Yuxarı

Polad Ələmdarın kimliyini araşdıran Azərbaycan şairi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində şair Vasif Süleymanla indi görüşməyimiz təsadüf deyildi. Neçə vaxt idi ki, bizə ayırmağa zamanı olmurdu. Vaxtı ötürə-ötürə qızı Gültacın ad gününə kimi gəlib çıxdıq.

Jurnalist Natiq Muxtarlı ilə uzun illərdir ki, bizə doğma olan evə Güllərin tacı - Gültacın ad gününə gəldik. "Gəlmə" deyə bilməzdi ki… Elə belə "Qəfil qonaq" oldu. Qonaqlar dağılanda gəlimişdik, amma həyat yoldaşı Flora xanım ehtiyatını görmüşdü, yəqin bilirdi ki, gec də olsa gələcəyik.

Söhbətə, yemək gələnə kimi, çay süfrəsi arxasında başladıq.

Qonaq Allah qonağıdır

- Biz Feysbukdan öyrənməmişik ki, Gültacın ad gününü, elə on yeddi ildir ki, bir yerdə qeyd edirik də…

- Kimdi sizə nə deyən ki, qonaq Allah qonağıdır. Feysbukda qızımı təbrik edənlər, mənim şeirlərimə rəy yazanlardan çox oldu.

- Elə təbrikdə də sənin şeirin var idi.

- Hə. O şeir qızımla yaşıddır. Düz on yeddi yaşı var.

Elə bil, Yusif Seyidov günah eləmişdi

- "Qəfil qonaq" rubrikası belədir ki, burda təkcə poeziyadan, ədəbiyyatdan yox, qəfil məqamların hamısından danışmaq olar. Ancaq qəribədir ki, istənilən anda səndən söhbət edəndə, hər şey ədəbiyyatın, poeziyanın əhatəsində olur. Sanki sən danışırsan, biz də bir dastana qulaq asırıq. Bəlkə ona görə Etiram deyir ki, Vasif bir şeir desin, dişinin ağrısı kəssin…

- Etiram bu məmləkəti, bu yurdu dəlicəsinə sevən, poeziyanın əfsanəvi pərəstişkarlarındandır. Adam özü boyda sevgidir. "Oğul atasına bənzər deyirlər, Sənə bənzəyirəm oğul, get-gedə" deyən şairdir. Ən düz dediyi də odur. Dəhşət uşaqlaşıb, elə əvvəl də eləydi. Eyni zaman kəsiyində oxumuşuq, bir kurs fərqi ilə. Heç dərsə-zada da gəlmirdi. Bir dəfə imtahan vaxtı kefsiz gördüm, səbəbini soruşdum. Dedi ki, Yusif Seyidov məndən imtahan soruşur. Elə bil, Yusif Seyidov günah eləmişdi, bundan imtahanda nəsə soruşanda. Türklər demiş, iştə Ehtiram bu.

- Mətləbə qayıt. Niyə sənin hər söhbətin poeziyanın əhatəsində olur?

- Bax, gördün sən də sözdən başladın. Mən indi qayıdım sənə alma-armuddanmı danışım?.. Elə sənin də, mənim də sözlə yaratdığımız nəsə varsa, bundan danışmalıyıq. Bir maraqlı şey danışım. Ötən əsrdə Qazax rayonunda Dərya Məhəmməd adlı bir bir saz-söz adamı olub. Bu adam gözəl şeirlər yazmaqla yanaşı, həm də çox zaman qafiyəli danışıb. Bilirsən, bir məşhur şeir var ey, aşıqlar tez-tez oxuyur:

Mübarək camalın necə gözəldi,
Dağlara təzə-tər qar düşən kimi.
Sən mənim könlümə elə düşürsən,
Xəstənin könlünə nar düşən kimi.

Bax, bunu yazan adamdır. Nə isə. Bir gün kəndin uşaqları gedirlər mal otarmaq növbəsinə. Günorta görürlər ki, naxırın içində yad bir dana var. Bunu kəsirlər, kabab bişirirlər. Bu vaxt Dərya Məhəmməd burdan keçirmiş. Deyirlər, aşıq gəl, bir tikə də sən ye. Oturub bismillah eyləyəndə itmiş dananın sahibi milislə kəsdirir bunların başının üstünü ki, danamı bunlar oğurlayıb. Dərya Məhəmməd məsələni anlayır və düşünür ki, bu uşaqlar cavandır və deyir ki, dananı mən oğurlamışam, məni aparın. Uzun sözün qısası, bunu aparırlar, bir neçə günə məhkəmə başlayır. Dərya Məhəmmədi çıxarırlar müttəhimlər kürsüsünə. Hakim deyir ki, kişi olduğu kimi danış, cəzan yüngül olsun. Nə bilirlər ki, Dərya Məhəmməd qafiyəli danışacaq. Deyir ki,

Ağrın alım, a məhkəmə,
Bizim uşaqlar gederlərmiş mala.
Başqa bir mal çıxır yola,
Gəlib qarışır bizim mala.
Uşaqlar onu çəkillər dala.
Tutalar onu kəsələr,
Cəmdəyini göydən asalar.
Mən də düşdüm belə felə,
Bir az yedim bala-bala.
Ağrın alım, a məhkəmə,

On iki ili mənə söykəmə.

Mənim köküm də o torpaqdandır. Sonradan atam Şəmkirə təyinat alanda, biz uşaqlar Şəmkirdə doğulmuşuq. Yəni sazlı-sözlü bir diyardanam. Məsələn, mənim ilk canlı gördüyüm şair əmim Qara Qaymaqlı olub. O zaman dillərdə məşhur şeirləri vardı:

Qaranın sözləri gülə bərabər,
Elə dəqiqə var, ilə bərabər.
Keçər ömrümüzdən bir-bir, sərasər,
Həftələrlə aylar, il addım-addım.

Özü də yaxşı saz çalardı. İndi haqq dünyasındadır.

Yaddaşımın əlli faizini itirdiyimi bilirsən

- Maşallah, yaddaşına da ki söz yox, hər şeyi sanki F5 eləyibsən.

- Əslində, bir çoxunu "delet" eləmişəm. Nəzərə al ki, mən qəbul imtahanında "Xosrov və Şirin" poemasını əzbər deyən adamam. Elə həmin il, yəni ali məktəbə qəbul olunanda avtomobil qəzasına düşdüyümü və hələ yaddaşımın əlli faizini itirdiyimi bilirsən ki...

- Vasif, bu reklam olunan "Qurd Səid və Şura" serialına baxmırsan? Çox qəşəng çəkilib.

- Yox. Mənim daimi izlədiyim "Qurdlar Vadisi" adına çəkilənldərdir. Kimin necə düşünməsindən asılı olmayaraq, bu serial başdan-başa vətən sevgisinə həsr olunub. Mən sənə bir şey deyim. Hələ on il əvvəl bu serialın ilk hissələri yayınlananda mən iş yoldaşım Allahverdiyə dedim ki, Polad Ələmdar obrazını canlandıran Nesati Şaşmaz şair olmalıdır. Ona qəribə gəldi, dedim ki, poeziyanın, ədəbiyyatın tərbiyə etdiyi adam ancaq vətən fədaisi obrazını belə yarada bilər. Sonra bir müddət axtarış elədim. Öyrəndim ki, "Qurdlar vadisi" serialının baş qəhrəmanı Polad Ələmdar kimi tanıdığımız adamın əsl adı və soyadı Məhəmməd Necati Abdulqadir oğlu Şaşmazdır. MHP-dən olan əski millət vəkili Tahir Şaşmazın qardaşı oğludur. O, 1971-ci ildə Elazığda anadan olub. Əsl peşəsi turizmçilik olan Şaşmaz ali təhsilini Kanadada alıb. Amerika Birləşmiş Ştatlarında 6 il yaşayan Şaşmaz 2001-ci ildə ailəsinə baş çəkmək üçün Türkiyəyə gəlir. Geri dönmək üçün təyyarəyə bileti 11 sentyabr 2001-ci ilə alır. Həmin gün ABŞ-da məlum terror hadisəsi baş verir və bu yaşananlar səbəbindən onun da sərnişini olduğu təyyarə Amerikaya çatmadan geri dönür. Ailəsinin təkidindən sonra ABŞ-a qayıtmaq fikrindən daşınır.

Necati Şaşmaz ingilis, fransız, rus, ərəb dillərində sərbəst danışır. Həyatını Ankarada davam etdirməyə qərar verən Şaşmaz Türkiyədə sığorta agentliyi açır.

Çox keçmir ki, İstanbulda Osman Sınavla işgüzar bir görüşü olur. Həmin görüşdə Osman Sınav ona bildirir ki, bir film çəkmək haqqında düşünürük, səni də həmin filmə baş rola dəvət etmək istəyirik. Necati bir qədər düşünmək üçün vaxt istəyir və bir aydan sonra təklifi qəbul edir. Dünyaya səs salan "Qurdlar vadisi" serialından sonra "Qurdlar vadisi İraq" və "Qurdlar vadisi Pusu" filmlərində canlandırdığı Polad Ələmdar, əslində, Necati Şaşmazın yaratdığı bir obrazdır. Deyilənlənlərə görə, Ankarada yaşadığı gənclik illərində taleyindən bir eşq hekayəsi keçən Necati sonralar həmin böyük eşqini şerlər yazmaqla axtarmağa başladı. İlahi eşqin sirlərini öyrənən Şaşmaz yazdığı şerləri "EŞQ" adlı bir kitabda toplayır və Ankara mətbəələrinin birində çap etdirir. Onun qələmə aldığı eşq yüklü şerlərindən bir neçəsini çap etdirdim.

Necati Şaşmaz ədəbiyyatla, poeziya ilə bağlılığını müsahibələrində dəfələrlə vurğulayıb. Gör müsahibələrinin birində nə deyir: "Okumak çox önemli benim için. Tarih hakkında yazılmış herşeyi keyifle takip ediyorum. Şiirle çok yakın bir ilişkim var. Şiir yazıyorum zaten. Ven serbest düzen yazarım ama mesela bir Füzuli olsun, bir Nesimi olsun, etkilendigim şairlerdir. Sufizmle ilgiliyim özellikle. Ankarada yaşarken semah kursu almıştım. Yaşım 18 filandı herhalde. Semah yapmışlığım vardır yani. O qazetelere yansıyan resimler vardı bir ara, hatırlar herkes. Semazen olmayı düşünmüştüm o zamanlar. Ama sınavları kazanmadım. Özetle şöyle dileyim, dünyaya bakışım felsefi olarak bakışım sufi bakışıdır…"

Şeirlərində də bir sufizim var:

Aşk sana oyun,
Bana ibadet.

Və yaxud gəraylısına bax:

Gönül sazımda hüzzam,
Faslı geçer bu akşam.
Ağlamakta her azam,
Yaslı geçer bu akşam.

Kendimde değilim ben,
Sarhoşum aşk elinden.
Ruhum uçmakta tenden,
Göçtü göçer bu akşam.

Ah canım verdiğim ah...
Sevdana düştüm eyvah...
Gelmedi, gelmez sabah,
Nazlı geçer bu akşam.

Hep gözümde hayali,
Gölge oyunu gibi.
Hayali değil belki,
Aslı geçer bu akşam...

Aparım məzara adını pünhan

- Axır vaxtlar feysbukda fəallaşıbsan. Çoxdandır mətbuata vermədiyin təzə şeirlərini burda görürəm... Özü pünhan sevgidən yazırsan. Nə işdi ki?..

- Nə işi-zadı yoxdur. Mənim şeir yazmaq stilimi sən hamıdan yaxşı bilirsən. Sonuncu misrasına kimi beynimdə hazır olmayınca heç bir yerə köçürmürəm. Bu bəzən altı ay da çəkə bilir. Son vaxtlar bir neçə şeir yazmışam. O ki qaldı pünhan duyğuların ifadəsi olmağına, əslinə qalsa, dünyanın ən pünhan duyğusu elə poeziyanın özüdür. Sənlə qaibanə bir bağlantı qurulursa, sənə nəsə pıçıltı ilə deyilirsə, pünhanlıq budur. Pünhan olanı da pünhan həddinə qədər demək olar, ta onu "Axar.az"a da dedinsə, nə pünhanlıq. Elə son şeirlərdən birinin də adı "Pünhan"dır:

Nə yazdın, İlahi, ələ düşməsin,
Mələkdi, mələyin dilə düşməsin.
Saxla ürəyimdə, hələ düşməsin,
Aparım məzara adını pünhan.

Sevgindən yaranıb bəşər dediyin,
Bəlkə də halaldı bu şər dediyin.
İlahi, budurmu məhşər dediyin,
Sinəmə çəkirəm odunu pünhan.

Bir azca su çilə, bir azca dən ver,
İstəsən sevinc ver, istəsən qəm ver.
İki divanəyə iznini sən ver,
Saxlarıq bu eşqin dadını pünhan.

Üzünü solduran çəkdiyi qəmmi,
Tərsinə getdiyim yolu… Dönəmmi…
Aşikar ömürdə Yarəb, mənəmmi,
Ya da göndərdiyin odumu pünhan.

Həmişə mənim ətrafımda sevgi olub. Hər şeydə sevgi görürəm deyə, hər şeyə sevgi ilə yanaşıram deyə bəlkə belədir, - deyə bilmərəm. Sanki ətrafımdakı işığın, nurun da insanlardan pərvəriş tapdığının fərqindəyəm.

- Vasif, sənin şeirlərinin özündə bir həzinlik var. Sözlərinə yazılmış mahnılar bir-iki ola, olmaya...

- Bir neçə il əvvəl gözəl şair dostumuz Nadir Azayoğlunun Sumqayıtda poeziya gecəsi keçirilirdi. Səhv eləmirəmsə, tədbir bir texnikumda idi. Orda eşitdim ki, bəstəkar Nazim Məmmədli "Sonuncu görüş" adlı şerimə mahnı bəstələyib. Sonra isə Əlikram Bayramovun "Çıx get" adlı bir klipi yayınlandı, sözləri mənə məxsusdur. Onun da bəstələnməsindən sonra xəbər tutmuşam. Özü də sözlər birinci kitabımda dərc olunan "Uçurum" pemasındandır. Rövşən Nicat adlı bir bəstəkar bəstələyib, çox sağ olsun. Zəng edib Əlikram Bayramova minnətdarlığımı bildirdim. Bilirsiniz, bu iş necədir?.. Bəzi bəstəkarlar hazır notları öz dost-tanışlarına verirlər ki, uyğun bir mətn yaz. Qafiyənin nə olduğunu bilən hər kəs yaza bilər. Bir də var ki, sözün həqiqi mənasında klassik mahnıların mətnləri. Burda məsələ başqa cürdür. Əvvəlcə şeir olur, onu oxuyan bəstəkar mahnı bəstələyir. Belə şeirlərin canında bir ritm olur. Deyək ki, Nəbi Xəzrinin, Fikrət Qocanın, Nüsrət Kəsəmənlinin, Cabir Novruzun, Musa Ələkbərlinin, Şamxal Rüstəmin o qədər gözəl şeirlərinə mahnı bəstələnib ki, dinlədikcə doymazsan.

Vasifdən aldığımız müsahibənin sonunda yenə də Gültaca sağ ol dedik. Onun ad günü olmasaydı, Vasifi tapmaqmı olardı?..

Tarix
2014.04.01 / 21:48
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla