Yuxarı

İnsanlığı qətlə yetirən istedad

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İllər keçir. Tarix dəyişir. Zaman başqa-başğa ideologiyaların və siyasətin ortaya çıxması ilə dəyişir.

…Həqiqətlərsə ölmür. O həqiqətlər ki, yalanın və yaramazlığın boğaza qalxdığı, həqiqətlərini itirmiş insanların həqiqətə çevirdikləri yalanların tüğyan etdikləri dönəmdə meydan sulayan yaramazlıqların içində belə özünü saxlaya, qoruya bilir. Zaman ötüb keçir, amma o həqiqət ölmür və ilk fürsətdə tarixin daşlaşmış səhifələrindən baş qaldırıb özünün gerçəkliyini sübuta yetirir.

Yaşadığımız ömür, etdiklərimiz əslində, gələcəyimizi şəkilləndirir. Amma biz indiyə elə aludə oluruq ki, bunu anlamaq istəmirik və düşünürük ki, hər şeyi məhz elə indi, bu anda yaşadıqlarımız müəyyən edir. Bəlkə o anda yaşadıqlarımız bizi elə kor edir, ya da anlamaq bizim eqomuzu zədələdiyindən bunu etməyə həvəsli olmuruq.

Azərbaycan eqoizmin və kor-koranə özünü bəyənmənin dolub-daşdığı bir məmləkətdir və bu ölkənin hansı dönəminə baş vurursan, ordan bir naqislik seli üstünə axıb az qala səni boğur. Dünya sanki bizim başımıza fırlanır kimi özümüzü göyün yeddinci qatına qaldırıb elə zənn edirik ki, biz yer kürəsinin ən ali və ən istedadlı kəsləriyik.

Beləyikmi?

Bəlkə doğrudan istedadlıyıq? Axı təkçə yaxşı olmaq, yaxşı yazmaq, oxumaq, səsi olmaq və daha nələrlə, bir sözlə, fəzilət sahibi olmaqla istedad olmur axı... Bunun bir qəbahəti də var və orda da istedadlı olmaq olar. Məsələn, yaxşı söz sahibi olarsan, amma o sözü yaltaqlanmağa həsr edib qətl edərsən. Yaxşı danışmaq qabiliyyətin olar, amma danışdıqların yalan olar. Gözəl səsin olar, amma onu bir digərinə yaltaqlanmaq üçün oxuduğun mahniya sərf edərsən. Yaxşı rəssam olarsan, amma durub şəri vəsf edən şəkil çəkərsən.

Məgər bunlar istedad deyilmi? İstedaddır. Özü də insanın içindəki işığı və insanlığı amansızcasına qətlə yetirən istedad!

Məsələn, bu "istedadın" nəticəsində bu gün Süleyman Rüstəmin Rəsulzadəyə yazdığı şeirə bənzər söz yığınağını oxumalı oluruq. Süleyman Rüstəm yəqin ki, o zaman aldığı mükafatlardan şövqlənib yazdığı bu şerlə əslində, bu gününü inşa etdiyinin fərqində olmayıb. Zənn edib ki, Rəsulzadəni, onun qaldırdığı 3 rəngli bayrağı aşağılayır, amma nafilə, əks olub və bu gün öndərin qaldırdığı bayraqla təmsil olunan bir ölkədə Süleyman Rüstəmə nə qədər yer var, bunu bir düşünmək lazım...

Azərbaycanda insanın özünü, ruhunu və düşüncələrini, yanaşmalarını qorumaq çox cətindir. Bura elə bir məmləkətdir ki, daima qəzəbin daşa çəkilir, itilənir. Daima kinin dolub daşsın deyə tətiklənir. Daima insanlığından yoxsullaşmaq üçün səni buna vadar edən əməllərlə qarşılaşırsan…

Adətən biz həmişə şikayətlənirik ki, hansısa ölkədə yaşayan, orda nüfuza sahib olan böyük bir ziyalımız niyə məsələn, ədəbiyyatımızın təbliği üçün bir iş görmür. Niyə bunu etmir, onu etmir deyib qınayırıq. Amma bir düşünürük ki, bu ziyalı ora gedib çıxana qədər nələrlə üzləşib bizim üzümüdən, bizdən hansı namərdliyi görüb, hansı ümidlərini məhv etmişik?! Onun içini ümidsizlik və küskünlüklə doldurmaq üçün bacardığımızı deyil, bacarmadığımızı belə etmək üçün əlimizdən gələni ardımıza qoymamışıq?!

Bunu düşünmürük və umuruq. Qarşımızda ölkə, onun insanı adına barmağını belə tərpətməyən birini görəndə onun məhz bizim əsərimiz olduğunu düşünüb özümüzü qınamırıq…

Mərdi qova-qova namərd etməkdə xüsusi istedada sahib olan xalqın əslində, mərdlik potensialı namərdlik potensialından qat-qat üstün olsa belə, orda mərdlik yürüməyəcək.

Bütün bunları düşünürsən və az-çox qürur yerimiz olan insanlarımıza baxıb təsəlli edirsən ki, nə yaxşı ki, bu qaranlığı aydınlada biləcək işıqlar var. Ömürləri şam kimi ərisə də, qiymətlərini almadan yansalar da, nə yaxşı ki, bu şəxsiyyətlər olub.

Bir də onu düşünürsən ki, nə yaxşı ki, keçən əsrin aydınları olub sonradan ölkədən uzaq düşmüş insanlar burda yaşamayıb, buranı tərk edib mühacirətə gediblər. Çünki qorxursan… "Bəlkə burda qalsaydılar, onlar da içini, ruhunu qoruya bilməzdi" düşünüb qorxursan.

Qorxursan ki, qaranlıq zolağında yaşamağa üstünlük verənlərin sayı daha da cox olardı.

Bir də onu düşünürsən ki, bu ölkədə qaranlıq zolaqda işıq olmağa gücü yetən insanlar olmasaydı, kimə və nəyə istinad etmək olardı?

Tarix
2014.03.28 / 18:49
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla