Yuxarı

Vaxtı uzadın, savadsız qalmayacaq!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil nazirliyi tədrisin keyfiyyətini qaldırmaq üçün düşünüb-daşınıb və qərara gəlib ki, dərs ilini uzatmaq lazımdır. Düz 3 həftə... Demək 3 həftəyə tədrisdə olan bütün problemlər əməlli-başlı aradan qalxacaq...

Amma buna kimsə, yəqin heç Təhsil Nazirliyinin özündə belə inanmırlar. Çünki bu tədris sistemi ilə şagirdlər 10 ay yox, lap 12 ay da dərsə getsələr, kimsə bir nəticə əldə edə bilməyəcək. Çünki tədrisdə olan problemlər heç də vaxtın qısa olması ilə bağlı deyil.

İyun ayında dərsə gedəcək, yayın istisindən əziyyət çəkəcək şagird görəsən necə oxuyacaq, necə toparlanacaq, görəsən belə bir fikri ortaya atanlar bunu nəzərə alırmı?

Düşünə bilərlər ki, Avropada da şagirdlər yay fəslində dərsə gedir. Amma Avropada hava şəraiti bu deyil, yay Azərbaycandakı kimi sərt deyil. Bir də əgər Azərbaycanda dərs ili qısadırsa və əgər bütün problemlər bundan qaynaqlanırsa, onda bayramların sayını azaltmaq olar.

Ümumiyyətlə, Azərbaycanda tədrisdə olan problemləri vaxtın azlığı ilə izah etməkdən absurd bir şey yoxdur. Digər ölkələrlə müqayisədə bizdə dərs ilinin qısa olmasını deyənlər onda niyə demir ki, bizdə də eynən o ölkələrdə tətbiq olunan kuriklum sisteminin tətbiq edildiyinə baxmayaraq, şagirdlər evdə də yüklənir, onların dərs seçimindəki könüllülük prinsipi nəzər alınmır. Proqramlar hər sinifdə şagirdlərin qabiliyyətinin səviyyəsinə uyğun hazırlanmır? Niyə dərslər məktəbdə mənimsədilə bilmir və şagirdlərə bu qədər ev tapşırığı verilir.

Axı dərs ilinin uzun olduğunu əsas gətirdikləri ölkələrdə bütün bu problemlər yoxdur. Şagirdlər bu qədər süni şəkildə yüklənmir. Müəyyən yaşdan sonra məktəblilərin peşə qabiliyyətinin artırılması üçün proqram həyata keçirilir.

Bəlkə bizdə dərs ilinin qısa olmasının nəticəsidir ki, məktəbdə verilən təhsillə kimsə universitetlərə daxil ola bilmir?! Repetitorluq az qala tədrisin üstünə qalxıb.

Azərbaycanda dərslərin keyfiyyətinə baxanda və yuxarı siniflərdə şagirdlərin kütləvi şəkildə repetitor yanına getməsi hətta qəti deməyə əsas verir ki, heç yuxarı sinifdə məktəbə getmək lazım deyil, ali məktəbə daxil olmaq istəyən biri repetitor yanına gedib istəyinə çata bilər.

Daha məktəbə gedib artıq vaxt itirməyin nə mənası var ki?!

Yəni problem bu qədər qabarıqdır.

Bu və digər problemlərin əhatəsində boğulan təhsil sistemindənki naqisliklərin aradan qaldırılması üçün qalxıb da vaxtın uzadılması haqqında düşünmək məncə ən son ediləcək işin ən birinci edilməsi kimi bir şeydir.
Dünyada tədris müddəti uzun ola bilər. Amma orda məktəblinin vaxtı istismar olunmur. Məsələn, məktəbli rəsm, bədən tərbiyəsi, musiqi kimi dərslərə boş baxmır. İdman dərsində uşaq istədiyi bir idman sahəsini seçib onunla məşğul olur. Musiqidə bir aləti seçib onu çalmağı öyrənir. Rəsm dərsində də həmçinin...

Amma bizdə uşaqların vaxtı bu kimi dərslərin boş keçməsi ilə əlindən alınır. Bu da onların vaxtdan səmərəli istifadə haqqındakı təsəvvürlərini elə uşaq olarkən zədələyir. Bəlkə də elə bunun nəticəsidir ki, Azərbaycan insanı sistemli şəkildə vaxtını dəyərləndirə bilmir?!

Bəlkə də elə bunun nəticəsidir ki, çayxanalar, kafelər bu qədər dolub-daşır...

Yaxud da Azərbaycan məktəblərində şagirdlərin şəxsiyyətinin alçaldılması, onları qorxaq, başıaşağı böyütmək istəyi də vaxtın az olması ilə bağlıdır? Axı bu bir faktdır ki, Azərbaycan məktəblərində şagirdə insan kimi yanaşılmır. Onun nə istədiyi və nə hiss etdiyi nəzərə alınmır. Hələ bu azmış kimi bir az fərqlənənlər az qala ağ qarğa kimi lənətlənir və hər vasitə ilə sındırılıb aşağılanmağa çalışılır.

Sadaladığımız və sadalamadığımız səbəblərin aradan qalxması, şagirdlərin bu işgəncələrə daha çox məruz qalmaması üçün vaxtı uzatmaq lazım deyil, cənablar?

Problem bu deyil və nədənsə məndə o əminlik var ki, siz də bunu yaxşı bilirsiniz.

Bəlkə bunlar islahat xətrinə dəyişikliklərdir, necə bilirsiniz!?

Tarix
2014.04.02 / 22:30
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla