işin hüquqi rakursda həlli yollarıyla maraqlandıq:

- Qeyd etmək lazımdır ki, bizim qanunvericilikdə bu məsələ ilə bağlı boşluq var. Qanunlarımız hələ tam olaraq "həkim səhvi nədir?" sualını cavablandırmır.

Qanundakı bu boşluq nəticəsində, ehtiyatsızlıq etmiş savadsız və təcrübəsiz həkimlərlə yanaşı bəzən xəstə ilə bağlı bədbəxtlik halı baş verdikdə, xəstəni vəziyyətdən çıxarmaq mümkün olmadıqda vicdanlı həkim də şübhə altına düşür.

Belə hal baş verdikdə zərərçəkmişin yaxınları ilk növbədə polis və prokurorluq orqanlarına müraciət edərək həkim barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2 maddəsinə (Səhlənkarlıq) əsasən cinayət işi başlanmasını tələb edə bilərlər. Həmin maddədə vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada etməməsi, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda beş ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur.

Bundan başqa zərərçəkmişin yaxınlarının mülki qaydada məhkəməyə müraciət edərək həkimin səhvi nəticəsində vəfat etmiş qohumlarının vəfatından dolayı onlara dəymiş maddi və mənəvi ziyanı tələb etmək hüquqları vardır. Bu halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq Aktlara, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin və Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına uyğun olaraq məsələyə hüquqi qiymət verilir.

- Bəs bu prosedur xaricdə necədir?

- Dünyanın əksər inkişaf etmiş ölkələrində pasiyentlərin hüquqları qanunvericiliklə qorunur və həkimlərin səhlənkarlığı ucbatından pasiyentə dəyən ziyan məhkəmə qaydasında müəyyən edilərək ödənilir. Əksər Qərb ölkələrində öz peşəkar fəaliyyətində səhlənkarlığa yol verən həkimlər təzminat ödəyir, həkim kimi fəaliyyət göstərmək hüququndan məhrum edilir, hətta həbs olunur. Rusiya Fedarasiyasında cəzalar daha yüngüldür. Bu cür həkimlərə adətən cərimələr və şərti cəzalar verilir. ABŞ-da isə daha ciddi tibbi sistem var və həkimlərin fəaliyyətinə ciddi nəzarət olunur. Cəzalar isə digər ölkələrə nisbətən daha sərtdir.

"Təbabətin atası"

Və sonda fikirlərimizi "Təbabətin atası"nın sözləri ilə yekunlaşdırmaq istərdik. Əgər bir həkim xeyir gətirə bilmirsə, heç olmasa, insanlara ziyan da vurmasın. Bəli, bu müqəddəs peşənin daşıyıcıları Hippokrat andını içərkən bu şərəfi özləri üçün bir qalibiyyət, həyat yollarında əldə etdikləri növbəti uğur kimi yox, həm də həyatı boyu əllərini qanına buladıqları hər bir xəstəyə görə daşıdıqları məsuliyyət kimi dərk etməlidirlər.

Tarix
2014.04.05 / 08:30
Müəllif
Rəşid Mustafazadə, Orxan Cuvarlı
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla