Yuxarı

“Mənə 29 güllə vuruldu” – Aslan Aslanov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atatürk Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) Humanitar məsələlər komissiyasının 31 mart azərbaycanlılara qarşı soyqırımla bağlı keçirdiyi tədbirdə Milli Məclisin bir qrup deputatı, tarixçi alimlər və YAP Siyasi Şurasının üzvü Aslan Aslanov iştirak edirdi.

Tədbirin əvvəlində jurnalistlərdən Aslan Aslanova müsahibə üçün yaxınlaşalar da, ancaq sabiq nazir müavini müsahibə verməkdən imtina etdi. Ancaq tədbirin sonunda onu müsahibə verməyə razı sala bildik.

Aslan Aslanov müsahibəsində Azərbaycanda və Gürcüstanda üzləşdiyi sui-qəsd halları, OMON dəstələri ilə mübarizəsindən, Gürcüstanda gördüyü işlərdən və son vaxtlar haqqında yazılan yazılardan danışdı.

Kənd təsərrüfatı nazirinin sabiq müavini, YAP Siyasi Şurasının və Humanitar məsələlər komissiyasının üzvü Aslan Aslanovun Publika.Az-a müsahibəsi:

"Dmanisdən azərbaycanlıların deportasiyası başlanacaqdı"

-Bayaq dediniz ki, 90-cı illərin əvvəllərində ermənilər Gürcüstanda da azərbaycanlılara qarşı soyqırımlar törədəcəkdi, ancaq buna imkan vermədiniz. Mümkünsə bu barədə ətraflı danışardınız.

-Ermənilər 1993-cü ildə Gürcüstanda da azərbaycanlılara qarşı böyük soyqırımlar törədəcəkdi. O vaxt mən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı idim. O dövrdə ermənilər Gürcüstanda Xüsusi Polis Dəstəsinin (OMON) rəisi olmuş Mixi Droni adlı bir şəxslə birgə Dmanisidən başlayaraq azərbaycanlıları çıxarırdılar. 1993-cü ildə mən Şəmkirdə icra başçısı işləyən zaman mərhum atam gəlib mənə dedi ki, Şəmkirin Çinarlı kəndinə Gürcüstandan adamlar köçürülür. Mən dərhal bu barədə ulu öndərimiz Heydər Əliyevə məlumat verdim. O vaxt mənim 31 yaşım var idi, ən cavan icra başçısı idim. Ulu öndərin də mənə cavabı o oldu ki, sən durma, elə bu dəqiqə hazırlaşıb yardımlar topla və gedin Dmanisiyə. Mən də qışın o çağında Gürcüstanın Dmanisi rayonuna getdim və gördüm ki, orada azərbaycanlıların hamısı yüklərini yığıb hazırlaşıb və köç başlayır. 1993-cü ildə Gürcüstana getmək çox çətin idi. Marneulidən Bolnisiyə, Bolnisidən isə Dmanisiyə getmək üçün yanında mütləq silahlı dəstə olmalı idi. Çünki o vaxtı adamları heç nədən tutub girov götürürdülər, adamları təhqir edirdilər və s. Bütün bunlara görə də mən o vaxt Gürcüstana silahlı dəstə ilə getmişdim. Rəhmətlik Heydər Əliyevin tapşırığı ilə mən ora getdim və 2 yük böyük maşını ilə ərzaq yardımları apardım. Bundan əlavə, özümlə silahlı dəstə və tibbi yardım da götürmüşdüm. Çünki 1993-cü ildə Gürcüstana getmək böyük risk tələb edirdi. Biz Gürcüstanda gedəndə oradakı soydaşlarımız bizi görüb çox sevindilər. Hətta o vaxt orada yaşayan azərbaycanlılardan biri Dmanisi rayon başçısının müavinini vurdu və dedi ki, indi gördünüz ki, biz yiyəsiz deyilik, arxamızda Heydər Əliyev var.

İnanın ki, o vaxt əgər biz 2 gün gec getsəydik, o zaman Dmanisdən azərbaycanlıların deportasiyası başlanacaqdı. Hətta o vaxtı biz ora gedəndə bir hadisə ilə da rastlaşdıq. Deməli, biz gedib gördük ki, Azərbaycan kəndlərinin birində bəy və gəlini toydan oğurlayıb girov götürüblər. Onun qaytarılması üçün oğrular o vaxtı 17 min dollar pul tələb edirdilər. Mən gedib oranın icra başçısı və polis rəisi ilə danışdım, çox çətinliklə də olsa bəy və gəlini geri qaytardıq. Bundan sonra Gürcüstanda olan azərbaycanlılar rahat oldular.

O vaxt özümüzlə ulu öndər Heydər Əliyevin də bir şəkilini aparmışdıq. Gürcüstan azərbaycanlıları həmin şəkili yerə qoymurdular, həmin şəkili öpürdülər, Heydər Əliyevə dua edirdilər.

Daha sonra mən Dmanisidən Azərbaycana qayıdıb baş verənləri Heydər Əliyevə məruzə etdim. Sonralar isə Heydər Əliyev Eduard Şevardnadzeyə zəng edib danışdı və xahişlərini etdi. Biz daha sonra qayıdanda gördük ki, Dmanisdə ermənipərəst icra başçısı, polis rəisi və prokuroru vəzifədən çıxarılıb. Biz bir həftədən sonra yenə Dmanisiyə getdik. Həmin vaxtı biz Dmanisidən geri qaydan zaman yolda Mixi Droninin qara maskalı adamları bizə silahlı hücum etdilər. Onların sayı çox idi və hamısının da əllərində avtomat silahlar var idi. Mixi Droninin adamları silahlarını mənə tuşlamışdılar. Fikirləri də o idi ki, bizi tutub Ermənistana aparsınlar. Ancaq mən tez xəbər verdim ki, bizim avtomobildəki silahlı adamlarımız gəlsinlər. Bizim silahlı olduğumuzu görən kimi Droninin adamları qorxuya düşdülər və başladılar bizə yaltaqlanmağa.

"Eduard Şevardnadzenin vəziyyəti yaxşı deyil idi"

-Bəs o dövrdə Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze sizə dəstək vermirdi?

-O dövrdə Eduard Şevardnadzenin vəziyyəti yaxşı deyil idi. Onun əleyhinə olan müxalif güclər var idi. Ancaq buna baxmayaraq Eduard Şevardnadze bizə dəstək verirdi.

"Heydər Əliyevin AzTV-dəki çıxışını bəzi adamlar dərhal Gürcüstana xəbər vermişdilər"

-O vaxt Heydər Əliyevə sizə Gürcüstanla bağlı başqa hansı tapşırıqlar vermişdi?

-Bəli, o dövrdə ulu öndər Heydər Əliyev mənə tapşırıq verdi ki, nəyin bahasına olursa olsun, Azərbaycanın görkəmli şəxsləri olmuş Fətəli xan Xoyski, Həsən bəy Ağayevin Gürcüstanda məzarları tapılmalıdır. Hətta, o vaxtı Eduard Şevardnadze prezident kimi Azərbaycana səfərə gələndə Heydər Əliyevə söz vermişdi ki, məzarları Tiflisdə olan Azərbaycanın görkəmli mütəfəkkirlərinin ev muzeyi qaytarılacaq. Həmin ərəfədə ulu öndər Heydər Əliyev məni Eduard Şevardnadzenin yanına göndərdi. Prezident Eduard Şevardnadze mənə dedi ki, düzdür mən Heydər Əliyevə söz vermişəm, ancaq mən bunu edə bilməyəcəm. Çünki o evlərdə ermənilər yaşayırlar və onları oradan çıxarsaq, burada qarşıdurma olar və s. Mən Eduard Şevardnadzenin bu sözlərindən real vəziyyəti anladım. Sadəcə olaraq mən o vaxtı istəmədim ki, Heydər Əliyev ilə Eduard Şevardnadzenin münasibətlərində buna görə soyuqluq yaransın. Mən özüm Nəriman Nərimanovun Tiflisdəki evinə getdim, evdə yaşayan erməni idi. Həmin 3 mərtəbəli evi erməni bizə 31 min dollara satdığını söylədi. Bu isə o vaxtı çox böyük pul idi. Həmin vaxt Gürcüstanın mədəniyyət naziri ulu öndər Heydər Əliyevin AzTV-dəki çıxışını görmüşdü. Həmin çıxış zamanı Heydər Əliyev demişdi ki, mən Azərbaycanın görkəmli şəxslərinin, o cümlədən Nəriman Nərimanovun evinin qaytarılması işini Aslan Aslanova tapşırmışam, o bu işlə məşğuldur. O vaxtı Şəmkirdə Gürcüstana Yardım Fondu yaradılmışdı, imkanlı adamlarımız həmin fonda pul köçürürdülər. Biz 31 min dolları bir təhər toplayıb Nərimanovun evini ermənidən almaq istəyən zamanı o evin qiymətini artırdı. Buna da səbəb o vaxtı ulu öndər Heydər Əliyevin AzTV-dəki çıxışını bəzi adamlar dərhal Gürcüstana xəbər vermişdilər. Evin sakini olan erməni də bundan xəbər tutub qiyməti 51 min dolaradək qaldırdı.

Ancaq mən o vaxtı ulu öndərin tapşırığını nə yolla olursa olsun yerinə yetirməyi özümə borc bildim və imkanlı adamlardan xahiş edib əlavə pulu da düzəldib həmin evi ermənidən aldım. Daha sonra isə Axundovun evində Mədəniyyət Mərkəzi və ev muzeyini yaratdıq, Şəkidən gəlib Axundova aid şəkillər apardıq və sairə. Bu işdə isə bizə Şəkinin keçmiş prokuroru Vilayət Zahirov köməklik etmişdi. Tiflisdə Mədəniyyət Mərkəzi yaradılandan sonra ulu öndər Heydər Əliyevin tapşırığı ilə orada ayda 2 dəfə azərbaycanlıların görüşü keçirilirdi və həmin görüşlərə mən də gedirdim.

Daha sonra isə ulu öndərin tapşırığı ilə Cəlil Məmmədquluzadənin də evini gedib tapdıq və pul verib onu da aldıq. Həmin evin aşağı mərtəbəsində "Qeyrət" mətbəəsi yerləşirdi, həmin mətbəəni də aldıq.

Mən sizə bir məqamı da deyim ki, Heydər Əliyev bütün sahələrdə çox savadlı insan idi. Onunla telefonda yazıçılarla bağlı danışmaq çox çətin idi. Çünki bir dəfə mən ulu öndər Heydər Əliyevlə telefonla Axundovla bağlı danışan zaman mənə sual verdi ki, Aslan Aslanov Axundovun neçə əsəri var? Hansını oxumusan?. Mən onun suallarının bəzilərinə cavab verə bilmədim. Ulu öndər də hər şeyi anladı və gülüb mənə dedi ki, bu istiqamətdə bilikləri dərinləşdirmək lazımdır. Ona görə mən daha sonralar Nəriman Nərimanovun və Cəlil Məmmədquluzadənin evini almağa gedəndə bütün əsərlərini oxuyurdum ki, çətin vəziyyətə düşməyim. Bu, böyük məsuliyyət idi. Yadınıza gəlirsə, Naxçıvanın 75 illiyində də yeganə icra başçısı mən idim ki, Heydər Əliyev tərəfindən ora dəvət olunmuşdum. Həmin mərasimdə də mən Cəlil Məmmədquluzadənin evinin "kupçasını" orada bağışladım.

Mən 1998-ci ildə Tiflis şəhərinin fəxri vətəndaşı seçilmişdim. Abxaziya Ali Sovetinin fərmanı ilə təltif olunmuşam, Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvü seçilmişəm, "Sədaqət" ordeni və Tiflisdə gördüyüm işlərə görə Tiflis meriyasının medalı ilə təltif olunmuşam.

Mən kənd təsərrüfatı nazirinin müavini təyin olunandan sonra isə cənab prezidentə müraciət etdim ki, Azərbaycanın görkəmli şəxslərinin Tiflisdəki evlərini dövlətə bağışlamaq istəyirəm. Cənab prezident də sağ olsun ki, müraciətimə müsbət cavab verdi və həmin evlər Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin balasına verildi.

"Afiyəddin Cəlilov və Şəmsi Rəhimov öldürülən günü mənə 29 güllə vuruldu"

-Ola bilərmi ki, mərhum oğlunuz Ruslan Aslanovun qətlinin sifarişçiləri məhz Gürcüstan OMON-çuları olsun?

-Yox, bu ola bilməz. Oğlumun qətlinin təşkilatçıları başqa adamlardır. Onlar indi də yaşayırlar və məndən heyf çıxmaq üçün bunu ediblər. Oğlumun qatilləri mənim həyatıma da 3 dəfə sui-qəsd ediblər. Rəhmətlik Afiyəddin Cəlilov və Şəmsi Rəhimov öldürülən günü, ayın 29-da həmin saatda və həmin dəqiqədə mənə 29 güllə vuruldu, sürücüm və mühafizəçim ağır yaralandı, sürücüm isə bir ildən sonra rəhmətə getdi. O vaxtı mən müdafiə naziri olmuş Məmmədrəfi Məmmədova rəsmi formada müraciət etmişdim ki, mənə mühafizəçi versin. O da mənə 4 nəfər mühafizəçi vermişdi. Bilirsiniz ki, o vaxt Gəncə hadisələrinin qarşısının alınmasında Şəmkir böyük rol oynayırdı. O dövrdə Heydər Əliyevin mənə verdiyi ən ağır, çətin və məsuliyyəti tapşırıqların öhdəsindən gəldim. Həmin oktyabr gecəsi heç kəs Gəncədən OMON-u çıxara bilməzdi, ancaq mən ətrafımda olan dostlarımın sayəsində Gəncədən OMON-u çıxartdım, hökumət binaları azad olundu. O vaxtı mənə bu işdə ətrafımda olan nüfuzlu adamlar kömək etdi. O vaxtı Gəncədə Banditizm İdarəsi yeni yaradılmışdı və Mədət Quliyev də Banditim İdarəsinin rəisi idi. Baş verənləri o da təsdiq edə bilər. O dövrdə OMON-un komandiri isə Tahir adlı şəxs idi, o əslən Şəmkirdən idi. Mən çalışırdım ki, onları ələ alım və sabah hər hansı hadisə baş versə, bu adamlar bizə qarşı olmasın, bizim yanımızda olsun. Doğrudan da həmin vaxtı onlar bizim yanımızda oldu. Sonradan isə Tahiri şərlədilər. Mən bütün bu işləri ulu öndər Heydər Əliyevin tapşırığı ilə icra edirdim. Ovaxtkı hadisələrlə bağlı AzTV-də bir kadr yayımlanır, orada ulu öndər Heydər Əliyev deyir ki, mən Gəncə OMON-unun komandiri ilə danışdım. O kadrlarda səsləndirmə düzgün deyilməyib. Əslində həmin gecə ulu öndər Heydər Əliyev Tahirlə Şəmkirdə mənim yanımda telefonla danışıb. Hətta, həmin telefon danışığı zamanı ulu öndər Heydər Əliyev onlara dedi ki, Aslan Aslanov nə deyirsə, onu da edin.

"Mənim haqqımda cənab prezidentə kim yalandan məlumat veribsə, o adam şərəfsizdir"

-Sizin vəzifədən çıxarılmağınız mətbuatda birmənalı qarşılanmadı. Haqqınızda yazılanlara münasibətiniz necədir?

-Mən 1992-ci ildən bəri Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüyəm. Şəmkir zonasında YAP-ın yaradılmasında rəhmətlik atamın rolu böyük olub. Bizim rayondakı evimiz YAP-ın Şəmkir qərargahı olub. Mən ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin tapşırıqlarını necə lazımdırsa yerinə yetirmişəm.

Mən kənd təsərrüfatı nazirinin müavini təyin olunanda da şəxsən cənab prezidentlə danışmışam. Bu vəzifəyə gələndən sonra da gördüyünüz kimi istehsal hər il artıb. Mən namusla, qeyrətlə xidmət etmişəm. Kənd Təsərrüfatı Nazirliyində öz kurasiyama aid olan işlərin öhdəsindən layiqincə gəlmişəm. Kənd Təsərrüfatı Nazirliyində nazir müavini tək mən olmamışam, orada nazir müavinləri çox olub. Ancaq mən nazir müavini olmağıma baxmayaraq digər nazirlərlə danışıqları aparıb kurasiyama aid olan bitkiçilik və heyvandarlıqla bağlı məsələləri həll edirdim. Nazirlikdə nə isə problem olanda çox narahat olurdum, çalışırdım ki, həmin problemlər həllini tapsın. Hər zaman kənd təsərrüfatının inkişafı üçün çalışmışam.

O ki qaldı subsidiyaların yeyintisi ilə bağlı yazılanlara, deyə bilərəm ki, Kənd Təsərrüfatı Nazirliyində subsidiyalar mənim kurasiyama aid olmayıb. Subsidiyalar digər müavin İlham Quliyevin səlahiyyətlərinə aid olub.

Cənab prezident məni hamıdan yaxşı tanıyır və mənim barəmdə hansı qərar qəbul edibsə, bu onun səlahiyyətlərinə aid olan məsələdir.

Digər tərəfdən isə kimsə mənim barəmdə prezidentə yalandan nə isə çatdırıbsa, mən həmin adamı şərəfsiz sayıram. Çünki bizim ailəmiz 1964-cü ildən bəri ulu öndər Heydər Əliyevlə tanışdır. Rəhmətlik atam da o vaxtı Heydər Əliyevin vaxtında vəzifədə işləyib. Ona görə də vəzifəsindən asılı olmayaraq kimsə gedib mənim haqqımda cənab prezidentə yalandan məlumat veribsə, o adam şərəfsizdir. Mən bu cür adamları şərəfsiz sayıram. Digər tərəfdən isə cənab prezident heç zaman həmin adamların yalan sözlərinə inanmaz.

"Mənim bir əqidəm var, o da YAP-dır"

-Ümumiyyətlə, nazir müavini vəzifəsindən çıxarılandan sonra prezidentlə hər hansı görüşünüz olub?

-Görüşümüz olmasa da, ancaq mən YAP-ın tədbirlərində fəal iştirak edirəm, mütəmadi olaraq dövlətçiliklə bağlı məqalələrim olur və s. Mənim haqqımda yalandan danışanlara demək istəyirəm ki, məni bütün Azərbaycan tanıyır. Mənim bir əqidəm var, o da YAP-dır. Mən bir insana xidmət etmişəm - Heydər Əliyevə. İndi də onun oğlu cənab İlham Əliyevə xidmət edirəm.

Tarix
2014.03.31 / 13:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla