Yuxarı

Vəhabilərin Xudatda şəriət məhkəməsi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xudat şəhərində vəhabilərin şəriət məhkəməsi qurması ilə bağlı ötən gün məlumat vermişdik.

Xəbərin ciddiliyini nəzərə alıb, araşdırma üçün Xudata yollandıq.

Vəhabilər gələndən nifaq başladı

Məlumatlar elə Bakı Beynəlxalq Avtovağzalından başlayır - Xudat istiqamətinə gedən mikroavtobuslardan.

Söhbətləşdiyimiz xudatlılar vəhabilərin rayondakı gücündən narahat görünürdü. Jurnalistləri sevdiyini deyən orta yaşlı sərnişin Xanəmir kişi vəhabilərin Xudata Qusardan gəldiyini bildirir:

"Əvvəllər bizdə dədədən-babadan hamı şiə məscidinə gedirdi. Düzdür, sünnilərin də yaşadığı kəndlərimiz var. Ancaq vəhabilər buralara gələndən sonra Xudat, Xaçmaz, Qusar camaatı arasında nifaq salıblar. Bizdə heç vaxt "mən şiəyəm, sən sünnisən" söhbətləri olmayıb. Məsələn, bizim ailə şiədir, ancaq qızımın yoldaşı sünni. Heç vaxt dini fərqlərə görə mübahisələrimiz olmayıb. Ancaq vəhabilik biz tərəflərə ayaq açandan sonra kənd camaatı arasına nifaq düşdü. Vəhabilər özlərindən olmayana kafir kimi baxırlar. Buna görə şiə məzhəbindən olanlarda onlara qarşı haqlı qəzəb yarandı".

Şəriət məhkəməsi haqda eşitmişəm

Yolboyu söhbətləşdiyimiz Xanəmir kişi vəhabilərin şəriət məhkəməsi qurması xəbərindən və kənd camaatının Suriyaya döyüşməyə getməsindən də danışır:

"Onların məhkəməsinin harda olması və qərarları kimlərin verməsi haqqında məlumatım yoxdur. Bir neçə ay bundan qabaq kəndimizdən bir nəfər mənə dedi ki, qohumları Suriyaya döyüşməyə gedib. Onun Suriyaya getməsindən sonra bizim camaatdan ona yaxın insan döyüşə yollanıb. Həmin adamlardan 3-4 nəfərinin meyiti gəlib. Hamısı da cavan-cavan oğlanlardır..."

Qardaş, gəlin, çay için

Sərnişini olduğumuz avtobus Xudata çatır. Xanəmir kişi ilə birlikdə mərkəzi küçələrin birində avtobusdan enirik. Şiələrin ibadət etdiyi məscidin yerləşdiyi ünvanı soruşub yol yoldaşımızla sağollaşırıq. Məscidə doğru yolda bir çayxanın yanından keçirik. Xudat gənclərinin toplaşdığı çayxanadan səs gəlir: "Qardaş, gəlin, çay için"

Xudatlı gənclərin bu jestini qəbul edərək çayxanaya dönüb, ordan-burdan söhbətə başlayırıq, daha doğrusu, kəşfiyyata: görəsən, vəhabilər deyil ki bunlar?

Çayxanadakı gənclərin vəhabi olmadığına inandıqdan sonra söhbət açırıq. Gənclər deyir ki, vəhabilərlə maraqlanmırlar və onları qəbul etmirlər:

"Biz müsəlmanıq. Onların hərəkətləri dinə görə qəbul olunmur. Vallah özbaşnalıqdır: şəriət məhkəməsi qururlar, kafir elan edirlər kimisə... Bizim Xudat camaatı arasında vəhabilər çox az idi. Son vaxtlar çoxalmağa başlayıb. "Yuxarı məscid" onların məscididir, ora toplaşırlar".

"İmam Hüseyn" məscidi

Gənclərlə sağollaşıb şiə məzhəbindən olanların namaz qıldığı İmam Hüseyn Məscidinə gəlirik.

Məscidin axundu ilə söhbətimizdə çox məsələlərdən xəbər tuturuq. Ağ saçı və ağarmış saqqalı ilə insanda xoş təəssürat yaradan yaşlı axund deyir ki, vəhabilərin Xudata ayaq açması Xaçmazda məscidin bağlanmasından sonra baş verib:

Əvvəllər Xaçmaza üz tuturdular

"Xudatda vəhabilərin sayının çoxalması Xaçmazdakı vəhabi məscidinin bağlanması ilə bağlıdır. Əvvəllər Xudatda olan vəhabilər Xaçmaza üz tuturdular. Çünki toplaşmaq yerləri ora idi. Ancaq ordakı məscidləri bağlandıqdan sonra onlar Xudata üz tutmağa və burda genişlənməyə başladılar".

Söhbət əsnasında axund onu da dedi ki, vəhabilər onların hamısına kafir kimi baxır:

"Onlar ifratçılıqla məşğuldurlar. İslam mənəviyyatdır, əxlaqdır. Bunların mənəviyyatsız hərəkətləti nə dinə, nə də şəriətə uyğundur".

Vəhabilər Xaçmazda da cəmiyyət qurub

Məscidin axundu şəriət məhkəməsinin olması barədə qulaqdan-qulağa eşitdiyini deyir:

"Bunların sayı əvvəllər çox az idi. Heç nə edə bilmirdilər. İndi çoxalıblar deyə, əl-ayaq açıblar. Burda söhbət gəzir ki, vəhabilər şəriət məhkəməsi yaradıblar, amma görməmişəm. Ona görə Xudatda nə yaratdıqlarını dəqiq deyə bilməyəcəyəm, ancaq Xaçmazda onların cəmiyyətinin olması və toplanıb müəyyən qərar vermələri haqqında məlumat dəqiqdir. Suriyaya döyüşməyə gedənlərin heç biri qayıtmır. Geri gələnlərin də ancaq meyiti gəlir".

Çeçenistandan gələn vəhabilər...

Digər rayonlardakı vəziyyətdən də danışan axund bildirdi ki, ən acınacaqlı vəziyyət Qusardadır:

"Ən ağır vəziyyət Qusardadır. Dağıstanla sərhəddə yerləşdiyinə görə, ordan gələn vəhabilər insanları tez bir zamanda təsir altına sala bilirlər. Dağıstan və Çeçenistandan gələn vəhabilər işsiz gəncləri onlarla birgə ticarət etməyə dəvət edirlər. Bir müddət sonra isə iş dalınca gedən cavanlar vəhabi olurlar və özləri buralara gələrək işsiz cavanları Dağıstana dəvət edirlər. İş-güc olsa, heç kim onlara qoşulmaz".

Vəhabi məscidində namaz qılmaq

Axundla sağollaşıb "Yuxarı məscid" adlanan ünvana -vəhabilərin ibadət yerinə gəlirik. Maraqlısı odur ki, məscidin qapısı açıq olsa da, yaxınlıqda heç kəsi görmürük. Bir qədər həyətdə dolaşdıqdan sonra velosiped sürən bir gənc görünür. Yaxınlaşıb məsciddəki sükutun səbəbini soruşuruq:

"Axşam namazına hələ 2-3 saat var. İndi bura heç kəs gələn deyil. Məscid açıqdır, istəsəniz, girib içəridə namaz qıla bilərsiniz".

Üzərindəki yazılardan bəlli olur ki, məscid 1992-ci ildə inşa edilib.

Qaranlıq düşməsi səbəbindən axşam namazına qala bilmirik. Vəhabilərin məscidindən çıxaraq yola düzəlirik.

Bakı-Xudat-Bakı

Tarix
2014.04.03 / 12:14
Müəllif
Tural Qurbanlı, İsmi Şahzadə
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla